Anar Süleymanov: “Beynəlxalq layihələrimizdə zəngin mədəniyyətimizi təbliğ edirik”
Tarix: 19.02.2014 | Saat: 21:50:00 | E-mail | Çapa göndər


Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası bütün insanlar arasında dialoq və əməkdaşlığın təşkilinə və inkişafına yardım etmək məqsədilə 2006-cı ildə təsis edilmiş İctimai Birlikdir. Onun fəaliyyəti dözümsüzlük faktlarının monitorinqi, hüquq bərabərliyinə dair beynəlxalq və milli qanunvericiliyin tədrisi, müxtəlifliyin və çoxmədəniyyətliliyin təbliğinə və bütün növ diskriminasiyanın aradan qaldırılmasına həsr olunub. Birlik 29 dekabr 2006-cı ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. GMƏL-in sədri Anar Süleymanov qəzetimizə müsahibəsində milli-mənəvi dəyərlərin təbliği, gənclərin elmə marağı ilə bağlı müsahibə verib.
-Milli-mənəvi dəyərlərin qorunması və yaşadılması ölkənin ümumi inkişafının təmin olunması baxımdan nə dərəcədə əhəmiyyətlidir?
- Əslində hər bir xalqın milli-mənəvi dəyəri xalqın mahiyyəti və varlığı deməkdir. Hansı xalq öz milli-mənəvi dəyərlərini yaşada bilirsə, deməli, həmin xalq mövcuddur, yaşayır. Bu baxımdan öyünməli olan xalqlardan biri də bizik. Tarixən çoxlu sayda təzyiqlərlə üzləşməyimizə baxmayaraq milli-mənəvi dəyərlərimizi qoruyub saxlaya bilmişik. İnkişaf edən Azərbaycanımızda Avropaya inteqrasiya edirik, deyib bizə məxsus olanlardan əl çəkmək yox, əksinə onlara örnək olmalıyıq. Mənim fikrimcə, mahiyyət baxımından Avropada milli dəyərlər yox, çox güclü standartlar var. Bizim milli dəyərlərimiz həmin standartlar səviyyəsində qorunsa, cəmiyyətimiz daha tez inkişaf edər və daha çox uğurlar qazana bilərik.
-Milli-mənəvi dəyərlərin qorunması istiqamətində hansı layihələr keçiribsiniz?
- Ola bilər ki, layihələrimizin adında bir başa milli-mənəvi dəyərlərlə bağlı fikir olmasın. Amma əslində fəaliyyətimiz dövründə etdiyimiz beynəlxalq layihələrin hər birində biz öz milli-mənəvi dəyərlərimizi təbliğ etmiş, xalqımızın zəngin mədəniyyətini layihə müddətində qonaqlarımıza çatdıra bilmişik. Təsadüfi deyil ki, bütün tədbirlərimizdə qonaqpərvər bir xalq kimi tanınırıq. Biz gənclər təşkilatı olaraq əsasən gənclərlə işləyirik və bizim gənclərin beynəlxalq tədbirlərdə göstərdiyi nümunəvi davranışını fəxrlə qeyd edə bilərik. Bu istiqamətdə GMƏL “UNITED Dözümsüzlük Əleyhinə” (10-15 Aprel, 2007/Madrid, İspaniya,) konfransının təşkilatçılarından biri olub.
Bundan başqa elə həmin ilin payızında Qafqazda ilk dəfə olaraq UNITED - Mədəniyyətlərarası Fəaliyyət şəbəkəsinin “Mədəniyyətlərarası Fəaliyyət Vasitəsilə Sərhədləri Aşaraq” adlı konfransa ev sahibliyi edib. (Oktyabr 23-28, 2007/Bakı, Azərbaycan). Bu layihələrdə milli-mənəvi dəyərlərimizin nəinki qorunması, həm də təbliğatı baxımdan əhəmiyyətli işlər görülüb.
-Hazırda bu istiqamətdə hansı işlər görürsünüz?
