Neft-qaz emalı və neft-kimya kompleksi strateji layihələrdir
Tarix: 05.11.2014 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


Bakıda II ARDNŞ Neft-Qaz emalı və Neft-Kimya Kompleksi (NQNK) Forumu öz işinə başlayıb. İki gün davam edəcək forumda “İri neft-qaz emalı və neft-kimya layihələrinin LST mərhələləri”, “Qaz-kimya sənayesi üzrə texnoloji nailiyyətlər və bazar tendensiyaları”, “Neft və qaz sahəsi üzrə əsas avadanlıq, material və xidmətlər”, “NQNK layihələrinin maliyyə-hüquqi xüsusiyyətləri”, “İri layihələrin reallaşdırılmasında razılaşdırma, logistik, torpaq, ekoloji və digər aspektlər” və “İrimiqyaslı layihələrdə yerli podratçıların təcrübəsi” mövzuları ilə bağlı müzakirələr aparılacaq.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev forumun açılışında bildirib ki, rəhbərlik etdiyi şirkət dünyanın neft-qaz siyasətində mühüm rol oynayır. R. Abdullayev qeyd edib ki, hazırda NQNK layihəsinin təşəbbüskarları Layihələndirmə-Satınlama-Tikinti (LST) adlanan ikinci mərhələyə, yəni layihənin bilavasitə həyata keçirilməsi mərhələsinə başlayır: “Bu forum həm dünya, həm də yerli miqyasda şirkətlərə yüksək səviyyədə neft-qaz emalı və neft-kimya sahəsi üzrə təcrübə və texnologiyalarını təqdim etmək üçün unikal şərait yaradacaq”.
Qeyd edək ki, NQNK layihəsinin birinci mərhələsində illik istehsal gücü 12 mlrd. kubmetr olan Qaz Emalı zavodunun və ildə ümumilikdə 860 min ton polimetr (yüksək sıxlıqlı və xətt aşağı sıxlıqlı Poloetilen və Polipopilen) istehsalını nəzərdə tutan qaz xammalı əsaslı Neft-Kimya zavodunun, o cümlədən kompleksin fasiləsiz istismarını təmin etmək məqsədi ilə İstilik Elektrik Mərkəzi daxil olmaqla, Mərkəzi Ümumzavod Təsərrüfatı blokunun tikintisi planlaşdırılır. Kompleks Bakı şəhərindən 60 km məsafədə, Abşeron və Qaradağ rayonlarının sərhədində olacaq. Kompleksin birinci mərhələsinə aid olan zavodların 2020-ci ildə istismara verilməsi nəzərdə tutulub.
R.Abdullayev bildirib ki, Azərbaycanda yeni neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı kompleksinin yaradılması layihəsi Dövlət Neft Şirkətinin ən mühüm və strateji layihələrindən biridir. Onun sözlərinə görə, yeni kompleksin inşası barədə qərar ölkənin neft məhsullarına tələbatı və köhnə emal müəssisələrinin vəziyyəti nəzərə alınaraq qəbul edilib. R.Abdullayev onu da bildirib ki, layihə çərçivəsində texniki-iqtisadi əsaslanma (TİƏ) və tikinti işlərinin başlanması üçün sahə hazırlanıb. ARDNŞ rəhbəri deyib ki, hazırda layihə planlaşdırma, təchizat və tikinti mərhələsindədir. OGPC Bakıdan 60 kilometr məsafədə yerləşəcək, üç emal müəssisəsindən və İstilik Elektrik Stansiyasından (İES) ibarət olacaq.

