Heydər Əliyev Mərkəzində müasir incəsənət sərgisi açılıb
Tarix: 04.04.2014 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycanın və qonşu ölkələrin "Love Me, Love Me Not" müasir incəsənət sərgisi açılıb.
Mərkəzdən verilən məlumatına görə, sərgi mayın 25-dək davam edəcək. Sərginin açılış mərasimində Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, Arzu Əliyeva, görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət və incəsənət xadimləri, həmçinin diplomatik korpusun nümayəndələri iştirak ediblər.
"YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova sərginin açılış mərasimində çıxış edərək deyib: "Bu gün böyük məmnuniyyət və sevinc hiss ilə müasir memarlığın bəlkə də ən gözəl binalarından birində ən yaxşı layihələrdən birinin açılışını elan edirəm".
O, qeyd edib ki, "Love Me, Love Me Not" sərgisi ilk dəfə Venesiyada Beynəlxalq Biennaledə nümayiş etdirilib: "Love Me, Love Me Not" sərgisinin adını (Sevmək, sevməmək) sərginin kuratoru xanım Dina Naseri-Xadivi fikirləşib, çünki onun zənnincə, bu, Azərbaycan tarixinin reallığını əks etdirir".
A.Mahmudovanın sözlərinə görə, son bir neçə 100 il ərzində Azərbaycan müxtəlif imperiyaların, dövlətlərin təsiri altında olub və ağır tarixi dövr keçirib: "Bildiyiniz kimi, bizdə əlifba bir neçə dəfə dəyişib. Və nəhayət, biz sabitlik və dinclik əldə etdik. Bütün bu tarixi faktlar, xüsusilə bu sərgi üçün əsasən Azərbaycan, habelə qonşu ölkələrin rəssamlarının ərsəyə gətirdiyi işlərdə əks olunub. Bu, onların Azərbaycana baxışıdır, həmçinin bizim rəssamlarımızın qonşu ölkələrə baxışıdır".
"Love Me, Love Me Not" sərgisi böyük uğur qazanıb, həmçinin Azərbaycan incəsənətinin dünya səviyyəsində və beynəlxalq standartlarda inkişafını davam etdirməyə yardım edib.
A.Mahmudova qonaqlara məlumat verib ki, "YARAT" Müasir İncəsənət Məkanı gələcəkdə çoxlu maraqlı layihələr həyata keçirməyi planlaşdırır: "Ən vacib layihələrdən biri "YARAT!" Mərkəzinin açılışıdır. 2015-ci ilin yazında öz Məkanımızı açmağı planlaşdırırıq. Orada daimi ekspozisiyamızı, həmçinin yerli və beynəlxalq sərgilər keçirəcəyimiz sərgi zalını və əlbəttə ki, ustad dərslərindən başlamış mühazirələrədək təhsil proqramlarını həyata keçirəcəyimiz tədris mərkəzini diqqətə çatdıracağıq".
O, ölkədə və beynəlxalq səviyyədə Azərbaycan incəsənətinə dəstək verdiyinə görə baş sponsor "Gilan Holdinq"ə, həmçinin "YARAT!"ın 3 illik fəaliyyəti ərzində bütün sponsorlara təşəkkür edib.
A.Mahmudova gözəl, maraqlı ekspozisiya yaradan "Love Me, Love Me Not" sərgisinin kuratoru xanım Dina Naseri-Xadiviyə, sərginin keçirilməsinə imkan yaratdığına görə Heydər Əliyev Mərkəzinə, eləcə də enerji və yaradıcılıq peşəkarlığına görə "YARAT" Müasir İncəsənət Məkanının bütün kollektivinə minnətdarlığını bildirib.
