“Mədəniyyət layihələrinə xarici ölkə gəncləri də cəlb olunmalıdır”
Tarix: 31.01.2014 | Saat: 22:42:00 | E-mail | Çapa göndər


Elməddin Hacılı: “Gələcəkdə alban kilsəsinin tarixinə həsr olunan kitabın hazırlanması, Qafqaz Albaniyası ilə əlaqədar beynəlxalq səviyyəli konfransın keçirilməsi planlaşdırılır”

Layihə çərçivəsində mövzu ilə bağlı olaraq bizə fikirlərini Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin Hacılı bildirdi.
-Azərbaycan mədəni irsinin daha çox hansı konkret istiqamətlər üzrə tanıdılması aktualdır? Hansı istiqamətlər üzrə tanıtma daha zəifdir?
-Bu gün Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olan mədəni inkişaf siyasəti, milli-mənəvi dəyərlərin təbliği, tarixi-mədəni zənginliyin qorunması vətəndaşların tərbiyəsində xüsusi yer tutur. Bu gün erməni işğalından əziyyət çəkən bir xalqın Qarabağın mədəni irsini qoruyub saxlaması onun mənəvi borcudur. Bu istiqamətdə həm daxildə, həm də xaricdə bir sıra mühüm işlər görülsə də, bu proses daim davam etdirilməli, göstərilən fəaliyyətlər daha da təkmilləşdirilməlidir. Artıq hamıya məlumdur ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törədir. Bu ərazilərdə qalan tarix-mədəniyyət abidələri, ya dağıdılaraq izləri silinir, ya da erməni abidələri adı altında saxtalaşdırılır. Müxtəlif mənbələrdən toplanan məlumatlara görə, həmin ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb. Qalanlar isə erməni abidələri adı altında təqdim edilir. İşğal altında olan Dağlıq Qarabağda və ətraf rayonlarda 13 dünya, 292 ölkə, 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi qalıb. İşğalçılar yurd yerlərimizdə qanunsuz arxeoloji qazıntı işləri aparır, tarixi abidələrimizi, məscidləri, kurqanları və s. dağıdır, tarixi-mədəni irsi saxtalaşdırır. İşğal altındakı tarix-mədəniyyət abidələrimizin kütləvi məhvi və mənimsənilməsi 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına (hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında maddə) ziddir. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və qarşı tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunmasını, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətlərin üzərinə vəzifə kimi qoyur. Beynəlxalq hüququn bu və ya digər müddəalarında istifadə edərək beynəlxalq miqyasda konfransların, seminarların sayını artırmaq, müəyyən kitablar, informasiya bülletenləri çap etmək və xarici ölkələrdə yaymaq işini gücləndirmək lazımdır. Bundan başqa düşünürəm k, tarixi Qafqaz Alban Kilsəsinin dünyada tanıdılması erməni saxtakarlığının qarşısını alacaq. Dövlət son bir ildə bu irsin tanıdılması üçün bir çox işlər görüb. Bidiyimə görə, yaxın gələcəkdə Alban Apostol Avtokefal Kilsəsinin tarixinə həsr olunan kitabın hazırlanması, Qafqaz Albaniyası ilə əlaqədar beynəlxalq səviyyəli konfransın keçirilməsi və YUNESCO səviyyəsində dünyada tanınmış məşhur fotoqraf Rza Diqqətinin alban dini-mədəni abidələrini əks etdirən foto-sərgisinin təşkil olunması planlaşdırılır. Bildiyiniz kimi, hər bir dövlətin və cəmiyyətin formalaşmasında, inkişafında ölkədə mövcud olan mədəni və milli-mənəvi dəyərlər sistemi mühüm əhəmiyyət kəsb edir. Bu dəyərlər sisteminin mövcudsuzluğu şəraitində cəmiyyətin və dövlətin inkişafı iddiasında olmaq əbəsdir. Göstərilən səbəbdən də mədəni və milli-mənəvi dəyərlər sisteminin mühafizə olunması və inkişaf etdirilməsi, təbliği vətəndaş cəmiyyətinin aparıcı inistutlarından olan QHT-lərin vəzifələrindən biri olmalıdır. Araşdırmalar göstərir ki, son illərdə bu istiqamətdə əhəmiyyətli layihələr həyata keçrilir və keçirilməkdədir. Yuxarıda qeyd olunduğu kimi, bu sahədə də qeyri-hökumət təşkilatlarının üzərinə böyük öhdəlik düşür. Dövlətlə bərabər QHT-lərin də əsas vəzifələrindən biri, həm ölkə vətəndaşları arasında, həm də beynəlxalq