Beynəlxalq təşkilatlarda çalışan azərbaycanlılar informasiya mübadiləsini gücləndirməlidir
Tarix: 17.03.2014 | Saat: 21:29:00 | E-mail | Çapa göndər


Bakıda Beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısı başlayıb.
Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin sektor müdiri Ərəstü Həbibbəyli toplantını açaraq bildirdi ki, tədbirdə BMT sisteminə daxil olan təşkilatlarda, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, İSESCO, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların müxtəlif ölkələrdə fəaliyyət göstərən ofislərində işləyən Azərbaycan vətəndaşları iştirak edirlər. Bildirilib ki, toplantının məqsədi beynəlxalq səviyyədə iş təcrübəsinə malik olan Azərbaycan vətəndaşlarının ölkənin inkişafı prosesində daha da fəal iştirakını təmin etmək məqsədilə onları birləşdirəcək vahid mərkəzin yaradılması və sistemli yanaşmanın formalaşdırılmasıdır.

“Yaxşı olardı ki, beynəlxalq təşkilatlarda çalışanların toplantısı ənənəvi
hal alsın”


Tədbirdə “Beynəlxalq təşkilatlarda fəaliyyət göstərən azərbaycanlı kadrlarla bağlı mövcud vəziyyət və gələcək inkişaf perspektivləri” mövzusuna həsr olunan plenar iclasda Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov çıxış edərək beynəlxalq münasibətlər sistemində beynəlxalq təşkilatların rolundan, beynəlxalq aləmdə baş verən geosiyasi proseslərdən, Azərbaycanın müstəqil dövlət kimi bu sistemdəki yerindən danışıb və dövlət başçısının bu cür təşəbbüslərə hər zaman dəstək verdiyini bildirdi: “Beynəlxalq və regional təşkilatlarda çalışan hər bir azərbaycanlının vəzifəsi öz mandatları çərçivəsində işləməkdir. Düşünürük ki, siz mandatınız çərçivəsində nə qədər yaxşı çalışsanız, orada Azərbaycanı bu cür də təmsil edəcəksiniz və onun imici üçün çalışmış olacaqsınız. Azərbaycanın beynəlxalq təşkilatlarda çalışan 100-ə qədər nümayəndəsi var və düşünürəm ki, bu çox azdır. Biz gələn toplantılarımızda bunu 150-200 etməliyik. Məqsədlərdən biri də beynəlxalq təşkilatlarda çalışan azərbaycanlılar, eyni zamanda Azərbaycanın müxtəlif strukturları ilə onlar arasında informasiya mübadiləsini gücləndirməkdir. Bizim bir-birimizlə informasiya mübadiləmiz nə qədər çox olarsa, bir-birimizi nə qədər yaxşı tanıyarıqsa, onda köməyimiz, yardımımız da yaxşı olar”. N.Məmmədov bildirdi ki, həmvətənlərimiz keyfiyyət baxımından da beynəlxalq aləmdə güclənir və təşkilatlar daxilində daha yüksək vəzifələrə irəli çəkilirlər: “Yaxşı olardı ki, beynəlxalq təşkilatlarda çalışanların toplantısı ənənəvi hal alsın. Bununla həm bir-birinizlə, həm də Azərbaycandakı təsisat və qurumlarla əlaqələr, əməkdaşlıq daha da genişlənər. Bunun üçün hər hansı bir forma yaradıla bilər. Hər biriniz olduğunuz ölkədə, işlədiyiniz təşkilatda Azərbaycan xalqının bir nümayəndəsi, səfirisiniz. Bu nöqteyi-nəzərdən bir azərbaycanlı kimi sizin də üzərinizə məsuliyyətli iş düşür. Bizə qarşı dünyada erməni lobbisi fəaliyyət göstərir. Onların təsir dairəsində olan bəzi siyasətçilər, mətbu orqanlar, ictimai qurumlar, Azərbaycana qarşı kampaniyalar aparırlar. Azərbaycan reallıqlarını tətbiq etmək üçün uydurmalar, düzgün olmayan məlumatlar yayırlar, yalanlar, böhtanlar yazırlar. Beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizə qarşı “qara piar”la məşğul olurlar. Azərbaycanın haqlı mübarizəsində Vətənin bir övladı kimi sizin üzərinə mühüm vəzifə düşür”.
N. Məmmədovun sözlərinə görə, bu gün dünyanın 57 ölkəsində Azərbaycanın səfirlikləri, 10 ölkədə baş konsulluğu fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanda 50-dən çox dövlətin səfirliyi, 3 ölkənin baş konsulluğu fəaliyyət göstərir. N.Məmmədov onu da bildirdi ki, Azərbaycan regionda və beynəlxalq aləmdə sülh, sabitlik və əməkdaşlığın tərəfdarıdır: “Müstəqilliyin ilk illərində Azərbaycanın apardığı siyasət ölkənin beynəlxalq aləmdə mövqeyini dəyişdirib. Azərbaycan beynəlxalq aləmdə öz nüfuzu ilə tanınan ölkəyə çevrilib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycanın tarixində ən möhtəşəm hadisələrdəndir. Bu, Azərbaycanın nüfuzundan xəbər verir. Azərbaycanın əldə etdiyi uğurlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırıb”. O bildirdi ki, Azərbaycan işğalçılıq siyasətini davam etdirən Ermənistan istisna olmaqla, bütün qonşuları ilə qarşılıqlı faydalı münasibətlər qurub. N. Məmmədov qeyd edib ki, Azərbaycanın, eləcə də regionun inkişafının qarşısında duran əsas maneə Dağlıq Qarabağ münaqişəsidir: “Münaqişənin həllinin hüquqi əsasları BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi qətnamə, habelə ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapıb. Bütün bu sənədlər Azərbaycanın suverenliyi, ərazi bütövlüyünü dəstəkləyir. Lakin təəssüf ki, münaqişə hələ də həll olunmamış qalır, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri, eləcə də beynəlxalq təşkilatlar münaqişənin ədalətli həlli üçün konkret addımlar ata bilmir”.

