Fəxr edirəm ki, azərbaycanlıyam!
Tarix: 24.06.2014 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Müstəqillik əldə edildikdən sonra Azərbaycanda milli kimlik və milli özünüdərk istiqamətində ciddi axtarışlara başlandı. Doğrudur, ilk vaxtlarda bu axtarışların dövlət çapında ideoloji səviyyəyə qalxması və geniş miqyası əhatə etməsi mümkün olmamışdı. Belə ki, kommunist ideologiyasının buxovlarından yenicə azad olmuş cəmiyyətdə hər hansı ideoloji məsələlər ilk vaxtlarda yanlış olaraq totalitarizmlə assosiasiya olunurdu. Bundan əlavə isə müstəqilliyin ilk illərindəki hakimiyyət milli kimliklə bağlı yeni ideoloji sistem formalaşdırmaq və onu cəmiyyətə təqdim etmək iqtidarında deyildi. Yəni həmin illərdə ölkənin başında duranlar gərgin və təlatümlü bir dönəmdə milləti birləşdirəcək və onu zamanın tələblərinə uyğun dövlət quruculuğuna cəlb edəcək səviyyədə deyildilər. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xalqımıza milli özünüdərkin, milli ideologiyanın zəruriliyi aşılandı.
Çünki H.Əliyev milli məfkurə, milli ideya daşıyıcısı idi. Ona görə də məhz ulu öndər ölkədə milli özünəqayıdış hərəkatının əsas ilhamvericisi, lideri və qarantı məsuliyyətini öz üzərinə götürə bildi. Xalqın yüksək səviyyədə özünüdərki kimi ali məqsədə çatmaq üçün isə ümummilli lider uzaqgörənlik, sağlam düşüncə, polad iradə nümayiş etdirməklə bütün səylərini birləşdirdi. Bu yolda başlıca məsələlərdən biri milli birlik strategiyasının irəli sürülməsi idi. Bunun üçün isə ulu öndər cəmiyyətin əsas qüvvələrini azərbaycançılıq, milli dövlətçilik ideyaları ətrafında birləşdirməyə başladı. Qeyd edildiyi kimi, məhz bu dövrdən azərbaycançılıq dövlət səviyyəsində irəli sürülən, cəmiyyətin bütün əsas strukturlarına və təbəqələrinə təqdim edilən və bütün xalq tərəfindən dəstəklənən başlıca milli ideyaya, müstəqil dövlətçiliyin təməl prinsipinə çevrildi. Ümummilli lider 2001-ci il, noyabrın 9-da Dünya Azərbaycanlılarının 1-ci Qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun ən üstün hissəsini belə ifadə edirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı, azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Bu baxımdan dövlət siyasətinin strategiyası olan azərbaycançılıq Azərbaycan cəmiyyətinin bu günü və gələcəyinin müasir ideoloji qavrayışı ilə sıx çulğalaşır”. H.Əliyev milli-mənəvi dəyərlərin üç tərkib hissəsini xüsusi qeyd edirdi: dil, din, adət-ənənə. Bunların şüurda ümumi əksi isə milli mentaliteti formalaşdırır. Ümummilli lider milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi işinə həmişə xüsusi diqqət yetirib. Çünki milli dövlətçiliklə milli-mənəvi dəyərlər arasında sıx bağlılıq, daxili əlaqə mövcuddur.
Azərbaycançılıq bir tərəfdən Azərbaycanda vahid milli dövlətçilik hissiyyatının formalaşmasını, etnik-milli yetkinləşmə və bütövləşməni nəzərdə tutursa, digər tərəfdən, azərbaycan dilinin bir dövlət dili olaraq inkişafını və bütün fəaliyyət sahələrində mövqeyinin möhkəmləndirilməsini nəzərdə tutur. Amma azərbaycançılığın əsasları təkcə milli dil, həmçinin din, adət-ənənə, milli-mənəvi dəyərlər, habelə bu dəyərlərin rəsmi dövlət fərmanları ilə təsbit olunması ilə məhdudlaşmır. Milli sərvətlərin ayrı-ayrılıqda öyrənilməsi, dəyərləndirilməsi, qorunub saxlanması ilə bərabər, bu dəyərlər geniş ictimai miqyasda dinamik bir proses, ictimai varlığımızın ayrılmaz tərkib hissəsi kimi inkişaf etdirilir. Bu baxımdan azərbaycançılıq milli şüurla dövlətçiliyin harmonik birliyi kimi dəyərləndirilir. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Heydər Əliyev kursu: ideya-siyasi və milli-mənəvi amillər” adlı məqaləsində belə qeyd edib: “Heydər Əliyev azərbaycançılıq və dövlətçiliyi milli ideologiyanın iki ən əsas tərəfləri kimi, müəyyən mənada bir medalın iki üzü kimi qiymətləndirirdi. Heydər Əliyev təkcə dildən, milli-mənəvi dəyərlərdən söhbət edərkən yox, həm də bütövlükdə dövlətçilikdən, Azərbaycanda dövlət quruculuğundan bəhs edərkən azərbaycançılıq təlimini ön plana çəkirdi”.
