“Frankfurtda baş verənlər avropalıların iqtisadi durumunun gərginləşməsinin nəticəsidir“
Tarix: 29.03.2015 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


Altay Rüstəmli: "Diasporumuz nə qədər akademik səviyyədə təşkilatlansa, o qədər fəaliyyətimiz uzunmuddətli və effektiv olar"

Müsahibimiz Altay Rüstəmli təxminən 5 ildir ki, Almaniyada yaşayır. Almaniyaya "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və Tempus proqramı çərçivəsində tələbə olaraq gedib. Köln Tətbiqi Elmlər Universitetində Promotion (elmi iş, magistraturadan sonrakı təhsil) edir. Hal-hazırda təhsili ilə yanaşı, özəl bir firmada çalışır, paralel olaraq da təsisçilərindən olduğu Alman Azərbaycan Mədəniyyət Evinin fəaliyyətində yaxından iştirak edir.
-Azərbaycanlılar Almaniyanın elmi-mədəni inkişafında nə kimi töhfələrini verirlər?
- Əvvəlcə bir nüansa toxunmaq istərdim, Avropada tarixi Azərbaycan torpaqlarından gəlmiş xeyli sayda soydaşımız yaşayır. Bunların içində respublikamızdan gələn həmvətənlilərimizi ən gənc mühacirət etmiş hesab etmək olar. Çünki Güney Azərbaycan və Türkiyənin Kars, İqdır bölgəsindən mühacirət edənlər 50 ilə yaxındır ki, Avropada yaşayırlar.
Təbii ki, artıq 3 və hətta 4 nəsildir burda yaşayan soydaşlarımız Almaniyanın elmi-mədəni inkişafında daha aktiv rol oynayırlar. Almaniyada kifayət qədər güneyli həkim, professorlar, iqdırlı və karslı yazar və ədiblər yaşayırlar.
Ancaq bizim respublikamızdan gələn soydaşlarımız da qısa zaman ərzində xeyli sayda fəxr olunası nailiyyətlərə imza atıblar, ancaq yaxın onillikdə nəinki Azərbaycan, hətta dünya səviyyəsində səsgətirici uğurların şahidi olacağımıza əminəm.
-Diasporumuzun fəaliyyəti Almaniyada özünü necə göstərir?
-Azərbaycan diasporu Almaniyada son illər ərzində xeyli yol qət edib, uğurlara imza atıb. Ancaq deməzdim ki, fəaliyyətimiz qənaətbəxşdir. Almaniyadakı Azərbaycan diasporunun akademik səviyyədə təşkilatlanmağa ehtiyacı var. Hal-hazırda yalnız müəyyən insanların, vətənpərvərlik hislərinə köklənmiş pərakəndə fəaliyyəti var. Məsələn, bayaq dediyim xeyli sayda güneyli həkim, professor heyətini hələ də diaspor işinə cəlb edə bilməmişik. Bunlar kifayət qədər yasadığı şəhərlərdə hörmət olunan və çəkili insanlardır. Düzdür, bunun bizdən asılı olmayan bəzi subyektiv səbəbləri də var, ancaq dediyim kimi, diasporumuz nə qədər akademik səviyyədə təşkilatlansa, o qədər fəaliyyətimiz uzunmuddətli və effektiv olar.
-Azərbaycanla bağlı orada hansı tədbirlər keçirirsiz?
-Biz Alman Azərbaycan Mədəniyyət Evi olaraq, öz dəst-xətti, öz üslubu olan təşkilatıq. Çalışırıq ki, tədbir keçirmək xatirinə, tədbir keçirməyək. Bunun da əsas səbəbi Azərbaycan adına verdiyimiz dəyərdir. Bu ilin geridə qalan 3 ayı ərzində 3 ciddi tədbir keçirdik.
