Məktəbəqədər təhsil uşaqların mənəvi inkişafında önəmli mərhələdir
Tarix: 18.08.2014 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Azərbaycanda uşaqların mənəvi inkişafı ilə bağlı məktəbəqədər təhsil mərhələsi barədə bildirmək yerinə düşərdi. Qeyd etmək lazımdır ki, ölkə təhsilinin aktual problemlərindən biri də məktəbəqədər təhsil sahəsində nəzərə çarpır. Bu baxımdan layihə çərçivəsində bu sahə ilə bağlı bir sıra məqamlara nəzər salmağı lazım bildik.
Məktəbəqədər təhsil anlayışı bizdə birinci növbədə bağçalarla bağlı işlədilir. Bağça isə təəssüf ki, bizdə məktəbdən ayrı, təhsil sistemindən təcrid olunmuş, sadəcə dayəçilik elementi kimi anlaşılır. Belə bir stereotip formalaşıb ki, məktəbəqədər qurum və təhsil, assosiasiya ilə bağça eyniləşdirilir. Həmçinin belə bir münasibət forması mövcuddur ki, bağça mərhələsi o qədər də vacib deyil. Son on ildə bağçalara diqqətsizlik nəticəsində onlar daha bərbad vəziyyətə düşüb. Bağçaların özəlləşdirilməsi proqramı isə ilk vaxtlarda çox böyük ziyana səbəb oldu. Bununla məktəbəqədər təhsil tamamilə tənəzzülə uğradı. Yəni bağçaların özəlləşdirilməsi demək olar ki, Azərbaycanda məktəbəqədər təhsilin sonunu çatdırdı. Bu məsələdə problemlər hələ də tam aradan qalxmayıb.
Müşahidələr və ekspertlərin rəyi göstərir ki, məktəbəqədər təhsildə özəlləşdirmə prosesi lazımi şəkildə getməyib və effekt verməyib. Bununla bağlı köhnə sistem dağılmaq üzrədir, yeni islahatlar isə hələ də ləng və səmərəsiz aparılır. Bu sahədə özəlləşdirmə yenə də bahalı və seçilmiş xidmət kimi xarakterizə edilir və effektli deyil. Əslində özəl sektor nə qədər təhsil xidmətlərini öz öhdəsinə götürürsə, dövlətdə də o qədər boşalan resurslar qalır və onlar da dövlət tərəfindən maliyyələşdirilən müəssisələrə verilə bilər. Amma bu səviyyəyə hələ gəlib çatmamışıq. Məktəbəqədər təhsil dövlət tərəfindən icbari status almayıb. Bununla bağlı hazırlıq tələbləri yoxdur. Burada çox mübahisəli məsələ yaranır. Əslində hazırda dünya praktikasında məktəbəqədər təhsillə ibtidai təhsil pilləsi bir-birindən ayrılmır. Bizdə isə məktəbəqədər təhsil erkən yaş qrupu kimi götürülür. Uşaqların mənəvi inkişafı baxımından bu məqama da ciddi diqqət yetirilməlidir. Belə ki, ekspertlərin fikrincə, əslində 3 yaşından 10 yaşına qədər olan təhsil bağça və ibtidai pillələrinə bölünməmiş, bütöv bir təhsil xidməti kimi reallaşmalıdır. Digər bir məqam kimi burada dövlət və özəl təhsil müəyyənləşdirilməlidir. Burada indi çox dəqiq bölgü var: özü-özünü maliyyələşdirən və əsasən müştərilərin ödədikləri xidmət haqlarından maliyyələşən özəl müəssisələr və dövlət tərəfindən maliyyələşənlər. Bu məsələdə əsas olan nədir? Nə qədər uşaqlar, keyfiyyətli, yaxşı, evinə yaxın və onu qane edən təhsil alsa, bir o qədər yaxşıdır. Burada özəl və ya dövlət məktəbi olmasının fərqi yoxdur. Burada kasıb ailələrin uşaqlarının təhsil hüquqları, imkanları çatmadıqlarına, ödənişli təhsilə gedə bilmədiyinə görə pozulmamalıdır. Onların dövlət məktəbində də keyfiyyətli təhsil almaları təmin edilməlidir.
