“Gələcək nəsillər elmli və savadlı olmalıdır”
Tarix: 11.07.2015 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


İlkin Abdiyev: “Azərbaycan gəncliyində innovativ düşüncə qabiliyyətini inkişaf etdirmək lazımdır”
Layihə çərçivəsində Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyinin sədri İlkin Abdiyevlə müsahibəni təqdim edirik

-İlk olaraq, mümkünsə, özünüz haqqında məlumat verərdiniz.
- Mən, İlkin Abdiyev, Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyinin sədriyəm. Eyni zamanda “ElanExpo”nun Azərbaycan nümayəndəliyinin rəhbəri, Dövlətlərarası Media və Diplomatiya Mərkəzinin (İntergovernmental Media & Diplomatic Center) vitse-prezidentiyəm.
-Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyi nə vaxtdan fəaliyyət göstərir?
- Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyi 2013-cü ildən etibarən fəaliyyət göstərir. Təşkilat ildə ən azı 2-3 layihə icra edir. GMKİB-nin əsas məqsədi gəncləri maarifləndirmək, onlar arasında vətənpərvərlik hislərini təbliğ etmək, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün dil və kompüter kursları, psixoloji və hüquqi seminarların keçirilməsidir. Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyi, eyni zamanda mütəmadi olaraq xeyriyyə aksiyaları təşkil edir. Daxili layihələrimizdən biri “Resbubilka gənclərinin təlimlər həftəsi” layihəsidir. Bu layihə sayəsində 2500 gəncin iştirakı ilə bölgələrimizin tarixi təbliğ olundu. Daha böyük daxili layihələrimizdən biri “Məişət Zorakılığına yox, erkən nikaha son!” olub. Bu layihəni biz 7 rayonda icra etdik və uğurla da nəticələndi. Daha sonra ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı “Unudulmaz Lider” adlı böyük bir rəsm müsabiqəsi keçirdik. Həmçinin “Gənclərə Konstitusiyamızı təbliğ edək” layihəsini də qeyd etmək olar.
Bir az əvvəl də bildirdiyim kimi, tez-tez xeyriyyə aksiyaları, kitab aksiyaları və davamlı seminarlar keçirərək, Azərbaycan gəncliyinin maarifləndirilməsi istiqamətində işlər aparırıq.
-Əsas məqsədiniz nədən ibarətdir?
- Hazırda Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyinin qarşısına qoyduğu məqsədlərdən biri beynəlxalq layihələr işləməkdir. Hesab edirəm ki, gənclərin maarifləndirilməsi sahəsində inteqrasiyaya ehtiyac var. Azərbaycan gəncinin potensialı var. Bu təşkilatın isə başlıca hədəflərindən biri sadəcə bu potensialı inkişaf etdirmək və həmin potensialı Azərbaycan naminə yönəltməkdir. Eyni zamanda mən bu günlərdə Dövlətlərarası Media və Diplomatiya Mərkəzinin vitse-prezidenti təyin olundum. Mərkəz öz fəaliyyətinə yeni başlasa da, olduqca böyük nailiyyətlər əldə etməyə müvəffəq olub. İMD Center bir çox xarici dövlətlərin mətbuatına çıxış əldə edib, mütəmadi olaraq isə həmin dövlətlərin mətbuatında Azərbaycan mədəniyyəti, ziyalıları, Azərbaycan həqiqətləri ilə bağlı yazılar dərc edir. Bu günlərdə isə İMD Center Küveyt-Azərbaycan Media Forumu və Türkiyə-Azərbaycan Media Forumu kimi iki böyük layihəyə start verdi. Məqsədimiz isə tezliklə Qərbi Avropa ölkələri ilə media körpüləri qurmaqdır. Əminəm ki, biz buna nail olacağıq. Çünki Azərbaycan torpaqlarını geri almaq naminə, informasiya müharibəsinə qoşulmalıdır. Dünya mətbuatına çıxış isə məhz bu informasiya müharibəsinə qoşulmaq deməkdir. Qlobal dünyada baş verən bütün siyasi hadisələri nəzərə alsaq, informasiya müharibəsində iştirakın mütləqliyini görmək mümkündür. Ən azından erməni yalanlarına “Dur” demək üçün bu lazımdır. Bu gün dünya ictimaiyyəti arasında elə bir tendensiya formalaşıb ki, media insanların düşüncə tərzinə birbaşa təsir etmək gücünə malikdir. O üzdən hesab edirəm ki, media Azərbaycan həqiqətlərini dünya birliyinə çatdırmaq üçün uğurlu yol hesab edilir.
