“Qabaqcıl ölkələrdə ictimai-siyasi proseslər fəlsəfi fikrin yeni nailiyyətləri əsasında həyata keçir”
Tarix: 26.02.2014 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Səlahəddin Xəlilov: “İctimai gerçəkliyin inkişaf tendensiyalarının düzgün əks etdirilməsində akademik Ramiz Mehdiyevin tədqiqatları mühüm rol oynayır”

Azərbaycanda son zamanlar elmi-tədqiqatlara tələbatın və stimulun artması fəlsəfə sahəsindən də yan keçməyib. Bu baxımdan Azərbaycan fəlsəfi fikrinin inkişafı və nailiyyətləri ilə bağlı proseslər olduqca aktuallıq kəsb edir. Layihə çərçivəsində bizə bu barədə fikirlərini bildirən Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının idarə heyətinin sədri, AMEA müxbir üzvü Səlahəddin Xəlilov qeyd edir ki, fəlsəfi elmlər sahəsində tədqiqatlara ehtiyac müasir dövrdə nəinki azal¬mayıb, hətta bir sıra aspektlərdə xüsusi aktuallıq kəsb edib: “Azərbaycanın fəlsəfi və ictimai-siyasi fikrinin öyrənilməsi, sistemləşdirilməsi və dünya fəlsəfi fikri ilə müqayisəli təhlili göstərir ki, son illərdə ölkəmizdə fəlsəfə sahəsində xeyli uğurlu nəticələr əldə edilib. Yeni inkişaf mərhələsi azad iqtisadi münasibətlərin əsasında dayanmalı olan yeni düşüncə tərzinin fəlsəfi özünüdərk səviyyəsində formalaşmasını tələb edir. Daha doğrusu, fəlsəfi fikirlə düşüncə tərzi arasında müəyyən bir əks-əlaqəyə ehtiyac yaranır. Fəlsəfi fikir, bir tərəfdən, müstəqillik əldə etmiş bir xalqın milli özünüdərk prosesini ehtiva etməli, digər tərəfdən də, bir ictimai-iqtisadi quruluşun yenisi ilə əvəzlənməsindən irəli gələn ictimai şüurun elmi-nəzəri səviyyədə əsaslandırılmasına xidmət etməlidir ki, filosoflarımız da öz səylərini əsasən bu istiqamətə yönəldirlər. Xüsusi elm sahələrindən fərqli olaraq fəlsəfi fikrin tətbiq dairəsi çox genişdir. İctimai gerçəklik və sosial praktika hansı isə fəlsəfi-ideoloji sistemə əsaslanmırsa, deməli, pərakəndə və kortəbii səciyyə daşıyır. Qabaqcıl ölkələrin inkişafını səciyyələndirən mühüm cəhətlərdən biri də bundan ibarətdir ki, burada ictimai-siyasi proseslər müasir elmi-nəzəri və fəlsəfi fikrin ən yeni nailiyyətləri əsasında həyata keçir. Yəni fəlsəfə əslində ancaq kitablarda qalmayıb, ictimai həyatın özündə, insanların dünyagörüşündə və inkişafın strategiyasında öz əksini tapır. Lakin nəzəri fəlsəfə inkişaf etməsə, onun praktik təcəssümü də mümkün deyil. Bu baxımdan, Azərbaycanda fəlsəfənin inkişafı da təkcə akademik araşdırmalar çərçivəsində deyil, həm də elmi-praktik səpkidə həyata keçir. Fəlsəfi fikrin ünvanı da buna müvafiq olaraq Elmlər Akademiyası ilə məhdudlaşmayaraq, bütövlükdə dövlət və cəmiyyət miqyasında axtarılmalıdır. Təsadüfi deyil ki, Azərbaycanda fəlsəfənin son 10 ildə inkişafı AMEA-nın müvafiq qurumları və ya universitet kafedralarından daha çox, bilavasitə dövlət idarəetmə orqanları və ictimai təşkilatlarda həyata keçir. Azərbaycan Respublikası Prezident Adminstrasiyasının, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşəbbüsləri ilə keçirilən beynəlxalq forumlar çərçivəsində fəlsəfi araşdırmalara da yer ayrılması ölkəmizdə ictimai-siyasi fikrin, fəlsəfənin tətbiq sahələrinin inkişafına geniş şərait yaradır”.
