Bəhruz Kəngərli Muzeyi yeni eksponatlarla zənginləşib
Tarix: 28.01.2014 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Muzeydə Kəngərli irsinə aid 900-dən çox eksponat mühafizə olunur. Burada rəssamın 341 rəsm əsəri var ki, onlardan da 58-i orijinaldır
Layihə çərçivəsində yazımız realist rəssam Bəhruz Kəngərli ilə bağlıdır. Rəssamın anadan olmasının 122-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov açıb.
Bildirilib ki, görkəmli rəssam, istedadlı fırça ustası, Azərbaycan milli rəsm sənətinin tanınmış simalarından biri Bəhruz Kəngərlinin anadan olmasından 122 il keçir. Cəmi 30 il ömür sürən Bəhruz Kəngərli zəngin irs qoyub, yeddi il yaradıcılıq fəaliyyəti ilə məşğul olsa da, 2 minə qədər rəsm əsəri yaradıb. O, realist portret və mənzərə rəsm yaradıcılığının, eləcə də Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla xalqımızın bədii sənət xəzinəsinə dəyərli nümunələr bəxş edib, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirib. Teatr rəssamlığı, qrafika və digər janrlarda əsərlər yaradan Bəhruz Kəngərli milli rəssamlığın inkişafında özünəməxsus rol oynayan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, geniş və rəngarəng yaradıcılıq imkanlarına malik olan böyük sənətkardır.
Bəhruz Kəngərlinin əsərlərində zəngin lirika, nikbin əhval-ruhiyyə duyulur. Bu isə rəssamın Vətənə, təbiət gözəlliklərinə bəslədiyi sönməz məhəbbətindən doğur. Öz yaradıcılığında realizm ənənələrinə sadiq qalan rəssam bu janrı istər məzmun, istərsə də bədii forma cəhətdən zənginləşdirərək yeni bir sənət səviyyəsinə qaldırıb. Dövrünün reallıqlarını əsərlərində böyük şövqlə təsvir edən Bəhruz Kəngərli xalqımız qarşısında mühüm xidmətlər göstərib. O, xalqımızın tarixi keçmişini və dövrün ictimai-siyasi hadisələrini yaradıcılığında dolğun əks etdirən bir sənətkar kimi yüksək qiymətə layiqdir. Dövrünün qabaqcıl ziyalılarının, sadə adamların portretləri, mövzu aktuallığına və ideya məzmununa görə bu günün ictimai-siyasi hadisələri ilə səsləşən "Qaçqınlar" silsiləsinə daxil olan portretlər canlılığı, reallığı və psixoloji ifadəliliyi ilə fərqlənir. Rəssamın yaradıcılığında mənzərə janrı mühüm yer tutur. Onun mənzərələrində təbiət gözəllikləri, mədəniyyət abidələri, ilin fəsilləri əks olunub. Bəhruz Kəngərli 1918-1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaradıb. Bu silsilədən olan "Qaçqınlar", "Qaçqın qız", "Qaçqın oğlan", "Qaçqın qadın", "Yurdsuz ailə", "Qaçqın Gümşün", "Ayaqyalın qaçqın oğlan" və s. onlarla qaçqının portretləri təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. O, portret ustası kimi yaratdığı personajların daxili-psixoloji aləmini açıb göstərə bilib. Rəssam təsvir etdiyi qaçqın uşaqların hər birinin simasında didərgin düşdükləri ata-baba ocaqlarının həsrətini, keçirdikləri hiss və həyəcanları, gözlərinə qonmuş qüssə və kədəri özünəməxsus ustalıqla əks etdirib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bəhruz Kəngərli yaradıcılıqdan qalmır, boyakarlıq və qrafika əsərləri yaradır, rəssamlıq sənətini gənclərə öyrətmək, bu sənəti sevdirmək üçün xüsusi dərnək açır, fərdi sərgilərini təşkil edirdi. 1921-ci ildə Azərbaycanda açılan ilk böyük sərgidə Kəngərlinin 500-dən çox əsəri nümayiş etdirilib. Diqqətə çatdırılıb ki, son illər Bəhruz Kəngərlinin Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olan zəngin bədii irsinin xalqımızın milli sərvəti kimi qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görülüb. İncəsənət xəzinəmizə dəyərli sənət inciləri bəxş edən Bəhruz Kəngərlinin əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Moskva Dövlət Tarix Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Naxçıvan Dövlət Rəsm Qalereyasında, Bəhruz Kəngərli Muzeyində və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 2001-ci il 15 fevral tarixli sərəncamına əsasən, Bəhruz Kəngərlinin Naxçıvan şəhərindəki məzarüstü abidəsi bərpa edilib, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 1972-ci ildən fəaliyyət göstərən sərgi salonuna rəssamın adı verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2001-ci il 22 may tarixli sərəncamı ilə isə Bəhruz Kəngərli Muzeyi yaradılıb.