Sərginin kuratoru xanım Dina Naseri-Xadivi çıxışında bütün təşkilatlara, o cümlədən Heydər Əliyev Mərkəzinə, "YARAT!" təşkilatına sərginin keçirilməsi və göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib: "Düşünürəm ki, bu müddət ərzində bu layihə çərçivəsində mədəni mübadilə, dəyərlər barədə məlumatlandırma çox maraqlı oldu. Mən sözsüz ki, çox gənc olan - 3 ilə yaxın fəaliyyət göstərən "YARAT!" təşkilatına və onun rəhbəri Aida xanıma minnətdarlığıma bildirirəm, çünki bizim birgə fəaliyyətimiz çox vacib olub".
"Love Me, Love Me Not" Azərbaycanın və qonşu ölkələrin müasir incəsənət əsərlərini nümayiş edən sərgidir. Sərgidə Azərbaycan, İran, Rusiya və Gürcüstanı təmsil edən 16 rəssamın son illərdə yaratdığı əsərlər nümayiş olunacaq.
Əsərləri nümayiş olunacaq rəssamlar: Faiq Əhməd (Azərbaycan), Rəşad Ələkbərov (Azərbaycan), Əfruz Amiqi (İran), Şoca Azəri (İran), Rəşad Babayev (Azərbaycan), Mahmud Baxşi (İran), Əli Bənisədr (İran), Əli Həsənov (Azərbaycan), Orxan Hüseynov (Azərbaycan), Sitara İbrahimova (Azərbaycan), Aida Mahmudova (Azərbaycan), Taus Maxaçeva (Rusiya), Fərhad Moşiri (İran), Fərid Rəsulov (Azərbaycan), "Slavyanlar və Tatarlar" qrupu ("Avrasiya"), İliko Zautaşvili (Gürcüstan)
Sərgidə videoçarxlar, instalyasiyalar və rəngkarlıq əsərləri daxil olmaqla, müxtəlif materiallardan hazırlanmış və müxtəlif mövzuları əhatə edən işlər təqdim olunur. Nümayiş olunan əsərlər sırasında tarixi hadisələri əks etdirən və ya müəyyən məkanla bağlı işlər, habelə şəxsi təəssüratlar nəticəsində yaradılan nümunələr var.
Rəssam Faiq Əhmədin yaratdığı əsərlərin əsas mövzusu Azərbaycan xalçalarına xas olan süjetlərdir. O, həmin süjetləri, Azərbaycanın müasirlik istiqamətində sıçrayışını xüsusən vurğulamaqla, yeni tərzdə yaradır. Onun 2012-ci ildə yaratdığı "Adsız" adlı iplər instalyasiyası ənənəvi toxuma texnologiyalarına olan baxışları alt-üst edərək, vərdiş etdiyimiz ikiölçülü xalça müstəvisini üçölçülü məkana çevirir.
Bu günədək yaratdığı ən iddialı əsərdə - xüsusi sifarişlə çəkilən filmdə - rəssam Şoca Azəri XII əsrdə Nizami Gəncəvinin yazdığı "Həft peykər" ("Yeddi gözəl") romantik poemanı yaddaşda canlandırır. "Yeddi gözəl" adlı eyhamlı poemanın əsas mövzusu bəşəriyyətin maarifləndirməsində istifadə olunan özünü dərketmədir.
Rəssam Əli Bənisədr sərgidə nümayiş etmək üçün özünün bu günədək yaratdığı ən böyük əsərini gətirib. Əsər hər bir mövzunu əhatə edən, Atəş və Nur simvolizminə əsaslanan triptix formatında işlənərək hazırlanıb. Vaxtilə həm Azərbaycanda, həm də İranda yayılmış bu ünsürlər, habelə fars dilində "Atəşin keşikçiləri" mənasını verən "Azərbaycan" sözünün özü də Zərdüştlüyün regionda bərqərar olunması ilə bağlı nişanələrdir. Boyalardan və rəngkarlıq texnikasından məharətlə istifadə edən rəssam uşaqlıqdan xatirələrində həkk olunan obrazları, özünəməxsus tarixi dərketmə üsullarını və gündəlik həyatla bağlı müşahidələrini kətan üzərinə köçürür. Bu zaman o, hərəkət, enerji və mücərrədlik kimi məziyyətləri izhar edərək bəşəriyyətə məxsus olan və bəsirət gözü ilə görünən əlamətləri canlandırır. Əli Bənisədrin ərsəyə gətirdiyi əsərlər bir çox dövlət muzeylərinin, o cümlədən Nyu-Yorkun "Metropoliten" İncəsənət Muzeyinin, Los-Anceles Müasir İncəsənət Muzeyinin, "Saatçı" Sərgi Salonunun və Londonda yerləşən Britaniya Muzeyinin kolleksiyalarında saxlanılır.
