“Əcdadlarımızın tapınaq yerlərinin aşkarlanması arxeoloq olaraq, bizdə daha çox maraq doğurur”
Tarix: 13.08.2014 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Fərhad Quliyev: “Ümumdünya təhsil kontekstindən yanaşsaq, arxeoloqlar tarix fakültəsində yetişmir. Peşəkar arxeoloqların yetişməsi üçün ayrıca fakültənin olması daha zəruridir”

Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun İçərişəhərdə yerləşən Muzey-sərgi zalının (Elmi Ekspozisiya şöbəsinin) rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevdir:

-Fərhad müəllim, Arxeologiya və Etnoqrafiya muzeyinin fəaliyyəti haqqında nə deyə bilərsiniz?
- İlk olaraq onu qeyd edim ki, Arxeologiya və Etnoqrafiya İnstitutunun Muzey-sərgi zalının yaranma tarixi 80-ci illərdə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın maddi-mədəni irsinin öyrənilməsi ilə bağlı apardığı siyasətin tərkib hissəsi idi. O zaman Azərbaycanın maddi-mədəni irsinin öyrənilməsi ilə bağlı bir sıra vacib qərarlar qəbul olundu. Həmin qərarlardan da biri 1982-ci ildə, Elmlər Akademiyasının Tarix İnstitutunun nəzdində fəaliyyət göstərən Arxeologiya və Etnoqrafiya sektorunun fəaliyyətinin genişləndirilməsi ilə bağlı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı o vaxtkı Mərkəzi Komitənin qərarında Tarix İnstitutunun nəzdində fəaliyyət göstərən Arxeologiya və Etnoqrafiya sektorunun Muzey-sərgi zalının açılmasının vacibliyi göstərildi. Nəticədə 1985-ci ildə, İçərişəhərin mərkəzində ayrılmış binada institut tərəfindən Azərbaycanın Arxeologiya və Etnoqrafiya elmlərinin son nəticələrinə həsr edilmiş maddi-mədəniyyət nümunələrindən ibarət ekspozisiya zalı ictimaiyyətə təqdim olundu.
Sonrakı dövrdə əsasən də 90-cı illərdən sonra ölkədə məlum hadisələrlə bağlı Arxeologiya və Etnoqrafiya İnstitutunun fəaliyyətində boşluq yaranmışdı. Lakin 1993-cü ildə, ümummilli liderimiz xalqımızın təkidi ilə hakimiyyətə gələndən sonra, Tarix İnstitutunun tərkibində olan Arxeologiya və Etnoqrafiya sektorunun bazasında Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Arxeologiya və Etnoqrafiya İnstitutunun yaranması ilə bağlı sərəncam imzaladı. İnstitut fəaliyyətə başladıqdan sonra 1993-cü ildən ölkədə arxeoloji araşdırmalar bərpa olundu.
Mədəni irsimizin öyrənilməsinin yeni mərhələsi 2009 və 2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə arxeoloji araşdırmaların genişləndirilməsi məqsədilə Arxeologiya və Etnoqrafiya İnstitutu ilə bağlı fərmanların imzalanması ilə başlandı. Bu baxımdan ölkəmizin bütün bölgələrində arxeoloji ekspedisiyaların fəaliyyəti nəticəsində yeni arxeoloji abidələr tədqiqat obyektinə çevrildi. Nəticədə, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılan vəsait hesabına Muzey-sərgi zalının binası təmir edildi.
Hal-hazırda Arxeologiya və Etnoqrafiya İnstitutunun Muzey-sərgi zalında Azərbaycanda son illər aparılan elmi araşdırmalar nəticəsində əldə olunan maddi-mədəniyyət nümunələrindən ibarət yeni tərtibatda olan ekspozisiyası ictimaiyyətimiz üçün sərgilənməkdədir.
- İnstitutun Muzey-sərgi zalında, Azərbaycan tarixinin hansı səhifələri daha çox işıqlanır?
