Nuru Paşanın ödül verdiyi şərurlu Partizan Tağı
Tarix: 31.03.2015 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Tağı Məşədi Mahmud oğlu İsmayılov 1887-ci ildə İrəvan quberniyasının Şərur – Dərələyəz qəzasının Çomaxtur kəndində anadan olmuşdur. Onun Xorasan Ali Ruhani məktəbində təhsil almış atası Məşədi Mahmud İsmayıl oğlu dövrün uzaqgörən və mütərəqqi şəxsiyyətlərindən olmuşdu. O, yalnız Naxçıvan elində deyil, Cənubi Azərbaycanın bəzi şəhərlərində (Xorasan, Təbriz, Xoy və Makuda) yaşayan dövrün mütərəqqi fikirli maarifçi ziyalıları ilə yaxından dostluq etmişdi. Məşədi Mahmud ali ruhani təhsilli olsa da, onun avropasayağı dəbdə geyiminə işarə ilə tanıyanlar hörmət və ehtiram əlaməti olaraq ona “Zaqraniçnı Mahmud” deyərmişlər. Heç də təsadüfü deyildi ki, Məşədi Mahmud oğlu Tağını Çomaxtur kəndində olan molla məktəbinə deyil, inqilabçı baxışlarına görə Qafqaza sürgün edilmiş maarifçilərdən olan Vanya Petroviçin qonşu Yenicə kəndində yenicə təşkil etdiyi “rus –tatar” (“rus-azərbaycan”) məktəbinə qoyur. Tağı ilk gündən şagird qabiliyyəti və cəsarəti ilə müəlliminin diqqətini çəkir. O, bu məktəbdə rus dilində üç il təhsil alır. Ancaq Rusiyada baş verən inqilabı hadisələrdən danışan Vanya Petroviç Tağının mənəvi aləminə ciddi təsir edir, onda yeni dünyagörüş formalaşdırır. Rusiyaya qayıtmalı olan Vanya Petroviç bu müddətdə hörmətini qazanmış Məşədi Mahmuda yaxın adamlarının biri ilə Məşədi Mahmuda sifariş yollayır: ”Tağıdan nigaran qalma, o, mənimlə bizə -Armavirə gedir”. Tağının Armavirdə Vanya Petroviçin inqilabçı dostları ilə tanışlığı onun həyat tarixçəsində haqsızlığa, ədalətsizliyə, mövcud quruluşun qəddarlığına qarşı mübarizə səhifəsi açır. Fransızların Rusiyadan “potrat” götürüb Armavirdə çəkilən dəmir yolunda inqilabçı fəhlə dostları ilə birlikdə işləyən Tağı qısa müddətdə təşkilatda tanınmağa başlayır. O, burada əvvəlcə “desyatnik”, az keçmir ki, mühəndis koməkçisi vəzifəsinədək yüksəlir. Dözülməz iş rejiminə, aclıq və yoxsulluğa qarşı üsyan qaldırmış zavod fəhlələrı ilə həmrəy olan dəmir yolu fəhlələrinin həbsə atılan dəstəsi arasında Tağı da var idi. O, həbsxanada qaldığı iki ay müddətində başqa fəal inqilabçı yoldaşları ilə birlikdə ağır işgəncələrə məruz qalmışdı. Tağı şəhərdə olan gizli inqilabi mərkəzin köməkliyi ilə bir dəstə fəhlə ilə birlikdə həbsxananın daş divarları arasından qaçmağa nail olur. Mərkəz onu xəfiyyənin nəzərindən yayınması üçün Tuapsedə çəkilən dəmir yolunda fəaliyyət göstərən gizli təşkilata yollayır. O, burada tuneldən keçən dəmir yolunun çəkilişində mühəndis işləyir. Tarixin bu çağında rus hərbi hissələri Güney Anadoluda qruplaşmış quldur erməni dəstələri ilə birləşərək Sarıqamış, Ərdəhan, Kars, İqdır və onlara yaxın kənd və mahallarda türklərə qarşı dəhşətli qırğınlar törətmişlər. Çar Türkiyənin şərqinə yeni ordu hissələri yerləşdirmək və daxildə vuruşan hissələrlə Şərqi Anadolunun kifayət sayda olan bölgələrini ələ keçirmək üçün güclü hərbi birləşmə yaratmağı planlaşdırmışdı. O, bu məqsədlə Şərur rayonunun Şahtaxtı kəndindən Arazın üzərindən körpü salıb, Cənubi Azərbaycanın Poldəşt kəndinə keçməklə oradan Ağrı dağına doğru tez bir müddətdə Maku –Bayazid dəmir yolunu çəkməyi qələbəyə gedən zəruri plan hesab edirdi.
