Böyük tarixə malik Azərbaycan teatrı
Tarix: 07.03.2014 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Martın 10-da ölkəmizdə Milli Teatr Günü ilk dəfə rəsmi şəkildə qeyd ediləcək

Martın 10-da 141 yaşı tamam olacaq Azərbaycan Milli Teatrının böyük tarixi var. Belə ki, XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu. Bu şərəfli işdə H. Zərdabi və N. Vəzirov mühüm rol oynayıblar. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu.

Teatrımızın inkişaf yolu

Azərbaycanda teatr sənəti qədim ənənələrə malikdir. Xalq arasında müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları ("Maral oyunu", "Kilimarası"), bayram tamaşaları ("Kos-Kosa"), dini səciyyəli tamaşalar ("Şəbih") və s. geniş yayılmışdı. Hələ XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş fransız səyyahı Şarden, Çuxursəd bəylərbəyisinin İrəvan şəhərindəki iqamətgahında qonaq olarkən burada ona üç hissəli bir tamaşa göstərmişdilər. Bu tamaşa Şardenə o qədər xoş təsir bağışlamışdı ki, onu "Şərqin operası" adlandırmışdı. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat H. Z. Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Tezliklə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə simaları yetişdi. Azərbaycanda teatr sənətinin inkişafında Hacıbəyov qardaşlarının da böyük əməyi olub. AXC-nin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu. Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verdi. Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi. Cümhuriyyət hökumətinin bu sahədə məqsədyönlü addımlarından biri də Azərbaycan Dövlət Teatrının təşkili oldu. Bu, Azərbaycan professional teatrının dövlət teatrı statusu alması demək idi. Bu teatrın pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də N. Nərimanovun "Nadir şah" faciəsinin tamaşası ilə açılmışdı. Sonralar Azərbaycanda teatr sənəti daha da inkişaf etdi. Xalqın həyatı, güzəranı, tarixi keçmişi ilə bağlı əsərlər də repertuarlarda geniş yer alırdı. Məhz martın 10-u (köhnə stillə 22-si) - Azərbaycan milli teatrının əsası qoyulan günü teatrsevərlər Milli Teatr Günü kimi qeyd edilir.