Qeyd etmək lazımdır ki, son illərdə azərbaycançılıqla bağlı ciddi tədqiqatlar və elmi-nəzəri ümumiləşdirmələr aparılmaqdadır. Azərbayçançılıq bir milli dövlətçilik və ideologiya təlimi olaraq elmi-nəzəri və ideoloji sistem kimi şərh edilməkdədir. Bununla bağlı yazılan sanballı əsərlər və monoqrafiyalar artıq azərbaycançılığın milli-ideoloji müstəvidə dərindən tədqiq olunduğunu göstərir.
Aparılan tədqiqatlarda azərbaycançılığın bir milli inkişaf strategiyası kimi əvəzsiz birləşdirici rola malik olması sübut edilməkdədir.
Azərbaycançılıq real tarixi əsaslara və xalqımızın əsrlər boyu yaratdığı, yaşatdığı zəngin ənənələrə, dəyərlərə əsaslanır. Bu ideyanın real həyatda ayrı-ayrı elementləri hələ qədimdən ailələrdə, müxtəlif insan və toplumların mənəvi aləmində yaşayırdı. Amma bunların yalnız bir milli-etnik dəyər elementləri kimi dar müstəvidə, pərakəndə qalmaqla məhdudlaşması yeni dövrün reallıqlarına uyğun deyildi. Ona görə də mövcud olan real zəmindən çıxış edilərək bu elementlər ideoloji sistem çərçivəsində birləşdirildi. Müstəqil dövlətin xüsusi himayəsi altında, ictimai-siyasi və mədəni həyatın bütün sahələrində tətbiq olunmaq üçün yeni milli məfkurə ciddi əsaslarla, sistematik müstəvidə işlənməyə və tədqiq olunmağa başladı. Beləliklə, bütün milli dəyərlərin azərbaycançılıq ideoloji sistemində əksini tapması, təşkil olunması dövlətin iradəsi və yürüdülən uzaqgörən siyasət nəticəsində mümkün oldu.
Azərbaycançılığın özünəməxsus sturkturu var. Bu ideya milli məfkurə ilə yanaşı özündə ümumbəşəriliyi də ehtiva edir. Ona görə bu məfkurə müasir dünya səviyyəsində də sivil birgəyaşayış çağırışlarına, millətin birliyinin sağlam təməl prinsipləri ilə təşkil olunmasına bir nümunədir. Millilik və ümumbəşəriliyin vəhdətindən çıxış edən bir məfkurə olaraq azərbaycançılıq bir neçə vacib komponentdən təşkil olunub. Qeyd edildiyi kimi, bu komponentlər arasında Azərbaycanın milli-etnik gerçəkliyi, dilimiz, dinimiz, milli mənşəyin həyat tərzində, məişətdə, mərasimlərdə saxlanılan ümumi əlaməti olan etnoqrafiya, habelə toponimika, arxeologiya və maddi mədəniyyət nümunələri, milli-mənəvi mədəniyyət kimi elementlər xüsusi qeyd edilir. Bu baxımdan azərbaycançılıq bəşəri dəyərlərin qiymətləndirmə meyarlarının milli sədləri aşdığı qloballaşma şəraitində bir millətin məfkurəsi olmaq etibarilə yalnız Azərbaycan vətəndaşlarının, Azərbaycan dövlətinin deyil, bütün dünyada yaşayan azərbaycanlıların, habelə ölkəmizdə yaşamış və buranı öz Vətəni sayan digər etnik və milli azlıqların maraqlarını ifadə edən strateji inkişaf xəttidir. Yəni diasporumuzun birləşməsində də azərbaycançılığın böyük rolu var. Çünki azərbaycançılığın çağırışlarına istər sovet, istərsə də postsovet dönəmində ölkədən getmiş diaspor nümayındələrimiz - azərbaycanlılarla bərabər, yəhudilər, slavyanlar və digərləri belə, həvəslə cavab verir və Azərbaycan naminə təşkilatlanırlar.
Azərbaycanda dövlətçilik siyasi-hüquqi hadisə olmaqla bərabər, həm də konkret milli-mənəvi gerçəkliyin təsbiti olaraq özünü göstərməkdədir. Bu, milli dövlətçiliyin əsas cizgilərindən sayılan reallıqdır. Bu reallıq milli ideologiya səviyyəsində - azərbaycançılıq olaraq cəmiyyətin, Azərbaycana aidiyyəti olan bütün insanlarımızın milli birlik və dövlətçilik baxımından səfərbər edilməsi ilə əlamətdardır.