Tağı İsmayılov artıq Armavirdə dəmir yolu tikinti idarəsində xüsusi nüfuza malik mütəxəssis kimi tanınırdı. Onun Naxçıvanda yerləşdiriləcək hərbi hissənin əsgərləri arasında geniş iş aparacağına İnqilabi mərkəz inanırdı. Ona görə də mərkəz Baş Tikinti İdarəsində yüksək vəzifədə çalışan tərəfdarlarının köməyi ilə yuxarılara Tağı İsmayılovun tanınmış mütəxəssis olmasından başqa, şərurlu olmasını, yerli şəraiti başqalarından yaxşı bilməsini və xüsusən dəmir yolu çəkilişində insanları tez bir zamanda səfərbər edəcəyinə inandırır. Bununla da Şərur nahiyyəsinin jandarma rəisinə Tağı İsmayılova hər cür köməklik etməyi əmr edən yuxarı təşkilat çarın imzası ilə yazılmış məktub ona verilir və o, təcili yola çıxmaq göstərişi alır. Bu hadisə Tağı İsmayılovun mübarizə tarixində məsuliyyətli yeni bir era açır. Bu tarixin bəzi səhifələrini vərəqləməyə çalışaq. Tağı İsmayılovun oğlu filologiya elmləri doktoru, professor Əjdər İsmayılovun söylədikləri: “Atam öz keçmişindən danışmazdı. Bu barədə ancaq yaxın qohumların və başqa adamların xatirələrindən öyrənirdim. Əmim Hüseyn İsmayılov keçmiş hadisələrdən söz düşdükcə xatırlayırdı: “Atamı hər gün Şərur jandarma idarəsinə aparıb oğlunu harada gizlətdiyini, onu üzə çıxarmağı, gətirib xoşluqla təhfil verməyi, yoxsa ələ keçirib qandalla Sibirə yollamaqla hədələyirdilər. Atam hər sorğuda: “Oğlumun harada olduğunu mən bilmirəm, bir onu bilirəm ki, Rusiyaya, çörək dalınca gedib. O, nə günahın sahibidi ki, onu Sibirlə hədələyirsiniz? Yoxsa fəhləlik edib, çörək qazanmaq günahdı?” Atamın sorğu-sualı rəisi özündən çıxarır: “Sənin çörək dalınca gedən oğlun Armavirdə ölkəni qarışdıran fəhlələrin bir dəstəsi ilə həbsə atılıb. Ancaq o, başqa yoldaşları ilə birlikdə həbsdən qaçıb və gizlənib. Armavir çar polisi onun evinə qayıtdığını güman edir. İnad etmə Tağını gizlətmə, unutma ki, onu tez-gec yaxalayacam, onda cəzası daha ağır olacaq”. Rəisin dilindən eşitdilən sözlər neçə illərdi Tağı qağamın (əmim qardaşına “qağa” deyə müraciət edərdi) varlığından-yoxluğundan xəbərsiz olan ailəmizi nigarançılıqdan qurtardı. Buna baxmayaraq, nə atam, nə anam illərlə həsrətini çəkdikləri oğullarının evə qayıtmağını istəmirdi. Tağı qağamın həbsə alıb sürgün ediləcəyindən bütün qohum-qardaş bərk təşvişə düşmüşdü. Onlar əllərini yuxarıya qaldırıb, Allahdan kömək istəməkdən başqa xilas yolu bilmirdilər. Elə buna görə də yaşlı əmiuşaqları bizə toplaşar (adətən onlar əvvəllər də hər gün bizə toplaşardılar), tayfanın ağsaqqalı olan atamla birlikdə neçə gün, neçə həftə sübh namazını bitirənədək neçə “rükət” namaz qılar, Allaha üz tutar, sonra dağılışardılar. Günlərin bir gününda gecədən xeyli keçmiş Tağı qağam gözlənilmədən qapını açıb içəri girdi. Anam illərlə üzünü görmədiyi oğlunun boynuna sarıldı, sevincdən göz yaşı tökdü. Atam onu bağrına basdı: “Şükür bizi yaradana, üzünü gördüm, ümidsiziydim oğlum”-dedi, ağladı. Mən sevincimdən nə edəcəyimi bilmirdim, elə bil dünyanı mənə vermişdilər. Ancaq göz yaşları içində boğulan atamın əlacsız-əlacsız dedikləri bir anda sevincimizi kədərə çevirdi. O, qəhərlə dedi: “Oğlum, qaç, canını qurtar, uryadnik məni olmazın günü silistə çəkir, onun əlaltıları evimizi pusquya alıblar. Səni tutub o soyuq yerlərə sürəcəklər, qaç oğlum”.
