Qarşıda bizi çox nailiyyətlər gözləyir
Tarix: 23.01.2015 | Saat: 15:23:00 | E-mail | Çapa göndər
Cavadxan QASIMOV |

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin müdiri,
İqtisad üzrə fəlsəfə doktoru


Naxçıvan Muxtar Respublikası tarixən milli dövlətçiliyimizin möhkəmlənməsində böyük əhəmiyyətə malik strateji bölgə olmuşdur. Ölkəmizin ictimai-siyasi sabitliyində, sosial-iqtisadi inkişafında muxtar respublikamız söz sahibidir. Bu tarixi Azərbaycan torpağı, ölkəmizin yeni iqtisadi siyasətinin müəyyənləşdirildiyi və formalaşdığı, xilaskarlıq tarixinin başlandığı, qəhrəmanlıq, şücaətlik ənənəsinin mövcud olduğu ərazi olmaq etibarı ilə, həm də strateji coğrafi yerləşməsi ilə daha da önəm qazanmaqdadır. Bu baxımdan da muxtar respublikanın ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında və digər sahələrdəki nailiyyətləri müasir dövrümüzün ən aktual gerçəkliyinə çevrilmişdir. Həmin nailiyyətlər bir-birini əvəz edən illərin yüksək qürur xronikasını təşkil etməkdədir. Bu baxımdan da keçid etdiyimiz yeni 2015-ci ilin muxtar respublikamızda da “Kənd təsərrüfatı ili” kimi elan edilməsi uğurlu illərin xronikasının davamlılığını göstərir.
Kənd təsərrüfatı ilinin elan edilməsi muxtar respublikanın ölkəmizin bütün sahələrində olduğu kimi iqtisadi inkişafında və onun daha da sosiallaşmasında da qətiyyətli mövqeyə malik olduğunu bir daha təsdiq etdi. Eyni zamanda bu, dövlətimizin düşünülmüş iqtisadi məqsədlərinin gerçəkləşdirilməsi istiqamətində əlamətdar addımdır. Məlumdur ki, ölkəmizdə hazırkı iqtisadi məqsədlərimiz içərisində qeyri-neft sektorunun inkişafı ən ümdə yerlərdən birini tutmaqdadr. Təbii ki, ümummilli liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə bütün istiqamətlərdə olduğu kimi bu sahədə də güclü hüquqi və iqtisadi baza formalaşdırdı. Ötən iyirmi ilə yaxın dövrdə muxtar respublikamız mükəmməl və zəngin proqramlarla daha intensiv tədbirlər həyata keçirərək qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsinə daha da yaxınlaşmışdır. Məhz həmin məqsədyönlü tədbirlər nəticəsində də ötən 2014-cü ilin makroiqtisadi göstəricisi ola Ümum Daxili Məhsulun strukturunda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 355 milyon manatdan artıq olmaqla, ön sıralarda təşəkkül tapmışdır. Bu həm də sənaye məhsulunun 97%-ni özündə əks etdirən emal sənayesinin bundan sonrakı inkişafına xammal bazası olaraq xidmət edəcəkdir.
Düzgün idarəetməyə, qətiyyətli siyasətə söykənməklə, xalqa, onun rifahına istiqamətlənən, xidmət edən iqtisadiyyat formalaşdırmaq və müvəfəqiyyətlə, nailiyyətlərlə təmin etmək yalnız böyük təcrübə əsasında mümkün ola bilər. Bütün vətəndaşların, sakinlərin, hər bir insanın maraq və mənafelərinin ifadə olunduğu və bununla da sosial ədalət anlayışı çərçivəsində çox böyük bir kütlənin dayaq və dəstəyini özünə çəkməyi bacaran siyasət dövlət idarəçiliyinin ən zəruri elementlərindən biridir. Məhz bu baxımdan da Naxçıvan Muxtar Respublikası keçdiyimiz iyirmi ilə yaxın dövrün ən mükəmməl idarəetmə potensialını və təcrübəsini formalaşdıra bilmişdir. Hətta həqiqi mənada inkişafın Naxçıvan modelini ortaya qoymuşdur. Əldə olunan nailiyyətlər ya mövcud sahələrin inkişafı və geniş əhatə dairəsində mövcudluğu prosesini daha da sürətləndirmiş, yaxud da iqtisadiyyatın yeni sahələrinin təşfiqi və stimullaşdırılmasının açarına çevrilmişdir. Bunun da ən bariz təsdiqi muxtar respublika iqtisadiyyatında özünü göstərməkdədir. Bir neçə il əvvəl əsas makroiqtisadi göstərici olan ÜDM-nin strukturunda sənaye məhsullarının istehsal həcminin digər sahələrə nisbətən geridə qalmasına baxmayaraq, hazırda adı çəkilən sahənin dinamik inkişafı təmin edilmiş və 2014-cü ildə əsas makroiqtisadi göstərici olan Ümum Daxili Məhsulun strukturunda 892 milyon manata yaxın göstərici ilə ilk yeri tuta bilmişdir.