Dünyada özəl məktəblərin dövlət tərəfindən maliyyələşdirilməsi modeli də tətbiq olunur. Yəni özəl məktəblərdə dövlətin subsidiyalarına görə xüsusi pulsuz yerlər olur. Amma bizdə dövlət universitetlərində özəlləşdirilmiş qruplar fəaliyyət göstərir. Bu məqamla bağlı bir sıra neqativ faktlar müşahidə edilir ki, onlara konkret halda toxunmağı lazım bilirik.
Məsələn, adını çəkmədiyimiz bir ali məktəbin liseyi kimi fəaliyyət göstərməyə başlayan məktəbdə məktəbəqədər hazırlıq adı altında həftədə iki dəfə olmaqla beş-altı yaşlı uşaqların hazırlığı aparılır. Amma bunu tam və normal məktəbəqədər hazırlıq adlandırmaq olmaz. Çünki həftədə iki dəfə ötəri hazırlıq kifayət etmədiyi kimi, bu hazırlıq zamanı müəllimlər bir sıra xətalara da yol vermiş olurlar. Bununla bağlı konkret faktlara diqqət edək. Belə ki, qabaqcıl orta məktəb və liseylərdən biri kimi qələmə verilən bu məktəbin hazırlıq sinfi müəlliməsinin verdiyi tapşırığa diqqət verək.”O” hərfini uşaqlara öyrətmək üçün müəllimə “özfəaliyyətlə” məşğul olaraq bir şeir tapşırığı verir və orada belə qeyd edilir:

“O” ordudur, oğullar
Vətəni qoruyacaq,
Oğuz eli düşməni ORAQLA doğruyacaq...

“Düşməni doğramaq” məqbul sayıla bilərdi, amma oraqdan - adi məişət əşyasından qətl üçün yararlanmağı aşılamaq nə dərəcədə məqbuldur? Bu, altı yaşlı uşaqların təhtəlşüurunda məişət zorakılığından tutmuş, məişətdə cinayətkarlıq, qətl üçün yer eləmirmi? İstənilən uşaq psixoloqları bu barədə qeyd etdiklərimi bölüşə bilər. Elə bu barədə həmin şeiri əzbərləməli olan uşağın təəccübü və bununla bağlı mənə verdiyi sual da uşaqların beynində bu haqda artıq indidən təzadın formalaşdığını büruzə verir. Bu cür “şeirlər” əslində çoxdur və dərhal görünür ki, belə məsələlərə məktəb rəhbərliyinin diqqətlə yanaşması, lazım gələrsə, məktəb psixoloqlarının bu işə cəlb edilməsi təmin edilməlidir.
Başqa bir misal. Azərbaycan bayrağındakı rənglər müəllimə tərəfindən uşaqlara belə təlqin edilir: “Göy rəng - hava, qırmızı - od, yaşıl - torpaq deməkdir”. Belə çıxır ki, bayrağımızda dördüncü rəng də olsaydı, müəllimə onu yəqin ki, Novruz çərşənbələrinə uyğun olaraq, “su” kimi yozardı...
Yaxud məktəbəqədər hazırlıq mərhələsində uşaqlara verilən məntiqi təfəkkürə aid tapşırıqlar barədə bildirmək yerinə düşər. Belə ki, həmin hazırlıq mərhələlərində olan uşaqlara onlar üçün çox çətin olan məntiqi tapşırıqlar verilir. Ən acınacaqlısı odur ki, bu tapşırığı verən müəllimin özü həmin tapşırıqların öhdəsindən gələ bilmir. Dəfələrlə şahidi olmuşuq ki, valideynlər bu məqamdan çox ciddi gileylənir, şikayət edirlər. Əlbəttə, övladlarının təhsilindən yana narahat olan valideynlərin bu narazılığı haqlıdır. Məsələ burasındadır ki, Bakının öncül məktəblərində belə, həmin məntiqi tapşırıqlardan baş çıxarmayan müəllimlərlə rastlaşmaq olur. Zatən, elə bu məsələdən şikayətlənən valideynlərin uşaqları da elə Bakı məktəblərində hazırlığa gedir. Bəs, niyə belə bir problem yaranıb? Qəribə burasındadır ki, həmin məntiqi tapşırıqların çoxu magistraturaya qəbul imtahanlarına salınan məntiqi təfəkkürə aid suallarla eyni xarakterdədir. Bu cür tapşırıqları ciddi izah etmədən, onları sadə, anlaşıqlı bir dildə anlatmadan, azyaşlı uşaqların onları qavraması çox çətin məsələdir. Bundan başqa isə həmin məntiqi tapşırıqlarla bağlı ibtidai sinif müəllimləri çox ciddi bir şəkildə kurs keçməli, hazırlaşmalıdırlar. Əgər bu tapşırıqlar dünya təhsil standartlarına uyğun olaraq azyaşlılara tədris edilirsə, onları imitasiya xatirinə yox, çox ciddi bir şəkildə öyrətmək lazımdır. Onsuz da ibtidai məktəblərdə dərs yükünün çox ağır və çətin olması ciddi müzakirə mövzusudur. Dübarə, həmin tapşırıqların balaca məktəblilər üçün anlaşılmaz olması, onların üstündən ötülməsi ibtidai təhsilin nəzərdə tutulmuş proqrama əsasən reallaşmadığını deməyə əsas verir.
