Günay Mehdizadənin Konya uğuru
Tarix: 10.06.2014 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Milli təsviri sənətimizin müstəqillik illərindəki mənzərəsinə özünəməxsus çalarlar əlavə etməyə nail olan gənc rəssam Günay Mehdizadə bu günlərdə Beynəlxalq festivaldan qayıdıb. O, rəssamların Konyada (Türkiyə) keçirilən IV Beynəlxalq festivalında iştirak edib. Karatay universitetinin təşkilatçılığı ilə baş tutan tədbirdə 60-dan çox ölkəni təmsil edən fırça ustası on gün ərzində müəyyən şərtlərə müvafiq yaradıcılıqla məşğul olub. Əsərlərindən birini mövlanə Cəlaləddin Rumi yurdunun mənəvi dəyərlərinin bədiiləşdirilməsinə həsr edən rəssam, digər tablosunda özünün çox sevdiyi motivə müraciət edərək qədim Azərbayan keramikasını və narları bir araya gətirərək, onlara çox cəlbedici görkəm verməyə nail olub
. Elə Günay Mehdizadənin bu sənət uğuru da bizi onun yaradıcılığı haqqında oxuculara söz açmağa sövq etdi...

Çagdaş bədii proseslərin çox təzadlı bir axara kökləndiyi, yaradıcıların “müasir” görünmək yarışının milli bədii dəyərlərimizə ziyan gətirdiyinin qabarıq göründüyü indiki şəraitdə bəzən bütün bunların əksini özündə yaşadan sənət nümunələrinə də rast gəlmək olur. Vurğuladığımız bu yeni və özünəməxsus bədii tutumu gənc rəssam Günay Mehdizadənin müxtəlif mövzulu və janrlı əsərlərində görmək mümkündür. Əvvəlcə onun müxtəlif sərgilərdə nümayiş olunan rəngkarlıq lövhələri, sonra isə özü ilə şəxsi tanışlığımdan sonra əmin oldum ki, rəssamlıq məkanımıza, əski milli dəyərlərimizə özünəməxsus bədii münasibət göstərmək istəyində olan bir gənc yaradıcı gəlib. Bu mənada Günayın 2006-cı ildən sonrakı müxtəlif respublika sərgilərində davamlı iştirakını dəyərləndirib Azərbaycan Rəssamlar İttifaqına üzvlüyə qəbul edilməsi də onun yenicə gerçəkləşməyə başlayan bədii axtarışlarına rəsmi dəstəyin ifadəsi hesab etmək olar. Əsərlərinin 2013-cü ildə gənc Azərbaycan rəssamlarının Milanda (İtaliya) keçirilən sərgisində böyük tamaşaçı rəğbəti qazanması da bu uğurlu başlanğıcın təsadüfi olmadığını təsdiqlədi.
Əslində gənc rəssamın yaradıcılıq bioqrafiyası kimlərəsə çox qəribə və təzadlı da görünə bilər. Əgər təsviri sənət sahəsində professional təhsil almayan və ixtisasca kompyuter mütəxəssisi olan Günayın rəssamlığa meyil göstərməsi bu təzadın yarısıdırsa, onun çoxları kimi müasir texnikanın bədii imkanları əsasında kompyuter qrafikası nümunələri yaratmaq əvəzinə, rəngkarlığın klassik ifadə formalarına müraciət etməsi bu qəribəliyin digər və çox önəmli hissəsidir. Özü də əgər Günay çoxlarına bənzər bir yaradıcılıq-bədii ifadə yolu seçsəydi, yəqin ki, əsərləri bir o qədər diqqət çəkməzdi. Odur ki, onun qədim milli-mənəvi qaynaqlarımıza diqqəti və onlara yaradıcı və özünəməxsus yanaşması bizi onun sənət dünyasına münasibət bildirməyə məcbur etdi...
