“Təmiz Binəqədi” sosial layihəsi “Bakı 2015” I Avropa Oyunlarına Binəqədinin töhfəsidir
Tarix: 06.08.2014 | Saat: 13:29:00 | E-mail | Çapa göndər
Nahidə Mahmudova |

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Qadınlar Şurasının sədr müavini, HB Güven Klinikasının həkimi

Bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı, siyasi risklərdən kənar olan və davamlı inkişafa doğru gedən bir ölkə kimi yer tutması, dünyanın nüfuzlu beynəlxalq və regional təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Bu strateji, uğura aparan siyasət özündə millətin, dövlətin mənafeyinə cavab verən addımların atıldığını, milli mənafenin qorunduğunu sübut edir. Təsadüfü deyil ki, bu gün ölkəmizdə sosial rifah şəraiti yüksəlir, regionlar və xüsusilə də paytaxt Bakı Cənubi Qafqazın ən inkişaf etmiş şəhəri hesab olunur və infrastruktur günü-gündən zənginləşir. Bu gün şəhər yüksək iqtisadi potensialı olan ən böyük ticarət, mədəniyyət və elm mərkəzi hesab olunur. Bakıda nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyini nəzərə alsaq görərik ki, doğma şəhərimiz öz şöhrət və gözəlliyi ilə dünyanın diqqətini çəkir. Elə nüfuzlu xarici jurnalların qiymətləndirmələrində də Bakıda olan arxitektur binaların siyahısının tərtibi zamanı tarixi və müasir tikililər ilk onluğa düşür.
Qeyd etmək lazımdır ki, ölkəmizin və paytaxt Bakının sürətli inkişafı, dünyanın diqqət mərkəzindən kənarda qalmır və beynəlxalq təşkilatlar Bakıda əhəmiyyətli mədəni-kütləvi tədbirlərin keçirilməsinə can atırlar. Bu cür mədəni-kütləvi idman tədbirlərindən biri də tarixdə ilk dəfə olaraq keçiriləcək “Bakı 2015” İlk Avropa Oyunlarıdır. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin ölkəmizə gətirəcəyi üstünlüklər çoxdur. Bunlar arasında ölkəmizin beynəlxalq aləmdə daha da yaxından tanıdılması, turistik məkana çevrilməsi, mədəniyyətimizin təbliği, Azərbaycan reallıqlarının dünyaya çatdırılması və s. göstərmək olar.
I Avropa Oyunlarının Bakıda keçirilməsi tarixi qərardır
“Bakı 2015” I Avropa Oyunlarının Bakıda keçirilməsini sözün əsl mənasında tarixi qərar saymaq olar. Məhz 8 dekabr 2012-ci ildə Avropa Olimpiya Komitəsi Baş Assambleyasında İlk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul olunub. Qeyd edək ki, bununla bağlı Prezident İlham Əliyevin 17 yanvar 2013-cü il tarixli sərəncamı ilə I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. Komitəyə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sədrlik edir. Təşkilat Komitəsi sədrinin qərarı ilə “Bakı-2015" İlk Avropa Oyunları Əməliyyat Komitəsi yaradılıb, Olimpiya Oyunlarına hazırlıq məqsədilə geniş miqyaslı tədbirlər həyata keçirilməyə başlanılıb. Bildirmək lazımdır ki, artıq dövlət başçısının tapşırığına əsasən, paytaxt Bakıda yüksək standartlara cavab verən müasir idman kompleksləri inşa olunur. Eyni zamanda mövcud idman obyektləri əsaslı şəkildə yenidən qurularaq istifadəyə hazırlanır. İlk Avropa Oyunlarının keçiriləcəyi tarix yaxınlaşdıqca ölkədə hazırlıq işlərinin tempi daha da sürətlənməkdədir.
Binəqədi rayonundan unikal təşəbbüs
Gələn ilin iyun-iyul aylarında ölkəmizdə keçiriləcək bu möhtəşəm tədbirə intensiv hazırlıq mərhələsində Binəqədi rayonu unikal bir təşəbbüslə çıxış etdi. Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov 2015-ci il İlk Avropa oyunlarına töhfə məqsədilə xüsusi sərəncam imzaladı və Binəqədi rayonunda “Təmiz Binəqədi” layihəsinə start verildi.
Qeyd edək ki, respublikamızda ilk olaraq Binəqədi rayonunun təşəbbüsü ilə start verilən "Təmiz Binəqədi" adlı sosial layihənin keçirilməsində əsas məqsəd “Bakı 2015” İlk Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdən ibarətdir. Bu məqsədlə Rayon İcra Hakimiyyətində xüsusi komissiya da yaradılıb.
