“Milli mənlik şüuru milli-mənəvi tərbiyənin nəticəsində formalaşır”
Tarix: 05.03.2014 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Adil Rəfili: “Milli-mənəvi dəyərlərin qorunması, nəsildən-nəslə ötürülməsi də sosial inkişafla birbaşa əlaqəlidir”

Müsahibimiz Adil Rəfili 1999 -2005-ci illərdə Ə. Ağayev adına 3 nömrəli orta məktəbdə təhsil alıb. 2005-ci ildə Naxçıvan Türk Liseyinə daxil olub. Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirir. Prezident təqaüdçüsüdür. 2012-ci ildə Azərbaycanda keçirilən “Avroviziya” mahnı müsabiqəsində rəsmi deleqasiya rəhbəri, həmin ildə FİFA U17 Qadınlararası Dünya Çempionatında layihə koordinatoru kimi çalışıb. İctimai fəaliyyətə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının sədr müavini kimi başlayıb. Hazırda “Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı” İctimai Birliyinin sədridir. Həmçinin “Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi” Gənclik Sosial İnkişaf Proqramı - “Gənclər evi”ndə layihələrlə iş üzrə rəhbər qismində çalışır. Bir neçə layihənin müəllifidir. Hazırda davam edən “Distant təlim: Paytaxtdan regionlara” layihəsinin rəhbəridir.
- Öncə rəhbəri olduğunuz təşkilat haqda məlumat verərdiniz.
-2005-ci ildə təsis edilmiş “Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı” İctimai Birliyinin əsas fəaliyyət sahəsi gənclər arasında maarifləndirmə işini artırmaq, onların dünyagörüşünü genişləndirmək üçün müxtəlif təlim və tədris kursları təşkil etməkdir.
Gənclərin sağlam mühitdə yetişmələri və müxtəlif yoluxucu xəstəliklərdən qorunmalarını təbliğ edən çalışmalardan biri - UNICEF-in maliyə dəstəyi ilə 2010-cu ildə keçirilən maarifləndirici seminarlar olub.
2012 -2013-cü tədris ili boyunca müxtəlif sahələr üzrə (marketinq, liderlik, kompyuter və xarici dillər) təlim kursları təşkil olunub və QHT nümayəndələrinə seminarlar verilib.
Bununla bərabər, bizim QHT “Virtual Aləm Düşərgəsi”, “Distant Təlim: Paytaxtdan Regionlara” layihələrinin icraçısıdır.
- QHT olaraq Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsi və təbliğinə öz töhfənizi hansı formada verirsiniz?
- Ümumiyyətlə, Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsi və təbliği hər bir gəncin, gənclər təşkilatının ən mühüm vəzifələri sırasındadır. Biz, Azərbaycan Gənclərinin Demokratik İnkişafına yardım İB olaraq mütəmadi olaraq keçirdiyimiz tədbirlərdə, seminarlarda gənclərimizə ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixinə töhfələr, Azərbaycan gənci üçün təməlini qoyduğu imkanlar barədə məlumat veririk. Xarici səfərlər zamanı ölkəmizin geniş və dolğun təbliği üçün lazımi informasiya ilə gənclərimizi təmin edirik.
- Gənclərin sosial inkişafında milli-mənəvi dəyərlərin nə kimi rolu var?
- Gənclərin sosial inkişafı dövlətin sosial inkişafı ilə birbaşa bağlıdır. Təsadüfi deyil ki, milli-mənəvi dəyərlərin qorunması, nəsildən-nəslə ötürülməsi də sosial inkişafla birbaşa əlaqəlidir. Gənc nə qədər ölkəsinin milli-mənəvi dəyərlərinə bağlı olsa, mədəniyyətinə bələd olsa, o qədər də ölkəsinin inkişafında öz rolu və payı olacaq.
- Yeniyetmələrdə vətənpərvərlik hissini qənaətbəxş hesab etmək olarmı?
- Bu gün məktəblilərə, yeniyetmələrə nəzər saldıqda, onların dünyagörüşünün, bilik və bacarıqlarının necə inkişaf etdiyini görməmək mümkün deyildir. Vətənpərvərlik hissinin aşılanmasına ilk öncə ailədən, daha sonra məktəbdən başlanılmalıdır. Mən Azərbaycan gəncinə “qənaətbəxş” sözünü yaraşdırmıram, ulu öndərimiz hər zaman Azərbaycan gəncinin zirvələrdə olması üçün çalışıb və bu gün istər yeniyetmələr, istərsə də gənclər bacardıqlarından daha artıq vətənpərvər, dövlətsevər, millətsevər olmalıdır.
- Ümumiyyətlə, bugünkü gənclikdə milli mənlik şüuru necə formalaşıb?
- Gənclərdə milli mənlik şüuru milli-mənəvi tərbiyənin nəticəsində formalaşır. Gənclər Azərbaycan tarixini, dahi şəxsiyyətlərini, mədəniyyətini öyrəndikcə milli özünüdərkin nə olduğunu anlayırlar. Milli mənlik şüuru formalaşdıqca gənc anlayır ki, Azərbaycan xalqının əqidəsi bütövdür, bu xalq hər hansı bir şəraitdən asılı olmayaraq torpağını qorumağa, dövlətinin bütövlüyü üçün canından keçməyə hazırdır.
- “Gənclər evi”nin əsas hədəfləri nədən ibarətdir?
- “Gənclər evi” layihəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Dünya Türk Gəncləri Birliyi” İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Azərbaycan İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilir.