-Türkiyədəki əlaqələrinizdən danışdınız. Sizcə, Türkiyədə təhsil alan gənclərimizin həmrəyliyi hansı səviyyədədir?
-Xaricdə gənclərin mənəvi inkişafını faizə nisbətdə qiymətləndirərdim. Xaricdə təhsil alan və Vətənimiz üçün çox yaxşı işlər görən gənclərimiz var. Amma xaricdə olan və Vətən üçün nə isə etməyən gənclərimiz də var. İMD Center isə əməkdaşlıq etdiyi dövlətlərdə öz könüllülərini toplayır, onlara azərbaycançılığı təbliğ edir. Belə olan halda isə, nəinki xaricdə yaşayan həmvətənlərimiz, hətta əcnəbilərin belə, azərbaycançılıq hissini oyatmaq mümkün olur. Hesab edirəm ki, həmrəy olmaq üçün xaricdə yaşayan gənclərlə mütəmadi ünsiyyətdə olmaq lazımdır. Türkiyə qardaş dövlətdir. Yəni orada təhsil alan türk gənci belə, bizlərlə həmrəydir. Bunu adi gözlə də, görmək mümkündür. Lakin bundan başqa, xaricdə yaşayan bütün azərbaycanlı gənclər özlərində azərbaycanlı olduqlarına görə məsuliyyət daşımalıdır. Bu məsuliyyəti isə bizlər, gənc QHT sektorunda çalışanlar onların çiyinlərinə qoymalıyıq. Biz fəaliyyətimizi və öz kursumuzu bu yöndə aparırıq. İnanıram ki, bu, öz töhfəsini verəcək.
-Gənclərin elm və təhsilinin artırılmasında əsas nəyə ehtiyac var?
-Mən bir qədər əvvəl qeyd etdim. Bu gün gənclərimiz öz potensiallarını qoruyub saxlamaqda deyil, həmin potensialla yararlı olmaq adına, onu inkişaf etdirməkdə, maraqlı olmalıdırlar. Bu, təbii ki, gənclərin özündən asılıdır. Hazırda Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanın hər bir bölgəsində təhsilə böyük diqqət və qayğı mövcuddur. Bu gün Azərbaycan təhsili inkişaf edir. Lakin hesab edirəm ki, Azərbaycan gəncliyində innovativ düşüncə qabiliyyətini inkişaf etdirmək lazımdır. Bunun üçün xüsusi təlim proqramına ehtiyac var. Bu gün Azərbaycan gənci daha aktiv və daha fəal olmalıdır. Gənclər arasında kitab oxunmasını təbliğ etmək lazımdır. Daha çox mütaliə etmək bu günün gəncləri arasında labüd bir tendensiyadır. Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyinin bu günə kimi həyata keçirdiyi bütün layihələrin ana xətti məhz, təşkilatın adından da, göründüyü kimi, gənclərin təhsilə köklənməsinə hesablanıb. Hesab edirəm ki, bu, öz effektini verəcək. Çünki bizim gələcək nəsillər elmli və savadlı olmalıdır.
-Digər Azərbaycan QHT-ləri ilə birgə hansı işlər görürsüz?
-Hələ ki, heç bir QHT ilə birgə layihə işləməmişik. Amma bizə bu istiqamətdə hər hansısa bir QHT-dən təklif olarsa, biz bunu hər zaman dəyərləndirməyə hazırıq. Təbii ki, bu, həmin layihənin mahiyyətindən və Azərbaycan gəncliyinə verəcəyi töhfədən asılıdır. Lakin onu qeyd edim ki, biz artıq İMD Center-lə birgə layihələr icra etməyə qərar vermişik. Hesab edirəm, bu gün Azərbaycanda fəaliyyət göstərən bütün QHT-lər mütləq sürətdə İMD Center-in informasiya dəstəyi ilə layihələrini icra etməlidirlər. Çünki İMD Center birbaşa olaraq, dövlətlərarası mediaya çıxışı olan təşkilatdır. Məhz bu yöndə iş fəaliyyəti sərgiləməklə, istənilən QHT keçirdiyi layihələrin həm daxili, həm xarici mediada işıqlandırılmasına nail olacaq.
