Boks Federasiyasının inzibati binasının açılışı olub (Yenilənib)
Tarix: 06.06.2015 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Prezident: “Əminəm ki, Bakıda keçiriləcək yarışlarda boksçularımız ədaləti bərpa edəcəklər”

Dünən Bakıda Azərbaycan Boks Federasiyasının yeni inzibati binasının açılışı olub. Prezident və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov görülən işlərlə bağlı dövlət başçısına və xanımına məlumat verib. Bildirilib ki, müasir memarlıq üslubunda və ən son texnologiyalar əsasında inşa olunan bina 25 min kvadratmetr sahəni əhatə edir.
Boks Federasiyasının inzibati binasında boks mərkəzi də fəaliyyət göstərəcək. Beynəlxalq federasiyaların tələblərinə tam cavab verən bu kompleksdə məşq və yarışlar üçün hər cür şəraiti olan idman zalları da var. Dövlət başçısı Federasiyanın inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib. Prezident və xanımı Federasiyanın muzeyi ilə tanış olublar. Muzeydə Azərbaycanın boks tarixi haqqında ən geniş məlumatları əldə etmək mümkündür. 1993-cü ildə 17 yaşlı Rövşən Hüseynov Avropa çempionu tituluna yiyələnib. 2003-cü ildə isə Ağası Məmmədov dünya çempionatından Azərbaycana ilk qızıl medalı gətirib. 2000-ci ildən bu yana Azərbaycan boksçuları bütün Olimpiya Oyunlarından Vətənə medallarla dönüblər. Vüqar Ələkbərov, Fuad Aslanov, Ağası Məmmədov, Şahin İmranov, Məhəmmədrəsul Məcidov və Teymur Məmmədov Olimpiya Oyunlarının mükafatçılarıdır. Ölkəmiz indiyədək boks üzrə ən mötəbər yarışlara ev sahibliyi də edib. Prezident və xanımı kompleksdə yarışların keçiriləcəyi əsas boks zalı ilə tanış olublar. Məlumat verilib ki, zalda tamaşaçılar üçün 1000 oturacaq quraşdırılıb. Boksçularımız birinci Avropa Oyunlarına ciddi hazırlaşırlar. Komandamız həm kişilərin, həm də qadınların yarışında tam heyətlə mübarizə aparacaq. Boksçularımız kişilərin yarışında 10 idmançı ilə təmsil olunacaq. Qadınların yarışında 5 boksçumuz çıxış edəcək. Meksikada dağlıq şəraitdə təlim-məşq toplanışı keçən boksçularımız artıq Vətənə dönüblər və bir neçə gündür ki, Bakıda hazırlığı davam etdirirlər. Dövlət başçısı və xanımı Federasiya rəsmiləri, birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək boksçularla görüşüblər. Prezident boksçuları salamlayaraq deyib: “Sizdən medallar gözləyirik. Əminəm ki, belə də olacaq. İndi belə gözəl şərait yaradılıb. Əlbəttə, bundan sonra nəticələr daha da yaxşı olmalıdır. Onsuz da boksçularımız son vaxtlar bizi sevindirir, çox gözəl nəticələr göstərirlər. Yadımdadır, London Olimpiya Oyunlarında yüksək nəticələr göstərmişdilər. Mən o vaxt da demişdim ki, Olimpiya çempionu adına layiq olan idmançılarımız hakimlərin ədalətsizliyi ucbatından bürünc medalla kifayətləndilər. Əslində bu oyunlar zamanı hər kəs görürdü ki, biz birinci yerə layiq idik. Amma əminəm ki, Bakıda keçiriləcək yarışlarda boksçularımız ədaləti bərpa edəcəklər. Həmçinin qadınlar da yüksək nəticələr göstərirlər. Avropa çempionu da Londonda idi. Mən onun yarışını müşahidə edirdim. Həmin yarışda o, qalib oldu, amma qələbəni rəqibinə verdilər. Belə bir ədalətsizlik oldu. Bəzən idmanda belə hallar olur. Buna görə əsas odur ki, idmançı ruhdan düşməsin, rinqdə özünü təsdiqləməyə davam etsin. Tamaşaçılardan isə heç nəyi gizlətmək olmaz. Hər şey göz qabağındadır. Buna görə də sizə yarışlarda uğurlar və ölkəmizi layiqincə təmsil etməyi arzulayıram”. Dövlət başçısı və xanımı lazımi avadanlıqla təchiz olunan məşq zalında yeniyetmə və gənc boksçuların məşqini izləyiblər. Bu qrupa 13-17 yaşlı boksçular cəlb edilir. Binada, eyni zamanda, VIP tamaşaçılar üçün də yer ayrılıb. İdman obyektinin yarış zalları, mətbuat işçilərinə ayrılan sahələr, yüksək səviyyəli qonaqlar üçün VIP otaqlar və yarışların gedişinin canlı teleyayımının təşkili mərkəzi ən müasir səviyyədə qurulub. Bu gün Azərbaycanda idmana olan dövlət qayğısı, bunun nəticəsində idmançılarımızın olimpiadalarda, müxtəlif səviyyəli beynəlxalq yarışlarda qazandıqları böyük nailiyyətlər, paytaxtla yanaşı, respublikanın hər yerində müasir idman infrastrukturunun yaradılması gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməsində mühüm rol oynayır. Bütün bu reallıqlar, yeni idman binalarında yaradılan şərait və ilk Avropa Oyunları ilə bağlı ölkəmizdə görülən işlər Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsi ilə bağlı qərarının düzgün olduğunu bir daha nümayiş etdirir. Qeyd olunub ki, idman qurğusunda təhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər görülüb, genişzolaqlı internet şəbəkəsi qurulub, kafe yaradılıb. Kompleksin ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Sonda xatirə şəkli çəkdirilib.