- Tədqiqatlara cəlb olunan yeni arxeoloji abidələr var ki, qədim dövrdən, orta əsrlərə qədər bu abidələrdə araşdırmalar son illər başlayıb. Məsələn, Neolit dövrünə aid qədim yaşayış məskənləri araşdırılır. O abidələr ki, vaxtilə aşkar olunsa da, qeydiyyatdan keçsə də onların üzərində araşdırmalar aparılmamışdı. Artıq son illər bu abidələr üzərində araşdırmalar aparılıb və bu araşdırmalar Azərbaycanda onun ən qədim dövrü haqqında çox ciddi informasiyalar verir. Demək olar ki, bu gün həm Gəncə-Qazax bölgəsində, həm də Qarabağ bölgəsində və Naxçıvan bölgəsində aparılan araşdırmalar Azərbaycanda ilkin sivilizasiyaların başlanğıc mərhələsini özündə əks etdirən məsələləri ön plana qoyur ki, bizdə qaranlıq qalan bir çox məsələlərə aydınlıq gətirib. Məsələn, 8 min il bundan əvvəl Azərbaycanın qədim tayfaları ilə Orta Şərqin arxeoloji mədəniyyətləri arasında olan əlaqələr və bu əlaqələr nəticəsində çox maraqlı və diqqətəlayiq lokal xüsusiyyətləri özündə əks etdirən arxeoloji mədəniyyətlərin formalaşması məsələləri. Sovet dövründəki araşdırmalardan fərqli olaraq yeni məsələlər ortaya çıxıb. Bu da imkan verir ki, biz qədim dövrümüzə aid olan arxeoloji mədəniyyətlərimizi daha dərindən öyrənək. Ən maraqlı məlumat odur ki, bütün bu araşdırmalar artıq beynəlxalq xarakterli araşdırmalardır. Yəni, Azərbaycanda fəaliyyət göstərən arxeoloji ekspedisiyaların böyük əksəriyyəti beynəlxalq arxeoloji ekspedisiyalara üstünlük verir. Nəticələr də çox maraqlıdır. Maraqlısı odur ki, bizim bütün son araşdırmalarımız göstərir ki, Neolit dövründən VII minilliyin II yarısından başlayaraq, III minilliyə qədərki dövrdə bizim ərazidə çox böyük demoqrafik inkişaf olub və bir-birini əvəz edən arxeoloji mədəniyyətlər arasında elə bir ciddi məsafə olmayıb. Hətta bu dövrdə ölkəmizin ərazisi getdikcə elə məskunlaşıb ki, nəticədə çox maraqlı məsələlər meydana gəlib. Əcdadlarımızın təsərrüfat həyatı, onların dini inancları və bir çox məsələlər haqqında maraqlı informasiyalar əldə edilib.
Bundan əlavə son dövrdə Qafqaz Albaniyasının maddi-mədəniyyəti ilə bağlı araşdırmalarımız var ki, bu da əsasən Qəbələ rayonunda aparılır. O cümlədən Quba-Xaçmaz bölgəsində də yeni dəlillər, yeni maddi-mədəniyyət nümunələri və abidələr aşkar olunub. Bununla da Qafqaz Albaniyasının maddi-mədəniyyəti və onun tarixi keçmişi ilə bağlı yeni abidələri təqdim etməklə, bizdə bir çox məsələlərə yenidən baxmağa imkan yaranıb.
Bundan əlavə “İslam arxeologiyası” deyilən bir dönəm var ki, orta əsrlər tariximizə aid hal-hazırda bizim üçün möhtəşəm sayılan Şəmkir qalasının araşdırmalarıdır. Bu araşdırmalar nəticəsində Azərbaycanın orta əsrlərində xüsusi önəm daşıyan Şəmkir şəhərinin öyrənilməsi haqqında yeni məlumatlar əldə edilib. Bu şəhərin tarixi keçmişi və inkişaf mərhələləri ilə bağlı yeni dəlillərimiz var ki, bu dəlillər muzeyimizdə arxeoloji materiallar fonunda təqdim olunur.
Təqdim olunan muzey sərgi zalında arxeoloji materialların böyük əksəriyyəti son araşdırmalarımızın nəticələridir ki, bunlar da dolğun şəkildə muzey sərgi zalında öz əksini tapıb.
- Bu gün arxeoloji qazıntılarda ən çox nəyə üstünlük verilir?
- Arxeoloji qazıntılar bu gün ölkəmizin tarixi keçmişi ilə bağlı bir çox mühüm olan mövzuların araşdırılması üçün əhəmiyyətlidir. Onu da qeyd edim ki, bu gün dünyada, əsasən də Avropada arxeologiya elminin dinamik inkişafı arxeoloji araşdırmalarda yeni bir mərhələnin başlamasına şərait yaradıb. Bu gün artıq arxeoloji araşdırmaların formatı fərqlidir. Lakin bununla yanaşı bu gün biz mövcud potensialımızdan çıxış etməyə məcburuq. Elə abidələrimiz var ki, onların araşdırılmasına tələsmirik.
Bu gün dünyada daha çox müxtəlif elmlərin fövqündə arxeoloji araşdırmalara üstünlük verilir. Bu baxımdan biz, Azərbaycanda arxeologiya elminin tərəqqisi naminə dünya standartlarından çıxış etməyə borcluyuq.
Müəyyən müddət lazımdır ki, bizim bütün arxeoloji ekspedisiyalarımız qeyd etdiyim dünya standartlarına cavab versin.
- Arxeoloq olaraq, Azərbaycanın hansı bölgəsini və hansı tarixi səhifəsinin araşdırılmasını daha zəruri bilirsiniz?
