Reza Siami: “Qarabağ mövzusunda sənədli film hazırlamaq istəyirəm”
Tarix: 13.02.2014 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


“Ərdəbil şəhərini gəzsəniz, ərdəbillidən çox Azərbaycandan gələn qardaşlarımızı görərsiniz”

Müsahibimiz kinorejissor Reza Siamidir:

- Reza müəllim, kino dünyasına gəlişiniz necə oldu?
- Mən gənc yaşlarımdan kinoya həvəs göstərirdim. Orta məktəbi bitirdikdən sonra bir illik kino hazırlıqları üzrə kurs keçdim. 20 yaşımda Ərdəbil şəhərində qısametrajlı filmlər çəkməyə başladım. Bir ildən sonra Tehran şəhərində kinorejissorluq sahəsi üzrə universitetə qəbul oldum. Universiteti bitirdikdən sonra, Ərdəbilə döndüm və televiziyada çalışmağa başladım. Həmçinin kurs yaratdım ki, gənclərə kino sahəsi üzrə dərs deyim. Demək olar ki, üç-dörd ilə qədər Ərdəbildə fəaliyyət göstərdim, sənədli və bədii filmlər çəkdim. Ərdəbildə kino və televiziya işlərimin imkanları zəif olduğu üçün Tehranda şirkət qurdum və orada çalışmağa başladım.
İlk teleserial işim 1997-ci ildə “Vüsal günləri” oldu. Serial Azərbaycan dilində çəkildi, ancaq fars dilində dublyaj olunub, İranın I kanalında yayımlandı. Həm də Azərbaycan dilində Təbriz, Ərdəbil kanallarında yayımlandı. Serialın bəstəkarı Oqtay Rəcəbov, mahnılarının ifaçısı Xalq artisti Mübariz Tağıyev, baş rolun ifaçısı mərhum sənətkarımız, Xalq artisti Həsən Məmmədov idi. Bu serial mənim ilk işimdir.
Daha sonra sənədli filmlər hazırlamağa başladım. “Müştərək ədəbi irsimiz” adlı sənədli film isə İranın IV kanalında yayımlandı.
2001-ci ildə isə “Şeyx Şamil” adlı bədii film çəkildi. Filmin çox hissəsi dekorasiya ilə əlaqədar olaraq İranda çəkildi. Filmin az bir hissəsi isə Bakıda çəkildi. Şeyx Şamil obrazını isə İranlı aktyor Səid Nikpur canlandırdı. Filmdə azərbaycanlı aktrisa Elmira Şabanova da çəkilib. Filmin bəstəkarı Mobil Babayev, mahnıların ifaçısı isə Azər Zeynalovdur.
“Günbatan News” filmim də Azərbaycanla əlaqədar teleserialdır ki, 3 ölkədə - Azərbaycan, İran və Gürcüstanda çəkilib. Serialın aktyor kadrlarının çoxu Azərbaycan aktyorlarıdır. Serialın Azərbaycan telekanallarında da yayımlanmasını istəyirəm. Bundan sonra Ərdəbil şəhərində bir neçə serial çəkdim.
2011-ci ildə Azərbaycanda keçirilən “III Muğam müsabiqəsi” haqqında sənədli film də hazırladım.
Son illərdə işlərimin çoxu Türkiyədə olur. Yeni bitirdiyim işim Şimali Kipr Türk Cümhuriyyəti haqqında olan sənədli filmdir. Bundan əlavə, Türkiyə və İran arasında müştərək serial hazırlanacaq. Ssenarini yenicə bitirmişəm. Bu iş üzərində çalışıram. Allah qoysa, İnşallah, Qarabağ haqqında sənədli film hazırlamaq istəyirəm.
- “Ayrılıq” mahnısı əsasında Cənubi Azərbaycan və Şimali Azərbaycan tarixi haqqında sənədli film çəkmək fikriniz varmı?
- Bu mahnının çox qədim bir tarixi var. Mahnını mərhum təbrizli bəstəkar Əli Səlimi bəstələyib. Mahnının ilk ifaçısı böyük sənətkarımız Rəşid Behbudov olub. Lakin sovet hakimiyyəti bu mahnını Rəşid Behbudovun oxumağına icazə vermədi. Daha sonra bu mahnını hər kəsin yaxşı tanıdığı, Cənubi Azərbaycandan olan müğənni Ququş oxudu. Bu mahnı o zamanlar sevgi mahnısı kimi tanınırdı. Sovet dövləti dağıldıqdan sonra bir çox müğənnilər bu mahnını ifa etdilər. Ancaq Yaqub Zurufçu bu mahnını ifa etdiyi zaman klip çəkildi.
Çox istəyirəm ki, belə işlərim olsun. Təəssüf ki, bəzi tarixi mövzularda müştərək iş görmək bir az çətindir.
- Ədəbi tariximizlə əlaqədar filmlərin çəkilməsi üzrə layihələr hazırlanır?
- Ola bilər. Məsələn, İranda dahi Məhəmməd Füzuli haqqında bir serial çəkildi. Serial zəif olduğu üçün efirlərdə yayımlanmadı. Qeyd etdiyim kimi çətinliklər var. Bəlkə də ola bilər. Lakin bu iş üzrə cəhdlər edilməyib.