Binəqədi rayonunun 2015-ci ildə keçiriləcək möhtəşəm tədbir ərəfəsində belə bir sosial-ekoloji layihə ilə çıxış etməsi Bakı şəhərinin daha da abadlaşması və şəhərin böyük bir hissəsi olan Binəqədidə təmizlik və abadlıq işlərinin vüsət alması ilə nəticələnəcək. Bu həmçinin vətəndaşlar arasında təmizlik və abadlıqla bağlı maariflənmənin səviyyəsinin də artmasına gətirib çıxardacaq. “Təmiz Binəqədi” layihəsinin keçirilməsinin sosial və maarifçi tərəfləri ilə yanaşı tibbi nöqteyi-nəzərdən də böyük əhəmiyyəti vardır. Belə ki, ətraf mühitin təmizliyini qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur. Lakin ətraf mühitin- havanın, suyun, torpağın təmizliyinin insanların sağlamlığının başlıca şərti olduğunu səhiyyə işçiləri daha dolğun şəkildə anlayırlar.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sağlamlıq anlayışına tərif verərkən insanın mənəvi, fiziki vəziyyəti ilə yanaşı, onun sosial sağlamlığını da əsas şərtlərdən biri kimi qəbul edir. İnsan ömrünün uzanması və ölüm faizinin azalması təkcə səhiyyə sisteminin yaxşılaşdırılması, erkən təsdiqlənən diaqnoz, müasir müalicə metodlarının tətbiqi kimi amillərdən asılı deyil. Təbii ki, bütün bunların rolu çox əhəmiyyətlidir. Lakin bunlar qədər, bəlkə də daha önəmli səbəblərdən biri də, insanların yaşadıqları, cavabdeh olduqları əraziləri təmiz saxlamaları, yaşıllıqları qorumaları, şəxsi gigiyena qaydalarına əməl etmələridir. Məlumdur ki, ekoloji cəhətdən təmiz olmayan mühitdə orqanizmdə bir çox ağır xəstəliklərin yaranmasına səbəb olan bakteriyaların, göbələklərin və digər törədicilərin yaşaması üçün əlverişli şərait yaranır. Bu isə insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Təmizliklə yanaşı, göz oxşayan yaşıllıqların, parkların yalnız estetik olaraq deyil, eyni zamanda insanların psixoloji sağlamlıqlarına etdiyi müsbət təsirlər haqqındakı fikirlər də elmi ədəbiyyatda artıq öz təsdiqini tapıb. Misal üçün bu yaxınlarda İngiltərənin “Environmental Science and Technology” jurnalında 40 000 ailə üzərində aparılan araşdırmanın nəticələri göstərir ki, şəhərlərin daha təmiz, yaşıllıqla əhatə olunmuş sahələrində yaşayan şəxslərdə depressiya, sinir – psixi pozulmaların digər formaları daha az təsadüf olunur. Eyni zamanda tədqiqatlar göstərir ki, könüllülük prinsiplərinə əməl olunmaqla insanların birgə kollektivçilik fəaliyyətinə cəlb olunması onların mənəvi sağlamlığını möhkəmləndirir.
Bütün bunları nəzərə alsaq “Təmiz Binəqədi” layihəsinin əhəmiyyətini və bu təqdirəlayiq aksiyanı dəstəkləməyin vacibliyini anlamaq o qədər də çətin deyildir.
Bu baxımdan Binəqədi rayonunda yerləşən HB Co. LTD olaraq Binəqədi rayonunda yerləşən bütün səhiyyə müəssisələrini "Təmiz Binəqədi" adlı sosial layihə çərçivəsində “Evimizi təmiz saxlayaq – Binəqədi evimizdir!” aksiyasında aktiv iştirak etməyə çağırırıq. Əziz həmkarlar, gündən-günə gözəlləşən və abadlaşan Binəqədi bizim evimizdir! Gəlin, Evimizi təmiz saxlayaq! Bu işi təkcə təmizlik işçilərinin üzərinə atmayaq! Evimizi - Binəqədini sevən hər kəs bu işə qoşulmalıdır. Binəqədimizi cənnətə çevirmək istəyiriksə, ilk növbədə mənzilimizi, həyətimizi, məhəlləmizi və iş yerimizi ekoloji cəhətdən təmiz və abad saxlamalı, təbiətə qayğı ilə yanaşmalıyıq. Bir sözlə, harada olmağımızdan asılı olmayaraq həmişə təmizliyə əməl etməliyik. Çünki təmizlik sağlamlıqdır, gözəllikdir, hər kəsin mənəvi zənginliyinin, bəlkə də intellektinin göstəricisidir.






 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7540

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Yollar qovuşanda...
4 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info