“Azərbaycanlı gənc olaraq Avropa Oyunlarının ölkəmdə təşkil olunmasından qürur duyuram”
Tarix: 21.05.2015 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


Orxan Həsənli: “Biz idman ölkəsiyik və bu mötəbər idman yarışında idmançılarımız bizə fəxrli anlar yaşadacaqlar”

İlk Avropa Oyunlarının başlanmasına sayılı günlər qalsa da, artıq ölkədə Oyunların ab-havası duyulmaqdadır. Oyunların məşəli bütün bölgələrimizi gəzərək yarışlarla bağlı bayram əhvali-ruhiyyəsi də yaradır. Yarışlara gəncliyimiz də böyük dəstəyini göstərir. Bu özünü həm könüllülüklə bağlı fəaliyyətlərdə, həm də müxtəlif istiqamətlərdə göstərir. Xaricdə təhsil alan gənclərimiz də Avropa Oyunlarının başlanmasını səbirsizliklə gözləyir, uzaq diyarlarda olmalarına baxmayaraq, müxtəlif formalarda dəstək göstərirlər. Ukraynada ali təhsilini davam etdirən Orxan Həsənli ilə bu mövzuda olan söhbətimizi oxuculara təqdim edirik.
-Orxan, Avropa Oyunlarına hazırlıqla bağlı prosesləri, yəqin ki, izləyirsiniz. Yarışlardan nələri gözləyirsiniz?
-Əlbəttə, internet və sosial şəbəkələr vasitəsilə Oyunlara hazırlıq barədə hər gün yenilənən xəbərləri izləyirəm. Ümumiyyətlə, bu mövzuda söhbətə başlamamışdan öncə onu qeyd edim ki, Avropa Oyunlarından öncə Azərbaycan daha bir mühüm beynəlxalq idman yarışına ev sahibliyi etdi. Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" beynəlxalq veloyürüşü start götürdüyü gündən internet vasitəsilə izlədim. 5 günlük yarışda planetin 24 ölkəsini təmsil edən 25 komanda mübarizə apardı ki, onlar da müxtəlif regionlarımızdan keçdilər. Miqyasına görə Avropa Oyunlarından kiçik bir yarışma olsa da, hər şey çox yüksək səviyyədə idi. 4-cü ildir bu yarış keçirilir və görürük ki, ildən-ilə turnirin səviyyəsi yüksəlir. Azərbaycanda digər idman növləri üçün də bütün şərait var. Artıq Avropa Oyunlarına tam hazır olan ölkəmizdə yollar gözəlləşib, otellər əla səviyyəyə gətirilib, idman obyektləri də yenidən qurulub və ya yeniləri tikilib. Hətta yarışmada iştirak edən əcnəbilərdən birinin mətbuatda açıqlamasını oxudum ki, “heç məşhur “Tour de France” yarışında komandalar belə yüksək səviyyəli otellərdə qalmırlar”. Avropa Oyunları üçün bu veloyarış ideal marşrut oldu. İyun ayında da velosipedçiləri çox gərgin mübarizə gözləyir. Çünki Oyunlarda qitənin ən güclüləri yarışacaqlar. O ki qaldı Avropa Oyunlarında iştirak edəcək digər idmançılara, onu deyə bilərəm ki, bir sıra idman növləri maraq dairəmdədir. Çalışacağam güləş, cüdo və digər yarışları izləyəm. Biz idman ölkəsiyik və əminəm ki, bu mötəbər idman yarışında idmançılarımız bizə fəxrli anlar yaşadacaqlar. Məncə, idmançılarımız üçün də bundan gözəl fürsət ola bilməz. Öz “ev”ində rəqiblə mübarizə aparmaq sənə əlavə avantaj verir. Bu isə medalları daha çox qazanmağımız üçün şans kimi qiymətləndirilməlidir. Xaricdə təhsil alan gənc kimi mən də çalışacağam ki, əlimdən gələn töhfəni verim.
-Ukraynada bu Oyunlarla bağlı nə düşünürlər?
