“Uşaq qəzet və jurnallarını hər bir evə daxil etməklə, böyük iş görmüş olarıq”
Tarix: 24.06.2014 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


Aləmzər Əlizadə: “Mən təklif edərdim ki, televiziyalarımız boş vaxtlarında cəmi 5 dəqiqə klassiklərimizdən bu günə qədər, uşaq ədəbiyyatımızın ən gözəl nümunələrini versinlər”
Ədəbiyyatın uşaqların mənəvi inkişafında mühüm rolu var. Dünya uşaq ədəbiyyatı bir qayda olaraq yalnız maraqlı süjetləri ilə deyil, həm də yüksək mənəvi keyfiyyətlər daşımaları ilə səciyyələnirlər. Uşaqlar üçün yazılmış əsərlərə gəldikdə isə o, mənəvi mədəniyyətin ayrılmaz hissəsi kimi ilk növbədə söz sənəti olub bədii ədəbiyyata və şifahi xalq ədəbiyyatına xas olan keyfiyyətləri özündə birləşdirir.
Ümumiyyətlə, uşaq ədəbiyyatı onların qəlbində nəcib hisslər oyadan, mənzum və mənsur əsərlərlə işıqlandıran, onların gələcəyi haqqında gözəl və ümidli arzularına qanad verən bir ədəbiyyat sahəsidir. Uşaq ədəbiyyatı uşaqları mənəvi zövqə malik bir insan kimi tərbiyə edir, öz xalqının mübarizələrlə zəngin tarixi keçmişinə dərindən bələd olmasını təmin edir. Uşaq ədəbiyyatı dünyanın yaratmış olduğu bütün maddi və mənəvi sərvətləri yeni nəslə öyrətməli, onları bu sərvətin əsl varisi kimi tərbiyə etməlidir. Ədəbiyyatın uşaqların mənəvi inkişafında rolu ilə bağlı müsahibimiz yazıçı, dramaturq Aləmzər Əlizadədir:


-Bəlkə də “Göyərçin” jurnalının kifayət qədər təbliğatı getmir və yaxud bu sahədə məcburi təbliğat aparmalıyıq?
- Biz əlbəttə yeri gələndə balacaları həyatının müəyyən vaxtlarında oxumağa, öyrənməyə, mənəvi qida almağa da məcbur etməliyik. Mənə elə gəlir ki, uşaqları məcbur etməliyik ki, onlar gərəksiz əyləncələrdən uzaq olsun, onlara daha çox gələcək həyatlarında mühüm rol oynayacaq vərdişləri aşılamalıyıq. Bəzi uşaq jurnalları var, ancaq az tirajla buraxılır. “Göyərçin” jurnalı sovet dövründə hər bir evə daxil olurdu. Mənim bir bəndlik şeirim çıxırdı, onu ən uzaq dağ rayonunda belə oxuyurdular. Heç özümü tanımırdılar, bilirdilər ki, belə bir yazan var. İndi uşaq kitabları aşağı siniflərdən başlamış 6-7-ci sinfə qədər məcburən verilərsə hər halda ona pul ödəyən valideyn belə onu oxumaq məcburiyyətində qalacaq. Belə oxunmaqla uşaq ədəbiyyatını təbliğ edə bilərik. Bundan başqa televiziya böyük qüvvədir. Televiziya ilə çoxsaylı maraqlı və maraqsız verilişlər yayımlanır, ancaq uşaq verilişləri həm az, həm də demək olar əksəri biabırçıdır. Təsadüfən uşaq üçün nə isə olanda ona şükür edirəm ki, nə yaxşı bu var. Mən təklif edərdim ki, televiziyalarımız boş vaxtlarında cəmi 5 dəqiqə klassiklərimizdən bu günə qədər, uşaq ədəbiyyatımızın ən gözəl nümunələrini versinlər. Uşaq şeiri, hekayəsi, dramına yer verilməlidir. Burada həqiqi sənətə diqqət yetirilməlidir. Uşaqlara bunu aşılamaq çox böyük inkişaf olardı. Həmçinin uşaq qəzet və jurnallarını hər bir evə daxil etməklə böyük iş görmüş olarıq. Bizdə sənət lap aşağıdan başlayır. Amma bizdə hazırda aşağı boşdur. Özül olmalıdır. Özül yaratmaq, olanlardan istifadə etmək gərəkdir. Məsələn, Füzulinin
Nə yanar kimsə mənə atəşi dildən özgə,
Nə açar kimsə qapım badi- səbadan qeyrimisrasını hamı basa düşürmü? Əlbəttə yox! Başa düşənlər var, ancaq azdır.