Naxçıvan muxtariyyətinin və mövcudluğunun ən şanlı və məhsuldar dövrlərini yaşamaqdadır. 1995-ci ildən üzü bəri isə böyük ustalıqla abadlaşdırmanın və quruculuğun dərin izləri salınmaqdadır. 1991-1993-cü illərin möhtəşəm idarəçilik mexanizminin son iyirmi ilə yaxın dövrdə etibarlı əllərə ərmağan edilməsinin nəticəsidir ki, ötən dövrdə inkişaf etdirilən iqtisadiyyata dayanıqlılıq, müvazinətlilik, müqavimətlilik gətirilmiş və sağlam iqtisadiyyata çevrilmişdir. Artıq iki mərləhədə (2004-2008-ci və 2009-2013-cü illər) regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları özünün uğurlu icrası ilə tamamlanmış və növbəti üçüncü eyni adlı dövlət proqramı isə 2014-2018-ci illəri əhatə etməklə qəbul edilmişdir. Və həmin proqramların muxtar respublikamızın sosial-iqtisadi həyatında böyük önəmi olmuşdur. Məlumdur ki, birinci Dövlət Proqramında 57, ikincində isə 46 mərhələdə tədbir məhz muxtar respublikamız üçün nəzərdə tutulmuş və uğurla yerinə yetirilmişdir.
Milli liderimizin siyasi fəaliyyətinin Naxçıvan Muxtar Respublikasına aid olan dövrlərində müasir iqtisadi münasibətlərin ən mühüm tələblərindən olan iqtisadi (aqrar) islahatların əsasları qoyuldu. Xalqımızın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə tarixi qayıdış edən dahi rəhbər ölkəmiz miqyasında iqtisadi islahatların davamlılığını təmin etdi. Xüsusi mülkiyyətin əhatə dairəsinin daha da genişləndirilməsi, şaquli idarəetmənin üfiqi idarəetmə ilə əvəz olunması, dövlətimizin daşıdığı ağır məsuliyyətli vəzifələrin yeni yaranan sahibkarlar ordusu tərəfindən paylaşılması müasir iqtisadi şəraitin həm tələbi, həmdə ən mühüm uğuru idi. Bu mənada 1995-ci il oktyabr ayında təsdiq edilən dövlət mülkiyyətinin özəlləşdirilməsini nəzərdə tutan eyni adlı qanunun müstəsna əhəmiyyəti var. Həmin qanuna uyğun olaraq 4 mərhələdə (1995-1998, 1998-2000, 2000-2001, 2001-2005-ci illər) özəlləşdirmə tədbirləri həyata keçirilmiş oldu. Heç şübhəsiz ki, həmin tədbirlər müasir dövrdə regional siyasətin və dünya gerçəkliyinin ən zəruri elementlərindən olmaqla, əsasən keçmiş SSRİ məkanına daxil olan ölkələr üçün həllivacib məsələyə çevrilmişdir. Bütün bunlar əsas tutularaq, ən mühüm məqsəd kimi uğurlu islahatlarla özəl bölmənin xüsusi çəkisinin yüksəldilməsindən ibarətdir. Keçən müddət ərzində həyata keçirilən məqsədyönlü tədbirlər məhz bu məqsədin gerçəkləşməsinə yönəldilmiş və əməli nəticələr əldə edilmişdir. Bu baxımdan da Naxçıvan Muxtar Respublikasında çoxnövlü mülkiyyət münasibətlərinin təşəkkülü və inkişafı nəticəsində ÜDM-də özəl bölmənin payı 87% təşkil etmiş və bu, müasir iqtisadi (bazar) münasibətlərin spesifik tənzimləyici vasitəsinə çevrilmişdir. Özəl bölmənin yüksək inkişaf tempinin nəticəsidir ki, artıq muxtar respublikamızda 107-ci ərzaq, 229-u qeyri ərzaq olmaqla, 336 növdə məhsula olan tələbat yalnız yerli istehsal hesabına təmin olnmaqdadır. Ümumiyyətlə isə, bu gün muxtar respublikamzıda 352 növdə məhsul istehsal edilməkdədir.