Azərbaycanlı rəssam Əli Həsənov gündəlik istifadə etdiyimiz əşyalara yeni məna əta edir. Onun 2012-ci ildə yaratdığı "Sahiblər" adlı əsərində keçmiş Sovet məkanında geniş yayılmış, təmizlik aləti olan yüzlərlə süpürgə bir-biri ilə birləşdirilərək heykəltəraşlıq kompozisiyanı təşkil edir.
Rəssam Taus Maxaçeva 2012-ci ildə Liverpul Biennalesində nümayiş olunan və Böyük İpək Yolunda yerləşən tərk edilmiş şəhər - Qamsutl haqqında eyniadlı filmi təqdim edəcək. Filmdə çəkilmiş baş qəhrəman rəqs edərək hazırda qismən tərk edilmiş şəhərin görüntülərini tamaşaçının nəzərinə çatdırır.
"Slavyanlar və Tatarlar" rəssamlar qrupunun 2012-ci ildə təbii ölçüdə yaratdığı "Molla Nəsrəddin-Antimodernist" adlı heykəltəraşlıq əsəri XIII əsrdə yaşamış məşhur sufi filosofu haqqında bəhs edir və həm böyüklər, həm də uşaqlar üçün müəyyən mənada "oyun meydançası" rolunu oynayır. Tamaşaçıların iştirakını nəzərdə tutan əsəri yaratmaqla, müəlliflər sadə yumor hisslərini işə salaraq, səxavət və iştirakçılıq kimi məziyyətləri bir daha vurğulamış olurlar.
Bundan başqa, XX əsrin əvvəllərində yaradılan Azərbaycanın əfsanəvi satirik personajı Molla Nəsrəddin nəinki milli mənliyin formalaşmasına təsir edib, həmçinin, mətbuatın gücünü nümayiş etdirməyə müvəffəq olub. Yaratdıqları "Love Me, Love Me Not" instalyasiyasında müəlliflər məsələnin ziddiyyətli mahiyyətini aşkar etmək məqsədilə ikinci dərəcəli məqamlardan imtina edirlər - bölgədə vaxtaşırı özünü büruzə verən təkamülü izhar edən və uşaqların bir-biri ilə dalaşmasına bənzəyən ənənələr uğrunda döyüş bütün nəhəng şəhərləri əhatə edir. Bu məsələ keçirilən sərginin əsas mövzusunu təşkil edir.
Azərbaycanın və qonşu ölkələrin rəssamlarını bir tədbirdə toplayaraq, "Love Me, Love Me Not" sərgisi qeyd olunan ölkələrin müasir incəsənətinə dair yeni nöqteyi-nəzəri təqdim edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Gedir dayanmadan zamanın köçü”
13.11.2018
İsa Həbibbəyli: “Dövlətçilik ideyalarının folklorda yaşadılması Cümhuriyyət üçün mənəvi əsas formalaşdırıb”
12.11.2018
El aşıq və şairlərinin irsi toplanmalıdır
12.11.2018
Özbəkistanda Hüseyn Cavidə həsr olunmuş beynəlxalq konfrans keçirilib
12.11.2018
O, ELƏ BİR İSİM Kİ...

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info