Hər gün 170 min nəfər poliklinikalara müraciət edir
Tarix: 15.03.2014 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Səhiyyə naziri Oqtay Şirəliyev nazirliyin saytına müsahibəsində bir sıra məsələlərə aydınlıq gətirib. Məmurların xaricdə müalicəyə üstünlük vermələri barədə deyilənlərə münasibət bildirən nazir qeyd edib ki, çox vaxt insanlar xaricdə istirahət edərkən, yaxud sadəcə, iş üçün harasa gedərkən fürsətdən istifadə edib həmin ölkədə "check up" adlandırılan ekspres-diaqnostikadan keçirlər: “Burada qınamalı heç nə yoxdur, bu öz sağlamlığının qayğısına düzgün qalmağın göstəricisidir”.
Onun sözlərinə görə, ildə orta hesabla xaricə müalicəyə gedən həmvətənlərimizin sayı iki mindən çox deyil. Nazir qeyd edib ki, halbuki həmin müddətdə 800 minə yaxın vətəndaşımız Azərbaycan xəstəxanalarında müalicə olunur: “Onları sağaldan da xaricilər deyil, Azərbaycan həkimləri olur”. Yüksək vəzifəli məmurların, deputatların xarici ölkələrin klinikalarında müalicəyə üstünlük verməsinə gəlincə, nazir qeyd edib ki, onların heç də hamısı həmişə bu addımı atmır. Onun fikrincə, bu qəbildən olan vətəndaşlar və onların ailə üzvlərinin çoxu yerli klinikalarda müalicə olunur: “Amma əlbəttə, elə də olur ki, cəmiyyətdə tanınan şəxs sağlamlıq durumu barədə məlumatların yayılmasını istəmədiyinə görə, yaxud hansısa digər səbəblərdən müalicə üçün xaricə gedir. Təəssüf ki, tək-tək həkim uğursuzluqları bəzən bütün ölkə səhiyyəsinə şamil edilir, şişirdilir və bütün yerli həkimlərə inamsızlıq yaradılır. Azərbaycan həkimlərinin həyata keçirdikləri çox mürəkkəb ürək əməliyyatları, böyrək köçürmə və sair üzrə çətin cərrahi müdaxilələr isə bu fonda tamamilə nəzərdən yayınır. Halbuki onlar çox yüksək dərəcədə peşəkarlıq, müasir bilik və bacarıqlar, mürəkkəb və yüksək texnoloji avadanlıqda işləmək təcrübəsi tələb edir. İnanın ki, Azərbaycanın özünün peşəkar tibb işçisi kifayət qədərdir. Kimisə tərifləmək üçün başqasını tənqid etmək gərək deyil. Əlbəttə, heç kimin xarici təbabətin nailiyyətlərini qiymətdən salmaq fikri yoxdur. Sadəcə, bu zaman yerli həkimləri ucdantutma qaralamaq da lazım deyil”.
Səhiyyə naziri əlavə edib ki, hər gün Azərbaycanda 170 min nəfər ambulator yardım üçün poliklinikalara müraciət edir və orta hesabla 26 min pasiyent stasionarlarda müalicə olunur: “Təbiidir ki, bizdə də xəstəxanalar üzrə ölüm göstəricisinin statistikası var və o, 0,3% təşkil edir. Heç bir kəs belə bir danılmaz faktı inkar edə bilməz ki, ölüm göstəricisinin faizi yüksək olan xəstəliklər var. Bu, ilk növbədə onkologiya, ürək-damar, nevroloji xəstəliklərdir. Həyatla bir araya gəlməyən travmalar var. Bütün dünyada xəstələr arasında vəfat edənlər olur, Azərbaycan da bu cəhətdən istisna deyil”.

Özəl klinikalar xarici mütəxəssisi ölkəyə gətirməmişdən əvvəl nazirliyə məlumat verməlidir

