Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixində mühüm hadisədir
Tarix: 28.01.2014 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Dövlətçilik tariximizdə, onun qorunub saxlanmasında ayrı-ayrı bölgələrin mühüm rolu olub. Bu baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ölkəmizin ictimai-siyasi həyatında böyük rolu ilə yadda qalıb. Məhz bu fəaliyyəti nəzərə alaraq ölkə başçısı tərəfindən Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanıb.
Qeyd edək ki, fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi tamam olur. Bu məqsədlə imzalanan sərəncamda göstərilir ki, Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət edib. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşadıb, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb. Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri var. Bu gün yüksək potensiala malik Naxçıvan bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrilib.
Əlverişli təbii-coğrafi mövqeyi, Şərqlə Qərbi birləşdirən qədim İpək yolunun üstündə yerləşməsi Naxçıvanı fatehlərin, böyük dövlətlərin geosiyasi maraqlarının kəsişdiyi regiona çevirib. Ərazisi dəfələrlə işğal olunsa da, əldən-ələ keçsə də, Naxçıvan heç vaxt əyilməmiş, xalqımıza məxsus mədəniyyəti, adət-ənənələri, ən vacibi isə tarixi ərazisini qoruyub saxlaya bilib, müasir dövrümüzədək gətirib çıxarıb. Naxçıvan şəhəri XII əsrdə qüdrətli Atabəylər dövlətinin paytaxtı olub. XIX əsrdə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı bölgənin inkişafına, müdafiə qabiliyyətinin gücləndirilməsinə, inzibati idarəçiliyin formalaşmasına özünəməxsus töhfələr verib.
Tarixin sınaqlarından çıxmış Naxçıvan diyarı zaman-zaman düşmənlərə qarşı sinə gərərək hər vəchlə torpaqların qorunmasına, düşmən əlinə keçməməsinə çalışıb.
Belə tarixi hadisələrdən biri 1918-ci ilin yayında olmuşdu. Naxçıvan iki tərəfdən məngənə arasında qalmışdı, bir tərəfdən Naxçıvanın özündə yaşayan erməni əhalisi diyarın Ermənistana birləşdiriləcəyi barədə şayiələrdən xoşlanaraq artıq bu yerlərə Ermənistanın bir hissəsi kimi baxır və daxildə hər cür fitnəkarlıqlar törədirdilər. Digər tərəfdən isə daşnakların ingilislərdən geniş yardım alaraq Culfanı öz əlinə keçirmiş başçısı Andronik Naxçıvanın şəhər və kəndlərini talan edir, dinc əhalini kütləvi surətdə qırırdı: Süst, Çeşməbasar, Tumbul və s. kəndlər tamamilə dağıdılmışdı. Lakin bu azğınlıqlara baxmayaraq müttəfiq dövlətlər - İngiltərə və Fransa daşnakların hərbi əməliyyatlarına yardım göstərdiklərini bildirməkdə davam edirdilər. Bu zaman xalq özü torpaqlarının müdafiəsinə qalxmışdı. Nehrəm kəndində bütün qonşu kəndlərin nümayəndələrinin iştirakı ilə xalq qoşunu dəstələri yaradılmışdı. Xalq qoşunu 1918-ci il iyunun axırlarında Nehrəm kəndi yaxınlığında Andronikin quldur dəstəsi ilə qarşılaşaraq onu əzdi. Andronik biabırçılıqla Qarabağ dağlarına qaçdı.
Belə bir dövrdə Naxçıvan tarixində misilsiz rolu ilə yadda qalan xalq birləşmələrindən ibarət dəstə - “Qırmızı tabor” un mühüm rolu olub. Belə ki, 1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Abbasqulu bəy Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi - "Qırmızı tabor"u təşkil edib. O, "Qırmızı tabor"un komandiri olub. "Qırmızı tabor"çuların daşnaklara qarşı döyüşlərdə göstərdikləri igidlik və şücaətlərinin qarşılığında, onlardan 19 nəfər "Qırmızı bayraq" ordeni ilə təltif olunub. 1918-1919-cu illərin yay aylarında daşnak hərbi hissələrinin Vediyə hücumlarının qarşısının alınmasında böyük şücaət göstəriblər. A.Şadlinski ilk vaxtlar Naxçıvan sərhədlərinin qorunmasına, sonra Zəngəzur istiqamətində öz dəstəsinin daşnak hissələri ilə fəal döyüş əməliyyatlarına başçılıq edib. Onlar cəllad Dronun daşnak qüvvələrini darmadağın edib, burada ingilis-daşnak işğalına son qoyublar. O, bu xidmətləri müqabilində Nəiman Nərimanov tərəfindən "Qızıl Ulduz" medalı ilə təltif edilib. 1921-ci ilin fevralından aprelin əvvəllərinə kimi İrəvanda daşnak qiyamının yatırılmasında qəhrəmanlıq göstərən A.Şadlinski daşnaklarla döyüşlərdə şücaət göstərib. Ermənistanda daşnak fitnəkarlıqlarına son qoyulduqdan sonra A.Şadlinski 1922- ci ilin sonunadək Naxçıvanda qalıb və buranın sərhədlərinin qorunmasına rəhbərlik edib.