Naxçıvan həm də coğrafi vəziyyətinə görə ölkəmizin etibarlı qonşuluq və tərəfdaşlıq siyasətinə böyük təkan olmaqdadır. Bunu bütün tərəfləri ilə yanaşı, həm də xarici iqtisadi əlaqələrin sağlam və səmərəli istiqamətdə qurulması da təsdiqləyir. Belə ki, artıq bu gün muxtar respublikamız dünyanın 32 ölkəsi ilə iqtisadi əlaqələr saxlayır ki, bunun da nəticəsində təkcə 2014-cü ildə muxtar respublikanın ticarət dövriyyəsi 515,2 milyon ABŞ dolları təşkil etmişdir. Bu göstəricinin 408,6 milyon dolları ixrac, 106,6 milyon dolları isə idxal əməliyyatlarından ibarətdir. 2014-cü ildə ixrac əməliyyatları daha da artdığından ticarət dövriyyəsində 302,1 milyon ABŞ dolları həcmində müsbət saldo əldə edilmişdir.
Muxtar respublikamız eyni zamanda iqtisadi inikişafın tənim olunması üçün iqtisadi fəaliyyətlə hüquqi tənzimləmənin səmərəli vəhdətini təmin edə bilmişdir. Təbii ki, hüquqi tənzimləmə siyasəti iqtisadi nailiyyətlərin göstəricisi, onun əldə olunmasının xəbərçisi, daha doğrusu, sosial-iqtisadi nailiyyətlərin mövcudluğunun təsdiqidir. Belə ki, Naxçıvan MR Ali Məclisinin Sədri tərəfindən imzalanmış 2005-ci il yanvar ayının 28-də “Naxçıvan Muxtar Respublikasında aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam, 2005-ci il aprel ayında Naxçıvan MR Ali Məclisinin Sədri tərəfindən təsdiq olunmuş və 2005-2010-cu illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı”, 2007-ci il 30 may tarixdə Naxçıvan MR Ali Məclisinin Sədrinin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında “Məşğulluq startegiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər), Naxçıvan MR Ali Məclisinin Sədrinin 17 sentyabr 2008-ci ildə imzaladığı sərəncamla “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, Naxçıvan MR Ali Məclisinin Sədri tərəfindən 2012-ci il fevralın 14-də imzalanan Sərəncamla “2012-2015-ci illərdə Naxçıvan MR-də meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, 18 dekabr 2013-cü ildə Naxçıvan MR Ali Məclisinin Sədrinin sərəncamı ilə təsdiq edilmiş 2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı, 2014-cü ilin 31 yanvar tarixində 2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqramın qəbul edilməsi məhz bəhs olunan məsələlərin səmərəli həlli deməkdir.
Göründüyü kimi, Naxçıvan Muxtar Respublikasında aqrar sektorun davamlı inkişafının təmin olunması məqsədilə ən zəruri tədbirlər vaxtında yerinə yetirilmişdir. Sahibkarların sağlam iqtisadi mühitlə təmin olunması, onların fəaliyyətində stimullaşdırıcı amillərin yüksəldilməsi və məhsuldar nəticələrin əldə edilməsi məqsədilə müvafiq qanunvericiliyin tələblərindən irəli gələn vəzifələr uğurla icra olunmuş və lazımi texnika və digər iqtisadi vasitələrlə təmin edilməsi məsələləri çox ciddi diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə “Naxçıvan Aqrolizinq” ASC xətti ilə təkcə 2014-cü ildə 260 ədəd müxtəlif təyinatda və adda kənd təsərrüfatı texnikası muxtar respublikaya gətirilmiş və kəndlilərin, istifadəçilərin sərəncamına verilmişdir. Nəzərdə tutulan məqsədlərə çatmaq istiqamətində atılan addımlar bunlarla yekunlaşmamış və məhsul istehsalçılarına 3867 ton mineral gübrə verilməsilə daha da ardıcıl xarakter almışdır.
