“İki dost ölkə arasında əlaqələrin inkişafı üçün heç bir maneə yoxdur”
Tarix: 09.04.2014 | Saat: 23:15:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev dünən İran İslam Respublikasına rəsmi səfər edib. Azərbaycan Prezidentini İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar. Azərbaycan Prezidentinin Tehranda rəsmi qarşılanma mərasimi olub. Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Prezident sarayının qarşısındakı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Prezidentlər birgə foto çəkdiriblər.

Geniş tərkibdə görüş
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə geniş tərkibdə danışıqları olub. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyəti qeyd edilib. Prezident İlham Əliyevin və Prezident Həsən Ruhaninin Davosda keçirilən görüşündə ölkələrimiz arasında açıq, səmimi münasibətlərin inkişaf etdirilməsi yolları ətrafında aparılan fikir mübadiləsi məmnunluqla xatırlanıb.
Söhbət zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu, enerji, nəqliyyat, infrastruktur, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib. Bu imkanların reallaşdırılması, əməkdaşlığın daha da dərinləşməsinə mane ola biləcək əngəllərin aradan qaldırılması istiqamətində səylərin gücləndirilməsinin zəruriliyi vurğulanıb.
Sonra Prezident İlham Əliyevin və Prezident Həsən Ruhaninin təkbətək görüşü olub.

Sənədlər imzalanıb
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. Tərəflər arasında “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərin İnkişafı Nazirliyi arasında meteorologiya və əlaqədar məsələlərə dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında “Ordubad” və “Marazad” Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş” imzalanıb. Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyev və Prezident Həsən Ruhani mətbuata bəyanatlarla çıxış ediblər.

“Birgə səylərlə İran-Azərbaycan əlaqələrini daha da yüksək pilləyə qaldıracağıq"
Azərbaycan Prezidenti qonaqpərvərliyə görə minnətdarlığını bildirib: “Qardaş İran torpağında olmağımdan çox məmnunam. Əminəm ki, mənim səfərim İran-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım olacaq. Fürsətdən istifadə edərək, cənab Prezident, Sizi münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm". “Trend”in məlumatına görə dövlət başçısı qeyd edib ki, bu, onun İrana üçüncü rəsmi səfəridir: "Səfərlərin sayı özlüyündə bir göstəricidir. Biz istəyirik ki, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf etsin və buna nail olmaq üçün indi çox gözəl imkanlar var. Biz ilin əvvəlində cənab Prezident Ruhani ilə Davosda görüşmüşük. Bu gün isə İranda bizim siyasi dialoqumuz davam edir. Biz bu gün ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini geniş və səmimiyyətlə müzakirə etdik. Biz beynəlxalq təşkilatlarda çox uğurlu fəaliyyət göstəririk. BMT, İslam Əməkdaşlıq Təşkilatı, EKO, Qoşulmama Hərəkatı təşkilatlarında bizim fəaliyyətimiz çox uğurludur". İlham Əliyev bəyanatında vurğulayıb ki, bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İranın dəstəyi çox önəmlidir: "Bu münaqişə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və İran İslam Respublikasının bu münaqişə ilə bağlı ortaya qoyduğu mövqe ədalətə və beynəlxalq hüquqa əsaslanır və bu mövqeyə görə Sizə minnətdarıq". Prezident bildirib ki, uzun illər Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri işğal altındadır: "Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər azərbaycanlılara qarşı Xocalı soyqırımı törətmişlər. Bu gün işğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Münaqişənin tezliklə və beynəlxalq hüquq əsasında həll edilməsi region üçün də böyük fayda olardı". İlham Əliyev deyib ki, bu gün digər sahələrdə əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb: "İqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində gözəl imkanlar vardır. Energetika sahəsində əməkdaşlıq uğurludur və bu gün imzalanan Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi sazişi bu əməkdaşlığı daha da gücləndirəcək". Dövlət başçısı qeyd edib ki, neft-qaz sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar var: "Eyni zamanda hərbi sahədə əməkdaşlığın dərinləşməsi üçün biz əlavə yollar axtaracağıq. Bu gün eyni zamanda yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları sahəsində mümkün olan əməkdaşlıq haqqında da fikirlərimiz birmənalıdır və üst-üstə düşür. Əlbəttə, humanitar və mədəniyyət sahəsində əməkdaşlıq xüsusi məna daşıyır. Bizim tariximiz, mədəniyyətimiz, tarixi irsimiz xalqlarımız üçün çox qiymətlidir, dəyərlidir".
İlham Əliyev deyib ki, xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, yaratmışlar: "Bizim xalqlarımızı dərin tarixi və mədəni köklər bağlayır. Bu möhkəm zəmin üzərində bu gün İran-Azərbaycan əlaqələri qurulmuşdur. Əminəm ki, bütün qarşımıza qoyduğumuz məqsədlərə çatacağıq və birgə səylərlə İran-Azərbaycan əlaqələrini daha da yüksək pilləyə qaldıracağıq".

