“Uşaqların və gənclərin mənəvi inkişafında xarici dilin rolunu müsbət qiymətləndirirəm”
Tarix: 16.08.2014 | Saat: 01:30:00 | E-mail | Çapa göndər


Yaqut Məhərrəmova: “Hər ay şagirdlər üçün dəyirmi stol təşkil etmək, onları müxtəlif layihələrə cəlb etmək, yazıçı və şairlərlə, elm adamları ilə tez-tez görüşlər keçirmək gənc nəslin mənəvi inkişafı üçün əvəzsiz xidmət olar”
İkinci bir dil bilməyin nə qədər önəmli olduğu əslində uzun zamandan bəri məlum olsa da, texnologiyanın təqdim etdiyi yeni imkanlarla dildən istifadənin artması “bir dil, bir insandır” sözünü bir daha təsdiq etdi. Dil bir insanın sosial varlıq olaraq başqa insanlarla münasibətdə və əlaqədə olması, yaşadığı mühitdə və şəraitdə öyrənərək ortaya qoyduğu sözlü hərəkət və ifadə toplusudur. Bir şəxsin duyğu, düşüncə və anlam baxımından təsirli əlaqə vasitəsi olan dil bir şəxs üçün çox önəmli olan mədəni zənginlikdir. Bir çox insanlar yalnız öz ana dili ilə kifayətlənməyib müxtəlif xarici dilləri öyrənməyə üstünlük verirlər. Hazırda dünyada nəinki iki, hətta ondan artıq xarici dil bilən insanlar da var. Cəmiyyətdə də insanların xarici dil bilməsi böyük önəm kəsb edir. Ölkəmizdə də bir çox sahələrdə xarici dil bilən işçilərə üstünlük verilməsinin nəticədir ki, bu gün insanların əksəriyyəti yaşından asılı olmayaraq məhz xarici dil öyrənməyə çalışır. Eyni zamanda artıq orta məktəblərdə kiçik yaşlarda xarici dil tədris edilir. Mütəxəssislər xarici dilin uşaq və gənclərin mənəvi inkişafında mühüm rolu olduğunu bildirirlər. Layihə çərçivəsində növbəti müsahibimiz Nəsimi rayonu 240 saylı orta məktəbin ingilis dili müəlliməsi Yaqut Məhərrəmovadır:

- Xarici dilin öyrənilməsi şagirdlərdə müasir baxış deməkdir. Gələcəyə inteqrasiya, xarici dövlətlərlə sıx əlaqə, şagirdlərdə gələcək karyeralarını düşünməyə əsas verir. Bu baxımdan xarici dilin mənimsənilməsində müəllimin də böyük rolu var. Şagirdin müxtəlif dərs vəsaitlərindən istifadəsi onda həmin fənnə daha da həvəs yaradır. Uşaqların və gənclərin mənəvi inkişafında xarici dilin rolunu müsbət qiymətləndirirəm. Ümumiyyətlə, uşaqların xarici dil bilməsi ilə onlarda müxtəlif maraq baxışları yaranır, dünyagörüşləri fərqli olur.
- Bu gün kiçik yaşlarda xarici dil öyrədilməsi sizcə nə dərəcədə doğrudur? Burada hansısa problem yarana bilərmi?
- Kiçikyaşlı uşaqların xarici dil öyrənməsinə çox gözəl baxıram. Çünki kiçik yaşda uşaqların zehni təmiz, yaddaşı güclü olur. Amma uşağına neçə yaşında öyrənməsində də baxır. Məsələn, 1-ci sinif uşaqlarına xarici dili mənimsətmək çox çətindir. O, bu dili yalnız şifahi əzbərləyəcək. Amma 3-cü sinifdən bu tətbiq edilsə, daha yaxşı olar. Çünki uşaq artıq öz əlifbasını gözəl sərbəst şəkildə bilir, oxuyur və xarici dili də mənimsəyə bilir.
- Ümumiyyətlə, xarici dil bilməsi insanlarda hansı keyfiyyətləri artırır?
- Xarici dili bilmək insanda intellektual səviyyəni daha da artırır, indiki müasir zamanda bütün elmlərdən istifadə üçün xarici dili bilmək lazımdır. Lazım olan məlumatları internet vasitəsilə asanlıqla əldə etmək mümkündür. Xarici dili bilmək təhsildə, iş həyatında indiki zamanda mən deyərdim mütləqdir.
-Əsasən hansı üsullarla daha tez xarici dil öyrənilməsinə üstünlük verirsiniz?
- Xarici dili müxtəlif yollarla öyrənmək mümkündür: internetdən istifadə, xarici dil öyrədən kurslar vasitəsilə, yaxud xaricə səyahətlə, hətta əcnəbi dostların yardımı ilə və s. Amma biz məktəbdə şagirdlərə xarici dil dərsini interaktiv üsullarla keçirik. Şagirdin marağına səbəb ola biləcək, onlarda dili mənimsəmək üçün həvəs yaradacaq metodlardan istifadə edirəm. Əsasən kurikulumda olan üsul və vasitələrdən, bir də müəllim kimi öz yaradıcı vasitələrimdən istifadə etməklə öyrədirəm. Şagirdlərin marağı məni daha da həvəsləndirir. Ümumiyyətlə, şagird daima yenilik istəyir, bunu da yalnız dərsi interaktiv yolla həyata keçirməklə yaxşı, keyfiyyətli nəticə əldə etmək mümkündür.
- Bu gün xarici dil tədris vəsaitlərində vətənpərvərliklə bağlı mövzular varmı?