-Gənclərimiz Kiprdə ölkəmizi yetərincə tanıda bilirlərmi?
-Kiprlə əlaqələrin qurulması istiqamətində danışıqlar aparırıq. Hesab edirik ki, bu danışıqlar öz töhfəsini verəcək. Azərbaycan gənci nəinki Kiprdə, bütün ölkələrdə öz aktivliyini nümayiş etdirməyi bacarır. Sadəcə biz İMD Center-də belə bir layihəyə start vermişik ki, məhz həmin aktiv gənclərimizi istiqamətləndirək. Bu istiqamətləndirmək isə, birbaşa olaraq gənclərimizin xaricdə Azərbaycan adına xeyirli töhfə verəcək istiqamətdə aktivlik nümayiş etdirmələridir. Nəzərinizə çatdırım ki, bu günlərdə Kipr-Azərbaycan Media Forumu kimi daha bir önəmli layihəyə start verəcəyik.
-Türkiyədəki digər xalqların təşkilatları ilə əməkdaşlıq edirsizmi?
-Yox. Digər xalqlarla deməzdim, amma onu deyə bilərəm ki, qardaş Türkiyədə çox yaxşı və sıx əməkdaşlıq əlaqələrimiz var. Bu günlərdə Türkiyədən səfərdən döndüm. Birgə böyük və uğurlu layihələr icra edəcəyik. Türkiyə-Azərbaycan Media Forumu isə “bir millət, iki dövlət arasında” daim öz töhfəsini verəcək.
-Təşkilatın gələcək hədəfləri haqda da fikrinizi bilmək istərdik...
-Həm GMKİB-nin, həm İMD Center-in özünə görə hədəfləri var. Əminliklə deyə bilərəm ki, hər iki təşkilat bu günə kimi qarşısına qoyduğu bütün hədəfləri dəf edib. Hazırda isə təşkilatlarımızın xarici dövlətlərdə nümayəndəliklərinin açılması istiqamətində işlər aparırıq. İlk nümayəndəliyimizin Özbəkistan və Qazaxıstanda öz işinə başlaması da artıq müəyyən olunub. Əsas hədəflərimiz, təbii ki, Avropa ölkələrinin mediasına çıxış əldə etməkdir. Bu gün biz Avropa ölkələrinin mətbuatında dərc olunmaq imkanına sahibik. Lakin bu, mütəmadi və təmənnasız olmalıdır. Çünki bizim başlıca hədəfimiz yalnız xarici mətbuatda dərc olunmaq deyil, xarici mətbuatda Azərbaycan haqda müsbət fikir formalaşdırmaq, bizimlə sürəkli çalışan xarici nümayəndələri “azərbaycanlılaşdırmaqdır”. Etiraf edək ki, bu günə kimi qurduğumuz əməkdaşlıqlar məhz bu cür qurulur və inandırım sizi ki, olduqca effektli nəticə verir. Maddiyyat güdərək, Azərbaycan adına nə isə dərc etdirmək, ümumiyyətlə, İMD Center-in bütün prinsiplərinə ziddir. Bizə maddiyyatla əldə edilən nailiyyət lazım deyil. Çünki o nailiyyət çox qısa və effektsiz olur. İMD Center isə bu günə kimi yalnız və yalnız effektli media körpüləri qurmağa müvəffəq olub. Hesab edirəm ki, bundan sonra da belə olacaq. Bir sözlə, biz əlimizdən gələni edəcəyik ki, biz azərbaycanlı olmamızla fəxr etdiyimiz kimi, Azərbaycanımız da, bizlərlə fəxr etsin!
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
17.10.2019
“Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”
08.10.2019
Terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçıları çirkin əməllərini idman sahəsində də nümayiş etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info