Yuxarıda qeyd etdiyimiz kimi, ölkə miqyasında üç mərhələdə qəbul edilən dövlət proqramlarının muxtar respublikamızda uğurlu icrasının nəticəsi gerçək sosial-iqtisadi inkişaf mənzərələrinin fonunda daha da möhtəşəm görünməkdədir. Xüsusilə, həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə yönəldilməklə intensiv xarakter almış və bu məqsədlə əkin sahələrinin yüksək diqqət mərkəzində saxlanılması təmin edilmişdir. Təbii ki bunlar ilk növbədə torpaqların münbitliyinin də artırılmasına əlverişli imkanlar açmışdır. Çünki, əkinəyararlı torpaqların səmərəli istifadəsi aqrar sektorun məhsuldarlıq səviyyəsinin yüksəldilməsinə bir başa xidmət etməkdədir. Bu məqsədlə, ötən ildə 60 min 829 hektar sahədə əkin işləri həyata keçirilib.
2015-ci ilin həm Naxçıvan Muxtar Respublikasında, həm də ölkəmizdə kənd təsərrüfatı ili kimi elan olunması bu sahəyə dövlət qayğısının davamlılığından və geniş əhatəsindən xəbər verməkdədir. Bu sahədə isə kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması əsas diqqət təşkil edir. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının ən bariz nümunəsi taxılçılığın inkişaf etdirilməsini də şərtləndirir. Bu mənada həmin sahə məhsulları istehsal həcmi 2014-cü il üzrə 35 min 750 hektar sahədən 103 min 70 ton təşkil etmişdir.
Təbii ki, kənd təsərrüfatı ilində müvafiq sahə məhsullarının istehsalının stimullaşdırılması və intensivliyi muxtar respublikada daha qənaətbəxş olardı. Elə bu məqsədlə, məhsuldar və keyfiyyətli buğda toxumlarının əkin sahəsi üçün 2000 hektar torpaq sahəsi ayrılmışdır.
El arasında ikinci çörək kimi yüksək dəyər verilən məhsul kartofdur. Muxtar respublikanın hazırkı sosial-iqtisadi inkişaf potensialı bu sahədə də yüksək məhsuldarlığı təmin etmək üçün yetərlidir. İlbə il artan kartof istehsalı muxtar respublikada əhalinin təlabatının yerli məhsuldarlıq üzrə ödənilməsinə təkan olmuşdur. Bütün bunların nəticəsində də 2014-cü ildə kartof istehsalının artım vəziyyətinin təmin edilməsi özünün yüksələn xətt üzrə göstərə bilmişdir. Nəticədə isə 2962 hektar sahədən 41 min 406 tona yaxın məhsul yığılmışdır.
Naxçıvan Muxtar Respublikasında iqtisadi hüquqi tənzimlənmə mexanizminə diqqət edəndə aydın olur ki, 2015-ci ilin kənd təsərrüfatı ili elan olunması üçün yetərli baza mövcuddur və bu, aqrar sektorun bütün sahələri üzrə ayrı-ayrılıqda olmaqla, yalnız məhsuldar fəaliyyətin tənzimlənməsi və inkişafına istiqamətləndirilmişdir. Bu baxımdan da əsas sahələrdən biri olan meyvəçilik və tərəvəzçiliyin inkişafının stimullaşdırılması günümüzün ən strateji əhəmiyyətli məsələləri içərisində olmuşdur. Statistik göstəricilərə diqqət edərkən aydın olur ki, 2014-cü ilin məhsulu üçün 6125 hektar sahədə tərəvəz əkilmiş və həmin sahələrdən 66 min 731 ton məhsul tədarük olunmuşdur.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən iqtisadi siyasət özünün perspektivliyi, əhalisinin firəvan yaşayışının təmin olunmasına istiqamətlənməyi və gələcəkdə sıxıntısız təminata yönəlməyi baxımından da olduqca mütərəqqidir. Məhz bunu əsas tutaraq əhalinin il boyu ərzaq məhsulları ilə etibarlı təminatı diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə də 2014-cü ildə 6 yeni istixana kompleksi istifadəyə verilmişdir. Bu tədbirlərin ardıcıllığını təmin etmək öz növbəsində ümumilikdə muxtar respublikanın iqtisadi siyasətinə etibarlılıq gətirmiş və onu daha da dayanıqlı etmişdir. Belə ki, taxılın uzun müddətə saxlanmasını təmin etmək üçün həcmi 27 min ton olan anbarın, kənd təsərrüfatı məhsullarının saxlanılması və satışını təmin etmək üçün isə 20-yə yaxın soyuducu anbarların tikilməsi təmin edilmiş, ümumi tutumu isə 12 min 250 tona çatdırılmışdır.