Tağı qağam çox sakit-sakit, arxayın-arxayın dedi: “Ata, yuxarılardan mənim naməm var, uryadnik mənə ziyan verə bilməz.” Biz sakitləşdik. Anam çay qoyub, süfrə açdı. Təkrar evimiz sevinclə doldu. Tağı qağam gətirdiyi bağlamanı açdı, atama və mənə gətirdiyi payları bizə verdi. Mənimki “çərkəzi geyim” idi. O, anama gətirdiyi payı onun başına saldı: “Ana, sənə də çarşaf gətirmişəm”-dedi. Anam maraqla soruşdu: “Bu necə çadradır, oğlum?” Tağı qağam anamı bağrına basıb güldü: “Bu çarşaf əsginasdı, puldu, ana. Hər dükan-bazara gedəndə nə qədər lazımsa qayçı ilə arakəsmə haşiyələrdən kəsirsən, xərcləyirsən. Bu iki “çadra” neçə illər boyu xərcliyinizə kifayət edəcək.” Tağı qağam dedi ki, bu mənim zəhmət haqqımdı, bu əskinas qızıl puldan çox qiymətlidi. Səhər tezdən anam mənim çərkəzi libasımı geydirdi, Tağı qağamla mərkəzə, uryadnik idarəsinə gəldik. Uryadnik Tağı qağamın kimliyini bilən kimi yerindən qalxdı, coşub-daşdı, jandarmı çağırdı: ”Qandallayın, zirzəmiyə atın!”-dedi. Tağı qağam çox sakit halda firencinin cibindən bir kağız parçası çıxardı, uryadnikə uzatdı. Orada yazılanları oxuyan uryadnik ozünü yığışdırdı, əlini qulağınının dibinə aparıb, cansız kağız parçasındakı imzaya “çest” verdi. Tağı qağam barəsində olan qovluq onun əmri ilə gətirildi. Uryadnikin özü divar sobasının qapağını açdı, onu alova atıb, qapağı bağladı. Sonra bildim ki, həmin məktubda yazılıbmış ki, iki gün müddətində göstərilən sayda canlı qüvvə, araba, bel, külüng, lom toplayıb Şahtaxtı körpüsündə qardaşıma təhvil verilsin. Tağı qağam yüz nəfərdən artıq canlı qüvvə ilə çarın planlaşdırdığı Şahtaxtı – Maku – Bayazıd dəmir yolunun inşaatına başlayır. O, həmkəndlilərimizdən Məşədi Kərimi, Məşədi Hüseyni, Süleyman Kalba Muxtar oğlunu, əmioğlarından Kalba Abbası, əmizadəsi Nəcəfov Qənbəri və başqalarını birləşdirən gizli təşkilat yaradır. Təşkilatın fəal üzvlərindən olmuş Məşədi Kərim dayı ötən günləri qürurla xatırlayaraq yeri gəldikcə deyərdi ki, dəmir yolunun inşası bütün günü vaxt itirmədən davam edirdi. Tez bir zamanda çəkdiyimiz yol Şahtaxtı ilə üz-üzə Arazın o sahilində olan kəndlərdən keçərək Makuya doğru uzanırdı. Tağı Məşədi Mahmud oğlu bizimlə bir ərazidə çadır qurub yaşayan əskərlər arasında da iş aparırdı. O, açıq fikirli bəzi əsgər və komandirləri təşkilatımıza cəlb etmişdi. Çar hakimiyyətinin yıxılması ilə dəmir yolunun çəkilişi dayandırıldı. Rus ordusu hərbi sursatı vaqonlara yükləyib, Rusiyaya qayıtmağa hazırlıq aparırdı. Təşkilatımızla əlaqələri olan komandirlərin təklifi ilə silahlar son vaqona yığıldı. Qatar Şahtaxtı dəmir yolu vağzalından çıxıb, rayon mərkəzində yerləşən “Şəhriyar körpüsü”ndən keçər-keçməz əsgər yoldaşlarımız arxa vaqonu