Pakistanda su təchizatı layihəsinə “20 Yanvar Şəhidləri bulağı” adı verilib
Tarix: 16.01.2015 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Pakistanın Pəncab əyalətinin Qucarxan bölgəsində “20 Yanvar Şəhidləri Bulağı”nın açılış mərasimi keçirilib.
Azərbaycanın Pakistandakı səfirliyinin yaydığı məlumata görə, Qucurxan şəhərinin İbn-e-Xaldun Akademiyasında təşkil olunmuş tədbirdə Akademiyanın rektoru, müəllim-tələbə heyəti, tanınmış ziyalılar, media mənsubları, Azərbaycanın Pakistandakı səfiri və səfirliyin əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan İbn-e-Xaldun Akademiyasının rektoru Qazi Məhəmməd İmran 25 il öncə Azərbaycanın paytaxtı Bakı şəhərində baş vermiş hadisələr haqqında danışıb. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları dinc əhaliyə, o cümlədən uşaqlara, qocalara və qadınlara qarşı xüsusi qəddarlıq göstərib, günahsız insanların qanı tökülüb. Natiq faciəli, amma şərəfli 20 Yanvar gecəsinin Azərbaycanın müstəqilliyinə gedən yol olduğunu bildirib.
Tədbirdə çıxış edən bölgə bələdiyyəsinin rəisi Raja Rizvan Nazim, Təhsil Nazirliyinin təmsilçisi Məhəmməd Azad və tanınmış siyasətçi Muştaq İştiaq Çoudri 20 Yanvar gecəsinin məqamlarından söz açıb, sovet ordusunun amansız aksiyası zamanı müxtəlif din və millətlərə məxsus 100 nəfərdən çox günahsız insanların qətlə yetirildiyini bildiriblər. Vurğulanıb ki, hərbçilərin hədələrinə baxmayaraq, şəhidlərin dəfn mərasiminə bir milyondan çox Azərbaycanlı qatılıb, bu qanunsuz aksiyaya etiraz əlaməti olaraq bütün Azərbaycan xalqı 40 gün ərzində SSRİ rəhbərliyinə itaətsizlik göstərib. Natiqlər əməliyyatın əsl məqsədinin müstəqillik həsrəti ilə yaşayan Azərbaycan xalqına dərs vermək olduğunu qeyd edib, Azərbaycanın 18 oktyabr 1991-ci ilində öz müstəqilliyini bərpa etməsi faktını azərbaycanlıların apardığı mübarizənin məntiqi yekunu kimi qiymətləndiriblər.
Tədbirdə çıxış edən Azərbaycan-Pakistan Media Forumunun baş katibi Raja Javid Batti iki qardaş ölkə arasında mövcud olan dostluq əlaqələri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pəncab əyalətinin Qucarxan bölgəsinin Sahal Xinger rayonunda inşa edilmiş “20 Yanvar Şəhidləri Bulağı” su təchizatı layihəsi barəsində danışıb. Bildirib ki, layihə çərçivəsində içməli su qıtlığından əziyyət çəkən bu regionda alternativ enerjisi ilə çalışan iki artezian quyusu qazılıb. Bu, elektrik enerjisinin böyük kəsintilərlə verilən bir yerdə suyun fasiləsiz verilməsini təmin etməklə yanaşı ətraf mühitin qorunmasına da müsbət təsir edəcək. O, bu günün bölgə sakinləri üçün mühüm hadisə olduğunu qeyd edərək, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan xalqına və dövlətinə dərin minnətdarlığını bildirib.
Mərasim iştirakçıları qarşısında çıxış edən Azərbaycanın səfiri Daşqın Şikarov XX-ci əsrin sonlarında SSRİ-də cərəyan edən hadisələrdən söz açıb, yaranmış vəziyyətdən erməni millətçilərinin sui-istifadə edərək Azərbaycana qarşı torpaq iddialarının irəli sürdüyünü, Azərbaycan xalqının buna etiraz əlaməti olaraq xalq hərəkatına qalxdığını bildirib. Səfir Qara Yanvar gecəsinin təfərrüatlarından bəhs edib, həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətənə sədaqətini, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya sübut etdiyini vurğulayıb. Səfir qeyd edib ki, hadisədən dərhal sonra xalqımızın böyük oğlu Heydər Əliyev təzyiqlərə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu aksiyanı qəti pisləyib. Diplomat yanvar hadisələrinin Azərbaycanın müasir tarixində dönüş nöqtəsinin olduğunu bildirib, bu günün bütün dünya azərbaycanlıları tərəfindən əziz tutulduğunu vurğulayıb.
Daşqın Şikarov faciənin 25-ci ildönümü ərəfəsində Heydər Əliyev Fondu tərəfindən icra edilmiş su təchizatı layihəsinə “20 Yanvar Şəhidləri bulağı” adının verilməsi faktını yüksək qiymətləndirib, buna görə Pəncab əyalətinin rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirin sonunda akademiyada təhsil alan şagirdlər tərəfindən Qara Yanvar dəhşətlərini əks etdirən səhnəciklər nümayiş etdirilib, şəhidlərinin ruhuna dualar edilib, tədbir iştirakçılarına ehsanlar paylanıb.
Daha sonra səfir D.Şikarov Sahal Xinger rayonunun Carmod Kalan kəndinə səfər edərək burada aparılmış işlər ilə tanış olub, kəndin ağsaqqalları ilə görüşüb. Görüş zamanı ağsaqqallar kənd sakinlərinə göstərdikləri qayğıya görə Azərbaycan xalqına, rəhbərliyinə və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını bildiriblər.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin
15.07.2019
Vilayət Eyvazov 41 nəfəri Bakı polisində vəzifəyə təyin edib: püşkatma yolu ilə
15.07.2019
“Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə görüş keçirilib
15.07.2019
Вот так сейчас выглядит мавзолей Насими в Алеппо - FOTO
15.07.2019
“Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti və qarşıda duran vəzifələr”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info