“Qərbin məqsədi Rusiyanı çökdürmək, onu qlobal iddialarından məhrum etməkdir”
Tarix: 11.09.2014 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


ABŞ və Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalarda yeni dalğa gözlənilir. Rusiya ilə Ukrayna arasında əldə edilən son atəşkəs razılaşmasından sonra avropalılar müvəqqəti olaraq yeni sanksiyaları təxirə salıblar. Avropalılar bu müddət ərzində atəşkəs dövründəki vəziyyəti qiymətləndirməyə çalışırlar. Amma bütün halda yeni sanksiyaların tətbiq ediləcəyi dəqiqdir. Rusiyanın “Vzqlyad” nəşrində bu məsələ ilə bağlı maraqlı məqalə yayılıb. Həmin məqalədə qeyd edilir ki, Avropa Rusiyaya qarşı sanksiyalara qoşulmaqla yanlış mövqe tutur və real müstəqilliyə hələ hazır olmadığını təsdiqləyir.
“Vzqlyad” yazır: “Avropa İttifaqı sentyabr ayından Rusiyaya qarşı ciddi sanksiyalara start verib. Bu sanksiyalar qaz sahəsi istisna olmaqla enerji və sənaye sektorunu əhatə edir. Buna qədər Avropanın Amerika təzyiqinə qarşı müqavimət göstərməsi haqqında danışmaq mümkün idisə, indi artıq söhbət iqtisadi müharibədən gedir. Bu müharibədə məqsəd təkcə Ukrayna cəbhəsində deyil, qlobal baxımdan Rusiyanı məğlubiyyətə düçar etməkdir. Avropa seçimini edərək Rusiyanın blokadasını nəzərdə tutan anqlosaks planına qoşulub. Atəşkəs sazişindən sonra sanksiya tətbiq etmək absurd olacağından Avropa müəyyən müddət gözləməyə üstünlük verdi. Bundan sonra Avropanın sanksiya planından vaz keçməsi ehtimalı sıfıra bərabərdir. Almaniya kansleri xanım Merkel bunun yolunu göstərib - Minsk razılaşmasındakı 12 bəndin yerinə yetirilməsi. Minsk razılaşmasına əməl olunması Kiyevdən asılıdır. Deməli, Avropa istənilən vaxt razılaşmanın pozulmasına görə Rusiyanı asanlıqla ittiham edə bilər. “Amerikalı tərəfdaşa” təqdim etmək üçün bəhanə həmişə var. Ona görə də, 3-5 gün və ya bir ay ərzində yeni sanksiyalar tətbiq ediləcək və Avropa ilə Rusiya arasında əsas mübarizə başlayacaq. Kreml Avropaya münasibətdə hansı taktikanı seçməlidir? Hələ yayın əvvəlindən məlum oldu ki, Qərb və Rusiya Ukraynaya nəzarət uğrunda kəskin mübarizəyə girib. Bu mübarizə bir də ona görə dərhal kəskinləşdi ki, Birləşmiş Ştatlar buna qədər də Rusiyaya təzyiqləri artırmış, Putini zəiflətməyə çalışaraq, postsovet məkanı ilə bağlı yeni inteqrasiya planlarını pozmağa start vermişdi. Putin hələ Ukrayna məsələsinə qədər dünyanın bütün əsas regionlarında iştirakını gücləndirmək və Çinlə yaxınlaşmaqla ABŞ-ın təzyiqlərinə cavab verirdi. Rusiyanın Ukrayna məsələsindəki kəskin cavabı ABŞ-ı daha da özündən çıxardı və Rusiyanın izolyasiyasına start verməklə, Rusiya və Putinə müaribə elan edildi. Bu müharibənin məqsədi təkcə Rusiyanı Ukraynanın atlantlaşdırılması ilə barışmağa məcbur etmək deyil, həm də Rusiya iqtisadiyyatını çökdürmək, onu real suverenlik və qlobal rol iddialarından məhrum etməkdir. Bu müharibənin əsas mərmiləri sanksiyalardır və ABŞ çalışır ki, bura daha çox sayda Rusiyanın əsas ticarət tərəfdaşlarını qoşsun”. Məqalədə qeyd edilir ki, ideoloji, hərbi və elita baxımından anqlosaks asılılığında olan Avropa bu müharibədə “piyada” rolunu oynayır. Avropa elitası anqlosaksların təzyiqinə sadəcə il yarım davam gətirə bilib. Rusiya yaxşı bilirdi ki, Avropa ABŞ-ın bu planına qoşulacaq və buna görə də Kreml Qərb blokunun daxilində parçalanmaya çalışırdı və müəyyən mənada buna nail olub. “Vzqlyad” yazır ki, ABŞ-a Avropanın Rusiyaya qarşı plana qoşulması həm də ona görə lazımdır ki, qitəni Rusiya bazarından uzaqlaşdıraraq, transatlantik azad ticarət zonasına yönləndirsin. Rusiya ilə əlaqələrin zəifləməsi Avropanın atlantik bazara istiqamətləndirmə işini xeyli asanlaşdıracaq. “Yeni sanksiyalar tətbiq etməklə, Avropa tarixi seçim edərək özünü gələcək müstəqilliyi üçün çox vacib olan alətdən məhrum edir. Bu mübarizədə onların əsas aləti Rusiya ilə normal münasibətlər ola bilərdi. Rusiya ilə normal münasibətlər Avropaya təkcə iqtisadi baxımdan deyil, eləcə də anqlosaks diktaturasına qarşı mübarizədə geosiyasi baxımdan çox vacibdir. Bu münasibətləri korlamaqla Avropa ABŞ-dan olan asılılığını daha artırmış olur. Bu asılılığı istəməyən avropalıların etirazı qaçılmazdır. Bu mübarizəni Rusiyasız aparmaq onlar üçün çox çətin olacaq” -deyə məqalədə qeyd edilir. Məqalədə o da qeyd edilir ki, Rusiya bundan sonra Şərqə və Cənuba daha çox yönəlməlidir. Avropalıların isə onlardan sonra Asiya şirkətlərinin ələ keçirəcəyi Rusiya bazarlarına dönməsi praktiki cəhətdən mümkün olmayacaq: “Avropa başa düşmür ki, Rusiya heç bir təzyiq altında öz siyasətindən, xüsusilə də postsovet məkanında inteqrasiya siyasətindən vaz keçməyəcək”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Leyla Əliyeva Bakıda 7-ci arena polo üzrə dünya kubokunun final görüşünə baxıb
15.09.2019
Türkiyə “Kərkük-Ceyhan“ı sürətləndirmək istəyir
15.09.2019
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15.09.2019
Rusiyanın Uzaq Şərqi su altında qalır
15.09.2019
Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info