Böyüməkdə olan gənc nəslin yay istirahətlərinin mənalı və səmərəli təşkili, onların vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, istiqamətində Səbail Rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunları, və Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin birgə layihəsinə yekun vurulub və layihə əsasında təşkil olunan «Şahinlər» hərbi-vətənpərvərlik təmayüllü düşərgədə yeniyetmələrin yay istirahəti başa çatıb. Səbail rayonunda yeniyetmələrin yay istirahətinin səmərəli və yaddaqalan təşkili istiqamətində keçirilən növbəti tədbirin təntənəli bağlanış mərasimi keçirilib. Səbail rayonunun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən olan və Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, həmçinin «SOS-Azərbaycan» uşaq kəndində tərbiyə alan, ümumilikdə 250-dən çox nəfər yeniyetmə üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Quba filialının ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü, ödənişsiz «Şahinlər» yay istirahət düşərgəsində 2 həftə ərzində keçən mənalı və yaddaqalan istirahət başa çatıb və bu düşərgə uşaqların xatirəsində silinməz izlər buraxıb. Səbail Rayon İcra Hakimiyyəti və Daxili Qoşunlar tərəfindən xoş istirahət üçün hər cür şərait yaradılan düşərgədə şagirdləri gələcəkdə hərbi xidmətə layiqincə hazırlamaq məqsədi ilə burada hərbi-səhra çadırı qurulub, səhra mətbəxi yerləşdirilib, həyətdə ümummilli lider Heydər Əliyevə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə, ölkədəki ordu quruculuğuna, Milli Qəhrəman Mübariz İbrahimova, Daxili Qoşunların fəaliyyətinə, artıq 9-cu dəfə təşkil olunan «Şahinlər» düşərgənin tarixinə həsr olunmuş stendlər asılıb. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı və yaddaqalan edib.
Uşaqların Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə, o cümlədən Qubadakı Soyqırımı muzey-kompleksinə gəzintiləri təşkil olunub, istirahətin bir günü Daxili Qoşunlar tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilib. Məktəblilərin təlimləri Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində keçib, burada onlar hərbi hissənin şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olub, xüsusi təyinatlı bölüyün məşqlərinə qatılıb.
Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərsləri müxtəlif mövzularında məşğələlər, müxtəlif maraqlı görüşlər keçirilib, müxtəlif filmlər nümayiş etdirilib. Düşərgənin bağlanışı ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edən layihə təşkilatçıları Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, DİN Daxili Qoşunlar Komandanının müavini, general-mayor Fəxrəddin Səmədov və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olub, idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim ediblər.
Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdiriblər.
Respublikamızın tanınmış incəsənət xadimləri və Daxili Qoşunların hərbi orkestrinin iştirakı ilə keçirilən bayram konsertində düşərgədə istirahət edən uşaqlar da öz məharətlərini göstəriblər. Maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr, onların valideynləri bu istirahətin təşkilində əmək sərf etmiş təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
Nigar
|