Günay Mehdizadənin əsərləri ilə tanışlıqdan gəlinən ilk nəticə onun milli dəyərlərimizdə hifz olunan dəyərlərin çox zəngin tutumlu, bədii çalar baxımından çoxqatlı olmasına əminliyidir. Əgər bu əminlik olmasaydı, yəqin ki, bizi orta əsrlərdən başlayaraq ovsunlamaqda davam edən miniatür üslublu əsərlərin tapındıgı bədii-estetik və fəlsəfi-ruhani dəyərlər bu qədər yeni bir biçimdə görüntüyə gətirilməz və diqqət kəsb etməzdi. Dogrudan da, miniatür üslublu əsərlərin bizə gəlib çatmış ən qədim XI-XIII əsr nümunələrinə əsasən demək olar ki, Avropada məşhur İntibahın törəməsi olaraq tətbiq olunmağa başlayan optik-fiziki perspektivaya alternativ olaraq müsəlman incəsənətində dünyaya baxışın bədii tutumunu gerçəkləşdirən və qərblilər tərəfindən əlyazmalarında tətbiqinə görə “minatür sənəti” adlandırılan, amma əslində Şərq mədəniyyətinə üslub kimi daxil olması danılmaz olan bir ölçüyəgəlməz bədii dəyərin bu günə kimi ilhamverici qaynaq olması Günay Mehdizadənin müxtəlif mövzulu əsərlərinə rəğmən inandırıcıdır.“Miniatür” adlı bədii-fəlsəfi qaynaqdan incəliklə və yaradıcılıqla istifadənin ona tapınan yaradıcının əsərinə milli ovqat və Şərq ruhu verəcəyi birmənalıdır. Bu gün Azərbaycan təsviri sənətinə Qərbdə bir əsr bundan əvvəl yaşanan və tarixin arxivinə gömülən üslub və cərəyanların tör-töküntülərini gətirib “müasir sənət” adı ilə ictimaiyyətə təqdim edənlər unudurlar ki, Avropa üçün belə təqdimatlar artıq köhnə və keçilmiş mərhələdir. Dünya üçün bədii tutumunda milliliyin dünyəviləşdirilməsinə nail olunan əsərlər daha maraqlıdırlar. Bu mənada Günay Mehdizadənin müxtəlif janrlarda yaratdığı lövhələrdə başqa millətdən olan xalqlar üçün də özümlü və duyğulandıra görünə biləcək bədii-estetik məqamlar az deyil. Düzdür gənc rəssamın yenicə formalaşan yaradıcılıq irsində hələ ki, miniatür üslublu əsərlərdə müşahidə olunan sadə olduğu qədər də mürəkkəb olan kompozisiya strukturuna və dərin fəlsəfi-ruhani tutuma rast gəlinmir. Mani fəlsəfəsinə və uygur-çin rəssamlıq prinsiplərinin İslam dini dəyərləri ilə qovuşaqda təqdimatında gerçəkləşən “miniatür üslubu” doğrudan da bədii-texniki gücünə və fəlsəfi-ruhani tutumuna görə dünya incəsənətində oxşarı olmayan bir mənəvi dəyərdir. Bu mənada bu miqyasda, yəni qədim nümunələrlə anım yaradacaq əsərlər yaratmaq hər bir rəssamdan milli bədii-fəlsəfi dəyərlərimizə Şərq və müsəlman mədəniyyətinə dərin bələdçilik tələb edir. İndiki durumda Günay Mehdizadənin müxtəlif mövzulu əsərlərində əski ənənələrə yaxınlıq, onların müasir təfsirinə meyil duyulur. Ən maraqlısı gənc rəssamın cəmisi-altı-yeddi ili əhatə edən yaradıcılığında öz bədii axtarışlarını yeni-yeni bədii keyfiyyətlərlə zənginləşdirməsidir. Belə ki, əgər o, miniatür üslubuna tapınan axtarışlarında əvvəlcə formaların daha bütövlüyünə, rənglərin dekorativ-lakonik biçiminə meyilli idisə, sonrakı dövr əsərlərində bu bədii keyfiyyətləri forma-biçimin “paralanmış” hissələrinin məcmusunun yaratdığı bədii-estetik tutumla nail olurdu.
