“Həm misirli, həm də azərbaycanlıyam”
Tarix: 19.08.2014 | Saat: 14:43:00 | E-mail | Çapa göndər


Şahenda Amr Şendi: “Azərbaycanı çox sevdiyim üçün burada yaşayıb, fəaliyyət göstərmək istəyirəm”

Adətən müsahiblər səlis danışa bilən və sərbəst düşünüb, fikrini düzgün ifadə edən insanlar olurlar. Belələri isə heç şübhəsiz ki, gənclik və yeniyetməlik yaşından başlayaraq formalaşırlar. Amma budəfəki müsahibimiz ənənəvi müsahiblərdən fərqlənir. O, uşaqdır və kifayət qədər də fikirlərini sərbəst ifadə edə bilir. Bundan əlavə müsahibimi maraqlı edən bir cəhət də var ki, o, başqa ölkədə doğulub yaşamasına və atasının əcnəbi olmasına baxmayaraq, Azərbaycana çox bağlıdır və ikinci Vətəni haqda çox şeyləri bilir. Onun adı Şahenda Amr Şendidir. Şahenda 13 yanvar 2007-ci ildə Misir Ərəb Respublikasının İsgəndəriyyə şəhərində doğulub. Atası Misir vətəndaşı olan Amr Şendidir. Amr Şendi həmçinin Misir-Azərbaycan ticarət nümayəndəliyinin prezidentidir. Şahendanın anası isə azərbaycanlı xanımdır. O, Misirdə ərəb dünyası üçün Azərbaycan haqqında ərəb dilində nəşr olunan “EgAz” jurnalının redaktorudur. Bu istedadlı və Azərbaycana bağlı olan misirli uşaqla olan müsahibəni oxuculara təqdim edirik.
-Şahenda, öncə ondan başlayaq ki, təhsilinə, dərslərinə ciddi yanaşırsanmı, ya bir çox uşaqlar kimi daha çox oynayıb, əyləncəli vaxt keçirməyə meyillisən?
-Bəli, mən dərslərimə ciddi yanaşıram və yaxşı oxuyuram.
Hazırda EGC kollecində təhsil alıram. Hətta bu il məktəbin birincilik diplomu ilə təltif olunmuşam. Müəllimlərimin deməsinə görə, çox aktivəm. Amma əyləncəli işlərə, oyunlara da vaxt ayırıram. Axı mən hələ böyüməmişəm! Ona görə də həmyaşıdlarımla bir yerdə olur, əyləncəli vaxt keçirir və həm də oxumağa, dərslərə də çox vaxt ayıra bilirəm.
- Şahenda, belə bir sadə və əslində sənin əsl kimliyini üzə çıxaracaq sual verim sənə- Özünü haralı sayırsan?
- Mənə bu sualı verəndə həmişə deyirəm ki, həm misirliyəm, həm də azərbaycanlı. Anam azərbaycanlıdır, atam isə misirli. Ona görə də hər iki millət və ölkə mənə çox doğmadır. Sizə deyim ki, hətta uşaq olmağıma baxmayaraq, böyüklərlə bərabər bir çox tədbirlərə qatılıram. Xüsusən də bu tədbirlər Azərbaycanla bağlı olanda xüsusi həvəslə toplantılara, bayramlara qatılıram. Həm İsgəndəriyyə, həm də Qahirədə Azərbaycanla əlaqədar təşkil olunan bütün tədbirlərdə aktiv iştirak edirəm.
Maraq üçün sizə deyim ki, hətta İsgəndəriyyədə keçirilən Novruz şənliyində “Bahar qızı” rolunu da ifa etmişəm.
- Ziyalı bir ailədə böyüyürsən. Bu, sənin həyat tərzinə necə təsir edir?
- Hə, atam-anam ziyalıdırlar və mənim də təhsilim, gündəlik gördüyüm işlər barədə diqqətlə maraqlanır, mənimlə ilgilənirlər. Yəqin bu səbəbdəndir ki, hələ bu yaşımda artıq azərbaycan, ingilis, ərəb və türk dillərində çox səlist danışıram. Xüsusən də mənə doğma olan azərbaycan dilini çox sevirəm. Bu dildə danışan istənilən adamı görəndə sevinirəm. Düzdür, Azərbaycandan olanlar Misirdə o qədər də çox deyil. Amma tədbirlərdə və ya elə Azərbaycana gələndə, bu dildə danışanlarla çox ünsiyyətdə oluram və bu, mənim çox xoşuma gəlir.
-Deməli, tez-tez Azərbaycanda da olursan. Azərbaycanla bağlı nələri xoşlayırsan?
-Düzünü deyim ki, yay tətilimi anamın Vətənində-Azərbaycanda keçirməyi çox xoşlayıram. Hətta Hüseyn babam mənə hər yay azərbaycan dili dərsləri də verir. Hətta bu yay Azərbaycana gələndə, bir verilişdə də iştirak etdim. Azərbaycanın dövlət kanalında gənclərə aid olan bir verilişə dəvət olunmuşdum. Kamera qarşısında özümü çox sərbəst hiss edirdim və həmin verilişdə Azərbaycan şeirini ifa etdim və jurnalistlərin, verilişdə olan qonaqların rəğbətini qazandım. Ümumiyyətlə,mən Azərbaycana çox bağlıyam və burada hər şeyi xoşlayıram. Hətta təkcə mən yox, onu da qeyd edim ki, kiçik bacım da var və o da belədir. Onun adı isə Nuraydır və bacım da məndən nümunə almağa çalışır.
