“İlk təhsil ilində mükafat almaq böyük qürurdur”
Tarix: 12.01.2015 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Qazaxıstanda oxuyan Ruslan Dost Əli: “Qazaxlar haralı olduğumuzu biləndə, “siz bizim özümüzünküsünüz” deyirlər”

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı həm də gənc yazar kimi fəaliyyət göstərən Ruslan Dost Əlidir. Ruslan yenicə Qazaxıstanda Xoca Əhməd Yasəvi Universitetində ali təhsil almağa başlasa da, artıq ölkəmiz adına uğurlu fəaliyyət də göstərir. O, qatıldığı bir şeir yarışmasında ikinci yerə layiq görülüb. Bu maraqlı və istedadlı gənclə olan müsahibəni oxuculara təqdim edirik.
- Yenicə oxumağa başladığınız universitet barədə oxuculara məlumat verərdiniz.
- Öncə onu deyim ki, hələ ki, hər şey öz qaydasında gedir və təhsillə bağlı problemlər yaşanmır. Universitetə gəldikdə isə yenicə oxumağa başladığım Xoca Əhməd Yasəvi Universiteti, Qazaxıstanın Türküstan şəhərində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin qərarı ilə 6 May 1991-ci ildə qurulub. Süleyman Dəmirəlin Baş nazir kimi Qazaxıstana səfərində (29 Aprel - 1 May 1992) bu universitetin Qazaxıstan və Türkiyə ortaq universiteti olması qərarlaşdırıldı. Universitetin tədris dili də bizə çox doğma və yaxındır. Yəni burada tədris dili Türkiyə türkcəsi və qazax türkcəsidir. Bu dillərlə bərabər, tələbələrə ingilis və rus dilləri də öyrədilir. Tibb fakültəsində təhsil 2 dil üzərindən verilir. Qazax və rus dilləri ilə dərs verilən 2 sinif növü var. Qazax siniflərində türk, ingilis və rus dilləri, rus siniflərində türk, ingilis və qazax dilləri tədris olunur.
Universitetdən alınan diplomların Qazaxıstan və Türkiyədə eyni səviyyədə təhsil verən ali orqanların diplomlarına və bunlara verilmiş hüquqlara bərabər dəyəri qanunla təmin edilib.
-Adətən gənclərimiz xaricdə təhsili seçərkən ilk çətinlikləri getdiyi ölkədəki fərqli adətlər və yaşam tərzi ilə bağlı olur. Belə bir çətinliklə üzləşməmisiniz ki?
- Bura bir çox meyarlara görə bizə yaxın hesab edilir. İstərdim, yerli xalqın məşğuliyyəti və olduğum şəhər barədə məlumat verim. Mən olduğum şəhər kiçikdir və paytaxtdan xeyli kənardadır. İnsanların bir qismi bazarlarda işləyir, digər qismi isə daha çox sürücülük edir. Kentau kiçik olduğu qədər də sakitdir. Burada hərə öz işi ilə məşğuldur. Əlbəttə ki, fərqli, özlərinə xas adət-ənənələri var. Məsələn bizdə qonağa ilk olaraq çay verirlər, burada isə "kımız" yəni "at südü". Qazaxlar hörmətli qonaqlara mütləq at əti bişirirlər. Bu isə məni bir qədər təəccübləndirdi. Həmçinin görüşərkən ikiəlli və baş-başa görüşürlər. Elçi getməkləri, toyları, ad qoymaqları və s. bir neçə nüansları nəzərə almasaq demək olar ki, bizimlə eynidir. Hamımız böyük türk dünyasına aid olduğumuzdan ortaq tərəflərimiz və adətlərimiz az deyil. Dillərimizdə də ortaqlıqlar var təbii ki. Məsələn, saylara baxanda bunu aşkar sezmək olur. Bizdə bir, iki, üç, bunlarda bır, eki, üş deyilir. Həmçinin, bizdə müəllim, bunlarda muğallim, bizdə yataqxana, bunlarda jatakxana, bizdə qələm, bunlarda kalam, bizdə dəftər, bunlarda isə dəptər deyilir. Belə misalları çox çəkmək olar.
-Universitetinizdə azərbaycanlılar varmı? Ümumiyyətlə, bu ölkədə azərbaycanlılara münasibət necədir?