Onun “Ailə”, “Nənə”, “Qonşular”, “Məhsul bayramı”, “Mahnı”, “Nar nağılı”, “Küpələr”, “Novruz”, “Rəqs”, “Mis qablar” və “Gənclik” lövhələrində qeyd etdiyimiz birinci mərhələnin bədii-estetik dəyərlərini görmək mümkündür. Müxtəlif ovqatlı bu əsərlərə rəğmən demək olar ki, rəssamın yığcam detallardan təşkil olunmuş kompozisiyalarında biz onu milli adət-ənənələrimizin, zəngin etnoqrafiyamızın və geyim mədəniyyətimizin bilicisi kimi görürük. Etiraf edək ki, gənc rəssamın rənglərin ovqat yaradıcılıgına yönəli harmoniyasının uğurlu nəticəyə səbəb olmasındandır ki, adlarını çəkdiyimiz əsərlər kifayət qədər təravətli baxılırlar.
Günay Mehdizadənin az sonra yaratdığı əsərlərdə isə biz müxtəlif görüntülərin bədii təqdimatında onun əvvəlki işlərində müşahidə etdiyimiz geniş ümumiləşdirmələri məqsədli şəkildə paralanmağa yönəltməklə, onların çox təsirli və ifadəli məcmusuna nail olubdur. Həmin əsərlərin özündə mənzərə və natürmort janrını əhatə etməsi də diqqətçəkəndir. Elə əsərlərin adlarından da (“Qırmızı ağaclar”, “Meyvələrlə natürmort”, ”Güllər”, “Güldanla natürmort”, “Nar və ağ kuzələr”, “Qədim qablar” və s.) bunu görmək mümkündür. Əslində bu “paralalanmada” həm də şəbəkə-qurama kimi milli maddi-mədəniyyət nümunələri ilə anım yaradacaq bədii məqamlar duyulan olduğundan onlar duyğulandırıcı qəbul olunurlar.
Günay Mehdizadənin yaradıcılıq nümunələrində rənglərin təsirliliyini bütün tutumu ilə göstərmək bacarığı da qabarıqdır. Əgər desək ki, o, insan, təbiət və təbii nemətlərin bədii görkəm almasında istifadə etdiyi rənglərin ən müxtəlif çalarlarının belə əsərin ümumi ruhuna qata biləcəyi ovqatı arzulanan tutumda göstərməyə nail olubdur. Təbii ki, gənc rəssam bu prosesdə avropalılar kimi kolorit bütövlüyü əvəzinə, qədim miniatürçü sələfləri kimi rənglərin harmoniyasını əldə etməyə çalışıbdır. Odur ki, “ilahi nuru”na bələnmiş gerçəklik təəssüratı yaradan bədii görüntülər qeyri-adi dərəcədə cəlbedici və təsirli görünürlər.
Sonda deyək ki, yaradıcılıq axtarışlarında davamlı mövqe nümayiş etdirən gənc rəssam ərsəyə gətirdiyi əsərlərlə həm real-gerçəkçi, həm də qədim bədii ənənələrin ifadə imkanlarının nəhayətsizliyini nümayiş etdirməyə nail olubdur. Düşünürük ki, Günay Mehdizadənin haqqında söz açdıgımız əsərləri hər bir yaradıcını sayagəlməz sınaqlara çəkən sənət yolunda onun ugurlu gələcəyinə zəmanət verən yaddaqalan nümunələrdir. İnanmaq istərdik ki, onun adı çox tezliklə sənətsevərlərin sərgi salonlarında arayacaqları imzaya çevriləcək. Bunun üçünsə onun yaradıcılıq potensialı kifayət qədərdir...
Ziyadxan Əliyev
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Avtomobildə külli miqdarda dərman vasitələri aşkarlandı
14.11.2018
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub
13.11.2018
D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə saziş təsdiq olunub
13.11.2018
Müavinəti haqqı olan hər kəs alacaq
13.11.2018
Cəfər Pənahinin “Üç üz” filmi “CinemaPlus”da

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info