Dünyanın 70-dən artıq
ölkəsində azərbaycanlılar təşkilatlanıb


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirdi ki, Azərbaycanda uzun illər ərzində diaspor hərəkatı nostalji hisslərdən indi daha konkret tələblər qoyulma dövrünə kimi inkişaf edib. Onun sözlərinə görə, bu gün dünyanın 70-dən artıq ölkəsində azərbaycanlılar təşkilatlanıb, Azərbaycan həqiqətlərini dünyaya, yaşadıqları ölkələrin cəmiyyətinə çatdırmaq üçün geniş istiqamətli fəaliyyətlər göstərirlər. Azərbaycanın nəinki regionda, dünya siyasətində də öz yerini tutduğunu deyən N.İbrahimov qeyd edib ki, bu qədər qlobal sarsıntılar dövründə Azərbaycan çox stabil, dinamik, düşünülmüş bir siyasət nəticəsində möhkəm tərəfdaş kimi mühüm yerə çatıb: “Lakin gələcəkdə xarici təşkilatlarda çalışan azərbaycanlıların fəaliyyətinə, diaspora təşkilatlarına olan yardımınıza, diaspor təşkilatlarının daha yüksək səviyyəyə çatmasında təcrübənizə, biliyinizə, aldığınız təcrübəyə böyük ehtiyac var”. O da vurğulandı ki, gələcək illərdə Azərbaycanın daha geniş təbliğ edilməsi istiqamətində bizi çox böyük işlər gözləyir: “İndi dünyada gedən proseslər, ərəb dünyasında, MDB məkanında baş verən proseslər onu göstərir ki, Azərbaycan yaxın dövrdə həqiqətən də beynəlxalq səviyyədə siyasi oyunçu kimi fəaliyyət göstərəcək”. Komitə sədri bildirdi ki, bu fəaliyyət zamanı xaricdə, beynəlxalq təşkilatlarda fəaliyyət göstərən azərbaycanlılara ehtiyac olacaq: “Sizin bir azərbaycanlı olaraq varlığınız əhatənizdə olan insanların Azərbaycan haqqında olan fikirlərini tamamilə korrektə edəcək. Sizin varlığınız Azərbaycanın təbliği, beynəlxalq təşkilatlarda çalışmağınız Azərbaycan həqiqətlərinin müəyyən mənada beynəlxalq ictimaiyyətə çatdırılması deməkdir. Hesab edirəm ki, siz gələcəkdə həmin təşkilatlarda azərbaycanlıların sayının artmasına yardımçı ola bilərsiniz”. N. İbrahimov əlavə etdi ki, dünyanın bir çox ölkəsində həmin ölkələrin siyasətinə təsir edə bilən, ümumiyyətlə, dünya siyasətinin formalaşmasında iştirak edən transmilli kampaniyalarda azərbaycanlılar mühüm yer tuturlar: “Onların da gələcəkdə bu prosesə cəlb olunması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayacaq”.
Milli Məclisin üzvü, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətin rəhbəri Səməd Seyidov çıxışında bildirdi ki, bu gün Azərbaycan inkişaf edir və onun mövqeyi ilə hesablaşmamaq mümkün deyil: "Amma bu, üstünlüklərlə yanaşı, problemlərə də yol açır. Azərbaycanın gücü, nüfuzu artdıqca, ona qarşı təzyiqlər də artır. 2010-cu ildən başlayaraq xüsusilə Avropa Şurasında Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş olunur. Bu, Azərbaycanda siyasi məhbuslarla bağlı olan məlum məruzələrdir. Amma vacibi odur ki, məhz Avropa Şurası özü 2013-cü ildə həmin qətnaməni rədd edib". S.Seyidov vurğuladı ki, bu gün Azərbaycanın mövqeyi beynəlxalq təşkilatlarda eşidilir və bununla bağlı xüsusi işlər aparılır.