-Haqqında bəhs etdiyim universitetdə hazırda yetmişə yaxın azərbaycanlı tələbə təhsil almaqdadır. Buradan Amerikaya, Türkiyəyə və başqa ölkələrə təhsilini davam etdirmək üçün göndərilən gənclərimiz də var, təhsilini başa vurub vətəninə dönənlər də. Öncə qeyd edim ki, burada heç bir ölkənin gəncləri azərbaycanlılar qədər bir-birilərinə yaxın deyil və bu nəzərə çarpmaqdadır. Bayramlarda, ad günlərində, uğur qazandığımız məqamlarda, əlamətdar günlərdə, anım günlərində, həmçinin işğal altında olan torpaqlarımızın il dönümlərində bir yerdə oluruq. İşğal edilmiş rayon və şəhərlərimizlə bağlı ildönümlərində tədbirlər düzənləyirik, matəm elan edilir, müəyyən çıxışlar da edib, olunan haqsızlıqları, vəhşilikləri müxtəlif ölkələrdən gəlmiş tələbələrin nəzərinə çatdırırıq və birliyimizi bir daha nümayiş etdirmiş oluruq. Buradakı azərbaycanlılara münasibətə gəlincə, onu deyə bilərəm ki, bizə çox hörmət edirlər. Adicə taksiyə minərkən belə, haralı olduğunu soruşurlar, azərbaycanlı olduğunu bilən zaman təkrar salam verərlər, “siz bizim özümüzünküsünüz” deyərlər. Bəzən də yol boyu bizim musiqiləri oxudarlar. Təbii ki, bu da bizlər üçün sevindirici hallardan biridir ki, bizə istiqanlı münasibət sərgilənir. Burada hər birimiz bir Azərbaycanıq. Yaxşımız da onun adınadır, pisimiz də.
- Azərbaycanda olanda daha çox gənc şair kimi fəaliyyət göstərirdiniz. Bu yaxınlarda isə Qazaxıstanda şeir müsabiqəsinə qatılaraq uğur əldə etdiniz. Bu barədə də söz açardınız.
-Bəli, universitetimizdə düzənlənən "Türkcə şeir yarışması"na mən də inamla qatıldım, seçim turlarından uğurla keçdim. Finala 11 nəfər qaldı. 11 nəfərin 4-ü münsiflər heyəti tərəfindən ən yüksək xal aldı və yenidən səsvermə oldu. Mən ikinci yeri qazandım və mükafatlandırıldım. Açığı, bu, tamam başqa bir hissdir. Bir azərbaycanlı gənc şairin yarışmada belə qiymətləndirilməsi sanki mənə dünyaların bəxş edilməsi hissinə bərabərdir. Nə gizlədim, ikinci yerə layiq görüldüyümü biləndə çox sevindim və bunu ən böyük uğurlarımdan saydım. Təbii ki, hər bir insan öz uğuruna sevinməlidir. Amma belə bir uğuru öz ölkəmizdə qazanmış olsaydım, bu qədər sevinməzdim düzü. Ancaq bu uğur vətəndən kənarda olduqda, nəinki sevinirsən, həm də fəxr edib, xüsusi hisslərə qapılırsan. Çünki xaricdə qazandığın uğuru təkcə sənin adınla bağlamırlar. Elə gəlin, mənim sözügedən yarışmadakı uğurumu götürək. Burada heç kim demədi ki, ikinci yeri Ruslan Dost Əli qazandı. Hamı dedi ki, ikinci yerə azərbaycanlı layiq görüldü. Yəni hər zaman ölkəmizin adı bizdən qabaqdadır və adı adımızdan öncə çəkilir. Belə də olmalıdır. Baxın, bütün bunlara görə keçirdiyin sevinc hissi də birə beş artır, fərəh hissi keçirərək bəlkə də kimlərəsə fəxr hissləri də yaşadırsan. Hamı yaxınlaşıb salam verir, əlini sıxır, təbrik edir, sənin barəndə və ölkənlə bağlı daha çox maraqlanırlar. O zaman qürur hissin birə-beş artır, həm də bütün varlığınla azərbaycanlı olduğuna sevinirsən!
