Son ildə Naxçıvanda ixracın həcmi artıb
Tarix: 09.07.2015 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Cavadxan QASIMOV |

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin müdiri, İqtisad üzrə fəlsəfə doktoru, dosent

Dövlət inkişaf etdikcə, problemlərin öhdəsindən layiqincə gəldikcə, iqtisadi qüdrətinin artması sahəsində təmsil etdiyi zəruri göstəriciləri özündə yaşadır, onları sabaha və gələcəyə möhtəşəm nailiyyətlərlə təqdim edir. Bu zaman onun milli iqtisadi potensialı ayrılıqda hər bir fərdi, ümumilikdə isə bütöv bir cəmiyyəti əhatə etməklə, yüksək tərəqqi səviyyəsində bərqərar olur. Təbii ki, əldə olunan nailiyyətlər müasir dövrün ən mötəbər göstəriciləri kimi özünü təsdiq etməklə, yeni bir model, strategiya kimi adını ucalara yüksəldir.
Müasir mütəqillik illərində özünün iyirmi iki illik inkişaf tarixi ilə böyük qürur mənbəyinə çevrilən Azərbaycan Respublikası çoxşaxəli iqtisadiyyatı ilə istər regionda, istərsə də bütövlükdə dünya miqyasında nümunəyə çevrilmişdir. İqtisadi gücün çox olması bütünlükdə ölkənin hərtərəfli inkişafını təmin edəcək bütün sahələrin müqavimətlilik, dayanıqlılıq və perspektivlilik səviyyəsini də əhəmiyyətli dərəcədə yüksəltmişdir. Dünyanın bir çox ölkələrində baş alıb gedən, hətta qitə və materikləri də öz təsirinə salan sosial böhranlar, iqtisadi və siyasi sıxıntılar, maddi və mənəvi çöküntülər qarşısında dayanıqlıq gücünün mövcudluğu ölkəmizi nəinki, həmin xoşagəlməz hallardan və acı gerçəkliklərdən qoruya bilir, hətta öz uğurlarını daha da artırır. Buna ən parlaq missal olaraq, ölkəmizin Avropanın 50 Olimpiya Komitəsinin iştirakı ilə 20 idman növü üzrə 6000 idmançının iştirakı ilə keçirilən Birinci Avropa Oyunlarına ev sahibliyi etməsini və 21 qızıl, 15 gümüş və 20 bürünc olmaqla, 56 medalla başa vurması, bununla da, nəinki, regionun hətta qitənin liderlərindən (ikincisi) olduğunu isbatlamasını göstərə bilərik.
Şübhəsiz ki, bütün bunlar hər hansı bir ölkənin iqtisadi qüdrətinin artırılması üçün təməldir, başlanğıcdır, əsasdır. Bu mənada ölkəmizin son on iki ildə keçdiyi tarixi-iqtisadi inkişaf yolu onun regional iqtisadi siyasət baxımından mahiyyətini də yüksəltmiş, innovativ əhəmiyyət qazandırmışdır. Bu gün ölkənin bütün regionlarının davamlı, tarazlı və dayanıqlı inkişafına bir-birinin ardınca xidmət edən üç mərhələdə regional inkişaf Dövlət Proqramları fəaliyyət göstərir və artıq bu proses üçüncü beşilliyi əhatə etməkdədir. Aydın məsələdir ki, bununla ölkənin regional siyasətinin də uğurları daha qabarıq şəkildə görünür. Qeyd edə bilərik ki, artıq istənilən rayon, şəhər, qəsəbə və digər ərazilərin inkişafındakı fərq aradan qaldırılmış və sistemli inkişaf təmin edilmişdir.
