Sağlam həyat mədəniyyətini formalaşdırmaq üçün nə etməli?
Tarix: 31.01.2013 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və “Sağlam Həyat Mədəniyyəti” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə “Sağlam həyat mədəniyyətinin mahiyyəti, aktuallığı və bu sahədəki vacib tədbirlər” mövzusunda dəyirmi masa keçirildi.

Tədbirdə çıxış edən “Sağlam Həyat Mədəniyyəti” İB-nin sədri, Əhməd Qəşəmoğlu mövzunun aktuallığından danışaraq bildirdi ki, mövzu ilə bağlı üç istiqamətə diqqət yetirmək lazımdır. Bunlardan biri “sağlam həyat mədəniyyəti məsələlərinə diqqətin artırılması dövrün mühüm tələbi kimi” adlanır. Hazırda dövlət tərəfindən əhalinin fiziki sağlamlığının yüksəldilməsi sahəsində mühüm işlərin görüldüyünü deyən Ə.Qəşəmoğlu bildirdi ki, ölkəmizdə diaqnostika mərkəzlərinin, xəstəxanaların və digər səhiyyə müəssisələrinin yaradılmasına ciddi əhəmiyyət verilir. Qanunvericilik sahəsində də bu istiqamətdə səmərəli işlər aparılır. Onun sözlərinə görə, əhalinin fiziki sağlamlığının yüksəldilməsində aparılan bütün təşkilati, hüquqi, inzibati işlərlə yanaşı, ölkə əhalisinin sağlam həyat mədəniyyəti də mühüm rol oynayır: “Apardığımız sosioloji araşdırmalar göstərdi ki, bu sahədə olduqca ciddi problemlər var. İqtisadiyyatımızda ciddi irəliləyiş olduğu indiki vaxtda sağlamlıq mədəniyyətimizin də yüksəlməsi üçün imkanlar artıb. Yoluxucu xəstəliklərin, təhlükəli qidaların, ərzaq məhsullarının çoxaldığı indiki dövrdə əhalinin sağlamlıq səviyyəsinin yüksəldilməsi məsələsi daha da aktuallaşır. Sağlam həyat mədəniyyəti ölkədə əmək qabiliyyətinin yüksəlməsində mühüm rol oynayır. Ölkədə turizmin inkişafı da əhalinin sağlam həyat mədəniyyətindən çox asılıdır. Sağlam həyat mədəniyyəti eyni zamanda strateji bir məsələdir”.

Modaya aludəçilik bir çox hallarda təhlükəli
geyimlərin istifadəsinə imkan verir


Birliyin sədri qeyd etdi ki, mövzu ilə bağlı ikinci istiqamət “sağlam həyat mədəniyyətinin əsas komponentləri”dir ki, burada, ilk növbədə, qida mədəniyyəti öz əksini tapır. Bildirildi ki, istər keçirilən mərasimlərdə, ziyafətlərdə, şənliklərdə, istərsə də gündəlik qidalanmalarda rasional qidalanma sahəsində olduqca ciddi problemlər var. Ə.Qəşəmoğlunun sözlərinə görə, digər komponent isə geyim mədəniyyətidir ki, hazırda bu sahədə forma məzmunu üstələyir: “Sağlamlığın qorunması əsas meyar rolunu oynamır. Modaya aludəçilik bir çox hallarda təhlükəli geyimlərin istifadəsinə imkan verir. Komponentlərdən biri də idmana etinasızlıq, hərəkətsizlikdir. Oturaq həyat keçirməyə, tənbəlliyə meyli olanlar az deyil. Bu istiqamətdə maarifləndirmə işinə böyük ehtiyac var”. Bundan başqa, gigiyenaya etinasızlıq, zərərli vərdişlərin yayılması, ekoloji mədəniyyət, sürücülük mədəniyyəti və s. kimi komponentlər var. Mövzu ilə bağlı üçüncü istiqamət isə ölkədə sağlam həyat mədəniyyətinin yüksəldilməsi üçün qarşıda duran ən vacib tədbirlərdir. Bildirildi ki, ölkənin inkişag strategiyalarında, fəaliyyət proqramlarında səhiyyəyə ciddi diqqət ayrılır. Lakin bununla yanaşı bu sahədəki fəaliyyət o zaman arzuolunan nəticəni verəcək ki, sistemli xarakter alsın. Əhalinin fiziki sağlamlığının qorunması sahəsində fəaliyyət proqramının hazırlanmasına böyük ehtiyac olduğunu vurğulayan Ə.Qəşəmoğlu bildirdi ki, bu proqram əsasında ölkədə sağlam həyat hərəkatına başlamaq çox zəruridir.

