Oğlanlar, yoxsa qızlar daha yaxşı oxuyur? (Yenilənib)
Tarix: 29.01.2015 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Məleykə Abbaszadə: “Hazırda Azərbaycanda ən yaxşı oxuyanların, ən yüksək nəticə göstərənlərin arasında oğlanların sayı
çoxdur”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2014-cü ildə keçirilmiş imtahanlarda qeyd olunan göstəricilərinə görə fərqlənən nəzarətçi-müəllimlərin mükafatlandırılması mərasimi keçirildi.

Tədbirdə çıxış edən TQDK sədri Məleykə Abbaszadə imtahanların obyektiv və şəffaf keçirilməsində zal nəzarətçilərinin rolundan, onların üzərilərinə düşən vəzifələrin məsuliyyətindən, təhsilin müxtəlif pillələrinə və səviyyələrinə layiqli gənclərin seçilməsində onların xidmətlərindən danışaraq qeyd etdi ki, mükafatlandırılan nəzarətçilər ən azı 30 imtahanda iştirak ediblər və hər birində yüksək nəticə göstəriblər. Onların auditoriyasında heç bir köçürmə və qanun pozuntuları olmayıb: “2014-cü ilin sonunda aparılan araşdırma nəticəsində məlum olub ki, regionda imtahanda iştirak edənlərə verilən məvacib 1 milyon manatdan çox olub. Bu da region müəllimləri və regionların inkişafı üçün kifayət qədər maliyyə dəstəyidir. Fərqlənən müəllimlər arasında Riyaziyyat və Ana dili üzrə fənn müəllimləri yoxdur. Çünki imtahanlara hər zaman qeyri-fənn müəllimləri cəlb olunur. Buraxılış imtahanları isə Ana dili və Riyaziyyatdan olduğu üçün həmin imtahanlara qeyri-fənn müəllimləri cəlb olunur. Nəticədə Ana dili və Riyaziyyat müəllimləri 30 imtahan parametri yığmadığı üçün mükafatlandırılanlar siyahısında yoxdur”.
TQDK sədri qeyd etdi ki, 2014-cü ildə keçirilmiş test imtahanlarına nəzarətçi qismində cəlb edilmiş 14392 müəllimdən 9061 nəfəri buraxılış imtahanlarında, 6558 nəfəri isə ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edib. Onun sözlərinə görə, qəbul və buraxılış imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətlərinin qiymətləndirilməsinə dair araşdırmanın nəticələrinə əsasən nümunəvi fəaliyyətinə görə 771 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 26 nəzarətçi-müəllimin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul edilib. Müxtəlif qayda pozuntularına, o cümlədən köçürmə hallarına yol verən 263 nəzarətçi bazadan xaric edilib. TQDK tərəfindən araşdırmanın nəticələri barədə Təhsil Nazirliyinə müvafiq rayon (şəhər) təhsil şöbələrinə, nəzarətçi-müəllimlərin çalışdıqları orta ümumtəhsil müəssisələrinə məktublar ünvanlanıb.
M. Abbaszadə xatırladıb ki, indiyə qədər TQDK tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 2017 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 248 müəllim fəxri fərmanlarla təltif olunub.

Buraxılış imtahanlarının vaxtı dəyişib

Tədbirdə TQDK sədri bir sıra məsələlərə aydınlıq gətirdi. M.Abbaszadə bildirdi ki, bu il Bakıda keçirilən I Avropa Oyunları ilə əlaqədar buraxılış imtahanlarının vaxtında dəyişiklik ediləcək. Bu vaxta kimi orta məktəblərdə buraxılış imtahanları iyun ayında keçirilirdi. Cari ildə isə Bakıda keçiriləcək buraxılış imtahanları ilə bağlı bütün tədbirlər iyunun 7-dək başa çatacaq. Onun sözlərinə görə, regionlarda buraxılış imtahanları iyun ayında keçiriləcək: “Regionlardan da bəzilərində Avropa Oyunlarının müxtəlif istiqamətləri üzrə yarışlar keçiriləcək. Hazırda hansı regionda bu yarışların keçiriləcəyi müəyyənləşdirilir. Hələ ki magistraturaya və rezidenturaya qəbulla bağlı tədbirlərin tarixi elan edilib. Bu yaxınlarda buraxılış və qəbul imtahanları ilə bağlı ümumi cədvəl təsdiqlənəcək. Bu, təkcə bizimlə əlaqədar deyil. Çünki imtahanların keçirilməsi ciddi tədbirlərdir və bu prosesə müxtəlif qurumlar da cəlb olunur. Ona görə də Avropa Oyunlarının keçirildiyi müddətdə kütləvi tədbirlərin aparılması mümkün deyil”.