-Yəqin sənin uşaq dünyanda Misirdə son 3 ildə baş verən hadisələrə yer yoxdur.
-Əlbəttə. Uşaq olsam da hər şeyi öz gözümlə görürəm axı. Artıq dərk edirəm ki, ətrafımda pis şeylər baş verir. Bu suala öz uşaq dünyamla cavab verirəm və münasibət bildirirəm ki, pislər artıq gedib, əvəzinə yaxşılar gəlib. Allaha şükürlər olsun ki, daha telekanallarda Misir küçələrində tökülən qanları deyil, yaxşı şeyləri göstərirlər və hətta daha çox uşaq aləminə aid verilişlərə baxa bilirik.
- Azərbaycana gəlməmiş bu ölkə haqda maraqlanmışdınmı? Gördüyünlə eşitdiyin arasında fərq oldumu?
-Hə, maraqlanmışdım. Anam qarabağlıdır. Yəqin onun belə bir yerdən olması da mənə çox təsir edib. Çünki həmişə istəyirəm ki, Azərbaycanda da hər şey yaxşı olsun və eşitdiyim müharibə və haqsızlıqlarla bağlı hər şey yoluna düşsün. Anama da deyirəm ki, gün gələcək Azərbaycan torpaqları erməni işğalçılarından azad olacaq. Hətta yarıciddi-yarızarafat deyirəm ki, “görəcəksən, hətta mən sənin Vətəninin - Qarabağın rəhbəri də olacağam”. Azərbaycana gələndə isə hər dəfə gözəlləşmiş şəhərlər görürəm. Bəzi yerlərdə isə uşaqlar üçün yaradılmış şəraitdən çox sevinirəm. Rayonlarda olmuşam və oraları çox bəyənirəm. Sanki nağıllar aləminə düşürsən. Bu ölkədə valideynlər övladlarını çox sevirlər. Mənim anam da belədir. Çox sevinirəm və “nə yaxşı ki, anam azərbaycanlıdır” deyirəm. Azərbaycan torpağına elə bir məhəbbətim var ki, bütün şəhərləri, rayonları və kəndləri qarış-qarış gəzib görmək istəyirəm. Böyüdükcə hər şeylə daha çox maraqlanıram və Azərbaycan da hər şeyi ilə zəngin olduğu üçün, bura mənim xoşuma gəlir. Qədim tariximizi, irsimizi, mədəniyyətimizi, adətlərimizi öyrənmək istəyirəm. Hər bir rayona gedəndə həmin rayonun adət- ənənələri ilə maraqlanıram, daha çox şey öyrənirəm. Ana Vətənin təbiətinin, sözün əsl mənasında vurğunu olmuşam. Hər dəfə anam, “Azərbayacana səfər edirik” -deyəndə çox sevinirəm. Misirə qayıdanda isə darıxıram. Amma Misirdəki dostlarıma, buradakı qohumlarıma Azərbaycanın necə gözəl olduğunu maraqla danışıram. Azərbaycanın bayramlarından ən çox sevdiyim isə qədim zamanlardan bizə qalan Novruz bayramıdır. Hər il Misirdə keçirilən Novruz şənliyinə çox böyük həvəslə hazırlaşıram. Misirlilər də bu bayramı geniş qeyd edirlər. Amma heç yerdə Azərbaycandakı qədər bayramı gözəl keçirmirlər. Tonqal qalanır, papaq atılır, yumurta döyüşdürülür, küsülülər barışır və s.
-Adətən uşaqlardan “hansı şeiri bilirsən” deyə soruşurlar. Mənsə “hansı Azərbaycan şairinin şeirini bilirsən” desəm, cavab nə olacaq?
-Məşhur Azərbaycan dramaturqu, şairi və nasiri Cəfər Cabbarlının “Azərbaycan bayrağı” şeirini əzbər bilirəm. Yəqin bu sizi çox təəccübləndirər, amma heyf ki, sizə canlı olaraq bu şeiri demək imkanı yoxdur, yoxsa lap təəccüblənərdiniz. Valideynlərim, nənə və babalarım da mənimlə bütün bunlara görə fəxr edirlər.
-Böyüyəndə Azərbaycanda yaşamaq istərdin, yoxsa Misirdə?
- Düzünü deyim ki, dəqiq bilmirəm. Heç anam da bilməzdi ki, nə vaxtsa Misirdə yaşayacaq. Amma Azərbaycanı çox sevdiyim üçün, çox istərdim burada yaşayıb, fəaliyyət göstərəm.

Tural Tağıyev







 
Bölməyə aid digər xəbərlər
21.08.2018
“Tramp Türkiyəni ABŞ və NATO təsiri altına salmağa çalışır”
15.08.2018
“Məqsədimiz beynəlxalq arenada mədəniyyətimizi layiqli şəkildə təmsil etməkdir”
13.08.2018
“Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
10.08.2018
Bəzən fermerlər təyinatı, mənşəyi bilinməyən əkin materialını bazardan alıb toxum kimi səpirlər
07.08.2018
Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9921

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 “Jeopoliturk.com”: “Azərbaycanın sabitlik, rifah və müstəqilliyi Türkiyə və Qərbi Asiyada sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyətlidir”
5 Lerikdə 28 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə vəsait ayrılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info