- Xarici dil tədris vəsaitlərində vətənpərvərlik mövzusu mütləq olmalıdır. Çünki şagirdlərimiz bu dildə dövlətimiz haqqında geniş məlumat almalıdırlar. Tariximiz haqqında geniş məlumatları olmalıdır. Ən azından keçmişimizi, bu günümüzü xaricdə tanıtdırmağı bacarmalıdırlar. Bu mövzuda ingilis dili tədris vəsaitlərində kifayət qədər mövzular var. Lakin şifahi danışığa, praktikaya üstünlük verilməlidir. Çünki dili yalnız praktikada tətbiq etməklə mükəmməl nəticə əldə etmək olar. Bunun üçün xüsusi fakultativ, praktik məşğələlər təşkil olunmalıdır. Şagirdlərimizin xaricdə yaşayan məktəblilərlə əlaqə saxlaması önəmlidir. Zərurət nəticəsində dili daha mükəmməl öyrənmək olur.
- Bu gün uşaq və gənclərin xarici dil öyrənmə qabiliyyətini necə dəyərləndirirsiniz?
- Müasir zamanda uşaq və gənclərin xarici dil öyrənmə qabiliyyətləri əvvəlkilərə nisbətən daha genişdir, daha sərbəstdir. Çünki gündəlik yaşamda xarici dilə mütəmadi rast gəlirlər. İstənilən internet saytlarında, qəzet və jurnallarda, televizorda, hətta reklamlarda belə buna rast gəlirlər. Müasir tipli məktəblərdə də xarici dilin öyrənilməsinə daha çox saat ayrılır. Buna görə də öyrənmə həvəsləri də yüksək olur. Məncə bu, gənclərin gələcəkdə istənilən bir karyera qurması üçün çox lazımdı.
- Bir müəllim kimi bu sahədə tədris vəsaitləri sizi qane edirmi?
- Təbii ki, müəllim olaraq problemlərimiz var. Yaxşı dərsin tədrisi üçün lazım olan vəsaitlər olsaydı çox yaxşı olardı. Hər otaqda proyektorların olması, bütün siniflərdə internetdən istifadənin mümkün olması və başqa əyani vəsaitlərin olması çox yaxşı olardı. Bu, bir növ keyfiyyətli dərs üçün müəllimə köməkdir. O ki qaldı kitablarımıza, onun haqqında artıq dəfələrlə danışılıb, müəllimlər də iradlarını bildirib. Biz ümid edirik ki, tezliklə bu cür problemlər aradan qaldırılacaq.
Ümumiyyətlə, problem varsa demək onun həlli yolları və işlərlə məşğul olanlar da var.
- Hazırda fəaliyyət göstərən xarici dil müəllimləri özünü doğrulda bilirmi?
- Əlbəttə var. Müəllimlərimiz yetərli qədər müasir interaktiv yollarla şagirdlərlə durmadan çalışırlar, çox savadlı, əməksevər, təqdirəlayiq müəllimlərimiz var. Təbii ki, onların zəhməti əvəzolunmazdır. Olimpiyadalarda, müxtəlif müsabiqələrdə yer tutmuş nə qədər zəkalı şagirdlərimiz var və bunların hamısı müəllimlərin zəhmətidir.
-Son vaxtlar müəllimlər üçün kursların təşkilini necə qiymətləndirirsiniz?
- Çox mükəmməldir. Çünki təhsilimizin müasir inkişafı, dünya təhsil sisteminə inteqrasiya, yeni texnologiyalar imkan yaradır ki, müəllim öz üzərində daim işləsin, kompetensiyalarını artırsın. Müasir kompetensiyalara yiyələnməyən müəllim müasir texnologiyalardan istifadə edərək az qala onu üstələməkdə olan şagird ilə "rəqabətdə" uduza bilər.
-Uşaq və gənclərin mənəvi inkişafı istiqamətində siz bir müəllimə kimi daha hansı addımların atılmasını təklif edərdiniz?
- Xarici dildə müxtəlif rollu oyunların, şagirdlər üçün beynəlxalq təşkilatların müxtəlif mövzularda təşkil etdikləri layihələrin həyata keçirilməsi kommunikativ bacarıqların, sosial vətəndaşlıq, sahibkarlıq kompetensiyalarının inkişafına, dünyagörüşünün genişlənməsinə və mənəvi aləminin zənginləşməsinə səbəb olur. Bilirsiniz, uşaq və gənclərin mənəvi inkişafı üçün çox şeylər etmək olar. Məsələn, müxtəlif yaş qruplarına görə, hər ay şagirdlər üçün dəyirmi stol təşkil etmək, onları müxtəlif layihələrə tez-tez cəlb etmək, yazıçı və şairlərlə, müxtəlif sahələr üzrə öz sözünü demiş elm adamları ilə tez-tez görüşlər keçirilsəydi, çox yaxşı olardı, bu isə gənc nəslin mənəvi inkişafı üçün əvəzsiz xidmətdir. Bu məsələ onların dünyagörüşlərinə, mədəni inkişafına yaxşı təsir göstərərdi. İndiki gənclər yenilikçidirlər, daima yeniliklərlə onları məlumatlandıran bir qurum olsaydı, həqiqətən yaxşı olardı.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha optimist işarələrə ehtiyac var”
03.12.2019
Milli qəhrəmanlarımıza sonsuz ehtiramın nümunəsi
02.12.2019
Rusiya XİN: “Biz münaqişənin siyasi-diplomatik yolla həllinin tərəfdarıyıq”
28.11.2019
“Qafqaz regionuna terroru erməni siyasi təşkilatları gətirib”
26.11.2019
Münaqişənin həlli üçün Ermənistan qoşunları işğal edilmiş ərazilərdən çıxarılmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info