“Müəllimin əsas vəzifələrindən biri gənc nəslin mənəvi inkişafına dəstək olmaqdır”
Tarix: 17.07.2014 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Ruhiyyə İbrahimova: “Müəllim olmaq yalnız məsələ, misal həll etmək demək deyil, şagirdi həyata hazırlamaqdır”
Uşaq və gənclərin mənəvi inkişafında təhsilin və müəllimlərin mühüm rolu var. İndi əsas məqsədin məhz təhsilin keyfiyyətini yüksəltmək olduğunu deyən ölkə başçısı bildirib ki, müəllimlərin cəmiyyətdə rolu çox böyükdür və vacibdir: “Gənc nəslin tərbiyə olunmasında, uşaqların yüksək bilik almasında müəllimlərin rolu birincidir. Biz elə etməliyik ki, bütün uşaqlarımız yaxşı oxusunlar, yaxşı bilikli insanlar olsunlar. Çünki indiki zamanda savad, bilik əsasdır, həm vətəndaş üçün, həm də ölkələr üçün. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların uğurları təhsilin səviyyəsi ilə bağlıdır. Nə təbii ehtiyatlar, nə mineral resurslar burada həlledici rol oynamır. Ancaq savad və bilik əsasdır. Çünki dünyanın inkişafı elmi-texniki tərəqqi ilə bağlıdır. Bunu əldə etmək üçün bilikli kadrlar olmalıdır. Bu kadrlar, bu insanlar ilk addımlarını məktəblərdə atırlar. Biz elə etməliyik ki, təhsilimizdə ən qabaqcıl səviyyə təmin olunsun”. Ölkədə təhsilin inkişafı istiqamətində həyata keçirilən müxtəlif islahatlar da məhz bu istiqamətə yönəlib. Yeni təhsil proqramının tətbiqi isə bu gün müəllimlər tərəfindən birmənalı qarşılanmır. Müsahibimiz Bakı şəhəri 188 saylı tam orta məktəbdə riyaziyyat müəlliməsi Ruhiyyə İbrahimovadır:
- Bu gün bəzi hallarda ağıllı lövhələr, kompyuter kimi yeni tədris vasitələrindən istifadə qəbul edilmir. Buna münasibətiniz necədir?
- Əlbəttə ki, bu lazımdır. Dediyiniz problem bir dəfə Təhsil Problemləri İnstitutunda (TPİ) müzakirə edildi. Yeri gəlmişkən, təşəkkür edirəm ki, TPİ-də bizim üçün şərait yaradılır, fikir mübadiləsi aparılır, işin yaradıcılarından öyrənirik. Bir var ki, kənardan kimsə deyə bu fikirləri, bir də var ki, mütəxəssislər desin. Məsələn, institutda Ənvər müəllim “2020-Gələcəyə baxış”, Yeni təhsil konsepsiyasının müzakirəsində slaydlarla o qədər yaxşı izah etdi ki, həqiqətən də yaradıcılardan öyrənmək xoş təsir bağışlayır. Bəlkə də 10 ildir ki, TPİ bu işlə məşğul olur. Yəni, məlumatları toplayıblar, təcrübələri öyrənib milli kurikulumun yaradılması üçün əziyyət çəkiblər. Təbii ki, çatışmazlıqlar, səhvlər də var. İnsan nəyi bilmirsə, onu qəbul etmək istəmir. Müzakirələrdə iştirak edən bəzi müəllimlər etirazlarını bildirirdilər ki, kurikulumda çatışmazlıqlardan biri də odur ki, həddindən artıq vəsait tələb olunur. Müəllimə o qədər iş düşür ki, işi ikiqat artır. Tapşırıqlar hazır vəziyyətdə verilmir. Ancaq müəllimə nümunə verilir. Yaradıcı müəllim əlində olan standartı işlətməyi bacarmalıdır. Bu standartı əlində olan müəllimə nə kitab dəsti, nə də əlavə vəsait lazımdır. O əlindəki standartla nəticə çıxarmağı bacarmalıdır. Standart, dövlət tərəfindən qoyulmuş tələbdir. Şagird bu dərsdə nəyi mənimsəməlidir. Müəllim qiymətləndirmə meyarlarına görə nəticə çıxarmağı bacarmalıdır. Biz bu yeniliyi öyrənməliyik. Haradan öyrənməliyik? Kurslar təşkil olunub. Məktəb bizi kurs keçməyə göndərir. Məni kursa göndərmişdi, gedib kurs keçdim. Kursdan sonra gəldim, işlədiyim müddətdə gördüm əziyyət çəkirəm. Ondan sonra yenidən TPİ-ə müraciət etdim. Orada təşkil olunan kursa təkrar yenidən getdim. Bunu özüm üçün etdim. Gördüm irad tutanlar vardı ki, artıq kurs keçmişdin, yenidən nə ehtiyac vardı. Hiss edirəm