aləmdə mədəni irsin və milli-mənəvi dəyərlərin yayılmasına kömək etməkdən ibarət olmalıdır. Təqdirəlayiq haldır ki, mədəni irslə bağlı gələcəkdə görüləcək bütün işlər “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının “Mədəni irsin qorunması və səmərəli idarə edilməsi” bəndində öz əksini tapıb. Həmin bənddə göstərilir ki, Azərbaycan xalqının zəngin adət və ənənələrinin təbliği, milli bayram və mərasimlərin qorunub saxlanılması, tarixi rəmz və sirlərin rekonstruksiyası, milli musiqi və rəqslərin təşviqi, şifahi xalq yaradıcılığının qorunması, xalq oyun və tamaşalarının bərpası, təsviri, dekorativ və miniatür sənətinin zəngin ənənələrinin inkişaf etdirilməsi, dünyanın nüfuzlu muzeylərində saxlanılan Azərbaycan incəsənəti nümunələrinin öyrənilməsi və onların Azərbaycana aid olmasının təsdiqlənməsi, UNESCO, ISESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatlarda təsviri sənətimizin təbliği və tanıdılması istiqamətində zəruri işlər görüləcək.
-Mədəni irsin tədqiqi istiqamətində olan işlərlə bağlı nə deyərdiniz? Yəni elmi tədqiqat səviyyəsində bu məsələlərə necə münasibət bildirmək olar?
- Bildiyimizə görə, bu istiqamətdə ölkəmizdə kifayət qədər elmi-tədqiqat işləri aparılıb. Son illərdə respublikamızda tarix və mədəni irsin qorunması istiqamətində ciddi işlər görülüb. Otuzdan çox abidədə bərpa-konservasiya, 50-dən çox abidədə elmi-tədqiqat işləri aparılıb, beş tarixi ərazidə qoruqlar yaradılıb. Bütün bunlar ölkə rəhbərliyinin tarix və mədəni abidələrə diqqət və qayğısının parlaq nümunəsidir. Buraya əsrlərlə yaşı olan xalçaçılıq sənəti, ədəbiyyat, Şərq-Qərb musiqisinin füsunkar harmoniyasını təqdim edən musiqi, həmçinin “donmuş tarix” adlanan Azərbaycan memarlıq abidələri daxildir. Düşünürik ki, gələcəkdə də tarix və mədəniyyət abidələrimizlə bağlı yazılan kitabların sayı artırılmalı və tədris prosesində onlardan geniş istifadə olunmalıdır. Xüsusi olaraq Qafqaz Albaniyasıının maddi-mədəni tarixi ilə bağlı araşdırma və tədqiqatlara daha çox diqqət yetirilməlidir.
-Gənclərimiz mədəni irsimizlə bağlı yetərincə məlumatlıdırmı?
-Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Onlar davranış qaydalarını, nizam-intizamı, savadlı olmağı, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməli, vətəni sevməlidirlər. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Bu istiqamətdə də Gənclər və İdman Nazirliyi tərəfindən bir sıra layihələr həyata keçirilir. Bir neçə il öncə 16-21 yaş arası olan gənclər üçün "Mədəni irsimiz-tarixi dəyərimiz" mövzusunda fotomüsabiqə keçirib. Müsabiqəyə gənclər tərəfindən Azərbaycanın zəngin mədəni irsini, mənəvi-əxlaqi dəyərlərini, tarixi məkanlarını özündə əks etdirən fotoşəkillər təqdim olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanın mədəni irsinin, dəyərlərinin dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ olunması, gənclərdə Vətənə məhəbbət hisslərinin aşılanması olub. Bununla yanaşı, eyni dövrdə Avropa Şurasının təşəbbüsü ilə dünyanın əksər ölkələrində keçirilən "Beynəlxalq Mədəni İrs Fotoqrafiya Təcrübəsi" layhəsinin Azərbaycan Respublikasında da baş tutması əsas amillərdən biridir. Düşünürəm ki, bu istiqamətdə icra olunan layihələr davamlı olmalıdır. Qeyd etməliyik ki, gənclər həm fərdi, həm də öz təşkilatları vasitəsi ilə paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələrində olan mədəniyyət ocaqlarına gənclərin səfərlərinin təşkili, araşdırmaların aparılması, region gəncləri arasında adət-ənənələrimizin təbliği, milli kinolarımızın nümayiş etdirilməsi, regiondakı teatrların inkişafı, bölgə gənclərinin paytaxtdakı muzeylərə səfərlərinin təşkili və s. istiqamətlərdə layihlər icra etməkdədirlər. Düşünürəm ki, bu prosesə xarici ölkə gənclərinin də cəlb olunması daha uğurlu olardı.