Bu bir həqiqətdir ki, ölkəmizin regional siyasətinin uğurlu istiqamətdə müəyyənləşdirilməsinin ən gerçək təsdiqi regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsindən ibarətdir. Fikrimizi əsaslandırmaq üçün hər zaman milli iqtisadi potensialın inkişafı və artmasında söz sahibi olan, strateji əhəmiyyət daşıyan, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni və maddi həyatında daima güclü mövqeyi ilə seçilən, ərazi baxımından ölkəmizin təhlükəsizlik simvoluna çevrilən Naxçıvan Muxtar Respublikasının makroiqtisadi göstəricilərindən söz açmaq yerinə düşər. Burada təməli qoyulan sağlam iqtisadi mühit özünü bütün sahələrdə göstərməklə ümumilikdə, ölkə iqtisadiyyatının potensial dayağına çevrilməkdədir. Rəqəmlərə müraciət edərkən görürük ki, 2015-ci ilin yanvar-may aylarında muxtar respublikada əsas makroiqtisadi göstərici olan Ümum Daxili Məhsul istehsalı 838 milyon 241 min manta təşkil etmişdir. Dövlətin öz əhalisinə bitməz və tükənməz qayğısının nəticəsi onların iqtisadi nailiyyətlərdən yetərincə bəhrələnməsi ilə də ifadə olunur. Bu mənada istehsal edilmiş ÜDM-nin hər bir nəfərə düşən həcmi müvafiq dövrdə 1902,5 manata çatdığını göstərə bilərik.
Muxtar Respublikanın hazırkı inkişaf səviyyəsinə diqqət edərkən görürük ki, ölkəmizdə milli liderimizin müəyyən etdiyi uğurlu siyasət bütün sahələrin müvəffəqiyyət göstəricisinə çevrilmiş və bu, regionların sosial-iqtisadi inkişafındakı dərin izləri ilə müşayiət olunmaqdadır. Belə ki, iqtisadiyyat bir sahə və ya istiqamət üzrə deyil, çoxşaxəli, çoxsahəli və dinamik olaraq irəliyə doğru addımlamaqdadır. Bunu muxtar respublikada cari ilin beş ayının makroiqtisadi naəticələrini özündə əks etdirən ÜDM-nin strukturunda da görə bilərik. Belə ki, burada yaradılmış əlverişli iqtisadi mühit və şərait nəticəsində iqtisadiyyatın bir çox sahələrinin nəticələri sanki, məhsuldarlıq uğrunda yarışırlar. Ərazidə əhalinin əksər hissəsinin kənd yerlərində yaşamasına baxmayaraq burada iqtisadiyyatın sənaye əhəmiyyəti də daim diqqət mərkəzində saxlanılmış və sözügedən sahə məhsullarının artım dinamikası yüksələn xətt üzrə davam etməkdədir. Təkcə cari ilin yanvar-may aylarında istehsal olunan sənaye məhsulları 393 milyon 990 min manatlıq həcmlə ÜDM-nin tərkibində ilk yeri tutmaqdadır.
Təbii ki, bütün bunlar gündəlik dövlət qayğısının nəticəsində mümkün olmuşdur. Burada həyata keçirilən tədbirlərin əhatə dairəsində yeni istehsal və xidmət potensialının intensiv inkişafı, ən müasir və yeni infrastruktur layihələrinin gerçəkləşdirilməsini görmək mümkündür. Qeyd edək ki, yuxarıda sadalanan nailiyyətlərin əldə olunması üçün görülən tədbirlər özünün məqsədyönlülüyü ilə seçilmiş və bunun üçün cari ilin yanvar-may ayları ərzində muxtar respublikada əsas kapitala 422 milyon 872 min manat həcmində investisiya yönəldilmişdir. Bütün bunlar muxtar respublikada tikinti sahəsində də ən müasir tələblərə cavab verən infrastruktur potensialının formalaşmasına xidmət etmişdir. Göstərilən yüksək dövlət qayğısının nəticəsidir ki, cari ilin təkcə yanvar-may aylarında əsas kapitala yönəldilmiş investisiyaların 365 milyon 96 min manatı və ya 86,3 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
Məlumdur ki, ölkəmizdə və ona bağlı Naxçıvan muxtar respublikasında hazırkı il “Kənd təsərrüfatı ili” kimi elan olunmuşdur. İqtisadiyyatın çoxşaxəli inkişaf istiqamətlərinin müəyyənləşdirilməsindən ibarət əsas götürülmüş hədəflərin gerçəkləşdirilməsinə nail olmaq üçün sistemli tədbirlər həyata keçirilməkdədir. Burada atılan hər bir addım əldə olunan yüksək səmərə, məhsuldarlıq deməkdir. Artıq burada yaradılmış sağlam iqtisadi mühit kəndliyə öz mülkiyyətində olan torpaqlarda işləməyə, məhsul istehsal etməyə böyük stimul vermişdir. Nəticədə isə kəndli əmindir ki, onu daim diqqət və qayğı ilə əhatə edən qüdrətli dövlət vardır. Təbii ki, bütün bunlar istifadəçiləri, kəndliləri daha əzmkarlıqla işləməyə, daha məhsuldar fəaliyyət göstərməyə sövq etməkdədir. Məqsədyönlü və faydalı tədbirlər nəticəsində 2015-ci ilin yanvar-may aylarında muxtar respublikada 44 milyon 769 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.
