Saxta profillərlə insanları təhqir edənlər cəzalandırılmalıdırlar
Tarix: 06.03.2015 | Saat: 14:18:00 | E-mail | Çapa göndər


Tural Tağıyev |

Azərbaycanda yeni medianın, xüsusilə də sosial medianın inkişaf etdiyi bir vaxtda bu sahədə bəzi xoşagəlməz hallar da müşahidə olunmaqdadır. Məlumdur ki, internetdə ən dinamik inkişaf edən sahələrdən biri də onlayn media, xüsusilə də sosial media artıq ictimai rəyi formalaşdırır, informasiya əldə edilməsi və çatdırılmasında kifayət qədər ciddi rol oynamağa başlayıb. Amma sosial mediaya da aidiyyəti olan saxta “Facebook” səhifələri və profilləri problemi də özünü ciddi şəkildə büruzə verməyə başlayıb. Niyə məhz “Facebook” sosial şəbəkəsi ilə bağlı saxtakarlığı qeyd etdik? Çünki hazırda ölkədə ən məşhur və ən çox istifadə olunan sosial şəbəkə “Facebook”dur. Artıq xeyli sayda elə insanlar və ya siyasi təşkilatlar var ki, onlar saxta profillər açır və yad adlar altında və ya başqa bir real adamın adı ilə fəaliyyət göstərirlər. Ən təhlükəlisi də məhz bundan ibarətdir.
Məsələnin ən maraqlı və təəssüf doğuran tərəfi isə budur ki, siyasi müxalifət də bu yola baş vurub və bunu Əli Kərimlinin keçmiş müavini Razi Nurullayev də cəbhəçilərlə bağlı tənqidlərində açıb ifşa etdi. O, cəbhəçilərin adına onlarla saxta profilin açıldığını dedi. Bu işlə partiyada ən yüksək səviyyədə məşğul olunduğunu da vurğuladı. Nəzərə alsaq ki, Azərbaycanda İlk Avropa Oyunlarının keçirilməsinə az vaxt qalır, bu istiqamətdə qaragüruhçu qüvvələrin artacağı gözləniləndir. Onlar hər vəchlə Azərbaycanın uğurlarına, keçiriləcək yarışlara qara yaxmağa çalışacaqlar. Artıq belə saxta profillərin aktiv fəaliyyəti ilə biz də media olaraq rastlaşırıq. Əgər “Facebook”da on minlərlə üzvü olan bir qrupda istənilən hakimiyyətyönümlü yazını paylaşırıqsa, dərhal bu yazılara qarşı bir neçə qeyri-müəyyən fotolar və adlarla yığılmış profillərdən təhqiramiz ifadələr yağır. Hətta son günlər Ermənistan mediasında rəsmi qurumlara istinadən yazılmış yoxsulluq və iqtisadi böhranla bağlı tərcümələrimiz belə, bu qaragüruhçu qüvvələrin xətrinə dəyir! Onlar ölkəmizdəki problemləri deyil, düşmənin hazırkı durumunu nədən işıqlandırmağımızdan narahatlıq keçirirlər, Ermənistanın problemləri haqqında mütəmadi yazılar yazdığımız üçün ağır sözlər də yazırlar. Sonuncu rastlaşdığımız hal isə bu oldu ki, xaricdə təhsil alan bir gəncimizlə bağlı müsahibəni paylaşarkən onun şəxsi mövqeyini ortaya qoyması, təhsilindən, yaradılan şəraitdən razı olması bu profilləri “narahat” etdi. Onlar yenə dərhal peyda olaraq təhqiramiz sözlər yazır, xaricdə təhsil almağın üstünlüklərindən danışmaqdansa, ortada olan bəzi problemləri qabartmağı daha uyğun sayırlar. Əslində isə burada məqsəd başqadır. Onlar çalışırlar ki, aktiv gənclərə, xaricdə təhsil alan və sayı minlərlə olan tələbələrimizə qara yaxıb onların təbliğatına kölgə salsınlar. Özü də bunu təhqir və əsassız böhtanlarla edirlər.
Bəzi istifadəçilər hələ də elə düşünürlər ki, virtual şəbəkə tam sərbəstdir, nə istəsə edə, yaza, böhtan ata bilər, başqasının profilini sındıra, onun adına saxta hesablar yarada bilərlər və s. Əslində isə bütün bunlar qanun pozuntusudur, başqa birinin şəxsiyyətini təhqir etməkdir və kibercinayətdir. Saxta profillərin yaratdığı fəsadlara görə, təhlükəlilik dərəcəsindən asılı olaraq, yerli qanunvericilikdə inzibati və daha ağır formalarda məsuliyyət də nəzərdə tutulur. Ümumiyyətlə, istər real dünyada, istərsə də virtual dünyada edilən qanunsuz hərəkətlər, dərəcəsindən asılı olaraq, eyni məsuliyyət, inzibati və ya cinayət məsuliyyəti yaradır. İnternetin artıq KİV olaraq qəbul edilməsini nəzərə alaraq, deyə bilərik ki, burada da qeyri-qanuni hərəkətlər, müxtəlif adlar altında cəmiyyətdə çaşqınlıq yaratmaq, kimisə təhqir edib böhtan atmaq, qanunsuz informasiyalar yaymaq məsuliyyət doğurur. Həmçinin, artıq 2013-cü ildən bizim qanunvericilikdə internetdə təhqir və böhtana görə də cinayət məsuliyyəti nəzərdə tutulub.
Düzdür, internet kifayət qədər azaddır, sosial şəbəkələrdə məhdudiyyətlər yoxdur, hər kəs azad şəkildə istədiyini paylaşır, yazır, fikir bildirir. Ölkəmiz bu və ya digər problemlərlə bağlı bəzi başqa ölkələrdə olduğu kimi, sosial medianı ölkə daxilində qadağan etməyib. Əksinə, hazırda bizdə internetə ciddi dövlət dəstəyi var və milyonlarla vəsait Azərbaycan internetinin inkişafına yönəldilib. Sosial şəbəkələrdə böhtanlarla bağlı isə hələ ki, insanlar bir-birinə dözümlü yanaşırlar. Amma saxta səhifələr və profillər, yuxarıda qeyd etdiyimiz sosial şəbəkələrlə bağlı inkişaf tendensiyasına mənfi təsir göstərir. İlk növbədə “Facebook” istifadəçiləri üçün problemlər yaşanır, hətta sıravi üzvlər normal informasiya münasibətlərinə qatılmaqdan ehtiyatlanırlar. Saxta profil yaradanların məqsədi də Vətənini, dövlətini sevən, sosial mediada belə mövqeyini açıq bildirən gəncləri qeyri-aktiv hala gətirməkdir. Fikrimizcə, bunun arxasında duran xarici qüvvələr də var. Məqsədli şəkildə yaradılmış və fəaliyyət göstərən saxta profillərə qarşı isə ciddi mübarizə aparılmalıdır. Əks halda onları idarə edənlər cəzasızlığa arxalanıb öz yolları ilə davam edəcəklər.




 
Müəllifin son yazıları

29.03.2018 “Söyüş teatrı”nın aktyorları
23.02.2018 “Orduxanlar” Xocalı faciəsi ilə bağlı niyə aksiya keçirmirlər?
06.02.2018 Müxalifətin “Facebook”dakı saxta profilləri...
10.01.2018 İpi xaricilərin əlində olanlar...
27.10.2017 AXCP-çilər niyə alternativ fikirdən qorxurlar?

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9431

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info