Aqrar sektor sistemli inkişaf tempi ilə Naxçıvan Muxtar Respublikasının ölkəmizin milli iqtisadi inkişafdakı rolunu daha da artırmaqdadır. Bu sahədə fəaliyyətin bütün istiqamətlərində məqsədyönlü addımlar atılmaqdadır. Ən başlıcası isə odur ki, kəndli həm əməyindən, həm ona göstərilən qayğıdan, həm də bu sahədəki əməyinin nəticəsindən məmnundur və stimul hiss edir. Təbii ki, kənd təsərrüfatının inkişafı həm də aqrar sahənin mühüm sferası olan heyvandarlığın inkişafı ilə də bağlıdır. Elə bu sahədə də fəaliyyətin uğurlu istiqamətdə təşkili məhsuldarlığın yüksək göstəricilərlə baş tutmasına səbəb olmaqdadır. Son dövrlərdə dövlət tərəfindən yüksək məhsuldarlığı olan cins mal-qaranın gətirilməsi kənd təsərrüfatının davamlı inkişaf vəziyyətini təmin edə bilmişdir. Bu həm də əhalinin ət və süd məhsulları sarıdan təhlükəsiz və etbarlı təminatına yönəlmiş əhəmiyyətli addımdır. Belə ki, son illər muxtar respublikaya gətirilmiş 1678 baş yüksək məhsuldarlığa malik cins mal-qara lizinq yolu ilə satılaraq iqtisadi məqsədlərin gerçəkləşdirilməsinə xidmət etməkdədir.
Təbii ki, bütün bunlar son deyil. Muxtar respublikanın formalaşdırdığı, malik olduğu iqtisadi potensialı onun gələcək üçün böyük ümidlər doğurmaqdadır. Bu baxımdan da 27 dekabr 2014-cü ildə dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında yeni keçid etdiyimiz 2015-ci ilin kənd təsərrüfatı ili kimi elan olunması bütün tərəfləri ilə gələcək uğurların davamlılığı, iqtisadiyyatın əhatəli şəkildə inkişafı, sosial siyasətin daha da təkmilləşməsi, kəndlinin məhsuldar fəaliyyətinin dəstəklənməsi və stimullaşdırılması, bunun üçün dövlət qayğısının artırılması, qeyri-neft sektorunun ÜDM-dəki çəkisinin artması, regional siyasətin müvəffəqiyyətliliyi, iqtisadiyyatda innovativ inkişafın dəstəklənməsi, məşğulluq siyasətinin qətiyyətliliyi və potensialının daha da artması, iqtisadi böhranlardan qorunmanın ən təsirli vasitələri və digər üstünlükləri baxımından təqdirə layiq haldır.
Qarşıda bizi çox nailiyyətlər gözləyir. Hazırkı dünya gerçəkliyi fonunda ölkəmizin nəinki regionun, hətta dünya ölkələri içərisində ən etbarlı və ən dayanıqlılığı ilə seçilməsi məhz təməli Heydər Əliyev tərəfindən qoyulan qətiyyətli idarəetmə mexanizminin nəticəsidir. Buna görə də dünyanın iqtisadi və siyasi ziddiyyətlərindən müqavimət gücünün artırılması ölkəmizin və onun bölgələrinin, iqtisadi rayonlarının tarazlı və dayanıqlı inkişafını təmin etməkdədir. Şübhəsiz ki, bütün bunlar isə nizamlı, məqsədyönlü, düşünülmüş, möhtəşəm tarixi nailiyyətlərlə zəngin bir iqtisadiyyat həm vəd etməkdə, həm də gətirməkdədir.




 
Müəllifin son yazıları

05.01.2018 Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarını asanlaşdıran yol
25.07.2017 Azərbaycan iqtisadi inkişafin yeni mərhələsində
25.01.2016 Naxçıvanda ötən il istehsal olunan sənaye məhsulunun 96 faizi özəl sektora məxsusdur
09.07.2015 Son ildə Naxçıvanda ixracın həcmi artıb
28.12.2013 Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən layihə

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8187

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info