Azərbaycanın başqa torpaqlarına iddialarla yanaşı, Naxçıvana qarşı iddialar daha da kəskin olub. Azərbaycanın milli mənafelərinin keşiyində duran, ona xidmət göstərən, onun siyasi, mədəni, təsərrüfat quruculuğu və digər sahələrdə xidmətləri olan insanlar bizim tariximizdə həmişə hörmətlə yada salınmalıdırlar və tariximizə daxil olmalıdırlar. Belə şəxslərdən biri də məhz “Qırmızı tabor”un fəal üzvlərindən biri - Sədərəkdə doğulmuş Qasım Hüseynov olub. 30 ilə yaxın polis orqanlarında şərəfli bir yol keçən Q.Hüseynovun gənclik dövrü 1918-20-ci illərdə qəddar qonşularımızın torpaqlarımıza təcavüzü dövrünə təsadüf edib. O, ermənilərin xəyanəti ilə bağlı ata-babasından eşitdiyi üçün 1918-20-ci illərdə qaniçən ermənilərlə mübarizəyə qoşulub. Abbasqulu bəy Şadlinskinin yaratdığı “Qırmızı tabor”a yazılıb. İrəvandan tutmuş Vedinin, Şərurun, Dərələyəzin, Qafanın, Zəngəzurun erməni daşnaklarından təmizlənməsində iştirak edib. 1921-ci ildə Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə “Qırmızı Tabor”un ən fəal 19 üzvünə “Qırmızı bayraq” Ordeni verildi ki, təltif olunanlar içərisində 4 nəfər sədərəklidən biri məhz Q.Hüseynov olub. O, 1924-cü ildə isə Şərur Qəza Milis İdarəsində işləməyə başlayıb. Bakı şəhərinə Azərbaycan milis məktəbinə oxumağa göndərilən Q.Hüseynov təhsilini başa vurduqdan sonra baş leytenant kimi 10 il Şərur rayon milis şöbəsində çalışıb. Bir sıra silahlı dəstələrin zərərsizləşdirilməsində, dövlətçiliyə qarşı hazırlanmış təxribatların qarşısını alınmasında iştirak edib. Milis orqanlarında əməyinə görə, ikinci dəfə “Qırmızı bayraq” ordeni ilə təltif olunub.
Q.Hüseynov Böyük Vətən Müharibəsinin ağır illərində-1943-cü ildə Şahbuz rayonuna polis rəisi göndərilib, rayonun Nurs, Biçənək və Keçili kəndlərindəki dövlət əhəmiyyətli mühüm əməliyyatların müvəffəqiyyətlə başa çatdırılmasında xidmətlərinə görə SSRİ-nin o vaxtkı ən böyük mükafatları hesab olunan “Lenin ” və “Oktyabr inqilabı” ordenləri ilə təltif olunub. Gələcək nəsillərə, xüsusilə də gənclərə örnək ola biləcək Qasım Hüseynov 1979-cu ildə vəfat edib. Onun həyat yolu bu gün də gənclərimiz üçün əsl məktəbdir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
: “Ermənistan ilə Azərbaycan arasında hərbi balans bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib”
21.06.2018
“Həmsədrlərin qarşısında duran birinci məsələ danışıqların statusudur”
20.06.2018
Hikmət Hacıyev: “Ermənistan işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalıdır”
14.06.2018
“Ermənistanın BMT yanında nümayəndəliyi saxtakarlıq yolunu seçib”
13.06.2018
Həmsədrlər Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nə vəd veriblər?

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9455

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info