Təhsilin ilk ilində belə bir uğur qazanmaq o deməkdir ki, hələ yaxın 5 il ərzində Azərbaycan adına bizi çox uğurlar gözləyir. Həm də böyük uğurlar! Qazanılacaq uğurlar qazanılmış uğurları kölgədə qoymalıdır ki, uğurun həqiqətən davamlı və təbliğatda böyük rolu olsun və sənin də zirvəyə doğru yön aldığını hamı görsün.
Əminliklə deyə bilərəm ki, necə olması gərəkdirsə, elə də olacaq.
-Gənc Azərbaycan şairləri ilə qazax şairləri arasında müqayisələr aparmısınızmı?
-Əlbəttə ki, yazar olduğumdan hansı ölkədə oluramsa, ilk maraqlandığım həmin ölkənin poeziyası olur. Buranın gənc yazarlarını hələ o qədər də yaxşı tanımıram. Artıq universitetimizdə bir neçəsi ilə tanışam. Onların da şeirləri, hələ gənc olduqlarından, tam yetişkin deyil. Ancaq bütövlükdə Qazaxıstan poeziyasını bu 2-3 gənc yazarın əhatə və təmsil etdiyini desəm, yanılmış olaram təbii ki. Hələ buradakı yazarlara bizim gənc yazarlarla müqayisə edəcək qədər də bələd deyiləm. Düşünürəm ki, bu barədə gələcəkdə daha dəqiq, konkret fikir yürütmək gücünə malik olacağam. Hələ ki, dərslərimdən dolayı gənc yazarları o qədər də oxumağa zamanım olmur, bura gəldiyim vaxtın da cəmi 3 ay olduğunu xatırlasaq, başqa sözə ehtiyac olmaz məncə. Bir şeyi də qeyd edim ki, mənə görə Azərbaycan poeziyası qədər saf, duru, səmimi poeziya yoxdur. Təkcə Ə.Kərimin "Qaytar ana borcunu", S.Vurğunun "Azərbaycan", B.Vahabzadənin "Allah", Hüseyn Cavidin "Salam türkün bayrağına", Qabilin "Azərbaycan əsgəri" şeiri ilə dünya poeziyasına meydan oxumaq olar!
Bir faktı da nəzərinizə çatdırım ki, burada oxuyan türk tələbələr mənə Nəsiminin qəzəllərindən deyirlər. Təsəvvür edirsinizmi, bu nə deməkdir? Bir maraqlı və fəxrli məqamı da qeyd edim ki, müəllimlər məndən xahiş edirlər ki, onlara Kamal Abdullanın kitablarından gətirim. Görürsünüzmü, bunlar ədəbiyyatımızın uğurlu yolda olmasından xəbər verir.
-Qazaxıstanı ağız dolusu öydünüz. Bəs bu ölkədə təhsil almaq istəyən gənclərə hansı tövsiyələri verərdiniz?
- Bu ölkədə təhsil almaq istəyən gənclərə onu demək istəyirəm ki, öncə hansı soydan, hansı kökdən gəldiklərini heç vaxt unutmasınlar, keçmişlərinə daim sadiq və layiq olsunlar. Hər zaman ölkəmizin adını başlarının üstündə müqəddəs bir “soyad” kimi saxlasınlar. Necə ki, o ucalığı, o məğrurluğu, o yenilməzliyi hazırda buradakı bütün azərbaycanlılar qoruyub saxlamaqdadırlar! Ümumilikdə tək burada yox, müxtəlif ölkələrdə təhsil alacaq və hazırda almaqda olan bütün Azərbaycan gənclərinə sözüm odur ki, gəlin heç vaxt unutmayaq ki, hər millətin Dədə Qorqudu, Babəki, Koroğlusu olmur. Hansı bir şaxəli, köklü, özüllü millətə mənsub olduğumuzun fərqinə varsaq və bütün dəyərlərimizə sahib çıxsaq, necə ki, bayrağımız bütün bayraqlardan yüksəkdə dalğalanır, eləcə də hər zaman adımız, ölkəmiz, birliyimiz, dönməzliyimiz, sönməzliyimiz, yenilməzliyimiz o yüksəklikdə olar. Hər şey biz gənclərin əlindədir. Mənim üçün üzərində Azərbaycan yazısı olan köynəyi geyinmək, onu müxtəlif tədbirlərdə təbliğ etmək böyük şərəfdir!
Ümummilli liderin qeyd etdiyi kimi: “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam!”


Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info