Həsən Ruhani:
“Regionumuzdakı coğrafi sərhədlərin dəyişdirilməsi bizim nəzərimizdə qəbuledilməzdir”
İran Prezidenti Həsən Ruhani bəyanatında Azərbaycan Prezidentinə İrana səfərinə görə minnətdarlığını bildirib: “Mənim cənab Prezident ilə ilk görüşüm Davos Forumu çərçivəsində olub və həmin görüş çərçivəsində biz münasibətlərimizin gələcəyi üçün çox mühüm qərarlar qəbul etdik. Bu gün həm geniş tərkibdə, həm də təkbətək keçirdiyimiz görüşlərdə ölkələrimizin münasibətləri ilə əlaqədar bütün sahələri əhatə edən hərtərəfli müzakirələr apardıq. Mən bü gün əziz İran xalqına bəyan etmək istəyirəm ki, bizim iki dost ölkələrimiz arasında əlaqələrin bütün səviyyələrdə inkişaf etməsi üçün heç bir maneə yoxdur". Həsən Ruhanı deyib ki, Azərbaycan Respublikası və İran İslam Respublikası iki yaxın qonşu, dost, qardaş və həmməzhəb bir ölkədir: "Ölkələrimiz arasındakı səmimi münasibətlər ölkələrimizin xalqlarının xeyrinədir, həmçinin ölkələrimiz arasındakı bu münasibətlər regionda sülhün, əmin-amanlığın və təhlükəsizliyin xeyrinədir. Biz iki ölkə arasında neft, neft-kimya, elektrik enerjisi, su və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün eyni fikirdəyik. Bu gün imzalanmış sənədlərdən əlavə, bugünkü görüşümüz və apardığımız danışıqlar nəticəsində gələcəkdə əlaqələrimizin daha geniş və hərtərəfli inkişafı üçün geniş müstəvi yaratdıq. Biz iki ölkə xalqlarının mədəni əlaqələrinin inkişaf etdirilməsi üçün belə razılığa gəldik ki, xalqların əlaqələrinin daha da yaxınlaşdırılması üçün lazımi addımlar atılsın. O cümlədən bizim İslam və məzhəbə baxışlarımız eynidir, hər iki ölkə radikal hərəkətlərdə İslamın vasitə kimi istifadə olunmasına mənfi yanaşır".
İran Prezidenti bildirib ki, regionda sabitliyin qorunması üçün mötədillik və terrorizmlə mübarizədən başqa yolumuz yoxdur: "O cümlədən biz ölkələrimiz arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı aparılan danışıqlar və bu sahədə əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Hər iki tərəf bu qənaətdədir ki, bu məsələdə yekun qərarın qəbul olunması üçün bizi uzaq yol gözləmir. Biz beynəlxalq təşkilatlarda əməkdaşlıqla bağlı oxşar fikirdəyik".
Həsən Ruhaninin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti danışıqlarda İran İslam Respublikasının sülhməramlı nüvə texnologiyasından istifadə hüququnu dəstəklədiyini bəyan etdi: "Biz onun tərəfindəyik ki, regiondakı bütün münaqişələr, o cümlədən Qarabağ münaqişəsi beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar və ədalət çərçivəsində öz həllini tapsın. Regionumuzdakı coğrafi sərhədlərin dəyişdirilməsi bizim nəzərimizdə qəbuledilməzdir. Biz gərək bütün səylərimizi birləşdirək ki, belə oxşar məsələlər danışıqlar və sülh yolu ilə həll olunsun. Mən cənab Prezidentin məni Azərbaycan Respublikasına dəvətini çox böyük məmnuniyyətlə qəbul edirəm və əminəm ki, yaxın olan münasib vaxtlarda dost və qardaş olan Azərbaycan Respublikasını ziyarət edəcəyəm. Mən hər iki ölkənin xalqlarına - həm İran, həm də Azərbaycan xalqına inkişaf, səadət və tərəqqi arzulayıram". İran Prezidenti Həsən Ruhani tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib.

İranın rabitə və
informasiya texnologiyaları naziri ilə görüş

Prezident İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi ilə də görüşüb.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsi baxımından əhəmiyyəti qeyd edilib. Azərbaycan və İran prezidentlərinin apardığı müzakirələrin hökumətlərarası komissiyanın işinə töhfə verəcəyi vurğulanıb. Səfər zamanı aparılan müzakirələrin əlaqələrimizin daha da genişlənməsində mühüm rol oynayacağı bildirilib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Fuad getdi, sən də get, Əli Kərimli!
21.09.2019
Hacıqabulda pambıq yığımına başlanılıb
21.09.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
21.09.2019
Gürcü nazir: Ölkədə dövlət dili ilə bağlı hələ də problemlər var
21.09.2019
Özbəkistanda parlament seçkilərinə start verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info