Azərbaycan Prezidentinin “Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında” 2012-ci il 13 aprel tarixli sərəncamına əsasən, görkəmli rəssamın yubileyi ölkə miqyasında qeyd olunub.
Bəhruz Kəngərli irsinə muxtar respublikada göstərilən diqqət və qayğının davamlı xarakter daşıdığını bildirən Rəhman Məmmədov deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2012-ci il 12 yanvar tarixli “Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən, bir sıra tədbirlər həyata keçirilib.
Bəhruz Kəngərli Muzeyi müasir tələblər səviyyəsində yenidən qurulub. 2013-cü ildə yenidənqurmadan sonra açılışı olan muzey yeni eksponatlarla daha da zənginləşdirilib. 2 mərtəbədən ibarət olan muzeyin birinci mərtəbəsində 2 iş otağı, fond və 4 ekspozisiya zalı, ikinci mərtəbəsində isə 4 ekspozisiya zalı və Heydər Əliyev xatirə otağı yerləşir. Müasir işıqlandırma sistemi quraşdırılan ekspozisiya zallarında rəssamın əsərləri nümayiş olunur. Binanın fasadı da milli memarlıq ənənələri və müasir dizayn elementləri əsasında zövqlə işlənib, pəncərələr şəbəkə üslubunda hazırlanıb, həyətdə abadlıq işləri aparılıb. Rəssamın Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan 200-ə yaxın əsərinin yüksək keyfiyyətli surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə gətirilib. Burada hazırda Bəhruz Kəngərli irsinə aid 900-dən çox eksponat mühafizə olunur. Muzeydə rəssamın 341 rəsm əsəri var. Bu rəsm əsərlərindən 58-i orijinaldır. Diqqətə çatdırılıb ki, Bəhruz Kəngərlinin əsərlərindən ibarət albom-kataloq nəfis tərtibatla nəşr olunub, 2013-cü ildə Bəhruz Kəngərli Muzeyində təqdimatı keçirilib. Albom-kataloqa xronoloji ardıcıllıqla 1911-ci ildən 1922-ci ilədək olan dövrdə çəkilmiş rəsmlər külliyyatı daxil edilib. Albom-kataloqda yer alan “İlanlıdağ”, “Ağrıdağ”, “Əshabi-Kəhf”, “Nəhəcir dağı”, “Qızlar bulağı şəlaləsi”, “Dağ mənzərəsi”, “Qara dəniz” və “Qaçqınlar” silsiləsinə daxil olan əsərlər yüksək bədii sənətkarlıq nümunələridir. Bu əsərlərdə humanist rəssamın hiss və duyğuları, daxili iztirabları dolğun əks olunub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Əli Səfərov, Həbibə Allahverdiyeva və başqaları Bəhruz Kəngərli yaradıcılığına xas olan cəhətlərdən danışıb, onun rəsm əsərlərinin Azərbaycan rəssamlığında bir məktəb yaratdığını vurğulayıblar. Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri adından tədbir iştirakçılarına “Bəhruz Kəngərli. Albom-kataloq”u hədiyyə olunub.
Sonda realist rəssamın əsərlərindən ibarət sərgiyə baxış olub, Bəhruz Kəngərlinin həyat və yaradıcılığından bəhs edən “Sənətin Bəhruz zirvəsi” sənədli filmi göstərilib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.08.2018
Qarabağdakı abidələrimizin memarlıq quruluşu dəyişdirilir
15.08.2018
“Ermənistan işğalçı siyasətini uzun zaman davam etdirə bilməyəcək”
14.08.2018
Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır
13.08.2018
ABŞ radiosunda canlı yayımda Dağlıq Qarabağ münaqişəsindən danışılıb
13.08.2018
“Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9904

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info