ki, çətinlik çəkirəm, kimə sual verim. Burda mənim problemim var. Mən soruşmağa adam tapmıram. Deməli özüm işləməliyəm. İnkar etsən də axından geri qala bilməzsən. Mən yenidən kurs keçdim, amma nə qədər öyrənsən azdır. Ancaq başa düşdüm ki, əlimdə standart mənə bəs edir və heç mənə dərslik lazım deyil. O standartın məqsədi nədir. Həmin məqsədi mətbuatdan götürərəm, internetdən araşdıraram, məlumatı tapacağam. Əsas odur ki, məqsədin nədir, onu biləsən. Yeni təhsil sisteminin əvvəlki ənənəvi təhsildən üstünlüyü odur ki, məqsəd qabaqda müəyyən olunur, nəticə ortaya qoyulur. Yəni, şagird 5-ci sinfin sonunda hansı bacarıqlara nail olacaq. Nəticələr əvvəlcədən müəyyən olunur və bunun əsasında müəllim işini qurur. Artıq onun dərsin metodunu, iş üsullarını seçməsi, təlimin vasitə üsulları, nə keçəcəyi ilə bağlı da müəllim standarta qaçır. Mən baxıram dərslərə, əksəriyyəti elə bil dərs deyil, şoudur. Çünki standartlardır və elə bil mütləq belə olmalıdır. Belə deyil axı. Əsas gərək məqsədi qoyasan, yəni işin mahiyyətini başa düşmədiklərinə görə belə olur. İşin gedişi düzgün qurulanda müəllim nə etməli olduğunu biləndə heç ona əvvəlcədən elan olunmasa da “açıq dərs”dir, dinləniləcək, o dərs istənilən vaxt alınır. Əsas odur ki, müəllim öz üzərində işləməlidir. Doğrudur, əməkhaqqı ilə bağlı problemlər də var. Məsələn, mən ödənişli kursun ikisinə gedə bilərəm. Amma yenə getmək istəyirəm. Çünki baxıram ki, orada inkişaf var, yolum oradan keçir. Bu çətinliklər var. Kursların pullu olması kimi problemlər var, həmçinin vəsaitlər müəllimin əlinin altında olmalıdır.
Mənim yeni tədris ilində dərs keçəcəyim 7-ci sinifdə ilk dəfə kurikulum ilidir. Ancaq əvvəlki siniflərin hamısında material qıtlığı çəkmişəm. Artıq kitabların əvvəlcədən sınaqdan keçirilməsi nəzərdə tutulur. İndiyədək belə deyildi. Birbaşa, səhvlərlə dərc olunub. Uşaqların dərsliyə qarşı inamı itir. Şagirdlərə davamlı deyirik ki, orada səhv düşüb. İslahat qaçılmazdır, buna kömək etmək lazımdır.
- Son illər bütün ixtisaslarda abituriyentlər riyaziyyatdan imtahan verməlidir. Bunu necə dəyərləndirirsiniz?
- İndi TQDK hələ o abituriyentlərlə işləyir ki, onlar ənənəvi üsullarla təhsil almış uşaqlardır. Yeni təhsil sistemi ilə təhsil alan şagirdlər hələ 7-ci sinifdədir. Onlar 11-ci sinfə çatdıqda fərq onda hiss olunacaq. Müəllimin işinin çətinliyi də ondadır ki, nəticə həmin vaxt görünmür. O uşaqlar gəlib çatdıqda onda çatışmazlıqlar da, üstünlüklər də görünəcək. Elm cəhətdən hər iki uşaq eyni səviyyədə olsa da, fikrini çatdırmaq baxımından, dünyagörüşü fərqlidir. Bu gün 11-ci sinif şagirdi ilə 5-ci sinif şagirdinə eyni mövzunu versək, görərik ki, hansı fikrini daha gözəl ifadə edəcək. Çünki bu nəticəyönümlü, şəxsiyyətyönümlü təhsildir. İndiyədək şagird dərsi danışdıqda “5” qiymət alırdısa, indi rəqəmli qiymət yoxdur, onun fəaliyyətinə qiymət verilirdi. “2” alan şagird əzab çəkir, ancaq yeni sistemdə formativ qiymətləndirmədir. Şagird gündəlik olaraq qiymət alsa da rəqəmli deyil. Kanadadan olan bir tanış müəllimlə TPİ-də görüşümüz oldu. O təhsil sistemindən danışdıqda fərqi hiss edirsən. Şagirdə verilən sərbəstliklə bağlı müzakirə aparıldı. Uşaqlara ibtidai sinifdən, bağçadan ona sərbəstliyi təlqin etmək lazımdır. Şəxsiyyətin inkişafında ən vacib olan bunlardır. Həm sərbəst olsun, həm yerini bilsin. İndi gəncləri qınayırlar, bunun kökü ona gəlib çıxır ki, bağçadan, məktəbdən, təhsil elə verilməlidir ki, o şagird cəmiyyətə şəxsiyyət kimi gəlsin.
