Qəbələ “MDB-nin mədəniyyət paytaxtı” titulunu layiqincə daşıyıb
Tarix: 17.03.2014 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Layihə çərçivəsində yazımız Qəbələ şəhərinin 2013-cü il üçün “MDB-nin mədəniyyət paytaxtı” elan olunması ilə bağlıdır. İl ərzində rayonda “Qəbələ - MDB-nin mədəniyyət paytaxtı” çərçivəsində çox mühüm mədəni tədbirlər keçirilib. Bununla bağlı yekun tədbirlərə isə Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunmuş konsertlə start verilib. Konsertin aparıcısı, Rusiya Federasiyasının Əməkdar artisti Timofey Fyodorov Azərbaycanda olduğu müddətdə yüksək qonaqpərvərliklə qarşılandığını söyləyib. Qəbələnin 2013-cü ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmasının əhəmiyyətini qeyd edən aparıcı ölkəmizin gündən-günə gözəlləşməsindən də danışıb.

Sonra Qəbələ Mədəniyyət Mərkəzinin səhnəsi incəsənət ustalarının ixtiyarına verilib. Konsertdə Rusiya, Moldova və Gürcüstandan olan incəsənət ustaları bir-birindən maraqlı ifaları ilə tamaşaçılara sevinc dolu anlar yaşadıblar. Rusiyanın və Moldovanın Əməkdar artisti Svetlana Toma, müğənni Anastasiya Makayeva, aktyor və bəstəkar Qleb Matveyçuk, Gürcüstanın Xalq artisti İya Ninidze və aktrisa Nino Ninidze, Rusiyanın Əməkdar artisti Boris Qalkin və müğənni İnna Razumixinanın çıxışları sürəkli alqışlarla qarşılanıb. Onlar tanınmış bəstəkarların bir-birindən maraqlı mahnılarını ifa ediblər.
Konserti yaddaqalan edən məqamlardan biri də o idi ki, hər bir müğənni səhnəyə çıxmamışdan əvvəl həmin müğənninin çəkildiyi filmlərdən epizodlar göstərilirdi. Konsert tamaşaçıların yaddaşında silinməz xoş izlər buraxıb.
Bir sözlə, “Qəbələ - MDB-nin mədəniyyət paytaxtı” çərçivəsində keçirilən yekun tədbirlərin başlanğıcı uğurlu olub.
Rusiyanın və Moldovanın Əməkdar artisti Svetlana Toma bildirib ki, səhnədə olduğu müddətdə tamaşaçılara xoş enerji bəxş etmək üçün çalışıb: “Bunun müqabilində isə alqışlar və isti münasibətlə qarşılaşdım. Qəbələ gözəldir. Qaldığım mehmanxananın eyvanından baxanda dağları, gözəl şəhəri və gözəl təbiəti görürəm. Demək olar ki, sizdə hər şey yüksək səviyyədədir”. Svetlana Toma ulu öndər Heydər Əliyev ilə keçirdiyi görüşü xatırlatmaq istədiyini söyləyərək o zaman bu dahi şəxsiyyətin mədəniyyət və incəsənəti nə qədər dərindən bilməsinin şahidi olduğunu deyib: “Mən bu gün də o unudulmaz görüşün xoş anlarını xatırlayıram”. Müğənni Anastasiya Makayeva ilk dəfədir Qəbələdə olduğunu söyləyərək bu ecazkar diyarın ona çox xoş təsir bağışladığını deyib. Rusiyalı musiqiçi Qəbələdə son dərəcə qonaqpərvərliklə qarşılanmalarını, şəhərin qədim və müasir memarlığının, milli mətbəximizin hər kəsin xoşuna gəldiyini qeyd edib.
Anastasiya Makayeva vurğulayıb ki, Azərbaycana Rusiyanın tarixini təbliğ edən, eyni zamanda, özünün də rol aldığı filmlərlə gəliblər: “Onlar burada nümayiş olunacaqdır. Biz istərdik ki, sizin də filmlər Rusiyada nümayiş olunsun və biz də öz növbəmizdə onları izləyək”.
Aktyor və bəstəkar Qleb Matveyçuk burada gördüklərinin onu valeh etdiyini xüsusi vurğulayıb: “Qəbələ hər cəhətdən gözəldir. Bir tərəfdən dağlar və zəngin təbiət, digər tərəfdən, gülərüz və qonaqpərvər insanlar bizi valeh edib. Mən bütün dostlarıma istirahət üçün Qəbələyə gəlməyi məsləhət görəcəyəm. Çünki burada insanlar həm fiziki, həm də mənəvi dincələ və böyük həcmdə müsbət enerji ala bilərlər”.
Gürcüstanın Xalq artisti İya Ninidze gördüyü bu gözəlliyin onda xoş təəssüratlar yaratdığını söyləyib. O, hər yerdə yeni, müasir tikililər olduğunu vurğulayaraq bildirib ki, bütün bunlara baxanda sizin xalqın dərin zəkasını və zəhmətini görmək olur.