-Ukrayna da idman ölkəsi sayılır. Buradan müxtəlif idman növləri üzrə xeyli sayda məşhur idmançılar çıxıb. Təsadüfi deyil ki, onların arasında Azərbaycan bayrağını zirvələrə daşıyan milliləşdirilmiş idmançılar da var. Bu da hər iki xalqın bir-birinə sıx tellərlə bağlı olmasının bir nümunəsi kimi qiymətləndirilə bilər. Yəni Ukraynanın, idmana maraq və diqqəti daim çox olan bir ölkə kimi, Azərbaycanda reallaşacaq Avropa Oyunlarında yaxından iştirak edəcəyinə əminəm. Burada bəzən gənclər maraqla sual verirlər ki, görəsən, Avropa Oyunları Olimpiya oyunları səviyyəsində keçiriləcəkmi? Təbii ki, onlara təşkilati işlərin bir hissəsini başa salandan sonra izah edirəm ki, bu, yarışların necə təşkil olunmasından asılıdır. Əgər Azərbaycana həvalə olundusa, deməli, hər şey yüksək səviyyədə olacaq. Çünki bu günə kimi hazırlıq işlərində bir dənə də olsun axsama nəzərə çarpmadı. Bütün idman infrastrukturları ya yenidən quruldu, ya da planlaşdırılmış idman obyektləri hazır oldu. Buna da əminəm ki, təhlükəsizliklə bağlı aidiyyəti qurumlar öz işlərinin öhdələrindən uğurla gələcəklər. Qısası, bir azərbaycanlı gənc olaraq Avropa Oyunlarının ölkəmdə təşkil olunmasından qürur duyuram və bu haqda fəxrlə əcnəbilərə danışıram.
- Ukraynalı gənclərlə onların daha çox hansı idman növündə keçiriləcək yarışlara azarkeşlik edəcəkləri ilə bağlı söhbətiniz olubmu?
- Əlbəttə. Gənclərin əsas maraq dairəsi idmandır, müxtəlif yarışmalardır. Bu mənada Oyunlarla bağlı söhbətlər olanda dediyiniz mövzuda da müzakirələrimiz olur. Ukraynada bir çox idman növlərinə böyük maraq var. Burada, hətta sovet dönəmində yüngül atletika, futbol, güləş, su idmanı növləri, velosiped və s. kimi yarışmalara böyük maraq olub, geniş yayılıb. Bu gün də bu və digər sadalamadığım idman növləri öz populyarlığını qoruyur. Ukraynalılar yüngül atletika ilə bağlı yarışların necə keçiriləcəyinin marağındadırlar və ölkələrinin bu yarışda hansı uğur əldə edəcəklərini səbirsizliklə gözləyirlər.
- Xaricdə təhsil alan gənc kimi Oyunların təbliği işlərində başqa ölkələrdə oxuyan tələbələrimizin aktiv olmaları üçün hansı tövsiyələri verərdiniz?
- Ümumiyyətlə, sizə bir məsələni qeyd edim ki, bu gün xaricdə təhsil alan gənclərimiz artıq diplomatik ordu halına gəliblər. Təbii ki, bunu məcazi mənada dedim. Sirr deyil ki, diaspor işlərinin uğurlu olması üçün əsas hərəkətverici qüvvə ziyalılarla yanaşı, gənclərdir, tələbələrdir. Bu mənada xaricdə oxuyan gənclərimiz diaspor işlərində necə aktivdirlərsə, ölkəmizdə baş tutacaq bu mühüm beynəlxalq idman tədbirinin təbliğ olunmasında da fəallıq göstərməlidirlər. Oyunların start verilməsinə qısa zaman qalmasına baxmayaraq, hələ də “Bakı-2015”-ə hazırlıqla bağlı bir sıra təbliğati işlər aparıla bilər. Məsələn, Türkiyədə, Rusiyada və digər azərbaycanlıların daha çox yaşadıqları, fəaliyyət göstərdikləri ölkələrdə aktiv tələbələrimiz kreativ ideyalarla tədbirlər təşkil edə bilərlər. Buna misal olaraq mərkəzi küçələrdə əllərində “Bakı-2015”-in loqosu olan gənclərin müəyyən broşürlər paylamasını, turistik bölgələrimizlə bağlı şəkillərin paylanmasını göstərmək olar. Düzdür, heç də hər zaman belə işlərə icazə vermirlər. Amma ən azından cəhd etməyə dəyər. Ukraynada bunu etmək bir qədər problemli məsələyə çevrilib. Yəni, bildiyiniz kimi, məlum məsələlər üzündən bu ölkədə təhlükəsizliklə bağlı bir qədər qeyri-müəyyənlik yaranıb. Belədə istənilən yürüş və ya tədbirin keçirilməsi ciddi nəzarətlə baş tutur və ya məsləhət görülmür. Amma mən məhdud imkanlardan yararlanıram və əcnəbi tələbələrlə bu məsələ ətrafında söhbətlər aparıram. Hiss edirəm ki, ölkəmiz haqqında danışdıqlarım, internet imkanlarından istifadə edib göstərdiyim bəzi videoroliklər, şəkillər onlarda böyük marağa səbəb olur.