Bakıda Beynəlxalq Humanitar Forumun artıq üçüncü dəfədir ki, keçirildiyini bildirən professorun fikrincə, bu böyük miqyaslı ictimai hadisənin, intellektual diskursun fəlsəfi dəyərləndirilməsinə böyük ehtiyac var: “Hər dəfə humanitar forum çərçivəsində mədəniyyətlərarası dialoq, multikulturalizm, tolerantlıq və s. bu kimi məsələlər müzakirə olunur ki, onların hər birinin ciddi fəlsəfi təməlləri var. Burada biz ictimai praktika ilə nəzəri təhlilin bir araya gətirilməsi təcrübəsini görürük. Bu forumda qoyulan problemlər bütün dünyanın diqqət mərkəzindədir. Və bizim alimlərin bu məsələlərə dair fikirləri, Bakıda irəli sürülən konsepsiyalar artıq digər ölkələrin də elmi-fəlsəfi fikir məkanında geniş istifadə olunur. Keçən il 10-cu “Sivilizasiyalararası Dialoq” Forumunda (Rodos, Yunanıstan) və Peterburqda həmin mövzuda keçirilən beynəlxalq konfransda mənim plenar iclasda əsas məruzəçilərdən biri qismində dəvət olunmağım da təsadüfi deyildi”.
Ölkəmizin müxtəlif istiqamətlərdə inkişaf strategiyası, uzunmüddətli fəaliyyət proqramları müəyyənləşdirilərkən istər-istəməz həmin sahələrin empirik-faktiki materiallardan öncə nəzəri-konseptual səviyyədə təhlili tələb olunur ki, bu da ancaq müvafiq fəlsəfi biliklər sayəsində mümkündür. Alim bildirir ki, bu baxımdan, Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin son illərdə işıq üzü görmüş fundamental kitabları həm dövlət idarəetmə sisteminin elmi-nəzəri əsasları kimi, həm də müvafiq sahələrdə fəlsəfi tədqiqat nümunələri kimi xüsusi dəyərə malikdir: “Transformasiya dövründə ictimai gerçəkliyin inkişaf tendensiyalarını düzgün əks etdirən yeni fəlsəfi bazisin yaradılması olduqca çətin və məsuliyyətli bir işdir. Bu, təkcə Azərbaycanda deyil, bütün postsovet məkanında və inkişaf etmiş sosializmin bazasında kapitalist cəmiyyəti quran bütün ölkələrdə filosoflar qarşısında duran ən mühüm vəzifələrdən biridir: “Bu problemlə Qərbi Avropa və ABŞ-ın da görkəmli politoloqları və fəlsəfə mütəxəssisləri ciddi məşğul olurlar. Fərəhləndirici haldır ki, postkommunist ideologiyası və fəlsəfəsinin formalaşdırılmasında Azərbaycan öncül mövqelərdən birini tutur və akademik Ramiz Mehdiyevin tədqiqatları bu sahədə mühüm rol oynayır. Əslində beynəlxalq miqyasda götürdükdə də postsovet erasının fəlsəfi tədqiqi yeni tipli metodoloji yanaşma tələb edir və bu baxımdan Ramiz Mehdiyev öz əsərlərində sadəcə olaraq konkret ictimai-siyasi gerçəkliyin araşdırılması ilə məşğul olmayıb, həm də bunun üçün ən optimal fəlsəfi və metodoloji əsasların işlənibhazırlanması yükünü öz üzərinə götürüb. Akademik Ramiz Mehdiyev təkcə müstəqil Azərbaycan Respublikasının, hətta postsovet dövlətlərinin yox, həm də Şərqi Avropa dövlətlərinin sosialist sistemindən, kommunist ideologiyasından qurtulduqdan sonra seçdikləri inkişaf yolunun praktikasını ümumiləşdirməklə demokratiyanın və vətəndaş cəmiyyəti quruculuğunun yeni tipli təlimini formalaşdırmağa çalışır və buna nail olur. Yəni söhbət Avropada formalaşmış təlimlərin sadəcə mənimsənilməsindən və Azərbaycan gerçəkliyinə tətbiqindən deyil, Şərqi Avropa da daxil olmaqla böyük bir region üçün optimal sayıla biləcək yeni konsepsiyanın yaradılmasından gedir. Bundan əlavə, iqtisadi inkişafın demokratikləşdirmə prosesində oynadığı rol təhlil edilir və göstərilir ki, cəmiyyətdə möhkəm iqtisadi təməl olmadan ideya-siyasi islahatlar müsbət nəticə verə bilməz. Məhz buna görə də, müəllif Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda əldə edilmiş böyük iqtisadi nailiyyətləri demokratik islahatların və cəmiyyətin modernləşdirilməsinin mühüm amili kimi qeyd edir”.