Ancaq başqa bir yazar deyir ki, “dərdimə qalanım yoxdur, Allah kəssin belə zamanı” və s. Bu poeziya deyil. Yəni, Füzulinin tənhalığı belə yüksək səviyyədə vəsf etməsi nümunədir. Uşaq əsərlərinin də bədii gücü yüksək olmalıdır.
- İndiyədək nə qədər kitabınız işıq üzü görüb? Kitabınızın oxunma səviyyəsi necədir?
- İndiyədək mənim 13 kitabım çap olunub. Kitabın sayının mətləbə dəxli bir o qədər yoxdur. Çünki əgər kiminsə 50 səhifəlik dəyərli, layiqli bir kitabı çap olunsa, ədəbiyyata həqiqətən 50 səhifəlik xidmət göstərmiş olar ki, bu da böyük xidmətdir. O ki, qaldı əsərlərin yayılma məsələsinə bu da böyük problemdir. Mən 10-cu sinifdə oxuyanda gördüm ki, “Göyərçin” jurnalında 4 şerim çap olundu. Dərhal bütün məktəbə, Gəncəyə, Bakıya yayıldı. Evdə mənə gələn məktublarla böyük bir torba dolmuşdu. Burada 80-100 məktub var idi, desəm az olardı. Bu məktublardan biri də Uşaq verilişlərinin redaktoru olan Ələmdar Quluzadənin məktubu idi. O yazmışdı ki, şeiriniz xoşuma gəldi. O vaxtkı 4 şeir başqa idi. İndi 130 kitabım çıxsa, bu effekt yoxdur. İlk kitabım “Sarı eynək” adlanıb və 22 min tirajla çap olunub. O vaxt mənim 22 yaşım vardı. Deyiblər ki, bu kitab satılmaya bilər. Həmin kitab Gəncəyə gəldi. Heç vaxt istəmirdim ki, kitabım mağazadan qurtarsın. Satıcı deyirdi ki, davamlı olaraq satılır. Cəmi 3-4 aydan sonra hamısı satıldı. İkinci kitabım isə 1979-cu ildə çap olundu. Bir aya satıldı. Sonrakı kitabım 1983-cü ildə işıq üzü gördü. O vaxtı 3 kitab aldım. Kitabın adı “Şəfəqin sırğaları” adlanırdı, qiyməti 10 qəpik idi. Gətirdim, ailəm həddindən artıq sevindi. Kitab 6 min tirajla buraxılmışdı. Cəmi 2 günə satıldı. Hətta mən “Gənclik” nəşriyyatının direktoru mərhum yazıçımız Əzizə Əhmədovaya bildirdim ki, kitabım doğrudanmı 6 min tirajla çap olunub? Bəs niyə mağazalarda yoxdur. O elə başa düşdü ki, özümü tərifləyirəm. İroniya ilə bildirdi ki, Aləmzər necə də təvazökar imiş, kitabları mağazalarda da tapılmır. Dördüncü kitabım 1986-cı ildə nəşr olunan “Ətirli kəpənək” oldu. Yavaş-yavaş kitablara münasibət dəyişilməyə başlamışdı. Kitab Gəncə mətbəəsində çap olundu deyə 2 mini Gəncədə qaldı. Kitab mağazasına verəndə satıcı qəmli-qəmli bildirdi ki, bu kitabları sata bilməyəcəyəm. Ancaq 2 min kitab 2 günün içində satıldı. 1993-cü ildə mənim “Göyün işığı” kitabım çap olundu. 2 mini Gəncəyə göndərildi. Kitablarım çətin alınırdı. Gedib özüm alırdım, paylayırdım. Satıcı da bildirirdi ki, çox zəif satılır. Ancaq bir gün xoş xəbər eşitdim. Demə Pedaqoji Universitetin müəllimi arada bir gəlib kitabımın birini alıb aparır. Satıcı maraqlanır ki, nə əcəb bu kitabı tez-tez alırsan? Müəllim də deyir ki, nəvəmə alıram. Oxuyuram başım qarışan kimi uşaq kitabı qayçı ilə kəsir, cırır. Sonra da üstümə düşür ki baba, oxu. Cırılmış kitabı necə oxuyum? Məcbur qalıb yenisini alıram. Bir neçə kitabdan sonra onun əlindən “Göyün işığı”nı şifonerin üstünə qoydum ki, əli çatmasın. O zamandan bəri kitabın oxucuları qurtardı. Sovet dövründə kitaba tələbat var idi. Həmin vaxt biz bulanıq bir dövrdə yaşayırdıq. Amma kitabların oxucusu çox idi. Uşaqlar o kitabları oxuyurdu, şeirləri əzbərləyirdi. Mən son dövrlər daha çox nəsr - povestlər, hekayələr , nağıllar yazıram. 6 pyesim Gəncə Dövlət Kukla Teatrında tamaşaya qoyulub. Bunlardan biri AzTv-nin qızıl fondunda saxlanılır. Qax Kukla Teatrı da “Toya gecikən tülkü” pyesimi tamaşaya qoyub. Mənim son illərdə uşaqlar üçün çoxlu hekayələrim, nağıllarım, povestlərim çap olunub.