- Azərbaycanın hər bir bölgəsi özünün tarixi keçmişinə görə xüsusi önəm daşıyır. Biz son illər araşdırmalarımızı təşkil edərkən, bir sıra məsələlərə üstünlük veririk. Bizim üçün daha çox qədim dövrün faunası, iqlim şəraiti maraqlıdır. Çünki bölgələrimizin qədim dövrdə iqlim şəraitinin necə olmasını öyrəndikdə bir çox maraqlı faktlar əldə edirik ki, həmin faktlar nəticəsində öz tədqiqat işlərimizi proqramlaşdıra bilək. Elə bölgələr var ki, o bölgələrdə daha çox qədim yaşayış yerləri var. Yəni, erkən əkinçilik mədəniyyətini əks etdirən kəndlər var. Bu daha çox Gəncə-Qazax ərazisində, Kür çayının orta axarında, Qarabağ ərazisində, Mil-Muğan ərazisində, Naxçıvan ərazisində mövcuddur.
Biz daha çox Neolit dövrünün erkən kəndlərinin araşdırılmasına xüsusi önəm veririk. Həmin ərazilərin qədim dövrdə iqlim şəraitlərinin öyrənilməsi, geomorfoloji araşdırmalarda öz əksini tapır. Araşdırmalar onu göstərir ki, məhz bu ərazilərdə məskunlaşma daha erkən dövrlərdə, daha əlverişli iqlim şəraitinə görə olub.
Bəzi bölgələrimiz var ki, Aran bölgəsi, Şəki-Zaqatala bölgəsində daha çox Tunc dövrünün qəbir abidələrinin öyrənilməsinə diqqət ayrılır. Əsasən də Qafqaz Albaniyasının maddi-mədəniyyətinin araşdırılması diqqət mərkəzindədir.
Hər bir Azərbaycan bölgəsi qədim dövrünün iqlim şəraitinə görə xüsusi tarixi əhəmiyyət daşıyır.
Ancaq bu gün bir neçə mövzu var ki, bizim üçün diqqət mərkəzindədir. Yəni, hər bir arxeoloq istəyir ki, ölkəmiz ərazisində elə bir abidə aşkar etsin ki, bu dünyanın diqqət mərkəzində olsun. Həmçinin, Azərbaycanın tarixi keçmişinin öyrənilməsi üçün əhəmiyyətli olsun. Bizim üçün qədim yaşayış yerlərinin araşdırılması ilə yanaşı, qədim dövrlərdə məbəd yerlərinin aşkar olunması çox maraqlıdır. Əcdadlarımızın tapınaq yerlərinin aşkarlanması arxeoloq olaraq, bizdə daha çox maraq doğurur. Bu bizim üçün vacib məsələdir.
Qədim dövrə aid zəngin kurqan qəbirlərinin araşdırılması və kurqan qəbirlərdə insan sümüklərinin antropoloji araşdırmaları vacib məsələlərdən biridir. Həm qədim dövrdə, həm orta əsrlər dövründə şəhər mədəniyyətinin və proto-şəhərlərin aşkar olunması zəruridir. Sonrakı dövrlərdə e. ə. II minillikdə şəhər xarabalıqlarının aşkar olunması, orta əsrlər dövründə İslam mədəniyyətini özündə əks etdirən inkişaf etmiş şəhərlərin öyrənilməsi çox maraqlıdır. Bu istiqamətdə işlər aparırıq və çalışırıq.
Məlumdur ki, bizim son illər araşdırmalarımız elə bir geniş miqyas alıb ki, kifayət qədər də ictimailəşib. Biz çalışmalarımızda potensialımıza çox böyük önəm veririk. Çünki Azərbaycanın heç bir təhsil müəssisəsi arxeoloq yetişdirmir. Biz ancaq Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirən tələbələrdən daha çox bəhrələnirik. Bu da bizi tam qane etmir. Ümumdünya təhsil kontekstindən yanaşsaq, arxeoloqlar Tarix fakültəsində yetişmir. Peşəkar arxeoloqların yetişməsi üçün ayrıca fakültənin olması daha zəruridir. Buna görə də, bu gün daha çox xaricdə arxeologiya fakültələrində təhsil alan tələbələrimizə üstünlük veririk.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
15.08.2018
“Məqsədimiz beynəlxalq arenada mədəniyyətimizi layiqli şəkildə təmsil etməkdir”
13.08.2018
“Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
10.08.2018
Bəzən fermerlər təyinatı, mənşəyi bilinməyən əkin materialını bazardan alıb toxum kimi səpirlər
07.08.2018
Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
06.08.2018
“Rusiya və Azərbaycanın strateji əməkdaşlığı dərin tarixi köklərə malikdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9914

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info