20 Yanvar hadisələrinin 25-ci ildönümünü Kölndəki Əhli-beyt məscidində ehsan süfrəsi və kiçik konfrans şəklində keçirdik, Xocali faciəsini Kölndəki Dom kilsəsinin önündə böyük bir mitinqlə andıq. Mitinqə Almaniyanın müxtəlif şəhərlərindən soydaşlarımızla yanaşı, Almaniyada yaşayan türk dərnəkləri və diaspor fəalları da qatılmışdılar.
Son olaraq xalqımızın minilliklərdir böyük təntənə ilə qeyd etdiyi Novruz ilə bağlı tədbir keçirdik. Çox möhtəşəm bir tədbir alındı, təxminən 800-ə yaxın soydaşımız iştirak edirdi, Azərbaycandan müğənnilər dəvət etmişdik. Bir sözlə, qarşımıza qoyduğumuz məqsədə nail olduq. Güneyli, qüzeyli, iqdırlı, bütün azərbaycanlıları Novruz bayramını bir arada, Azərbaycan bayrağı və Azərbaycan musiqisinin sədaları altında qeyd etdilər.
Bundan basqa, bu il keçirdiyimiz hekayə yarışması və kitab tərcümələri də xeyli uğurlu və maraqlı alındı. Artıq iki kitab tərcümə olunaraq Almaniyanın müxtəlif kitabxanalarına paylanıb.
-Təmsil olunduğunuz təşkilat soydaşlarımızı nə dərəcədə öz ətrafına toplaya bilib?
-Cəmi 2 il fəaliyyət göstərməyimizə baxmayaraq, bu sahədə kifayət qədər uğur qazana bilmişik, keçirdiyimiz mitinqlərə 500, bayram şənliklərinə 1000-ə yaxın soydaşımızın qatılması buna sübutdur. Ancaq yenə də görüləcək çox işlər var. Son Novruz tədbirindən sonra təşkilat olaraq qarşımıza bir məqsəd qoyduq, gələnilki Novruz şənliyində qüzeyli sayı qədər güneyli soydaşımızın da bizimlə bərabər iştirakını təmin etməliyik. Bunun üçün qarşımızda uzun bir il var.
-Frankfurtda baş verən son hadisələr Almaniyanın ictimai-siyasi həyatının hansı cəhətini büruzə verdi?
-Frankfurtda son baş verənlər bütün Avropanı maraqlandıran hadisələrdir. Orada etiraz edən insanlar da Avropanın müxtəlif ölkələrindən gəlmiş qloballaşma əleyhdarları idi. Bütövlükdə son zamanlar Avropada kapitalizmə qarşı böyük bir nifrət dalğası yaranmaqdadır. Son iqtisadi böhranlar nisbətən az gəlirli avropalıların iqtisadi durumunu bir az da gərginləşdirdiyi üçün, bu hallar gözlənilən idi. Polisin nümayişçilərə qarşı tətbiq etdiyi güc isə, birmənalı qarşılanmadı və hələ də müəyyən dairələrdə müzakirə olunur.
-Rəsmilərin və polisin davranışı xalqda narahatlıq yaratdımı?
-Təbii, burada vəzifə səlahiyyətlərini aşan kimliyindən asılı olmayaraq qınaq və reaksiyalarla qarşılaşır.
-İlk Avropa Oyunlarının təbliği ilə bağlı planınız varmı?
-İlk Avropa Oyunları artıq indidən geniş rezonans doğurub, Azərbaycanda keçirilmiş “Avroviziya” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkili bizə deməyə əsas verir ki, İlk Avropa Oyunları daha möhtəşəm və daha effektli olacaq. Avropada yaşayan azərbaycanlı olaraq deyə bilərəm ki, “Avroviziya” müsabiqəsi Azərbaycanın tanıtımı ilə bağlı çox müsbət təsirini göstərdi. Biz də əlimizdən gəldiyi qədər burada çevrəmizdəki almanlarda bu oyunlara maraq yaratmağa çalışırıq, ətraflı informasiyalar veririk. Ancaq dövlətimizin bununla bağlı hər hansı planı olarsa, əlimizdən gəldiyi qədər bu plan çərçivəsində hərəkət etməyə və öz töhfəmizi verməyə hazırıq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info