-Xarici ölkələrə Azərbaycanı təmsil etməyə yollanan və ya xaricdə təhsil alan gənclərimiz Azərbaycan mədəni irsini nə dərəcədə təqdim və təbliğ edə bilirlər?
- Bu baxımdan yuxarıda göstərilənləri nəzərə alaraq ölkə gənclərinin qarşısında bir sıra mühüm vəzifələr durur. İlk öncə ölkəmizin tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin yerli və xarici vətəndaşlar tərəfindən yaxından tanınması məqsədi ilə fəaliyyətləri gücləndirmək və daha da təkmilləşdirmək lazımdır. Bu gün bu istiqamətdə fəaliyyət göstərən hər bir gəncin üzrərinə Azərbaycanın zəngin mədəni irsinin təbliği və onun gənclərimiz tərəfindən qorunması kimi məsuliyyətli bir öhdəlik düşür. Hər kəsə məlumdur ki, gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu gün inkişaf etməkdə olan Azərbaycan gəncinin də amalı, ideyası vətəni, xalqı düşünmək, ölkəmizin beynəlxalq aləmdə tanınması üçün öz bacarığından maksimum istifadə etməkdən ibarət olmalıdır. Xaricə gedən gənclərin qarşısında duran digər bir məsələ Azərbaycanın dünya birliyinə inteqrasiyası kontekstində azərbaycançılıq ideologiyasının, ölkəmizdəki tolerantlıq mühitinin, Azərbaycan mədəniyyətinin, tarixinin tədqiq və təbliği əyani vəsaitlərin, informasiya resurslarının hazırlanması və yayılmasıdır. Ekspertlərə görə də çağdaş dünyadakı qlobal inteqrasiya prosesində hər bir ölkə üçün mədəni zənginliyin qorunması və inkişafını təmin edən mühüm şərt güclü milli ideyanın mövcudluğudur.
-Azərbaycan gənclərinin bu baxımdan bilgiləndirilməsi və maarifləndirilməsi məsələləri ilə bağlı hansı təklifləriniz ola bilər?
- Bu gün gənclərimizi mədəni irs abidələri ilə əyani tanış etmək, onların bilik və bacarıqlarını eyni zamanda nəzəri və təcrübi əsaslarla artırmaq, alimlərimizlə seminar və görüşlər keçirmək, gənclər arasında ünsiyyəti genişləndirmək məqsədi ilə daha çox tədbirlərin təşkilinə ehtiyac var.
-KİV-in, xüsusən də telekanalların bu baxımdan fəaliyyətində hansı islahatlara ehtiyac var?
- Düşünürəm ki, bu istiqamətdə ciddi islahatlara ehtiyac var. Xüsusən televiziyalar mədəni irisin təbliği ilə bağlı siyasətlərinə yenidən baxmalıdırlar. Mədəni irsin təbliği ilə bağlı müxtəlif sosial çarxlar, qısametrajlı flimlərin sayı artırılmalıdır. Fikirimcə, bu istiqamətdə vətəndaş cəmiyyəti ilə qarşılıqlı fəaliyyət daha effektiv olar. Eyni zamanda TV-lər bu mövzuda olan verilişlərə diqqət artırmalıdır.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
ABŞ mətbuatı Ermənistanın işğalçılıq siyasətini ifşa edib
17.10.2018
“Ermənistanın dayanıqlı inkişafa nail olması mümkün deyil”
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”
12.10.2018
Pakistan Prezidenti: “Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanı dövlət kimi tanımır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10288

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info