qatardan ayırdılar. Tağı Məşədi Mahmud oğlu həmin silahları təşkilatımızın ayrı-ayrı kəndlərdə yaratdığı yoxsul kəndli dəstələrinə payladı. Tağı Məşədi Mahmud oğlunun yaxın silahdaşlarından olmuş həmkəndlisi Məşədi Hüseynin oğlu Sabir Məmmədov atasından eşitdiklərini tez-tez xatırlayardı. O, deyərdi ki, Tağı dayının dəstəsindiə otuz beş atlı var idi. Onun “Təbriz” adında ayaqları xına rəngində, qarnının altından uşaq asan keçən ağ, hündür atı hər zaman dəstənin qabağında çapardı. “Təbriz”in yorğa, rahat yerişi, yel kimi uçuşu var idi. Sədərək və Baş Noraşen kəndləri arasından uzanıb keçən dağ silsiləsi boyu Tağı dayının kəndimizin qorxmaz, döyüşkən cavanlarını birləşdirən dəstə bütün Şərur kəndlərindən gələn dəstələrlə çiyin-çiyinə İngilis bayrağı altında hücuma keçən Birinci Cahan müharibəsi dövrü döyüş təcrübəsi görmüş
daşnak ordu hissələrinə ciddi müqavimət göstərirdi. Ermənilər topla, ingilis və rus silahları ilə döyüşürdülər. Xəbər gəldi ki, ermənilər rusun zirehli qatarı ilə Naxçıvana doğru hücuma keçəcək. Tağı dayı dəstəsi ilə gəlib, qatarın keçəcəyi yolun üstündə ucalan “Vəli dağı” deyilən dağda dəmir yoluna partlayıcı döşəyir, bizimkilər pusquda düşməni gözləyirlər. Zirehli qatar “Vəli dağı”na çatır, “Böyük körpü”nü keçir, rayonun içərisinə doğru irəliləyir. Bizimkilər körpününü partladıb, yenə pusquya çəkilirlər. İşdən xəbər tutan daşnaqlar hara gəldi pulemyotlardan atəşə tuturlar, uçurulmiş körpüyə qayıdırlar. Ataşə cavab görməyən düşmən arxayınlaşır. Körpünü bərpa etmək üçün qatardan bir dəstə yenir. Onlar sakilikdən arxayınlaşcaq, iki dəstə də qatardan bir-birinin ardınca yenir, dağıdılmış körpüyə yaxınlaşır. Düşmən məqama çatcaq, partizan komandirinin işarəsilə dəstə onları hər tərəfdən güllə yağışına tutur. Gözlənilməz güllə-barandan çaşan ermənilər yerdəki yoldaşlarını xilas etmək üçün qatardan bizimkilərə aramsız atəş açırlar, Ancaq təcrübəli partizan komandirinin sıldırım qayalıq ərazidə seçdiyi strateji mövqedən bizimkilər qatara doğru qaçan erməniləri son nəfərinədək məhv etmişlər.Qatardan atəş açan daşnak bandası pusquya düşdüyünü görüb, atəş aça-aça xilası yaxındakı Araz çayını görünməz edən sıx yuluğun ağcı meşəliyinə, boy-boy dayanmış qəmiş talasına qaçmaqda görür.Onlar xeyli itki verirlər. Bizimkilər zirehli qatardan bütün hərbi sursatı ələ keçirir,onu partladır,oradan uzaqlaşırlar. Həmin silah, patrondaş silahsız əhaliyə paylanılır. Bu əməliyyat komandirə şöhrət gətirir, rayonda onu “partizan Tağı” adıyla tanıyırlar. Tağı dayı düşmənlə döyüş taktisasını Rusiyada öyrənmişdi. Bu hadisədən sonra İqdır mahalında ruslarla bir yerdə türklərə qarşı qırğınlar yaratmış milliyyətcə erməni olan general