Ölkədən kənarda silahlı savaşa görə yeni ciddi cəzalar tətbiq olunacaq
Tarix: 15.03.2014 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Dünən Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirildi. İclası açan Milli Məclisin sədri Oqtay Əsədov dedi ki, bu iclas yaz sessiyasının beşinci iclasıdır və qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti 2013-cü ildə fəaliyyəti barədə hesabat verir: “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının dinamik inkişafı Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi hesabatda geniş əksini tapıb. Dünya iqtisadiyyatında böhranın davam etməsinə baxmayaraq, ölkəmiz yüksək makroiqtisadi göstəricilər əldə edib, regionda həyata keçirilən transmilli layihələrdə aparıcı rol oynayıb, Dövlət proqramlarını uğurla icra edib.
Sonra Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti barədə hesabatla çıxış etdi.
Baş nazir bildirdi ki, Azərbaycan hökuməti tərəfindən ardıcıl islahatların həyata keçirilməsi, proqramların icrası, sosial- iqtisadi tərəqqi hesabat ilində də uğurla davam edib. Ölkə iqtisadiyyatının inkişafının əsas hədəfi xalqın rifahının yüksəldilməsidir. Bu məqsədə nail olmaq üçün makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın şaxələndirilməsi müvəffəqiyyətlə davam etdirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş bu işlər bütün sahələrdə uğurların qazanılmasına səbəb olub.
Artur Rasizadə qeyd etdi ki, ötən il dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkənin inkişafının davamlılığı üçün önəmli olan prezident seçkiləri keçirilib. Gördüyü real işlərlə xalqın rəğbətini qazanmış İlham Əliyev yenidən Azərbaycan Prezidenti seçilib.
Baş nazir son illər əldə olunmuş iqtisadi nailiyyətləri konkret faktlarla diqqətə çatdırdı.
Sonra hökumətin hesabatı ilə əlaqədar müzakirələr başlandı. Çıxış edən deputatlar ötən il Azərbaycanın sosial-iqtisadi inkişafında əhəmiyyətli nəticələr əldə olunduğunu, əhalinin yaşayış səviyyəsinin getdikcə yüksəldiyini vurğulayıblar. Çıxışlarda bildirilib ki, hökumətin hesabatında ölkə həyatının bütün sahələri əhatə edilib, bütün əsas göstəricilər öz əksini tapıb.

Ötən il 29 min məcburi köçkün yeni mənzillərə köçürülüb

“Son 10 il ərzində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına Azərbaycan hökuməti tərəfindən 3,6 milyard manat vəsait yönəldilib”. Bu barədə Baş nazir Artur Rasizadə Milli Məclisdə 2013-cü ilin yekunları üzrə hökumətin hesabatını təqdim edərkən deyib. Baş nazir bildirib: "Ötən il məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üzrə işlər davam etdirilib. 2013-cü ildə 29 min adam yeni mənzillərə köçürülüb. Məcburi köçkünlərin sosial problemlərinin həllinə 637 milyon manat yönəldilib ki, bu da 2003-cü illə müqayisədə 5,8 dəfə çoxdur".
Onun sözlərinə görə, son on il ərzində Azərbaycan 5400 kilometrdən artıq su xətti, 1200 kilometrdən artıq kanalizasiya xətti çəkib, çoxlu sayda su anbarı, nasos stansiyaları, sutəmizləyici qurğular tikilib, bu gün ölkə əhalisinin 55 faizi keyfiyyətli içməli su lə təmin olunub.
Baş nazir qeyd edib ki, hesabat dövründə Azərbaycanın enerji sisteminin ümumi gücü 12,9 faiz artaraq 7 min meqavatı ötüb. Son 10 ildə ölkədə 17 elektrik stansiyası istismara verilib, 15 min kilometr elektrik ötürücü xətti (EÖX) çəkilib, 1600-dən artıq yarımstansiya tikilib və yenidən qurulub.
İclasda ölkədə muzdlular yığma, onlara təlim keçmə, o cümlədən onlardan hərbi münaqişələrdə, hərbi əməliyyatlarda istifadə etmə ilə bağlı cəzaların, o cümlədən ölkə hüdudlarından kənarda təşkilatlanaraq silahlı münaqişələrdə iştirak etməyə görə yeni ciddi cəzaların tətbiq olunması müzakirəyə çıxarılıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı Cinayət Məcəlləsinin 114-cü maddəsinə dəyişikliklər və yeni 283-1 maddəsi təklif olunur. 114-cü maddəyə dəyişikliyə əsasən muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etməyə görə cəzalar 8 ildən 12 ilə qədər olacaq (Hazırda 4 ildən 8 ilə qədərdir). Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə isə cəza 9 ildən 15 ilə qədər olacaq (Hazırda 8 ildən 15 ilə qədərdir). Maddəyə edilən digər dəyişikliyə görə, muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı 5 ildən 11 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq (Hazırda 3 ildən 8 ilə qədərdir).
Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirakla bağlı yeni 283-1 maddəsində göstərilir ki, Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, belə qrupa rəhbərlik etmə faktı 9 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxsi cəlb etməklə törədildikdə, 12 ildən 15 ilədək cəza nəzərdə tutulur. Yuxarıda nəzərdə tutulmuş qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə isə 7 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Yeni maddədə göstərilən qeyddə bildirilir: “Yuxarıda nəzərdə tutulmuş əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etdikdə və ya başqa üsulla həmin maddələrdə nəzərdə tutulan əməllərin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir”.

Dini zəmində cinayət üzrə istintaq səlahiyyətləri prokurorluqlardan alınıb

İclasda Cinayət Prosessual Məcəlləsinə (CPM) dəyişikliklər müzakirəyə çıxarılıb.Əli Hüseynli bildirib ki, məcəllənin 215.3-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, 167-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma) və 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddələr prokurorluq orqanları tərəfindən ibtidai istintaqı aparılan iş üzrə maddələr siyahısından çıxarılır. Beləliklə, artıq bu hallar üzrə istintaq prokurorluq orqanları tərəfindən aparılmayacaq.
Prokurorluğun səlahiyyətlərindən alınan qeyd olunan maddələr üzrə ibtidai istintaqın hansı orqan tərəfindən aparılması bu məcəllənin 215.5-ci maddəsi əsas götürülərək Azərbaycan Prezidentinin qərarından asılı olacaq.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Prezident Rövşən Rzayevi qəbul edib
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib
18.10.2019
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Qars şəhərində qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info