Xarici işlər nazirinin müavini Araz Əzimov isə çıxışında bildirdi ki, Azərbaycan vətəndaşları beynəlxalq təşkilatlarda öz mandatına uyğun olaraq çalışır və öz dövlətini təmsil etmir: “Digər tərəfdən, onların hansısa təşkilatda fəaliyyəti, ünsiyyəti hər bir formada vətəndaşı olduğu Azərbaycan barədə təsəvvür yaradır. Onların ölkəmiz barədə müsbət təəssürat yaratması təqdirəlayiqdir”. Onun sözlərinə görə, 90-cı illərdə ümid etmək olmazdı ki, Azərbaycan vətəndaşları beynəlxalq təşkilatlarda geniş miqyasda vəzifələrdə çalışacaq: “Hazırda beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşlarının sayı o qədər də qaneedici deyil. Azərbaycan vətəndaşlarının bir-biri ilə əlaqə saxlaması beynəlxalq qurumlarda geniş imkanlar yaradır və bu çərçivədə çevik şəbəkənin yaradılması lazımdır. Mənim sözlərimi beynəlxalq mandatdan kənara çıxmaq kimi anlamayın, amma imkan daxilində belə əlaqələndirmə mümkündür. Məlumat mübadiləsi və əlaqələndirmədə birinci məqsəd Azərbaycanın marağına uyğun regional və trans-regional layihə təşəbbüslərini irəli sürmək və onların Azərbaycanda reallaşdırılmasına imkan yaratmaqdır. Daha bir məqsəd, yaxud təklif, beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşlarının sayının artırılması üçün bir-birinə yardım etmək, təcrübələri bölüşmək, vakansiyalar olduğu zaman namizədliyini irəli sürməkdir. Bu, Azərbaycana ona görə lazımdır ki, Azərbaycan ölkə, dövlət, millət olaraq güclənir, inkişaf edir və beynəlxalq nüfuzu artırır".
Nazir müavini həmçinin qeyd etdi ki, dünyada Azərbaycana qarşı çıxan müəyyən qüvvələr var və erməni təbliğatı bunlardan biridir: "Azərbaycan bütün imkanlardan istifadə edib öz mövqeyini düzgün çatdırır. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi beynəlxalq prinsiplər əsasında qurulub və əksər ölkə, təşkilatlar tərəfindən dəstəklənir. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır və rəsmi Bakı ərazi bütövlüyü prinsipindən heç vaxt geri çəkilməyəcək".
Qaçqın və məcburi köçkünlərin məsələsinə toxunan A.Əzimov bildirdi ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri həll olunur, onlar üçün qəsəbələr salınır, lakin bu tədbirlər müvəqqətidir: “Dövlət onlara yardım edir, lakin məntəqələrin yaradılması məsələnin həlli kimi təqdim olunmamalıdır, bu müvəqqəti tədbirdir. Onların problemi yalnız öz torpaqlarına qayıtması ilə həll olunmalıdır”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 335 min manat ayrılıb
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib
18.10.2019
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Qars şəhərində qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info