Nazir onu da bildirib ki, özəl klinikalar belə mütəxəssisləri Səhiyyə Nazirliyindən xəbərsiz dəvət etməklə qanunu pozurlar: “Özəl klinikalar dəvət etdikləri həkimlərin səlahiyyətli və səriştəli olmasına həmişə zəmanət verirmi? Yüksək ixtisaslı əcnəbi həkimin burada olması və konsultasiyaları xeyli mürəkkəb və baha başa gələn işdir. Kiçik özəl klinikaların belə böyük xərclərə gücü çatarmı? Xarici mütəxəssisi ölkəyə gətirməmişdən əvvəl onlar Səhiyyə Nazirliyinə müraciət etməli və məlumat verməlidirlər. Nazirlik də öz kanalları ilə həmin həkimin nə dərəcədə səlahiyyətli olduğunu aydınlaşdırmalıdır”.
Nazir deyib ki, özəl klinikaların xarici həkimləri geniş reklam etməsi çox vaxt xam adamlar üçün nəzərdə tutulan adi kələkdir: “Qaydalara zidd olaraq, gəlmə həkimlər özəl klinikalarda praktika ilə məşğul olurlar, əməliyyat edirlər və çıxıb gedirlər. Səhiyyə Nazirliyi isə bu barədə yalnız ya reklamdan xəbər tutur, ya da bu şübhə doğuran "qastrolçu həkim" pasiyentin sağlamlığına zərər vuranda. Bu sonuncu halda məlum olur ki, həkim artıq əlçatmazdır, klinika isə "çiyinlərini çəkir" ki, həkim bacardığını elədi".
O.Şirəliyev əlavə edib ki, artıq bir neçə ildir Səhiyyə Nazirliyinin özəl tibb müəssisələrində yoxlamalar aparan xüsusi komissiyası fəaliyyət göstərir. Onun sözlərinə görə, yoxlamalar nəticəsində komissiya müəyyən edib ki, əksər hallarda reklam olunan xarici həkimlərin professionallıqları, xidmətləri, təltifləri, adları ilə bağlı deyilənlərdən həqiqətə uyğun olanı ancaq onların xarici dövlətin vətəndaşı olmasıdır: "Qalan hər şey reklam oyunudur, reklam qurbanları da buna aldanırlar. Özü də çox vaxt bu kələkdən qanunsuz fəaliyyət göstərən özəl klinikalar istifadə edirlər. Təkcə son üç ayda Səhiyyə Nazirliyi Vergilər Nazirliyi ilə birlikdə qanunsuz stomatoloji fəaliyyətlə məşğul olan 330 obyekt aşkar edib, onlara qarşı qanunvericiliyə müvafiq tədbirlər görülüb”.
Səhiyyə naziri qeyd edib ki, Azərbaycanda qeyri-qanuni tibbi praktikaya, o cümlədən "qastrolçu həkimlərin" fəaliyyətinə görə məsuliyyət və müvafiq olaraq cərimə sanksiyaları qanunvericiliklə kəskin artırılıb: “Fiziki şəxslər üçün cərimələr 2-3 min manat, hüquqi şəxslər üçün 20 min manatdan 30 min manatadək olub. Əgər əvvəllər qaydaları pozanlar 300-500 manatlıq cərimələrlə asanlıqla canlarını qurtarırdılarsa, bu gün bu addımı atmazdan əvvəl ciddi götür-qoy edəcəklər. Axı söhbət insanların sağlamlığından və həyatından gedir”.

“Mənə heç olmasa bircə dövlət göstərin ki, onun səhiyyə sistemi nöqsansız olsun”
O.Şirəliyev KİV-də səhiyyə sisteminin tənqid olunmasına münasibət bildirərkən deyib ki, bizdə də problemlər var və heç kim onlara göz yummağın tərəfdarı deyil: “Ancaq bizi tənqid edənlər təbabətin bugünkü vəziyyəti ilə on il əvvəlki halını müqayisə edə bilərlər”. Onun sözlərinə görə, müsbət dəyişiklərin göstəricilərindən biri dövlət xəstəxanalarında çarpayıların məşğulluğudur. Nazir qeyd edib ki, bu göstərici on dəfələrlə artıb, bu da təsadüfü deyil: “Dövlət tibb müəssisələri, regional diaqnostika mərkəzləri bu gün ən müasir aparatura ilə təchiz olunub, onlarda çalışa bilən müvafiq mütəxəssislər var. İnsanlar həmişə xəstələnirdilər, ancaq əvvəllər onların ixtisaslı tibbi yardım almaq imkanları elə də çox deyildi. Bundan başqa, həkimlərə də inamsızlıq var idi. Bu qədər çox adamın xəstələnməsi yaxşı deyil, ancaq onlar müalicə olunmasaydılar, özü də pulsuz tibbi yardım imkanları olmasaydı, lap pis olardı”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Prezident daha bir Xalq artistinə ev verdi
18.10.2019
Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini sarsılmaz və əbədi etdi
18.10.2019
Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir
18.10.2019
Azərbaycan əhalisinin gəlirləri 7 faizə yaxın artıb
18.10.2019
Gələn il Azərbaycanda pensiyaların orta aylıq məbləği 293 manat olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info