Təkrar sınaq imtahanları
keçirilməyəcək


Bu il ali məktəblərin bakalavriat səviyyəsi üçün 4 sınaq imtahanı keçiriləcək. TQDK sədri bildirdi ki, sınaq imtahanları bu il aprelin 5-də, 12-də və 19-da və mayın 3-də təşkil olunacaq. Onun sözlərinə görə, keçiriləcək sınaq imtahanlarının 4-ü də yeni olacaq, yəni təkrar sınaq imtahanları keçirilməyəcək: “Təkrar imtahanlar onu göstərir ki, onlara yazılanların sayı elə də çox olmur. Bundan başqa, uşaqlar təkrar imtahana çox zaman ona görə yazılırlar ki, valideynlərə öz bilik səviyyəsi haqqında yanlış məlumat versinlər. Amma ola bilsin ki, tələbat olsa hansısa regionlarda elan olunan günlərdən başqa təkrar imtahanlar keçirək. Hələ ki bu il Azərbaycanda 4 yeni sınaq imtahanı keçirməyi nəzərdə tuturuq”. M.Abbaszadə qeyd etdi ki, bu il bəzi qabiliyyət tələb edən ixtisaslara qəbul buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq. Onun sözlərinə görə, bu qaydalar cari ilin məzunlarına şamil olunacaq: “Qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən əvvəlki illərin məzunları isə buraxılış imtahanı səviyyəsində olan eksternat imtahanda iştirak edəcək. Əvvəlki illərin attestat qiymətlərini nəzərə ala bilməyəcəyik. Onların səviyyəsi builki məzunların səviyyəsi ilə eyni olmalıdır”.

Oğlanlar ən yaxşı oxuyanlarda da,
100 baldan aşağı toplayanlarda da birincidir


“Azərbaycanda 20 ildir ki, qəbulun nəticələri təhlil edilir. Bunun nəticəsində biz təkcə oğlan və qızların necə oxumasını deyil, hansı regionlarda qızların, oğlanların necə oxuduqlarını, hansı ixtisaslara daha çox üstünlük verdiklərini öyrənirik. Hazırda Azərbaycanda ən yaxşı oxuyanların, ən yüksək nəticə göstərənlərin arasında oğlanların sayı çoxdur. Amma ən pis nəticə göstərənlərin - 100 baldan aşağı toplayanların arasında da əsasən oğlanlardır”. TQDK sədri bildirdi ki, ölkədə orta nəticə göstərənlərin arasında qızlar çoxluq təşkil edir. Onun sözlərinə görə, orta statistik nəticələri oğlanlarla müqayisədə qızlar daha yaxşı göstərirlər: “Amma ən yaxşı nəticə göstərənlər arasında oğlanların üstünlük təşkil etdiyini açıqlayan TQDK sədri “oğlanlar ya oxuyur, ya da oxumur. Oxuyan oğlanlar da imtahanda yaxşı nəticə əldə edilər”. Komissiya sədri onu da qeyd etdi ki, bəzi ali məktəblərə qəbul olanlar arasında qızlar çoxdur: “Azərbaycan Tibb Universitetinin tələbələrinin çoxu qızlardır. Amma tibb sahəsində müəyyən ixtisaslarda oğlanlar olmalıdır. Rezidenturada isə qızlar daha çox təhsil alsalar da, heç biri meyitlərlə işləmək istəmir. Müəyyən ixtisaslar var ki, məsələn, travmatoloq-cərrah ixtisası üçün yalnız bilik yox, fiziki güc də lazımdır. Bizdə oğlanların IV qrup üzrə təhsil alması azalıb. Oğlanlar bu qrupa o zaman sənəd verirlər ki, onlar 500 baldan yuxarı nəticə göstərirlər. Oğlan orta nəticə, yəni 200-300 bal toplayırsa, başa düşür ki, Azərbaycan Tibb Universitetinə qəbul olmayacaq. Ona görə də bu qrupdan imtina edərək I qrupa sənəd verir, haradakı həmin balla dövlət sifarişli yerlərə qəbul ola bilərlər. Ancaq qızlar 200-300 bal toplamaqlarına baxmayaraq, bu ixtisasa qəbul olmayacaqlarını bilsələr də, yenə Tibb Universitetinin ixtisaslarını seçirlər. Fikirləşirlər ki, ATU-ya qəbul olmasalar da, tibb kollecinə qəbul olacaqlar. Rezidenturaya qəbulda isə qızlar oğlanlara uduzur. Çünki rezidenturaya qəbul qızların elə bir yaş dövrünə düşür ki, onlar ya ana olur, ya da ana olmağa hazırlaşırlar. Onlar üçün rezidentura imtahanında iştirak etmək daha çətin olur, imtahanda yaxşı nəticə göstərə bilmirlər. Bu baxımdan oğlanlar qızları üstələyirlər”.

AMEA magistraturasına qəbul aparılacaqmı?

TQDK sədri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsinə keçiriləcək imtahanlarla bağlı məsələlərə aydınlıq gətirdi. M. Abbaszadə bildirdi ki, komissiya bu məsələyə texniki və metodiki kömək göstərir. Burada hüquqi məsələlərin də olduğunu deyən TQDK sədri qeyd etdi ki, hüquqi baxımdan müəyyən dəyişikliklər onlardan asılı deyil: “Hətta “Təhsil haqqında” qanunda müəyyən dəyişiklik olmalıdır. Çünki qanunda yazılıb ki, magistraturaya qəbulu yalnız təhsil müəssisələri apara bilər. Elmi müəssisələrin magistraturasına qəbulla bağlı isə “Təhsil haqqında” qanunda heç bir maddə yoxdur. Bu dəyişikliklər baş tutandan sonra təbii ki, qəbul aparılacaq”. TQDK sədri AMEA magistraturasına qəbul tarixinin onlardan asılı olmadığını bildirdi.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Sabah hava isinəcək - 32 dərəcə
17.09.2019
Azərbaycan Radiosunda Bədii Şura yaradılıb
17.09.2019
Prezident Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib
17.09.2019
Özbəkistan Türk şurasına üzv oldu
17.09.2019
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info