-Dediyim kimi, əsas etibarı ilə beynəlxalq tədbirlərdə təbliğat işlərini davam etdirir və Avropaya inteqrasiya etməklə yanaşı onlara öz milli-mənəvi dəyərlərimizi aşılaya bilirik. GMƏL bu istiqamətdə Avropa Komissiyasının ən mühüm proqramlarından biri olan Avropa Könüllülük Xidmətinə qoşulub. Bununla biz, dəyərlərimizi qoruya və yaşada bilən gənclərimizi beynəlxalq təcrübə qazanmaq məqsədi ilə əməkdaşlıq etdiyimiz proqram ölkələrinə yollayır və mədəniyyətlərarası dialoqu canlı şəkildə onların həyatında əks etdirə bilirik. Onu da qeyd edim ki, bu cür tədbirlərdən biri də bu ilin iyun ayının sonunda AKX proqramı üzrə 8 ölkənin iştirakı ilə növbəti Beynəlxalq tədbir keçiriləcəkdir. “Gəncliyin Qlobal Səsi” adlı bu layihəni GMƏL Avropa Komissiyasının 3-cü raundunda “Gənclər hərəkatda” proqramı çərçivəsində udub. Bundan əlavə GMƏL həmin proqram çərçivəsində “Qaranlıqdan Günəş işığına doğru” 2-ci bir layihənin qalibi olub və bu ilin sentyabr ayında həmin layihənin icrasına başlanacaq.
-Bu işlərin həyata keçirilməsində dövlət və QHT-lərlə əməkdaşlıq edirsinizmi?
-Təbii ki. Cənab Prezidentin daim gənclərə göstərdiyi qayğı gənclər təşkilatlarından da yan keçməyib. Əksinə cənab Prezidentin təşəbbüsü ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı gənclərin birbaşa iştirakı ilə təşkil olunub, proqram hazırlanıb və ölkə başçısı tərəfindən imzalanıb. Bu proqramın xətti ilə qısa vaxtda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradıldı və bu, çoxlu sayda ideyaların reallaşmasına səbəb oldu.
Cənab Prezidentin apardığı düzgün gənclər siyasəti nəticəsində dövlət müəssisələrində gənclər təşkilatlarına münasibət inanılmaz dərəcədə dəyişdi. GMƏL təsis olunduğu tarixdən bu günə kimi dövlət müəssisələrinin maliyyə və təşkilati dəstəyi ilə 4 layihə həyata keçirilib. Bu layihələrin həyata keçməsində dövlət qurumları ilə sıx əlaqələrimizin xüsusi önəmini vurğulamaq istərdim. Elə müsahibəmdən istifadə edib daim bizə dəstək olan hər kəsə xüsusi minnətdarlığımı bildirirəm. Çünki onların sayəsində onlarla rayonda yüksək səviyyəli tədbirlərimiz təşkil olunub.
-Gənc nəslin bu sahəyə marağı necədir?
-Gənc nəslin öyrənmək istədiyi məqam da elə budur. Təcrübəmizdən bunu deyə bilərəm ki, əvvəlki illərə baxanda son illər gənclərin milli-mənəvi dəyərlər sahəsində öyrənmək istədikləri daha çoxdur. Çünki müasir gənc hər şeyi görür. Müasir texnologiyalar vasitəsilə onların kifayət qədər informasiya almaq imkanları var və onlar bunların içərisindən özlərinə xeyirli olanı seçməyi bacarırlar. Onları bu istiqamətdə ruhlandıran, həvəsləndirən də təbii ki, cənab Prezidentin simasında Azərbaycan dövlətidir.
1997-ci ildən bu günə qədər ulu öndərin təşəbbüsü ilə 2 fevral Gənclər günü kimi qeyd olunur. Bu onun Azərbaycan gəncinə verdiyi qiymət idi. Bu həm də ulu öndərin bugünkü gəncliyə olan bir mesajı idi. Ulu öndərimiz Heydər Əliyev bu addımı ilə biz gəncliyə demək istəyirdi ki, əsli, kökü, tarixi olan bir xalqın davamçıları öz mədəniyyətini qorumalı, irsini, milli dəyərlərini yaşatmağa haqqı çatır və o bunu etməlidi. Şükürlər olsun ki, bu ənənə davam edir və inşallah, edəcək. Bugünkü Azərbaycan gənci ona verilən qiymətin dəyərini bilməli və bu yolu uğurla davam etdirməlidir.