Digər problem ümumiyyətlə, məktəblərdə qadın müəllimələrin sayının əksəriyyət təşkil etməsi, bununla da məktəb şagirdlərinin daha çox qadın psixologiyasına uyğun formalaşmasının fəsadları barəsindədir. Bu barədə çox bildirilir. Yuxarıdakı iki fakt isə həm bu fəsadın əlamətlərini, həm savadsızlığı, eyni zamanda da vətənpərvərliklə bağlı düzgün tərbiyələndirməməni açıq qabardır. Unutmaq lazım deyil ki, əsl vətəndaş olmanın yolu əsasən orta məktəblərdə düzgün tədris-tərbiyədən keçir. Bu baxımdan əsgərin hərbi hissədə nə cür davranmasında da komandir heyətindən daha çox orta məktəb təhsilinin, daha doğrusu, bu təhsil prosesini təşkil edənlərin üzərinə məsuliyyət düşür.
Başqa bir problem həmin məktəbəqədər hazırlıq pillələrində dərs deyən müəllimlərin repetitor qismində əlavə qruplarla məşğul olması, buna görə də məktəbdəki qanuni hazırlıq qrupunu yaxşı hazırlaşdıra bilməməsidir. Belə ki, çox vaxt həmin uşaqların valideynləri də bu məqamdan xeyli şikayətlənir. Məsələn, artıq bu tədris ilinin sonunun çatmasına baxmayaraq, həmin hazırlıq qrupunun uşaqlarına hələ də hərflərin üçdəbir hissəsi belə keçilməyib. Bu uşaqlara ondan, yaxud iyirmidən yuxarı saymaq belə, öyrədilməyib...
Göründüyü kimi, sözügedən təhsil pilləsi ilə bağlı xeyli misallar çəkmək olar. Bütün bunlar məktəbəqədər təhsilin çox bərbad vəziyyətdə olduğunu göstərir. Ona görə də bu barədə fikirləşməyə və lazım gələrsə, ciddi sərmayələr qoymağa dəyər. Çünki tədqiqatlar göstərir ki, uşağa erkən yaşından nə qədər çox sərmayə qoyulursa, bir o qədər də o, sosial-siyasi, şəxsi inkişafda uğur qazanacaq. Bununla bağlı uzunmüddətli tədqiqatlar aparılıb və belə bir nəticəyə gəlinib. Bütövlükdə erkən yaşlarından daha yaxşı təhsilə cəlb olunan uşaqlar karyeralarında daha irəlidə olur və uğurlara imza atır. Buna görə də ekspertlər hesab edirlər ki, məktəbəqədər təhsili əsas məcburi pillə kimi təhsil prosesinə daxil etmək məqsədəuyğun və vacibdir.
İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
19.11.2019
“Ermənistan tərəfindən işğala son qoyulmaqla bu haqsızlıq tezliklə aradan qaldırılmalıdır”
18.11.2019
Ankarada Xocalı soyqırımına aid abidə kompleksi tikiləcək
14.11.2019
UNESKO-nun Baş Konfransında erməni yalanları ifşa olunub
12.11.2019
Türkiyə Prezidentinin müşaviri: “Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz qaytarmalıdır”
07.11.2019
İsveç parlamentində Dağlıq Qarabağ məsələsi qaldırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info