Gələn ildən Azərbaycanda sıxılmış təbii qaz stansiyalarının inşasına başlanacaq

R.Abdullayev bildirib ki, gələn ildən Azərbaycanda altı sıxılmış təbii qaz stansiyalarının (CNG) inşasına başlanacaq. Onun sözlərinə görə, bu cür stansiyaların tikilməsi üçün hökumət ARDNŞ-ə müvafiq tapşırıqlar verib: “Artıq “Azəriqaz” və bir neçə şirkət sıxılmış təbii qaz stansiyalarının (CNG) tikilməsi layihəsinə başlayıb. Sıxılmış təbii qaz ilk olaraq gələn ilin birinci yarısında Bakıya gətiriləcək qazla işləyən avtobuslarda istifadə olunacaq”. R. Abdullayev qeyd edib ki, stansiyalar Bakı və paytaxtın ətrafında yerləşəcək. O, əlavə edib ki, stansiyaların sayı ilbəil artacaq: “Azərbaycanın hər 180 km-də bu stansiyalar yerləşdiriləcək. Düşünürəm ki, bu həm iqtisadi, həm də ekoloji cəhətdən sərfəlidir. Gürcüstanda bunun müsbət nəticəsini gördük”.

Azərbaycan Qazaxıstana benzin ixrac etməyə hazırdır

Qazaxıstanın “KazMunayQaz” milli şirkəti Azərbaycana benzin alınması ilə bağlı müraciət etmədiyini deyən R. Abdullayevin sözlərinə görə, hazırda ölkədən benzin ixrac olunmur və istehsal tamamilə daxili tələbatın təminatına yönəldilib, lakin Qazaxıstana gəldikdə söhbət kiçik həcmlərdən gedir: "Əgər onlar bazara uyğun yaxşı qiymət təklif etsələr, biz həcmlər tapa və ixracı təmin edə bilərik. Bu, kiçik həcmlərdir, bazar qiymətinə tədarük edə biləcəyimiz cəmi 5-10 min tondur".
Bir müddət əvvəl Qazaxıstanın Energetika Nazirliyi bəyan etmişdi ki, ölkə Azərbaycandan yanacaq tədarük etmək üçün "Lanturno Management S.A." beynəlxalq şirkəti ilə müqavilə imzalayıb. Lakin kontragent [ixracı təmin edən şirkət] Azərbaycanın neft məhsullarının Qazaxıstana razılaşdırılmış həcmdə tədarükünə hazır olduğunu təsdiq etməyib və bununla əlaqədar ixrac həyata keçirilmir.

ARDNŞ Rusiyaya qaz ixracını 2015-ci ildə bərpa edəcək

R.Abdullayev qeyd edib ki, ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rusiyaya qaz ixracını 2015-ci ildə bərpa edəcək. Bir müddət əvvəl Dövlət Neft Şirkəti Rusiyaya qaz ixracını Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun qalan hissəsinin tikintisi, həmçinin qaz nəqli infrastrukturunun özündə tikinti işləri ilə əlaqədar dayandırıb. R. Abdullayev bildirib ki, işlər davam edir və ehtimal ki, qazın nəqli artıq gələn il bərpa ediləcək.