- Sizə elə gəlmirmi ki, bu gün elə uşaqlara nağıl oxuyan valideynlərin də sayı azalıb?
- Bizim ailəmizdə gəlinim mağazadan aldığı şəkilli kitabı hər axşam uşaqlarına oxuyur. Mənim şeirlərimi də oxuyur. Mənim kitablarımda şəkil yoxdur. O oxuduqca şəkili göstərir. Uşaq o mövzudan çox şəkilini istəyir. Yəni, elə valideynlər var, amma indi bizim əlimizdə çoxlu material yoxdur. Bəzən material var, bizim əlimiz çatmır, bəzən də kitabın qiyməti çox bahadır. Onu ala bilmirik. Bir kitaba 2-3 nağıl və ya 15 şeir və hər əsərə maraqlı şəkillər çəkilib buraxılsa məqsədəuyğun olar. Bu kitablar mütləq buraxılmalıdır və bunu dövlətin maddi dəstəyi ilə planlaşdırmaq yerinə düşər. Bu kitabları klassiklərimizdən başlamış, müasirlərimizə qədər, ən layiqlilərini seçib mağazalarda ən ucuz qiymətə satmaq lazımdır. Bütün rayonlar, kəndlər kitablaşmalıdır. Əgər televiziyada bir nəfər yüksək vəzifəli şəxs desə ki, hansısa müəllifin kitabını alıb, çox gözəl kitabdır, onu alanların da sayı çoxalacaq. Azərbaycan o kitablarla təmin olunsa, uşaqlarımız kitaba uyğunlaşsa, “hazırda kitab oxunmur” fikrini aradan qaldırmış olarıq. İndi kitablarımız oxunur, amma yüksək səviyyədə deyil. İndi televiziya kanallarımız çoxdur. Biz müğənnilərimizi də tanımalıyıq, bilməliyik, hansı yaxşı-pis oxuyur. Yaxud, şairlərimizi tanımalıyıq. Hazırda bütün telekanallarımız ən çox müğənnilərimizin, həkimlərimizin və yeməklərimizin təbliğatı ilə məşğuldur. Balalarımız nəinki bizləri, heç klassiklərimizi tanımır. Dövlət səviyyəsində iş görülməlidir. Son vaxtlar yeni seriallar təqdim olunur. Ədəbiyyatımız üçün də belə bir cığır açılsa böyük bir hadisə olar. Həmin yemək proqramlarına qonaqlar dəvət olunur, orada bir şair, yazıçı olsa, C.Məmmədquluzadədən kiçik bir hekayə oxunsa, H. Caviddən bir şeir deyilsə, yaxud müasir şairlərdən oxunsa bu, böyük bir təbliğatdır.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
12.12.2019
“Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır“
10.12.2019
“Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı törədilmiş təcavüz aktlarını qınamaq üçün vahid bir yanaşma yoxdur”
09.12.2019
Erməni işğalı BMT-də ifşa edilib
05.12.2019
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha optimist işarələrə ehtiyac var”
03.12.2019
Milli qəhrəmanlarımıza sonsuz ehtiramın nümunəsi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info