Gənclərin iş həyatına hazırlığı, rəqabət əsaslı iqtisadi sistemdə peşə və sənət sahibi olmaları, təlim və tədris imkanlarından istifadə edərək peşəkar vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilən layihənin əsas məqsədi gənclərin məşğulluq problemlərinin həllinə yardım etməkdir. Belə ki, layihə çərçivəsində Azərbaycanda yaşayan, yaşı 15-dən 35-ə qədər olan gənclər mədəni, siyasi, bədii, idman və gənclik sahələrində fərdi inkişaflarına yardım alacaq, ölkələrinə faydalı fərd olmaları istiqamətində tədbirlərdə iştirak edəcək, müxtəlif düşüncəli insanlardan təcrübə qazanacaqlar. Mədəniyyət, İncəsənət və Elm Evi proqramı həyata keçirilməklə gənclərin sosiallaşması üçün ömür boyu müxtəlif öyrənmə metodlarının yer aldığı fərqli təhsil proqramları tətbiq ediləcək və ictimai yenilənməyə söykənən inkişaf mərhələlərindən gənclər maksimum faydalanacaqlar.
“Gənclər evi” ideyasının təməlində gənclər siyasətinin ayrılmaz parçası olan maarifçilik dayanır. Bu yolun sonunda qoyduğumuz hədəf isə gənclərin iş həyatındakı müvəffəqiyyətinə yardımçı olmaqdan ibarətdir.
Bu hədəf nə bu gün, nə də dünən müəyyən edilməmişdir. Onu çox-çox əvvəl ulu öndər Heydər Əliyev iki sehrli söz ilə müəyyənləşdirmiş və bütün nəsillərə əmanət olaraq saxlamışdır: “Sabitlik və İnkişaf.” Məhz bu siyasətin və kursun işığı doğrultusunda “Gənclər evi” öz işini qurub və davam etməkdədir.
- Layihə çərçivəsində hansı işlər görülür?
- Layihə 2 mərhələdə həyata keçirilir: 1-ci mərhələ Gənclik və Mədəniyyət evlərinin yaradılması və ictimaiyyətə tanıdılması; 2-ci mərhələdə Gənclik və Mədəniyyət evlərinin gücləndirilməsi, gənclərin iştirakının təmin edilməsi.
Layihə ilk növbədə Azərbaycanın paytaxtı Bakı şəhərində reallaşır. Gənc əhalinin aktivlik faizi qiymətləndirilərək digər şəhər və rayonlarda da həyata keçiriləcək.
Layihənin birinci mərhələsində gənclərin ən çox ehtiyac duyduqları kurslar təşkil olunmaqdadır. İkinci mərhələdə isə daha da çox sahə üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub. Layihənin müddəti 2 ildir, lakin müsbət nəticələr əldə edildiyi təqdirdə daimi xarakterli ola bilər. İki il ərzində layihədən on beş min gəncin faydalanacağı nəzərdə tutulub. Layihənin sonunda ölkəmizin bütün sahələrinə yüksək peşəkar kadrların qazandırılması əldə olunacaq ən böyük fayda olaraq görülməkdədir. Ən böyük vəzifə Azərbaycan gənclərinin gəncliyin problemlərini görmələri, səciyyələndirmələri və həll etmələri üçün təşəbbüs göstərmələrinə şərait yaratmaq, gənclərin daxili qərar alma prosesində iştirak etməsini asanlaşdıran tədbirlər görmək, ictimai inkişaflarını dəstəkləmək, peşə bacarıqlarını inkişaf etdirmək istiqamətindəki tədbirlərdə iştirak etmək və kütləvi problemlər qarşısında həssaslığını artıraraq, cəmiyyətdə liderlik rolunu görməsini təmin etmək, Azərbaycanın güclü lobbilərinin yaranması istiqamətində aparılan işləri əlaqələndirmək, dəstəkləmək və icra etmək məqsədi ilə müxtəlif fəaliyyətlərin mərkəzi halına gəlməkdir.
- Azərbaycançılıq ideologiyası sizin üçün nə deməkdir?
-Azərbaycançılıq ideologiyası Azərbaycanın müstəqilliyini qorumaq, demokratik inkişafını təbliğ etmək, hüquqi-sosial dövlətin qurulması və bu kimi vacib dəyərlərin məcmusudur. Azərbaycançılıq ideologiyası bütün Azərbaycan Respublikasının vətəndaşlarına aid bir məfhumdur. Bir gənc olaraq mən bu məfhuma dövlətimin beynəlxalq aləmdə geniş təbliğini, dövlətçilik dəyərlərimizin inkişafını da aid etmək istərdim.
- Birlik olaraq bu istiqamətdə hansı layihələri həyata keçirirsiniz?
- “Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı” İctimai Birliyi olaraq “Distant Təlim: Paytaxtdan Regionlara” layihəsi çərçivəsində bu istiqamətdə xeyli seminarlar verilib. Bu seminarlar yalnız iştirakçılara deyil, eləcə də Azərbaycan dilində danışa və anlaya bilən hər kəsə ünvanlanıb.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.08.2018
Qarabağdakı abidələrimizin memarlıq quruluşu dəyişdirilir
15.08.2018
“Ermənistan işğalçı siyasətini uzun zaman davam etdirə bilməyəcək”
14.08.2018
Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır
13.08.2018
ABŞ radiosunda canlı yayımda Dağlıq Qarabağ münaqişəsindən danışılıb
13.08.2018
“Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9904

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info