Qaraxanovun (Qaraxanyanın) komandanlığı altında daşnak ordusu Şərura hücum edir. Qaraxanyan Birinci Cahan müharibəsində döyüş təcrübəsi qazanmış komandir idi. Onun geniş ərazidə keçirdiyi hücum əməliyyatında ağır ingilis toplarından istifadə edilirdi. Bu qeyri-bərabər döyüşdə müharibədən çıxmış nizami ordu ilə üzbəüz on gün dayanmış təcrübəsiz şərurlu döyüşçülərin müqaviməti qırılır, onlar ata-ata geri çəkilirlər. Hər dəstə öz kəndinə qaçır, ailə-uşağı Arazın o sahilinə keçirməyə çalışır. Qəddar düşmən boşalan kəndlərimizi talayır, onlara od vurur. Bu qaçaqaçda ermənilər Araza can atan insanların bir qismini arxadan gülləbaran edir, kimlərsə ailəlikcə coşub-daşan Arazın “allah-allah” deyən sularına qərq olur. Bu, torpaqlarımızı işğala gəlmiş ermənilərin aprel 1918-ci ildə ingilis bayrağı altında Qaraxanyanın komandasında olan daşnaq bandasının Şərurda yerli türk əhalisinə qarşı apardığı kütləvi qırğının növbəti tarixi idi. Şərur eli üzərinə İngilis bayrağı altında gələn daşnaq Yaponun yerli türk əhalisinə tutduğu misli görünməmiş divan ermənilərin türklərə qarşı apardıqları növbəti soyqırımı tarixidi. Yaponun komandanlıq etdiyi erməni daşnaq bandası Göyçə gölünün sahillərində yerləşmiş “Qızıl xaraba”, “At daşı”, Həsən kəndi və başqa kəndlərimizdən başlayaraq, Dərələyəz dərəsi boyu bütün kəndlərimizə od vurur, qaçıb canını qurtara bilməyən əhalini süngüyə keçirir, Əmoğlu kəndinin aşırımından Şərur rayonuna soxulmaq istəyir. Döyüşçü xatirlərindən Qaçıb canını qurtararaq Şərur kəndlərinə tökülüşən əhalinin verdiyi məlumatdan sonra ayrı-ayrı atlı dəstələrdən ibarət silahlı igidlər dağın o biri dərəsində olan Əmoğlu kəndinin yaxınlığında dağın bu biri üzündə yerləşən Yuxarı Yaycı kəndindən Xaçik kəndinə doğru sıldırım qayalarla səngər kimi əhatə olunmuş dərə boyu qayalar arxasında mövqe seçib, düşməni gözləməyə başladıq. “Zirehli qatar”ı ələ keçirdikdən sonra “Partizan Tağı” adıyla ad çıxarmış komandrimiz otuz beş nəfərdən ibarət olan döyüşçüsünü bir qədər yuxarıda dərənin hər iki tərəfində sıldırım qayalar arxasında yerləşdirmişdi. Biz “Zirehli qatar”dan qənimət olaraq ələ keçirdiyimiz dörd plomyotla pusquda dayanmışdıq. Qaniçən Yapon at üstündə dərənin yuxarısında görsəndi. Onun sağında – solunda atlı dəstə dayanmışdı. Biz onu aydın görürdük. Yaponun işarəsi ilə daşnaq bandası axınla dərəyə doluşdu, dərə boyu aşağıya - kəndə doğru irəliləməyə başladı. Yaponun durbinlə vəziyyəti izlədiyini aydın görürdük. Komandirlərin əməliyyatına əsasən bizim döyüşçülər düşmən son dəstənin mövqeyinə yaxınlaşarkən atəş açılmalıydı. Arxayınlıqla kəndə doğru irəliləyən daşnaqlar gözlənilmədən təxminən bir kilometr dərə boyu atılan güllələrin yaratdığı