Müasir dövr hərtərəfli, o cümlədən innovativ inkişafdan, yüksək sosiallaşmadan, mütərəqqi humanizmlərdən ibarət əlverişli mexanizmlərə söykənən və bununla da xalqın, bütün təbəqələrdən olan insanların maraqlarını, mənafelərini ifadə edə bilən iqtisadiyyatın qurulması və inkişafını tələb etməkdədir. Təbii ki, ölkələr inkişaf etdikcə öz əhalisinin gündəlik həyat səviyyəsi də yüksəlir, yaxşılaşır və daha da firəvanlaşır. Əsası ulu öndərimiz böyük Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf və ictimai-siyasi sabitlik siyasəti müasir müstəqillik dövrünün son iyirmi iki ilində ən möhtəşəm nailiyyətləri ilə müşayiət olunmaqdadır. Keçən müddətdə ölkəmizin sosial siyasətinin daha geniş əhatədə formalaşması şübhəsiz ki, özünü bütün regionlarda və hər bir insanın gündəlik həyatında göstərməkdədir. Bu mənada da Naxçıvan Muxtar Respublikası milli liderin siyasi ideyalarına sadiq qalaraq öz sözünü deməkdədir. Və təbii ki, öz sakininin yaşayışını, alıcılıq qabiliyyətini, gündəlik yaşam tərzini və uzunmüddətli firəvanlığını əsas tutmaqdadır. Bu isə özünü əhalinin gəlirlərində biruzə verir. Qeyd edək ki, istinad edilən dövrdə muxtar respublikada əhalinin gəlirləri 645 milyon 203 min manat təşkil etmiş və onun hər bir nəfərə düşən həcmi isə 1464,4 manat olmuşdur.
Yeridilən siyasətin yalnız insan amili üçün mahiyyət verildiyi muxtar respublikada 2015-ci ilin yanvar-may aylarında iqtisadiyyatda bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləğinin 392,4 manat həcmində təşəkkül tapmasına səbəb olmuşdur.
Ölkəmiz daxili siyasətdə olduğu kimi, xarici siyasətdə də məqsədyönlülük prinsiplərini əsas tutaraq keyfiyyətli, uğurlu, səmərəli tədbirlərin altına imza atmaqdadır. Təbii ki, bu isə öz növbəsində ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin güclənməsinə və xarici iqtisadi əlaqələrin daha da təkmilləşməsinə təkan verməkdədir. Dövlət başçısı cənab İlham Əliyevin qətiyyətlə davam etdirdiyi müdrik siyasət ölkəmizin səsinə səs verən, bizimlə müttəfiq və etibarlı tərəfdaş olan ölkələrin də sayının artmasına səbəb olmuşdur. Şübhəsiz ki, bu isə siyasi sahədə olduğu kimi iqtisadi sahədə də böyük güvən, etibar və inam gətirməkdədir. Təbii ki, bu isə özünü ölkənin xarici ticarət dövriyyəsinin artmasına səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikası da bu baxımdan nailiyyətlərlə zəngin bir statistika ortaya qoymaqdadır. Burada əldə olunan iqtisadi inkişaf xarici ticarət əlaqələrinin daha da genişlənməsində özünü göstərməkdədir. Belə ki, 2015-ci ilin yanvar-may aylarında muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 141 milyon 845 min Amerika Birləşmiş Ştatları dolları təşkil etmişdir. Güclü iqtisadi təşkilatlanma, artan istehsal potensialı və sistemli iqtisadi idarəetmə Naxçıvan MR-in ixrac potensialının da inkişafına təkan vermişdir. Nəticədə isə ixracın həcmi son bir il ərzində 3,2 faiz artaraq 122 milyon 829 min Amerika Birləşmiş Ştatları dollarından artıq olmuş, idxalın həcmi isə 60 faiz azalaraq 19 milyon 15 min Amerika Birləşmiş Ştatları dolları təşkil etmişdir. Şübhəsiz ki, bütün bunlar təcrübəli idarəçilik zəminində mümkün olmuşdur. Qeyd edək ki, bu mənada da xarici ticarət əməliyyətları istiqamətində əldə olunan uğurlar bu istiqamətdə 103 milyon 814 min Amerika Birləşmiş Ştatları dollarından artıq həcmdə müsbət saldonun yaranması ilə müşayiət olunmuşdur.
