Avropa Oyunlarının möhtəşəm açılışı
Tarix: 13.06.2015 | Saat: 02:37:00 | E-mail | Çapa göndər


Dünən çoxdan bəri səbirsizliklə gözlənilən, həyəcan və qürur doğuran tarixi an yetişib və Bakı Olimpiya Stadionunda ilk Avropa Oyunlarının açılış mərasimi baş tutub. Mərasim bir sıra maraqlı məqamlar və sürprizlərlə zəngin olub.
Gurultu eşidilir və stadiona bir anlıq sükut çökür. Bu sükutu dünya şöhrətli xanəndə Alim Qasımovun ifa etdiyi muğamın səsi pozur. Sonra ritmik nağara sədaları altında 24-dən sıfıra doğru geriyə sayım başlayır. Bu, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 illiyinə işarədir. Rəqəmlər sıfıra yaxınlaşdıqca nağaraların səsi zilə qalxır.
Stadion gur işığa qərq olur və minədək rəqqasə səhnənin əsas hissəsini ətəkləri ilə örtür. Onların ətəkləri Azərbaycanın dünyaca məşhur xalılarındakı həndəsi fiqurlarla, dekorativ naxışlarla işlənib. Rəqqasələrin paltarlarının ətəkləri 16 min kvadratmetr parçadan tikilib. Bu, 13 Olimpiya üzgüçülük hovuzu böyüklükdə parça deməkdir. Hər ətək məxsusi olaraq səhnədəki yerinə görə işlənib. Rəqqasələrin ətəklərinin son yellənişində Azərbaycanın dövlət bayrağının obrazı yaranıb. Səhnədən göyə fişənglər atılır. Şeypurda Dmitri Şostakoviçin “Bayram uvertürası”ndan bir parça səsləndirilir. Diqqət VİP-lojalara yönəlir və salamlama başlayıb. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, birinci xanım, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini salamlayıblar. Stadionun VİP tribunasında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki əyləşiblər. Oyunların açılış mərasimində iştirak etmək üçün Bakıya gəlmiş mötəbər qonaqlar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Serbiya Prezidenti Tomislav Nikoliç, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Monteneqro Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç, Monako Şahzadəsi II Albert, Lüksemburqun Böyük Hersoqu Anri, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Qazaxıstanın Baş naziri Kərim Məsimov, Rumıniyanın Baş naziri Viktor Ponta, Bolqarıstanın Baş naziri Boyko Borisov, Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Abdullah Bin Musaad Bin Əbdüləziz, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti şeyx Əhməd əl-Fahad Əl-Sabah, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, eləcə də San-Marino, İsveçrə, Böyük Britaniya, Slovakiya, Çexiya, İran, Ukrayna, Oman, Küveyt, Qətər və digər ölkələrin yüksək səviyyəli rəsmi şəxsləri, tanınmış ictimai-siyasi xadimlər, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri var.
Azərbaycan Dövlət Simfonik Orkestri dövlət himnini səsləndirir. Azərbaycan Respublikasının dövlət bayrağı stadiona gətirilib. Stadionda quraşdırılan elektron tablolarda Azərbaycanı qarış-qarış dolaşmış alovun səyahət marşrutu nümayiş etdirilib. Uzunluğu 700 metr olan, arena boyu dövrələnən paneldə LED lampaları vasitəsilə alovun səyahət etdiyi məkanların adları bir-bir yazılıb. Son məşəlçi - iki dəfə paralimpiya oyunları çempionu, iki dəfə dünya çempionu, beş dəfə Avropa çempionu İlham Zəkiyev Jan Sibeliusun “5-ci Simfoniya”sının sədaları altında birinci Avropa Oyunlarının məşəlini stadiona gətirib. Gənclərin Olimpiya Oyunlarında taekvondo üzrə qızıl medala layiq görülmüş Səid Quliyev onunla yanaşı addımlayıb. Onlar mərkəzə doğru hərəkət etdikləri zaman ayaqları altında cadar-cadar olan torpaq görünüb. Bu mənzərə palçıq vulkanları ətrafında Azərbaycan təbiətini göz önündə canlandırıb. Səid Quliyev stadionun mərkəzində qaya parçasını götürür və onun yerində çökəklik yaranıb. İlham Zəkiyev tərəfindən çökəkliyə yaxınlaşdırılan məşəl sönür, çökəklik dolur. Torpaq üzərindəki çatlardan çıxan alov qığılcımlarının axını lavanı xatırladıb. Stadionun ortasından qaya parçası qaldırılır və gələcəkdə görüləcək işlərə işıq salmaq üçün birinci məşəl torpağa basdırılır. Torpağın çatlarından çıxan alov səhnənin kənarında dayanmış adama tərəf sürünür, ruh və ya holoqram kimi onu bürüyüb cana gətirir, oyadır. Həmin adam şair Nizamidir. Şairin əlində tutduğu tərəzinin bir gözündə qadın, digər gözündə kişi fiquru olub. Nizami poeziyasının ruhundan doğan musiqi parçası tamaşaçıları şairin xəyal dünyasına aparıb. Nəzərlər stadionun mərkəzində havadan asılmış iri tərəziyə yönəlib. Nizami əlindəki tərəzini fırlatdıqca iri tərəzi də fırlanıb. Qadın fiqur gümüş lövhənin (Ay), kişi fiquru isə qızıl lövhənin (Günəş) üzərində rəqs edib. Onlar Leyli və Məcnunu rəmzləşdirir. Onlar dövrə vura-vura rəqs edir, qovuşmağa çalışır, lakin birləşə bilmirlər. Üç yüzədək ifaçı səhnə ətrafındakı halqada görünüb. Qədim tarixə malik miniatür sənətinin yaratdığı obrazlar səhnədə göründükcə halqanın ətrafı rənglə dolub. İfaçılar səhnəni göz önündə canlandırırlar. Halqa fırlanmağa başlayıb. Miniatür rəsmlərdə təsvir olunan adamlar kuklasayağı hərəkətlər ediblər. Sanki rəsmdəki obrazlar cana gəlib. Nizami tamaşaçını yaradıcılığının doqquz mövzusu ətrafında səhnədən-səhnəyə aparıb. Evlər, saray və məktəblər, şahzadələr, əjdahalar, atlar, digər real və əfsanəvi varlıqlar görünüb. Halqa tam dövrə vurduqdan sonra yerdən nar ağacı boy verib qalxıb. Nizami ağacdan bir nar dərib. Qəfil hər şey donub. Nizaminin ətrafındakı miniatürlər dünyası yerə bataraq yoxa çıxıb, tərəzi uzaqlaşır və ifaçılar səhnəni tərk ediblər. Stadionun mərkəzinə doğru uçan, bolluq, oyanış, sevgi, uğur mücəssəməsi olan və Azərbaycanı rəmzləşdirən nəhəng bir nar görünüb. Nar paralanır və onun dənələri - yaquta bənzər yüzlərlə şar stadion ətrafında uçmağa başlayıb. Uçan nar dənələri sanki idmançıları salamlayırmış kimi, təntənəli bayram əhval-ruhiyyəsi yaradıb. Daha sonra idmançıların paradı olub. Bu mərasim 50 təbilçinin çaldığı gurultulu təbil sədaları ilə müşayiət olunub. İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin - Yunanıstanın idmançıları səhnəyə daxil olublar. Digər ölkələrin komandaları onun arxasınca əlifba sırası ilə gəliblər.
Stadiona Avropa Olimpiya Komitəsinin bayrağı gətirildikdən sonra “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış edərək Azərbaycanın böyük tarix yazdığını qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq
4 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
5 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info