Aktrisa Nino Ninidze yenidən Azərbaycana gəlməsindən çox şad olduğunu deyib. Səhnəyə çıxanda çox həyəcanlandığını vurğulayan gürcüstanlı aktrisa bu hissin qətiyyən qorxu ilə bağlı olmadığını nəzərə çatdırıb: “Sadəcə mənim üçün doğma olan insanların qarşısında çıxış etməyin məsuliyyətini dərk edirdim”. Rusiyanın Əməkdar artisti Boris Qalkin Qəbələdə olduqları ilk dəqiqələrdən xüsusi diqqət və yüksək qonaqpərvərliklə qarşılaşdıqlarını bildirib. O, 2013-cü il üçün “MDB-nin mədəniyyət paytaxtı”ndan məhz bunu gözlədiklərini söyləyib. Qeyd edək ki, bir neçə gün ərzində keçirilən tədbirlərə yekun vurulub. Bağlanış mərasimidə MDB ölkələrinin mədəniyyət və incəsənət xadimləri, bir sıra ölkələrin Azərbaycandakı səfirləri, rayon ictimaiyyətinin nümayəndələri və digər nüfuzlu qonaqlar iştirak ediblər. Tədbirin rəsmi hissəsində çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bu günün rayonun həyatında əlamətdar hadisə olduğunu bildirib. Qeyd edib ki, 2013-cü ildə Qəbələyə “MDB-nin mədəniyyət paytaxtı” titulu Birliyə üzv dövlətlərin humanitar Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun qərarına əsasən verilib. Bu müddət ərzində Qəbələdə bir sıra beynəlxalq mədəni tədbirlər keçirilib. Azərbaycan dövləti və Heydər Əliyev Fondunun dəstəyi ilə hazırda Qəbələdə təşkil edilən mədəni tədbirlər nəinki MDB, hətta dünya mədəni irsinə böyük töhfədir.
Sonra Səbuhi Abdullayev “MDB-nin mədəniyyət paytaxtı” estafetinin 2014-cü ildə bu ada layiq görülən Qazaxıstanın Almatı və Qırğızıstanın Oş şəhərinə keçdiyini bildirib. İcra Hakimiyyətinin başçısı Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğluna, Fondun icraçı direktoru Anatoli İksanova, Qazaxıstanın Almatı şəhərinin mədəniyyət idarəsinin rəis müavini Juldız Ömərbəyova və Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Sultan Rayevə diplomlar təqdim edib. Sonra çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Qəbələnin MDB-nin mədəniyyət paytaxtı missiyasını uğurla yerinə yetirməsindən qürur duyduğunu bildirib: “Qəbələdə yaradılan müasir infrastruktur rayonda beynəlxalq əhəmiyyətli mədəni tədbirləri ən yüksək səviyyədə keçirməyə imkan verir”. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qədim tarixə və gözəl təbiətə malik Qəbələnin MDB-nin mədəniyyət paytaxtı kimi mühüm nailiyyətə imza atdığını bildirib. Qeyd edib ki, bu cür layihələr mədəni sahədə ölkələr və xalqlararası münasibətləri daha da genişləndirir. Nazir müavini onu da deyib ki, Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə Qəbələ 2014-cü ildə “Azərbaycanın əfsanələr paytaxtı” elan olunub. Tədbirin rəsmi hissəsindən sonra maraqlı konsert proqramı təqdim edilib. Konsertdə “XXI əsrin tenorları” art-layihəsi üzvlərinin bir-birindən maraqlı ifaları tədbir iştirakçılarının əhval-ruhiyyəsini daha da artırıb. Sonda “Qorxma, mən səninləyəm! 1919” bədii filminin nümayişi olub. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası və Rusiyanın “Vayt Media” kino şirkətinin birgə istehsalı olan filmin çəkilişləri ölkəmizin 6 rayonunda aparılıb. Ötən əsrin 80-ci illərində çəkilmiş “Qorxma, mən səninləyəm” bədii filminin davamı kimi ekranlaşdırılan yeni ekran əsərində tanınmış azərbaycanlı və rusiyalı aktyorlar çəkiliblər.
Filmin ssenari müəllifi və rejissoru Rusiyanın Xalq artisti Yuli Qusman və əsas rollardan birinin ifaçısı Polad Bülbüloğlu kino əsərinin yaranma tarixindən danışıblar. Onlar filmin ərsəyə gəlməsində Azərbaycan dövlətinin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük dəstəyindən bəhs ediblər. Sonra film nümayiş etdirilib.
Beləliklə, Qəbələnin ötən il “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar rayonda keçirilən yekun tədbirlər bir daha sübut edib ki, Azərbaycanın dilbər guşələrindən biri olan bu rayon “MDB-nin mədəniyyət paytaxtı” kimi mühüm titulu layiqincə daşıyıb.
Anar Miriyev





 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“Ermənistanda faşizim, nasizm, terrorizmin qəhrəmanlaşdırılması artıq bir siyasi mədəniyyətə çevrilib”
17.10.2019
“Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info