Səməd Vurğunun ev-muzeyi əsaslı təmirdən sonra ziyarətçilərin ixtiyarına verilib
Tarix: 06.03.2014 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Layihə çərçivəsində yazımız Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, Xalq şairi Səməd Vurğunun ev-muzeyi ilə bağlıdır. Bir neçə gün əvvəl ev-muzeyinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən muzeyin direktoru Aygün Vəkilova diqqətə çatdırıb ki, Səməd Vurğunun ev-muzeyi 1975-ci ilin oktyabrında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə açılan ilk memorial muzeydir. Vurğulanıb ki, Prezident İlham Əliyevin “Xalq şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri haqqında” 2011-ci il 13 dekabr tarixli sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeydə təmir-bərpa və bədii tərtibat işləri həyata keçirilib.

Şairin iş otağı, qonaq və yataq otaqları eynilə qorunub saxlanılır

Muzey şairin ömrünün son 2 ilini yaşadığı, gərgin yaradıcılıqla məşğul olduğu, fəal ictimai xadim kimi fəaliyyət göstərdiyi evdə yerləşir. Muzey 6 otaqdan ibarətdir. Şairin iş otağı, qonaq və yataq otaqları eynilə qorunub saxlanılır. Ekspozisiyanın bir otağında şairin ailə üzvlərinin şəxsi əşyaları və fotoşəkilləri nümayiş olunur. Digər otaqlarda qurulmuş ekspozisiya isə Səməd Vurğunun həyatını, yaradıcılığını və ictimai fəaliyyətini əks etdirir.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu mədəniyyət ocağının yenidən öz qapısını ziyarətçilərin üzünə açmasını əlamətdar hadisə kimi qiymətləndirib.
Bildirib ki, görkəmli şairin xatirəsinin xalq və dövlət, Azərbaycan Prezidenti tərəfindən əziz tutulması çox sevindirici haldır. Diqqətə çatdırıb ki, ulu öndərin təşəbbüsü ilə açılmış bu muzeydən sonra ölkəmizdə böyük şəxsiyyətlərin ev-muzeylərinin yaradılmasının bünövrəsi qoyulub, muzey işinin təkmilləşdirilməsinə, inkişafına başlanılıb.
Nazir qeyd edib ki, Səməd Vurğun çətin dövrdə yaşamasına baxmayaraq onun yaradıcılığının əsasında Vətənə, torpağa sevgi, xalqına məhəbbət, dövlətə xidmət və layiqli vətəndaş mövqeyi durub. Poeziya ustasının şeirlərinin hər sətrinin arxasında azadlıq sevgisi ifadə olunub. Həmçinin onun dram əsərləri bu gün də aktuallığını qoruyub saxlayır.
Bildirilib ki, dövrünün ən böyük ziyalılarından biri olan Səməd Vurğun yaşadığı mühitin görkəmli simaları ilə şəxsi münasibəti sayəsində Azərbaycan ədəbiyyatını keçmiş SSRİ məkanında yorulmadan təbliğ edib. Onun yaradıcılığı bu gün də müasir Azərbaycan ədəbiyyatşünaslığında xüsusi yer tutmalı, tədqiqatlar davam etdirilməlidir.

Ev-muzeyi müasir texnologiya ilə təchiz olunub

Nazir, əsaslı təmirdən sonra Səməd Vurğunun ev-muzeyi şairin yaşayıb-yaratdığı dövrün ruhunu əks etdirməklə yanaşı, həm də müasir texnologiya ilə təchiz olunduğunu diqqətə çatdırıb. Bildirib ki, muzey öz işini gələcəyə belə aparmalıdır. Yeniliklər keçmiş irsimizin qorunub saxlanmasına xidmət etməlidir. Sonra mərasim iştirakçıları şairin öz səsində onun şeirindən bir parçanı dinləyiblər. Akademik Teymur Bünyadov ulu öndər Heydər Əliyevin Səməd Vurğunun poeziyasını yüksək qiymətləndirdiyini, onun “Azərbaycan” şeirini eşidərkən göz yaşlarını saxlaya bilmədiyini diqqətə çatdırıb. Tədbirdə İ.Əbilov adına mədəniyyət mərkəzinin üzvü Türkan Məmmədli Səməd Vurğunun şeirini oxuyub, Prezident təqaüdçüsü Vurğun Vəkilov Qara Qarayevin “Eskiz” əsərini ifa edib. Qeyd edək ki, ötən müddətdə muzeyin fondu xeyli zənginləşib, yeni ekspozisiya bölmələri yaradılıb, şairin həyat və yaradıcılığı ilə bağlı gərgin araşdırmalar aparılıb. Bu iş muzeyin fəaliyyətinin əsasını təşkil edır. Bu iş planlı surətdə, həm də ayrı-ayrı mövzular üzrə aparılır. Məhz bunun nəticəsində Vurğuna aid xatirə əşyaları, orijinal fotoşəkillər, rəsm əsərləri, əlyazmalar, tədqiqat əsərləri, hədiyyələr, ötən illərin qazet-jurnalları və s. materiallar muzeyin fondunu zənginləşdirib. Şairin Vətənində - Qazax rayonunun Yuxarı Salahlı kəndində muzeyin filialı olan "Poeziya evi" fəaliyyətdədir. Muzey həmçinin Bakıda və rayonlarda şairlə bağlı təşkil olunan muzey və guşələrin yaranmasına və zənginləşməsinə yaxından köməklik göstərir. Muzeydəki otaqların üçündə Vurğunun həyat və yaradıcılığını, ictimai fəaliyyətini, xatirəsinin əbədiləşdirilməsini əks etdirən ekspozisiya yaradılıb. Şairin iş otağı sadəliyi ilə seçilir. Yazı stolu, stullar, kitablarla dolu şkaflar. Yazı stolunun üstündə şairin son əlyazmaları, ömür vəfa etmədiyi üçün çəkə bilmədiyi papirosları, avtoqələmi, həyat yoldaşı ilə övladlarının birgə çəkdirdikləri fotoşəkil və şairin ən çox sevdiyi bənövşə gülünün rəmzi kimi kiçik səbətdə süni bənövşə qoyulub. "Vaqif", "Fərhad və Şirin", "İnsan", "Aygün" və bir çox başqa sənət inciləri, məqalələr, çıxışlar bir zamanlar bu yazı stolunun arxasında ərsəyə gəlib.

Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov və Səid Rüstəmovun ifa etdiyi royal

Şairin qonaq otağı onun sağlığında olduğu kimi qorunub saxlanılır. Səməd Vurğun məşhur şair olmaqla yanaşı, həm də açıqürəkli insan, qonaqpərvər ev sahibi idi. Bu qonaq otağına tez-tez şairin dostları - yazıçılar, bəstəkarlar, rəssamlar, kənd zəhmətkeşləri və onun istedadının pərəstişkarları toplanırdı. Otaqdakı royal da böyük marağa səbəb olur. Bu royalda vaxtilə Səməd Vurğunun əvvəlki mənzilində tez-tez qonaq olmuş Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyov, eləcə də məşhur bəstəkarlarımızdan Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov öz əsərlərini ifa ediblər. Qonaq otağında həmçinin 1944-cü ildə Xalq rəssamı Mikayıl Abdullayev tərəfindən şairin ilk naturadan çəkilmiş portreti nümayiş etdirilir. Səməd Vurğun burada öz bağında, dərin düşüncələr aləmində təsvir olunub. Qiymətli eksponatlar arasında bir saat da var. Səməd Vurğun dünyasını dəyişdiyi zaman, 1956-cı il mayın 27-də axşam saat 8:30-da şairin həyat yoldaşı Xavər xanım həmin saatı dayandırıb. Memorial otaqlarından sonuncusu şairin yataq otağıdır. Burada da hər şey sağlığında olduğu kimi qorunub saxlanılır. Muzeydə əhatə dairəsi çox geniş olan kütləvi işlər də görülür. İldə iki dəfə, martın 21-də və mayın 27-də şairin "Xatirə günləri" keçirilir. Müxtəlif vaxtlarda Səməd Vurğunun xatirəsinə həsr olunmuş tədbirlərdə görkəmli elm və mədəniyyət xadimləri, şairin qələm dostları, o dövrün ədəbi gəncliyi iştrak edirlər. Bir vaxtlar şairin xatirə məclislərində onun haqqında öz ürək sözlərini söyləmiş insanların əksəriyyəti indi özləri xatirələrdə yaşayırlar. Şairlə bağlı tədbirlərlə yanaşı, ev-muzeyində ayrı-ayrı ədəbi hadisələrə, şairin qələm dostlarının yubileylərinə, tarixi günlərə həsr olunmuş tədbirlər keçirilir. Muzeyə gələn tamaşaçılar və tədbir iştirakçıları böyük şairin həyat və yaradıcılığını çox maraqla izləyir, onun səsinin lent yazısına böyük məhəbbətlə qulaq asır, şairi müxtəlif illərdə əks etdirən kino-xronikaya çox həyacanla baxırlar. Onlar, muzeydə keçirdikləri hissləri, şairə olan hədsiz məhəbbətlərini rəy kitablarında qeyd edirlər. Rəy kitablarında muzeyin fəaliyyəti də qiymətləndirilir.
Anar Miriyev





 
Bölməyə aid digər xəbərlər
22.10.2018
“Biz erməni xalqının içərisindən çıxmış cinayətkarları dünyaya tanıtdırmaq istəyirik”
19.10.2018
ABŞ mətbuatı Ermənistanın işğalçılıq siyasətini ifşa edib
17.10.2018
“Ermənistanın dayanıqlı inkişafa nail olması mümkün deyil”
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10301

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info