Artıq yüksək müstəqillik təcrübəsinə, böyük sosial dünyagörüşə, müdrik idarəçiliyə malik olan Azərbaycan Respublikası qazandığı uğurların ardıcıl, davamlı olması üçün uzaq gələcəyə istiqamətlənən perspektivləri və hədəfləri ilə yeni-yeni nailiyyətlər əldə etməkdədir. Təbii ki, bünlar mövcud dövrdə qazanılan uğurların əhatə dairəsinin və axarlılığının təmin edilməsini də şərtləndirməkdədir. Bu isə öz növbəsində iqtisadi siyasətin də əsas meyarlarından birini təşkil edir. Gələcək üçün addımlar atmaq, yeni gəlir mənbələrinin (sahələrinin) müəyyənləşdirilməsi və həmin sahədəki fəaliyyətin maliyyələşdirilməsi məsələləri ölkəmizin iqtisadi uğurları arasındadır. Naxçıvan Muxtar Respublikasının son iyirmi ildə bu istiqamətdə həyata keçirdiyi tədbirlər keçən müddətlər üzrə özünün artım vəziyyəti ilə səciyyələnmişdir. Bu istiqamətdə fiziki və hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin təmin edilməsi məqsədilə onların müxtəlif bank, eləcə də digər maliyyə və kredit təşkilatları ilə münbit əlaqələrinin qurulması məhsuldar nəticələrin ortaya qoyulmasına imkanlar açmışdır. Statistik rəqəmlərə diqqət edəndə görürük ki, 2015-ci ilin yanvar-may aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslər 36252,1 min manatlıq kreditlərlə təmin edilmişdir.
Günü gündən yaraşıqlanan, gözəlləşən, daha da müasirləşən Naxçıvan Muxtar Respublikası ölkəmizin turizm potensialının inkişafında da əhəmiyyəli yer tutmaqdadır. Bu sahədəki infrastrukturun daha da gücləndirilməsinin nətcəsidir ki, artıq Naxçıvan MR vətəndaşlarımızın və sakinlərimizin qürur mənbəyinə çevrildiyi kimi, xarici ölkə vətəndaşlarının da diqqətini çəkməkdədirlər. Buna görə də hər kəsin hörmətinə, marağına səbəb olan muxtar respublikamıza 2015-ci ilin yanvar-may aylarında 141 min 867 nəfər turist gəlmişdir ki, bu da sosial-iqtisadi inkişafda yeni mərhələnin əsasını qoymaqdadır.
Göründüyü kimi, Naxçıvan Muxtar Respublikası artıq gələcəyə istiqamətlənən uğurları ilə yeni bir tarix yazmaqdadır. Ölkəmizin imza atdığı dünya miqyaslı nailiyyətlər hər bir naxçıvanlının qürur mənbəyinə çevrilmişdir. Eyni zamanda burada əldə olunan hər bir müvəffəqiyyət isə milli iqtisadi inkişafa böyük bir töhfədir.




 
Müəllifin son yazıları

05.01.2018 Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarını asanlaşdıran yol
25.07.2017 Azərbaycan iqtisadi inkişafin yeni mərhələsində
25.01.2016 Naxçıvanda ötən il istehsal olunan sənaye məhsulunun 96 faizi özəl sektora məxsusdur
23.01.2015 Qarşıda bizi çox nailiyyətlər gözləyir
28.12.2013 Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən layihə

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9433

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 Regional geosiyasi vəziyyət müzakirə edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info