vahimədən çaşıb qalmışdılar. Onların sığınmaqları üçün heç bir şərait yox idi. Sıldırım qayalarla əhatə olunmuş dərə Yuxarı Yaycı kəndindən bir tayfanın mal-qarasının otlaq yeri idi. Düşmən hara gəldi ata-ata geriyə qaçmağa başladı. Bizim pulemyotların şaqqıltısı dərədə top səsi kimi əks səda verirdi. Düşmənin az bir hissəsi qaçıb canını qurtardı. Yapon gözləmədiyi halda verdiyi itkidən sonra bir müddət Şərura gəlməyə cəsarət etmədi. Onun hara çəkildiyi məlum olmadı. “Partizan Tağı”nın döyüşçülərindən Rüstəm Kərbəlayi Həsən oğlunun Xök kəndilə Naxçıvan şəhəri arasında yerləşən “Böyük düz” deyilən ərazidə Naxçvana köməyə gəlmiş türk ordusuna birləşən sınaqdan çıxmış şərurlu döyüşçülərin ermənilərə qarşı qanlı döyüşdə göstərdikləri igidliklərə şahidliyi də naxçıvanlıların ingilis-rus bayrağı altında torpaqlarımızı qanlı meydana çevirən silahlı daşnaq bandalarına qarşı apardıqları mübarizə tarixi üçün olduqca qiymətlidi. Onun xatirələri bu günə kimi yaşayır. Şərurlular elə bilirdilər ki, Yapon “Yaycı dərəsi”ndə verdiyi ağır itkidən sonra bir daha özünə gələ bilməz. Bu belə olmadı. Banda başçısı 1828-ci ildə rusların yaxın şərqdən, Türkiyə və Cənub Azərbaycandan gətirib qədim torpaqlarımızda yerləşdirdiyi ermənilərdən ibarət kənd-kənd kifayət sayda seçmələrlə silahlı daşnaq ordusu təşkil etmişdi. Biz bundan məlumatlı idik. Biz elə bilirdik ki, Yapon ermənilərin məskunlaşdıqları Xaçik kəndinin aşağısında dağın döşündə yerləşən Havuş kəndindən keçib,Şarurun mərkəzinə basqın edəcək. Ancaq səhəri günü xəbər gəldi ki, ermənilər dağın arxasından aşıb, Kəngərli mahalının Qarabağlar kəndini atəşə verdikdən sonra Qabıllı, Qıvraq, Şahtaxtı və Xök kəndlərində qaça bilməyən əhaliyə divan tuturlar. Rayon kəndlərinə hay düşdü. Köməyə çatan Sədərək və Yuxarı Yaycı döyüşlərində təcrübə qazanmış Şərur atlı dəstələri erməniləri Kəngərli kəndlərindən çıxarıb, Böyük düz ərazisinə doğru sıxışdırdılar. Dağın arxasından ermənilərə yeni qüvvələr gəlirdi. Biz qeyri-bərabər döyüşdə məğlub ola bilərdik. 1918-ci ilin may ayında gavura qarşı döyüşdə bizə Allahdan kömək gəldi. Arxamızdan atılan top mərmisi ermənilərin mövqelərində partladı. “Allah-Allahla” deyərək hücuma keçən türk suvarilərini görən ermənilər ilk həmlədə dağa doğru qaçağa düşdülər. “Qafqaz Müsəlman Ordusu”nun komandanı Nuru paşa Xök kəndinin girəcəyində hündür bir təpədə durbinlə döyüş meydanını izləyirdi. Gəldikləri dərə ilə geri qaçan daşnaqların qabağını Partizan Tağının bölməsi kəsdi. Türk ordusu ilə şərurlu igidlər axşam çağına kimi davam edən qanlı döyüşlərdə Yaponun ordusuna tarixi divan tutdular. Banda başçısı Yapon kiçik mühafizə dəstəsi ilə dağı aşdı, canını qurtardı. Ara