İctimai şüurda gedən proseslərin kortəbii yox, elmi əsaslarla həyata keçməsi naminə əvvəlcə cəmiyyətdə gedən real dəyişilmələrin elmi təhlili verilməlidir. Yəni Professorun fikrincə, biz ictimai şüurun hansı istiqamətdə dəyişiləcəyini proqnozlaşdıra bilmək üçün əvvəlcə ictimai reallığın hansı istiqamətdə dəyişildiyini dərk etməliyik: “Düzdür, ictimai varlığın, sosial-iqtisadi proseslərin dəyişilməsi də ideya¬larsız həyata keçmir. Lakin cəmiyyəti dəyişən ideyalar və maraqlar sistemi dəyişdirilmiş cəmiyyətdən doğan yeni şüur sistemi ilə adekvat olmaya da bilər. Keçid dövrünü səciyyələndirən cəhətlərdən biri məhz ictimai şüurla ictimai varlıq arasındakı uyğunsuzluqlardır. Siyasi sabitlik və iqtisadi inkişaf ideya müstəvisində də inkişaf olmasını həm tələb edir, həm də onun üçün müəyyən bir şərait yaradır. Nə zaman ki, hələ qarşıda duran vəzifə ancaq ölkənin iqtisadi durumunun normallaşdırılması və sovet dövründən qalan iqtisadiyyatın dağılmış qurumları üzərində yeni iqtisadi sistemin qurulması qarşıda duran əsas vəzifə idi, ölkəmizdə elmin inkişafı bir qədər arxa planda qalmışdı. Amma güclü sosial-iqtisadi inkişaf və ölkənin maliyyə resurslarının artması elmi tədqiqatların da rəqabətə davamlı şəkildə, yeni intellektual təməllər üzərində aparılmasını tələb edir.
Prezident İlham Əliyevin neft kapitalının intellektual kapitala çevrilməsi zərurəti ilə bağlı çağırışından sonra bu çevrilmənin mexanizmini, optimal yollarını müəyyənləşdirmək vəzifəsi ilk növbədə elmi-fəlsəfi fikrin üzərinə düşdü. Lakin ölkəmizdə gedən genişmiqyaslı quruculuq işləri və iqtisadi inkişaf müqabilində ictimai elmlərin inkişafının nisbətən geri qalması, onların bu proseslərdə qabaqlayıcı rol oynaya bilməməsi AMEA-da və universitetlərdə ictimai və humanitar elmlərin vəziyyətində köklü dönüş yaradılması ehtiyacını ortaya qoydu. 2009-cu ildə akademik Ramiz Meh¬diyevin sədrliyi ilə keçirilən noyabr müşavirəsindən və onun “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” mövzusunda analitik məqaləsindən sonra bütövlükdə ictimai elmlər, həmçinin fəlsəfi tədqiqatlar qarşısında yeni vəzifələr qoyuldu. Müşavirədə qeyd edildi ki, cəmiyyətin hər hansı bir sahədə nailiyyətlərinə və problemlərə artıq yeni metodoloji əsasda yanaşılması tələb olunur; Prezident İlham Əliyevin iqtisadi sahədə keçid dövrünün artıq başa çatması haqqında bəyanatı da nəzərə alınmalıdır və biz öz tədqiqatlarımızı yeni paradiqmanın tələblərinə uyğunlaşdıraraq, ictimai proseslərin arxasında yox, ön cəbhəsində getdiyimizi, qabaqlayıcı araşdırmalar apardığımızı sübuta yetirməliyik”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
ABŞ mətbuatı Ermənistanın işğalçılıq siyasətini ifşa edib
17.10.2018
“Ermənistanın dayanıqlı inkişafa nail olması mümkün deyil”
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”
12.10.2018
Pakistan Prezidenti: “Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanı dövlət kimi tanımır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10288

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info