Milli ideologiya birinci növbədə dövlətçilikdən ibarətdir. İdeologiyamız təlqin edir ki, dövlətçilik hər bir azərbaycanlının qəlbində olmalıdır. Yəni müstəqilliyimizi möhkəmləndirmək, milli vətənpərvərlik hisslərini yaşatmaq və inkişaf etdirmək hər bir vətəndaşın borcudur. Bu baxımdan Azərbaycanın müstəqil dövlət kimi milli ideologiyası hakim Yeni Azərbaycan Partiyasının məramnaməsində də əksini tapıb. Rəsmən bəyan edilir ki, bütün siyasət bu ideologiyanın üzərində qurulur. Milli-mənəvi dəyərlər milli ideologiyamızın dövlətçilikdən sonra ikinci əsas hissəsidir.
Dövlətçilik insanların hüquqi və siyasi şüurunun yüksəldilməsini, insanın şəxsi həyatının, şəxsi maraqlarının cəmiyyətdə gedən proseslərlə uzlaşdırılmasını, dövlət idarəçiliyində hər bir vətəndaşın bu və ya digər dərəcədə, birbaşa və dolayı olaraq iştirakını nəzərdə tutur. AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov qeyd edir ki, dövlətçilik həm də iqtisadi təfəkkürün və iqtisadi mədəniyyətin inkişaf etdirilməsini, dövlət tərəfindən qanunvericilik aktları ilə aparılan iqtisadi islahatların insanların şəxsi mənafeyi, rifahı və həyat tərzi ilə əlaqələndirilməsini, uyğunlaşdırılmasını ehtiva edir: “Burada yeni iqtisadi doktrina, həyata keçirilən uğurlu sosial-iqtisadi proqramların əsasında duran ideyalar milli ideologiya kontekstində nəzərdən keçirilir. Ona görə də dövlətçiliyin iqtisadi və mənəvi təməllərinin yeni dövrün tələblərinə uyğunlaşdırılması ilə bağlı yürüdülən uğurlu və optimal siyasət də təqdir edilməlidir”.
Dövlət və hüquq quruculuğu prosesində xarici təsirlərin azərbaycançılıq məfkurəsi süzgəcindən keçirilməsinə də ciddi diqqət yetirilir. Prezident İlham Əliyev prinsipial şəkildə bəyan edir: “Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir”. Dövlətimiz milli mənliyin qorunmasına diqqət etməklə bərabər, müasir Avropa və dünya dövlətinə çevrilmək yolunda ciddi uğurlarla irəliləyir. Bu kontekstdə son dövrlərdə Azərbaycanın beynəlxalq arenada, dünya iqtisadiyyatı çapında qazandığı böyük uğurların göstəriciləri, bu göstəricilərin ən nüfuzlu beynəlxalq qurumlar tərəfindən bəyan edilməsi xüsusilə fərəh doğurur.
Azərbaycan qonşu ölkələrdə, bir çox dövlətlərdə olan sosial-siyasi kataklizmlərdən yan keçib. Ölkəmizdə sosial-siyasi sabitlik maksimum qorunur. Xüsusilə vurğulamaq lazımdır ki, bunun əldə olunmasında azərbaycançılıq milli məfkurəsinin böyük rolu var. Xalq cəbhəsi epoxasının acı nəticələri bizə öyrədir ki, milli ideologiya əvəzinə qatı millətçiliyin cəmiyyət idarəçiliyinə tətbiq edilməsi sosial-siyasi pozuculuğa, anarxiyaya səbəb olur. Bu baxımdan mükəmməl azərbaycançılıq məfkurəsinin cəmiyyətdə dominantlıq qazanması sosial-siyasi sabitliyin də qarantı hesab edilməlidir.
Dünyaya nümunə göstərilən ölkəmizdəki dini və milli tolerantlığın yaşamasında, güclənməsində və daha da inkişaf etməsində də azərbaycançılığın böyük rolu var.
Təhminə İsmayılova

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənclər arasında elan etdiyi “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı yazı müsabiqəsinə təqdim edilir




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Xaçmazda baş vermiş avtoqəza zamanı ölənlərdən ikisinin kimliyi məlum olub
06.12.2019
ABŞ-da hərbi aviabazada baş vermiş atışma zamanı ölənlərin sayı 4-ə çatıb
06.12.2019
Yeni Delhidə havanın çirklənməsi təhlükəli səviyyəyə çatıb
06.12.2019
Prezident Şamaxıda “ASAN Həyat“ kompleksinin açılışında iştirak edib
06.12.2019
Azərbaycan Prezidenti: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info