sakitləşdi. Nuru Paşa komandrimizi yanına çağırdı, döyüşdə göstərdiyi igidliyə görə onu üzəri qiymətli daşlarla bəzədilmiş xəncər və “Türk çapı” mükafatları ilə təltif etdi. Paşa onu bağrına basarkən komandrimizin atəş içərisində yandığını hiss etcək: ”Yavrum, nədir bu hal, sən atəşdə yanıyorsun” –dedi. Komandrimiz əlini qulağının dibinə aparıb: ”Paşam,Vətənə xidmət edirəm”-cavabını verdi. O, müvazinətini itirib, səldirlədi. Paşa həyəcanla həkimi harayladı. İlk yardımdan sonra Paşanın əmri ilə komandrimiz iki at qoşulmuş xüsusi arabaya qaldırıldı .Onun yeri rahatlandı, hədiyyə olan silahlar yanına qoyuldu. Arabaya bir qədər ərzaq yığıldı, iki türk əsgərinin müşaiyyəti ilə o, ailəsinə yola salındı. Nuru paşanın xilaskar ordusu Gəncə istiqamətində yürüşə başladı Partizan Tağının oğlu filologiya elmləri doktoru, professor Əjdər Tağı oğlunun (İsmayılovun) Paşanın hədiyyə verdiyi silahlarla əlaqədar dedikləri:” 1958-ci ildə atam dünyasını dəyişəndə mən Azərbaycan Dövlət Universitetinin ikinci kursunda oxuyurdum. Yay tətilində idim. Bir gün anam cehiz sandığını açıb, oradan ipək şala bükülmüş qəbzəsi yaşıl rəngli daş-qaşla bəzədilmiş təxminən uzunluğu 45-50 santımlıq olan gümüş xəncəri və “türk çapını“ qarşıma qoydu: ”Bunlar Böyük düzdə erməni daşnaqlarına qarşı döyüşdə Nuru paşanın atana verdiyi hədiyyələrdi”-dedi. Anam bükülünün arasında olan dəri qəbzəli xəncərə işarə ilə: “bu da Həsənin nişanəsidi”- dedi və qəhərləndi. Həsən mənim böyük qardaşım idi. Onun 1939-cu ildə fin – rus döyüşlərindən “qara kağızı” gəlmişdi. Anam dedi: “Əjdər, atan bunları son gününə kimi qoruyub, saxladı. İndi o, yoxdu. Səndən qorxuram, bunlardan xəbərdar olsalar, səni məktəbdən qovarlar, səni həbsə atarlar, qorxuram, Həsəndən sonra səni itirə bilmənəm. Gəl bunları su quyusuna ataq, üstünü torpaqlayaq. Bunu sən, mən bir də Allah bilir.“ Mən anamın qorxu və səksəkə içərisində yaşamasına razı ola bilməzdim. Buna mənəvi ixtiyarım yox idi. Ancaq mən anamın sözünə etiraz etmədiyimə görə bu gün çox peşmanam. Necə də olmayım, atamın mübarizə tarixinin şanlı bir səhifəsini öz əllərimlə quyunun dərinliyində “dəfn” etmişdim.” 1920 -ci ildə Abasqulubəy Şadliniskinin komandanlığı altında “Qarmızı Tabor” yaradılır və vaxtı ilə silaha sarılmış el-obanın qeyrətli oğulları vahid komandalıqda birləşirlər. Cəsur “Partizan komandiri” Tağı İsmayılovun döyüş sınaqlarından çıxmış dəstəsində “Qırmızı Tabora” daxil olur və orada partizan dəstəsinin komandiri kimi xidmətini davam etdirir. ”Qırmızı Tabor”un Şərur-Vedibasar və Çanaxçı, Çüvə, Paşalı, Söylən, İstisu istiqamətlərində erməni - daşnaq bandalarına qarşı apardığı döyüşlərdə Tağı İsmayılovun bölməsi kəşfiyyat-partizan əməliyyatları aparırdı. Onun komandiri olduğu partizan dəstəsi 1920-ci il iyulun 28-də Dərələyəz dərəsindən Şərur mahalına hücum edən daşnak quldur dəstəsinə qarşı döyüşlərdə xüsusi ilə fərqlənmiş və bu döyüşlərdə Tağı İsmayılov böyük qəhrəmanlıq nümunələri göstərmişdi. Tağı İsmayılov Naxçıvanda Muxtar Respublikanın qurulmasında və möhkəmləndirilməsində xüsusi xidmətləri olmuşdu. 