2030-cu ildə yeni neft emalı zavodu istismara veriləcək

ARDNŞ-in strateji inkişaf üzrə vitse-prezidenti, OGPC-nin direktoru Tofiq Qəhrəmanov bildirib ki, Azərbaycanda yeni neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı kompleksi (OGPC) çərçivəsində tikintisi nəzərdə tutulan neft emalı zavodu bu layihənin ikinci mərhələsində inşa ediləcək və 2030-cu ildə istismara veriləcək. Onun sözlərinə görə, respublikanın neft məhsullarına olan tələbatının təmin olunmasının vacibliyi və qlobal neft-qaz layihələrinin reallaşdırılmasına böyük həcmdə investisiyaların yatırılması nəzərə alınaraq, neft emalı zavodunun tikintisinin iş qrafikinə dəyişiklik edilməsinə dair qərar qəbul olunub. T.Qəhrəmanov bildirib ki, həmçinin Azərbaycanda yanacağa olan tələbatın təmin edilməsi çərçivəsində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yenidən qurulması, eləcə də onun daha 15 il ərzində öz işini davam etdirməsi haqqında qərar qəbul edilib. O deyib ki, eləcə də zavodun yenilənməsi və 7-8 qurğunun tikintisi işlərinin aparılması planlaşdırılır. ARDNŞ-in strateji inkişaf üzrə vitse-prezidenti qeyd edib ki, qaz emalı zavodunun və neft-kimya məhsullarının istehsalı üzrə müəssisənin tikintisi OGPC-nin 2020-ci ildə tamamlanması planlaşdırılan birinci mərhələsi çərçivəsində nəzərdə tutulur.
Qaz emalı zavodunun gücü ildə 12 milyard kubmetr təşkil edəcək, eləcə də il ərzində 860 min ton polimer məhsullar istehsal olunacaq. Onun sözlərinə görə, aparılan araşdırmalardan sonra neft-kimya müəssisəsinin əsas xammalı kimi naftadan imtina edilməsi və qazla işə keçilməsi qərara alınıb.
Layihənin birinci mərhələsinin dəyəri yeddi milyard dollardır (kredit faizləri nəzərə alınmaqla 8,45 milyard dollar). Layihənin öz xərcini çıxarma müddəti 4-5 ildir. Layihənin 30 faizi dövlət vəsaitləri hesabına (məbləğ beş il ərzində hissələrlə ayrılacaq), 70 faizi isə cəlb edilmiş vəsaitlərin hesabına həyata keçiriləcək.
OGPC Bakıdan 60 kilometr məsafədə yerləşəcək, üç emal müəssisəsindən və İstilik Elektrik Stansiyasından (İES) ibarət olacaq.

Mazut istehsalından tamamilə imtina oluna bilər

ARDNŞ-in emal üzrə vitse-prezidenti David Məmmədov çıxışında bildirib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) əsas hədəfi müasir Avropa standartlarına uyğun yanacağın istehsal edilməsidir. Onun sözlərinə görə, Avropa standartlarına yanacağın istehsal edilməsi Azərbaycanda mazut istehsalından tamamilə imtina olunmasına gətirəcək. D. Məmmədovun proqnozlarına görə, ölkədə 2,4 mln. ton benzin, 2,7 mln. ton müasir dizel istehsal olunacaq: “Bu da ARDNŞ-ə Gürcüstandakı şəbəkənin tələbatını qismən ödəyəcək”. Vitse-prezident deyib ki, ölkədə neft emalı zavodlarının modernləşdirilməsi başa çatdıqdan sonra, bütün yanacaq növləri “Avro-5” ekoloji standartına cavab verəcək: “Bitum və maye qaz istehsalı bu standarta uyğun istehsal olunacaq. Bu da bizim gələcək tələblərimizi ödəyəcək. Bitumun 354 min tonunun istehsalı tamamilə mazut istehsalının dayandırılmasına səbəb olacaq. Bununla da 2030-cu ilə qədər bütün növ yanacaqlarla Azərbaycan öz tələbatını tam ödəyəcək”. O qeyd edib ki, müvafiq inkişaf proqramı çərçivəsində ARDNŞ-in inteqrasiya prosesləri davam edəcək: “İnkişaf proqramı qəbul edildikdən sonra Heydər Əliyev adına Bakı neft emalı zavodu icra qrafikinə əsasən tam müasir standartlara uyğun yanacaq istehsalını təşkil edəcək. Bu yenidənqurma nəticəsində neft və yanacaq daşıyıcılarına olan tələbat tam ödənəcək”.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Mən qaçıb gizlənən adam deyiləm...
18.09.2019
Şimali Koreyaya aid balıqçı gəmisinin heyəti Rusiya sərhədçilərinə hücum edib
17.09.2019
Sudanda “Türk kəndləri“ salınacaq
17.09.2019
Vilayət Eyvazovdan yeni təyinat
17.09.2019
Mədəniyyət xadimlərinə fəxri adlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info