-QHT olaraq gənclərin təhsilə, elmə marağının artması üçün nə kimi kömək edirsiniz?
-Bildiyiniz kimi QHT-lər əsasən qeyri-formal təhsil sahəsində çoxlu işlər görür və gənclərin şəxsiyyət kimi formalaşmasında, öz karyeralarını qurmaqda, cəmiyyətin fəal gəncinə və fəal vətəndaşa çevrilməsinə çox kömək edir. Bizim “Gəlin, regionlardan başlayaq” adlı layihəmiz buna əyani sübutdur. Prezident yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyimiz bu layihənin əsas məqsədi regionlarda çalışan müəllimlərə təlim kursu təşkil etmək idi və biz bunu uğurla edə bildik. Layihə çərçivəsində Azərbaycanın beş müxtəlif rayonunda (Xızı, Siyəzən, Hacıqabul, Qobustan və Quba) bir günlük təlim təşkil edilib. Bu təlimlərdə ümumilikdə 100-ə yaxın müəllim iştirak edib. Təlimlərdə QHT nədir? Regionda gəncləri buna necə cəlb etmək olar? Gənc istedadların aşkara çıxarılması və s. bu kimi mövzular öz əksini tapıb. Təlimlər nəticəsində müxtəlif ideyalar yaranıb və hazırda həmin ideyaların reallaşması üçün işlər aparılır. Regionlardan olan müəllimlərin aktiv iştirakı nəticəsində həmin regionlarda mövcud olan problemlərin aradan qaldırılması üçün yeni layihələrin işlənməsi nəzərdə tutulub. Ən sevindirici hallardan biri də budur ki, bu təlimlərdən sonra Quba, Siyəzən və Qobustan rayonlarında təşkilatımızın filialının açılması ideyası irəli sürülüb və hazırda bu istiqamətdə sənədlər hazırlanır.
-Milli-mənəvi dəyərlərin qorunması üçün nələr edilməlidir?
-Bu, çox geniş bir mövzudur. Amma çalışacağam bir neçə cümlə ilə fikrimi çatdırım.
Əvvəla, bu proses məktəbəqədər təlimdən başlamalıdır. Orta təhsil müddətində və ali məktəblərdə bu istiqamətdə daha çox işlər aparılmalıdır. Çünki bu gün milli kimliyimizi qoruyan, bizim olan, dünyaya verə biləcəyimiz dəyərlərimizi çox yaxşı öyrənməliyik. Dediklərimdən belə bir nəticə çıxarmaq olar ki, bu iş maariflənməklə və ən əsası düzgün maariflənməklə mümkündür. QHT olaraq bizim işimiz isə beynəlxalq əlaqələrimizdən istifadə edərək bu dəyərləri yaşatmaq, onları beynəlxalq aləmə təqdim etməkdir.
- Perspektivdə hansı layihələr gözlənilir?
-Öz məqsədlərimizə uyğun olaraq müxtəlif beynəlxalq layihələr hazırlayırıq. Bundan əlavə beynəlxalq tədbirlərdə iştiraka çox üstünlük veririk. Bunda əsas məqsəd həm gənclərimizin əməkdaşlıq qabiliyyətlərini həm də təşkilatımızın əlaqələrin genişləndirməkdir. Bu məqsədlə artıq bu ilin martında 6 üzvümüz, aprel ayında isə 4 üzvümüz Moldovada keçirilən beynəlxalq təlimdə iştirak edəcək. May ayında 1 üzvümüz Yunanıstana, iyunda 2 üzvümüz Gürcüstana, 4 üzvümüz isə Türkiyəyə yola düşəcək. İnşallah, ilin ikinci yarısında bu sayın daha da çox olmasını gözləyirik.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
“Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”
08.10.2019
Terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçıları çirkin əməllərini idman sahəsində də nümayiş etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info