Avropa Oyunları ərəfəsində daha bir
otel istifadəyə verilib

Daha sonra Prezident və xanımı “Qafqaz Baku Sport Hotel”in açılışında iştirak ediblər. Ağ şəhərdə yerləşən “Qafqaz Baku Sport Hotel” yüksək səviyyədə və müasir üslubda inşa olunub. On yeddi mərtəbəli otelin paytaxtın əsas işgüzar və mədəni mərkəzlərinə yaxın olması qonaqlara vaxtlarını daha səmərəli keçirmək üçün hərtərəfli imkanlar yaradır. Xəzər dənizinə gözəl mənzərənin açıldığı otel paytaxtın mərkəzindən 4 kilometr, Heydər Əliyev Beynəlxalq Aeroportundan isə 21 kilometr məsafədə yerləşir. Azərbaycan Prezidenti “Qafqaz Baku Sport Hotel”in rəmzi açılışını bildirən lenti kəsib. Yeni turizm obyektinin interyeri müasirliyi ilə seçilir. Oteldə qonaqların rahatlığı yüksək səviyyədə təmin olunacaq. Azərbaycanda iqtisadiyyat, idman, mədəniyyət, incəsənət və digər sahələrdə əldə olunan yüksək nailiyyətlər xarici iş adamları ilə yanaşı, turistlərin də ölkəmizə marağını artırıb. Prezidentin yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmizdə turizmin inkişafı istiqamətində mühüm layihələrin icrası da buna əlverişli zəmin yaradır. Bu baxımdan Azərbaycanda otel biznesinin daha da inkişafı üçün kompleks tədbirlər həyata keçirilir. Prezident və xanımı “Qafqaz Baku Sport Hotel”in 17-ci mərtəbəsindəki restoranda yaradılan şəraitlə tanış olublar. Qeyd edilib ki, 110 nəfərlik restoranda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq. Burada, həmçinin Xəzər dənizinə və Bakı bulvarına açılan gözəl mənzərəni seyr etmək mümkündür. Otelin 60 nəfərlik barında da qonaqların zövqünə uyğun xidmət göstəriləcək. Otel nömrələrində yaradılan şəraitlə tanışlıq zamanı diqqətə çatdırılıb ki, burada 103 nömrə var. Müxtəlif kateqoriyadan olan nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Bütün bunlar sübut edir ki, ölkədə müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən yüksək diqqətin təsdiqidir. Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkədir. Bundan başqa, Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi turizmin inkişafı da başlıca prioritetlərdəndir. Hazırda ölkəmizdə otel biznesinin dünya standartları səviyyəsində qurulması, qonaqların və turistlərin qəbulu üçün silsilə tədbirlər reallaşdırılır. “Qafqaz Baku Sport Hotel” də həmin istiqamətdə atılan addımlardan biridir. Belə müasir otelin “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi isə xüsusi əhəmiyyət daşıyır. Bu cür layihələr ilk Avropa Oyunları ilə bağlı ölkəmizə gələn turistlərin rahatlığının təmin olunmasına və paytaxt Bakının turizm potensialının nümayiş etdirilməsinə imkan yaradır.




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21.11.2019
Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21.11.2019
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Putinlə görüşəcək
21.11.2019
Bakı və Təbriz şəhərləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanacaq
21.11.2019
Sumqayıtda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsinə vəsait ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info