- Bir neçə il əvvəl futbol üzrə Avropa Çempionatının bir hissəsi məhz təhsil aldığınız Ukraynada təşkil olunmuşdu. Bunun həmin ölkəyə hansı xeyirləri oldu və Avropa Oyunlarından sonra Azərbaycan nələr qazana bilər?
-Çox doğru vurğuladınız ki, yaxın keçmişdə beynəlxalq idman yarışlarından birinə Ukrayna ev sahibliyi etmişdi. Düzdür, həmin vaxt mən Ukraynada deyildim və bu ölkə də indiki kimi iqtisadi və siyasi böhranlarla üz-üzə qalmamışdı. Amma müqayisə aparmalı olsaq, şəxsi müşahidələrimi deyə bilərəm ki, Avropa Çempionatının bir hissəsinə ev sahibliyi edən bir ölkə kimi Ukrayna bundan maksimum yararlana bilmişdi. Bildiyim qədərilə, gələn turistlər Ukrayna otel və restoranları üçün xeyli xeyir verdilər. Bundan başqa, adi məntiqlə düşünsək, əgər sənin ölkənə qısa zaman ərzində insan axını olursa, bu alış-verişin aktiv olması, ərzaq və digər məhsullara tələbatın artması, ümumilikdə iqtisadiyyatın müsbət yöndə silkələnməsi deməkdir. Nəzərə alsaq ki, Ukrayna hələ yalnız bir idman növü üzrə yarışmanın bir hissəsini stadionlarında təşkil etdi, Azərbaycanı nələrin gözlədiyini təsəvvür etməmək mümkün deyil. Bu işi, əlbəttə ki, iqtisadçı ekspertlər daha dolğun və dəqiq izah edib proqnozlar verə bilərlər. Amma, zənnimcə, Ukraynanın yararlandığının beş qatını Azərbaycan edəcək. Azərbaycan həm də elə bir ölkədir ki, burada təhlükəsizliyə təminat var, sabitlikdir, tolerant insanları ilə dünyada ad çıxarıblar, ərzaq və yeməklərin bolluğu və ucuzluğu, həm də keyfiyyəti ilə seçilir. Bu mənada bir ölkəyə gedən turisti başqa nə maraqlandıra bilər ki? Təbii ki, əsas sadaladığım amillər. Bu isə bizdə var. Bir də bir məsələni qeyd edim ki, ölkəmizdə xeyli sayda turistik məkanlar mövcuddur. Bu da minlərlə avropalı qonaq üçün cəlbedici təkliflər olacaq. Təbii ki, onlar da bundan yararlanıb görməli yerlərimizi qarış-qarış gəzəcəklər. Yəni bizim üstünlüklərimiz nəinki Ukraynadan, hətta növbəti yarışmanı qəbul edəcək Hollandiyadan xeyli çoxdur. Son olaraq Vətənimdə keçiriləcək bu yarışları təşkil edənlərə, idmançılara uğurlar arzu edirəm. Əminəm ki, Azərbaycan dünya idmanı tarixində yeni bir səhifə açaraq gələcəkdə təşkil olunacaq Avropa Oyunlarına böyük töhfələr vermiş olacaq.


Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
4 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
5 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info