Bütün televiziya
verilişlərində yeməklə bağlı təbliğat gedir


Sağlamlığın insan həyatında ən mühüm faktorlardan biri olduğunu deyən Milli Məclisin sosial siyasət komitəsi sədrinin müavini Musa Quliyev isə bildirdi ki, insan sağlamlığı həm də mənəvi rifah halıdır. Hər bir dövlətin vəzifəsinin bunu təmin etmək olduğunu deyən millət vəkili qeyd etdi ki, sağlam həyat tərzi üçün həm dövlətin, həm cəmiyyətin, həm də fərdlərin üzərinə vəzifələr düşür. Son bir neçə ildə bu istiqamətdə dövlət tərəfindən görülən işlərdən danışan millət vəkili bildirdi ki, Prezidentin qarşıya qoyduğu məqsədlərdən biri də əhalinin təmiz su ilə təmin edilməsidir: “Ölkə başçısının göstərişinə əsasən Kürətrafı yaşayış məntəqələrində sutəmizləyici qurğular quraşdırıldıqdan sonra insanların böyrək xəstəlikləri ilə bağlı problemləri aradan qaldırılıb. Bundan başqa, ölkə başçısının rəhbərliyi ilə Olimpiya İdman komplekslərinin yaradılmasında başlıca məqsəd əhalinin sağlamlığını təmin etməkdir. Hazırda ölkədə yeni xəstəxanalar tikilir, köhnələr təmir edilir, müasir avadanlıqlarla təchiz edilir. Bütün bunların reallaşmasında məqsəd əhalinin sağlamlığını təmin etməkdir”. M.Quliyev bildirdi ki, dövlət başçısının təşəbbüsü ilə Milli Məclisdə “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsi müzakirə olunur. Bu qanun qüvvəyə mindikdən sonra bütün uşaqlar məcburi surətdə dövlət vəsaiti hesabına müayinə olunacaqlar.
Əhalinin sağlam həyat mədəniyyətində öz əksini tapan müxtəlif amillərə diqqət yetirilməsinin vacib olduğunu deyən millət vəkilinin sözlərinə görə, bunlardan biri də geyimlə bağlıdır: “Məsələn, bu gün qadınlar dəb üçün hündürdaban ayaqqabılar geyirlər ki, bu da zaman keçdikcə onlarda müxtəlif problemlərin yaranmasına səbəb olur. Yaxud, ziyafətə geyiləcək paltarlar işə geyilir ki, bu da sağlamlıqla bağlı öz təsirini göstərir. Belə problemlər qidalanma ilə bağlı da özünü göstərir. Belə ki, Azərbaycan əhalisi qədər çörək və ət qəbul edən xalq yoxdur. Bütün televiziya verilişlərində yeməklə bağlı təbliğat gedir, şirniyyatların hazırlanması təqdim edilir. Bütün bunlar sağlam həyat tərzinə təsir edən amillərdir”. M.Quliyevin sözlərinə görə, ölkə başçısı bildirib ki, 2013-2023-cü illərdə Azərbaycanın ümumi daxili məhsulu qeyri-neft sektorunun hesabına iki dəfə artmalıdır: “Bu, nəticə etibarilə Azərbaycanı yüksək gəlirli ölkələr sırasına daxil edəcək. Beləliklə, qarşıya vəzifə qoyulub ki, Azərbaycan inkişaf etmiş ölkəyə çevrilməlidir. Burada yalnız iqtisadiyyat nəzərdə tutulmur, eyni zamanda inkişaf etmiş ölkələr səviyyəsində yüksək mədəniyyət, sağlamlıq mədəniyyəti və digər sahələr öz əksini tapır. Bütün bunları nəzərə alaraq mövcud sağlam həyat mədəniyyəti ilə bağlı xüsusilə də bölgələrdə maarifçilik tədbirlərinə ehtiyac var”.

Maarifləndirmə
işi aparılmalıdır


Azərbaycan dövlətinin iqtisadi qüdrətinin bütünlüklə insan faktoruna yönəldiyini deyən millət vəkili İlham Məmmədov bildirdi ki, ölkə başçısının fəaliyyəti də bu kontekstə yönəlib. Bununla yanaşı, ölkədə hələ də görüləcək işlərə ehtiyac olduğunu deyən İ.Məmmdov bildirdi ki, bunlardan biri kimi regionlarda sağlam həyat mədəniyyətinin formalaşması istiqamətində bir çox addımlar atılmalıdır: “Hesab edirəm ki, bu sahədə yüksək maarifləndirmə işinin aparılması lazımdır. Bu sahədə əvvəlki stereotipləri pozmaqla ilk addımı atmış olarıq. Əhalinin maariflənməsi istiqamətində görülən işlərdən biri kimi “Ailə həkimi” jurnalının dərci tibbi xarakter daşıyır, sağlam həyat mədəniyyətini təbliğ edir. Regionlarda bu istiqamətdə fəaliyyətin daha da genişlənməsi üçün Milli Məclis öz dəstəyini verəcək. Bir sıra qanunların qəbulu ilə yardımçı ola bilərik”.
Digər çıxış edənlər də ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlərdən, eləcə də sağlam həyat mədəniyyəti məsələlərinə diqqətin artırılmasının vacibliyindən danışdılar.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Əsəbdən yaranan 7 xəstəlik - Stresin yıxdığı ev
18.10.2019
DST: Ötən il vərəm xəstəliyi yarım milyon insanın ölümünə səbəb olub
17.10.2019
Mərkəzi Gömrük Hospitalında növbəti unikal əməliyyat icra olunub
17.10.2019
Ədviyyatların müalicəvi xüsusiyyətləri
16.10.2019
Çox və dayanmadan əsnəyirsiz?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info