Bir sözlə, yeni təhsil sistemini həm valideyn, həm də müəllim kimi dəstəkləyirəm. Çox böyük ümidlə baxıram, yaxşı nəticələrini gözləyirəm. Bu təhsil sisteminin uşaqların mənəvi inkişafında mühüm rolu var.
- İndi belə bir fikir səslənir ki, əvvəllər xüsusilə də riyaziyyat fənnindən daha savadlı müəllimlər vardı. Siz bir gənc müəllim kimi bu fikirlə bağlı nə deyərdiniz?
- Savadlı müəllim hər dövrdə olub, indi də var. Gənclərimizin arasında da istedadlılar çoxdur, mən fərqi onda görürəm ki, əvvəlki müəllimlər daha çox peşələrinin vurğunu idilər, daha fədakar idilər. Bu bugünkü nəsildə o qədərdə hiss olunmur. Müəllimlik bir zaman ideal arzu idi, bu gün isə sevərək bu sənətə gələnlər barmaqla sayılacaq qədərdir. Düşünürəm ki, bu da öz təsirini göstərir. Bu peşənin perspektivləri genişlənir, artıq yeni təhsil konsepsiyasında da bu öz əksini tapıb. Diferensial əmək haqqının müəyyən olunması, məktəblərə sərbəstliyin verilməsi həm kadr seçimində, həm də dərslərin təşkilində, dərsliklərin seçimində gələcək üçün yeni ümidlər yaradır.
- Bəlkə bugünkü gənclər riyaziyyat fənninin çətinliklərindən qorxurlar?
- Deməzdim, çünki həqiqətən də savadlı gənclər həddindən artıq çoxdur. Amma ən savadlı riyaziyyatçıların təhsil sahəsindən uzaq düşməsi, müəllimlik peşəsinə üstünlük verməməsi bizim çox şey itirməmizə səbəb olur. Bildiyimiz kimi riyaziyyat və məntiq elminin qavranılması nisbətən oğlanlar arasında daha çoxdur. Oğlanlar isə gələcək ailə başçısı kimi daha gəlirli sahələrdə işləməyə üstünlük verirlər. Bu həm savadlı gənclərin məktəbdən uzaqlaşmasına həm də şagirdlərin yalnız xanım müəllimlərin tərbiyəsi, nəzarəti altında inkişaf etməsinə gətirib çıxarır ki, bunun da nəticələri ürəkaçan olmur. Tanıdığım çox savadlı müəllimlər var ki, fərdi və ya kurslarda şagird hazırlığı ilə məşğuldurlar, bu çox yaxşıdır. Amma yenə də bir müəllimin gələcək inkişafı üçün məktəb mühitinin yerini heç nə verə bilməz. Bu müəllimlərin məktəblərə cəlb olunması həm təhsilimiz, həm də o müəllimlərin pedaqoq kimi yetişməsi üçün çox gözəl nəticə verərdi. Mən həmişə deyirəm ki, müəllim olmaq yalnız məsələ, misal həll etmək demək deyil, şagirdi həyata hazırlamaqdır. Nə qədər yüksək səviyyəli qanunlar, konsepsiyalar hazırlansa da, son nəticədə bunu tətbiq edən müəllimdir.
Əlavə deyərdim ki, bu gün məktəbin üzərinə düşən yük çox böyükdür. Çünki cəmiyyətin yetişməkdə olan nəslə təsiri daha çoxdur, məhz burdakı mənfi təsirlərin minimuma endirilməsi üçün məktəb, müəllim sistemli, düzgün çalışmaq məcburiyyətindədir. Bu işdə ailəni də nəzərdən qaçırmaq olmaz. Bir zamanlar bu qədər savadlı valideynlər yox idi, valideyn məktəbə etibar edirdi və nəticə də ürəkaçan olurdu. İndi valideynlər savadlı, dünyagörüşlü olsalar da gənc nəslin tərbiyəsində çətinlik çəkirlər, bu işdə mütləq peşəkar dəstəyinə ehtiyacları olur. Müəllimin əsas vəzifələrindən biri də qüsurları vaxtında görüb valideynlə əlaqəni sıxlaşdırmaq, şagirdin özü hiss etmədən, onu incitmədən, qırmadan mənəvi inkişafına dəstək olmaqdır. Nəzərə alsaq ki, bu gün əksər məktəblərdə psixoloqların işi qənaətbəxş deyil, deməli burada da əsas yük yenə də müəllimin çiyinlərinə düşür.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Türkiyə Prezidentinin müşaviri: “Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz qaytarmalıdır”
07.11.2019
İsveç parlamentində Dağlıq Qarabağ məsələsi qaldırılıb
05.11.2019
“Ermənistan münaqişənin tezliklə sülh yolu ilə həllini tapmaq səylərini sarsıdır”
04.11.2019
Tanınmış fransız tarixçi Ermənistanı faşizm ideyalarını yaşatmaqda ittiham edib
31.10.2019
ABŞ-da erməni yalanlarını ifşa edən etiraz aksiyası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info