26 fevral 1926-cı ildə Nax.MSSR IV Sovetlər qurultayının nümayəndəsi olmuş Tağı İsmayılovun qurultayda çəkdirdiyi şəkil ailəsi üçün müqəddəs sayılan foto-şəkil əvəzsiz tarixi yadigardı. Tağı İsmayılov 1929-cu ilin yanvar ayında kənd təsərrüfatı kredit işçilərinin III qurultayının nümayəndəsi kimi Moskvaya getmişdi. Sonralar Tağı İsmayılov Şərur rayonunda yaradılmış kommunal təsərrüfat idarəsinin, kənd təsərrüfat kredit bankının, istehlak cəmiyyətinin ilk təşkilatçısı və rəhbəri olmuşdu. 1933-cü ildən 1955-ci ilədək Noraşen rayon taxıl tədarükü idarəsinin müdiri olmuşdu. Böyük Vətən müharibəsinin ən qızğın çağında (1942-ci ildə) dövlət, eyni zamanda Naxçıvan taxıl tədarükü idarəsinin də (xalq əmlakını dağıtdıqlarına görə bütün işçilər həbs edilmişlər ) rəhbərliyini Tağı İsmayılova etibar etmişdi. Müharibə dövrü taxılı itkisiz saxladığına görə (onu da xatırladaq ki, Ukraynadan və Şimali Qafqazdan faşistlərin əlindən qaçırılan taxıl da Noraşen tədarükünə təhvil verilirdi. Hətta o illərdə gerçək yığılan pambıq zavodunun nəhəng binalarında da yer olmadığı üçün qaçırılan məhsul tədarük məntəqəsinin açıq həyətinə tökülür, üstünə brezent çəkilirdi) Tağı İsmayılov 1943-cü ilin 22 fevralında SSRİ Xalq Tədarük Komissarlığının “Əlaçı tədarükçü” döş nişanı almışdı. O, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1946-cı il 24 iyun tarixli fərmanı ilə “1941-1945-ci illərin Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı ilə təltif edilmişdi. Bundan sonra o,”Şərəf nişanı” ordeninə layiq görülmüşdü. Maraqlı cəhət odur ki, Tağı İsmayılov bolşevik (kommunist) partiyasının üzvü olmamışdı. Təqaüdçü Tağı İsmayılov 1958-ci ildə Çomaxtur kəndində vəfat etmişdi. Naxçıvan torpağı görkəmli elm xadimləri yetirməklə yanaşı partizan Tağı kimi cəsur, mərd mübariz, müqəddəs amal uğrunda fədakar şəxsiyyətlərdə yetirmişdir.

Cavid İsmayılov




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Gedir dayanmadan zamanın köçü”
13.11.2018
İsa Həbibbəyli: “Dövlətçilik ideyalarının folklorda yaşadılması Cümhuriyyət üçün mənəvi əsas formalaşdırıb”
12.11.2018
El aşıq və şairlərinin irsi toplanmalıdır
12.11.2018
Özbəkistanda Hüseyn Cavidə həsr olunmuş beynəlxalq konfrans keçirilib
12.11.2018
O, ELƏ BİR İSİM Kİ...

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info