Yenilənən teatrlarımız

Ötən illər ərzində də milli teatrın inkişafında fədakarcasına yaşayıb-yaratmış insanların mənalı həyat yolu da heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə sənət korifeyləri xatırlanır, onların təcrübəsindən, qoyub getdikləri mənəvi irsdən öyrənilir. Şərqdə ilk dəfə olaraq peşəkar teatrın Bakıda yaranması xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, təbliğində, estetik zövqün formalaşmasında, maariflənmənin sürətlənməsində mühüm vəzifələr yerinə yetirərək mütərəqqi ideyaların əsl carçısına çevrildi. Ulu öndər Heydər Əliyev Azərbaycan Milli Teatrının qazandığı böyük nailiyyətlərlə bağlı deyirdi: "Teatrımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri var. Milli teatr bu gün də, gələcəkdə də yaşayacaq". Mədəniyyət tariximizin parlaq səhifələrini şərəflə yazan milli teatr dövlət müstəqilliyimiz qazanıldıqdan sonra öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Milli teatra diqqət və qayğı daha da artırıldı. Aktyor və rejissorların səmərəli, mükəmməl fəaliyyət göstərməsi üçün teatr binalarının təmiri, bərpası başladı, eləcə də yaradıcı kollektivlərin əməkhaqları dəfələrlə artırıldı, ayrı-ayrı istedadlı, görkəmli sənətkarlara fəxri adlar, mükafatlar, Prezident təqaüdü verilir. Yaradıcılıq şəraitinin daha da yaxşılaşdırılması yolunda dövlət tərəfindən vaxtaşırı müxtəlif tədbirlər həyata keçirilir, sənətkarların, dramaturqların, rejissorların yubileyləri qeyd edilir və bu gün də bu tədbirlər davam etməkdədir. Azərbaycan teatrının beynəlxalq əlaqələri də genişlənib. Ölkədəki teatrların fəaliyyətini dünya standartlarına uyğun şəkildə təmin etmək üçün zamanın tələblərindən asılı olaraq müxtəlif sərəncamlar imzalanır, proqramlar həyata keçirilir, yeni layihələr hazırlanır. Prezident İlham Əliyevin 19 fevral 2007-ci il tarixdə imzaladığı "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamda milli mədəniyyətimizin inkişafında böyük rol oynayan teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq potensialının yaxşılaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Bundan başqa ölkə başçısı tərəfindən imzalanan “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam teatrımızın tarixində mühüm hadisədir. Bu sərəncam Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, milli-mənəvi dəyərlərin təbliği və dünya mədəniyyətinə inteqrasiyanı təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək məqsədi daşıyır. Proqramda mövcud vəziyyətə uyğun olaraq Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə teatr təhsil sisteminin yaxşılaşdırılması məqsədilə onillik müddətinə bir sıra vacib tədbirlərin hazırlanıb həyata keçirilməsi nəzərdə tutulub. Bu proqramın təsdiqində məqsəd ondan ibarətdir ki, teatr siyasətinin formalaşması və teatr prosesində idarəetmənin optimallaşdırılması üçün bu sahədə islahatlar aparılsın, hər bir teatr binası standartlara uyğun səviyyədə təmin olunsun, onların maddi-texniki bazası möhkəmləndirilsin. Yeni teatr siyasətinin doğru-düzgün həyata keçirilməsi, həm də mədəniyyətin hərtərəfli təbliği ilə bağlıdır. Eləcə də ümumbəşəri və milli-mənəvi dəyərlərin qorunması dünya mədəniyyətinə inteqrasiyanı təmin etməklə əlaqəli şəkildə həyata keçirilərsə, bu, ümumilikdə sənətin inkişafına səbəb olur. Bu baxımdan da həm maliyyə və informasiya resurslarından səmərəli istifadə edilməlidir, həm də hər bir teatrın repertuarı günün tələblərinə uyğun formalaşmalıdır. Adıçəkilən dövlət proqramında təkcə paytaxtda deyil, Naxçıvanda, həmçinin digər bölgələrdə, o cümlədən qaçqın və məcburi köçkünlük şəraitində fəaliyyət göstərən dövlət teatrlarına da hər cür zəruri qayğının göstərilməsi nəzərdə tutulub. Qəbul edilən proqramların, imzalanan sərəncam və layihələrin həyata keçirilməsində məqsəd budur ki, bütün sahələrdə baş verən güclü inkişaf teatr aləmində də öz əksini tapsın. Bu gün respublikada artıq 26 dövlət teatrı fəaliyyət göstərir. Şəbəkənin müntəzəm və səmərəli fəaliyyətini təmin etmək məqsədilə bütün maliyyə, təşkilati və yaradıcılıq imkanlarından istifadə edilir. Dövlətlərarası mədəni əməkdaşlıq haqqında ikitərəfli sazişlərə uyğun olaraq respublika teatrları xarici ölkələrdə keçirilən müxtəlif festivallarda uğurla çıxış edirlər. Bu gün Bakı şəhəri Beynəlxalq Teatr Konfransı, UNİMA-nın iştirakı ilə Beynəlxalq Kukla Teatrları Festivalı, Çexov Festivalı kimi nüfuzlu tədbirlərə ev sahibliyi edir.
Ölkə başçısının 1 mart 2013-cü il tarixində imzaladığı Azərbaycanda «Milli Teatr Günü»nün təsis edilməsi haqqında sərəncamla əlaqədar bu il martın 10-da ölkəmizdə Milli Teatr Günü ilk dəfə rəsmi şəkildə qeyd ediləcək. Həmin gün teatr ictimaiyyəti saat 9.30-da Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edəcək. Saat 18.30-da isə Azərbaycan Dövlət Musiqili Teatrında Milli Teatr Gününə həsr olunmuş tədbir və Azərbaycan Dövlət Musiqili Teatrının təntənəli açılış mərasimi keçiriləcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.06.2018
Hikmət Hacıyev: “Ermənistan işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalıdır”
14.06.2018
“Ermənistanın BMT yanında nümayəndəliyi saxtakarlıq yolunu seçib”
13.06.2018
Həmsədrlər Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nə vəd veriblər?
12.06.2018
“Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“
11.06.2018
“Dağlıq Qarabağ münaqişəsi Ermənistana və ermənilərə heç nə qazandırmayıb”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9435

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Futbol üzrə Dünya Çempionatı başladı
3 Regional geosiyasi vəziyyət müzakirə edilib
4 Putin Paşinyanı alçaldıb
5 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info