Bugünkü gündə müasir gündəmdə olan mövzularda da işləmək olar. Ancaq “Tərsinə çevrilmiş dünya” bədii filmini qeyd etmək istəyirəm ki, bu, müştərək bir film adlandırılırdı. Lakin film, əsasən Azərbaycan tərəfindən çəkilirdi. Vaxtında çox çalışdıq ki, ortaq işlər görək. Amma alınmadı. Fərqli düşüncələr mövcud olduğu üçün mədəniyyət əlaqələri üzərində iş görmək çox çətindir.
- Cənubi Azərbaycanda teatr sahəsində və kino aləmində klassik əsərlərimizə müraciət olunurmu?
- Bəzi klassik əsərlərimizdən olan “Məşədi İbad”, “Arşın mal alan” tamaşaları Ərdəbil və Təbriz şəhərlərində səhnəyə qoyulub. Qeyd edə bilərəm ki, İranın kino tarixində bu əsərlər təxminən 60 il əvvəl ekranlaşdırılıb. Azərbaycan müstəqil olduqdan sonra belə işlər hələ görülməyib. Lakin çox istərdim ki, Ərdəbildə Azərbaycanla əlaqədar yaradıcılıq işləri daha da qüvvətlənsin. İstər kino, istərsə də teatr sahəsi üzrə olsun.
- Reza müəllim, Ərdəbilin ab-havasından danışardınız
- Xoşbəxtlikdən, sərhədlər açıldıqdan sonra gediş-gəliş daha da asanlaşıb. Səhər vaxtı Ərdəbil şəhərini gəzsəniz, ərdəbillidən çox Azərbaycandan gələn qardaşlarımızı görərsiniz. Ərdəbildə otellərin çoxunda azərbaycanlılar qalır. Son vaxtlar şahidi oluram ki, aptek və marketlərin adları Azərbaycan dilində yazılır. Bilirsiniz ki, İranda bütün yazılar fars dilində yazılır. Ancaq indi Ərdəbildə bütün yazılara diqqət olunur. Yazılar farsca yazılıbsa, yanında Azərbaycan dilində mənası qeyd olunur.
Keçmişə əsasən Ərdəbil son vaxtlar çox inkişaf edib. Universitetlər açılıb və İranın hər tərəfindən gənclər gəlib orada təhsil alırlar. İstər tibb, istərsə də mühəndislik sahəsi olsun. Ancaq kino sahəsi üzrə Ərdəbildə hələ də imkanlar genişlənməyib. Gənclərin bu sahə üzrə təhsil almaları üçün Tehrana getmələri lazımdır. Ərdəbildə kino sahəsi üzrə işləmək istəyənlər də məcburən Tehrana getməlidir. Ərdəbilin 24 saat yayımlanan “Savalan” televiziya kanalı var. Həmin kanalın proqramlarının 60%-i Azərbaycan dilində, 40%-i fars dilində yayımlanır. Azərbaycan dilində xəbərlər və bir çox seriallar efirə verilir. Bunların hamısı son 7-8 ildə həyata keçirilir. Teatr sahəsində həm fars, həm də Azərbaycan dilində tamaşalar səhnəyə qoyulur. Azərbaycan dövlət teatrları ilə Ərdəbil teatrı arasında qastrol səfərlər olur. Son zamanlar konsert proqramları keçirilir. Ərdəbildə, Təbrizdə və Tehranda konsert proqramları təşkil olunub. Elə zaman olurdu ki, konsert proqramlarına biletlər belə tapılmırdı. İki il əvvəl Tehranda Azərbaycan Mədəniyyət Günləri keçirildi. Təəssüf ki, belə günlər Ərdəbildə hələ keçirilməyib.
- Gələcək yaradıcılıq planlarınızda hansı layihələr həyata keçirəcəksiniz?
- Böyük arzumdur ki, Azərbaycanla ortaq bir iş görək. Hazırda Türkiyə-Azərbaycan arasında bir iş üzərində çalışıram. Daha sonra İran-Türkiyə arasında yeni bir layihəni həyata keçirəcəyəm. Hər halda bu iş baş tutsa, İran-Azərbaycan-Türkiyə arasında müştərək iş yarana bilər. Ən əsası, yaradıcılıq planlarımdan biri də Qarabağ mövzusunda sənədli film hazırlamaqdır.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
12.07.2018
Valeri Balayan: “ Bizi bundan da ağır günlər gözləyir”
09.07.2018
“Azərbaycanın İsveçrəyə ixracı 43 faiz artıb”
05.07.2018
Ekstremal vəziyyətlərdə dövlət və vətəndaş həmrəyliyi
28.06.2018
“The Jerusalem Post”: “Ermənistan Azərbaycanla heç cür rəqabət apara bilmir və bilməyəcək”
27.06.2018
Levon Mnatsakanyan: “Müasir hərbi-texniki imkanları olan bir rəqiblə üz-üzə qalmışıq”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9671

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info