“AMEA Gənc Alim və Mütəxəssislər Şurası elmi gəncliyin flaqmanına çevrilib”
Tarix: 29.07.2015 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Famin Salmanov:“Amalımız akademiyamızın dünyanın nüfuzlu elm mərkəzinə çevrilməsinə töhfə verməkdir”

Layihə çərçivəsində müsahibimiz AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanovdur.
- Öncə özünüz və elmi fəaliyyətiniz barəsində məlumat
verərdiniz.

- Mən 1979-cu il fevral ayının 12-də Astara rayonunun Şiyəkəran kəndində ziyalı ailəsində anadan olmuşam. 1986-1996-cı illərdə Şiyəkəran kənd 1 saylı orta məktəbində təhsil almışam. 1996-2000-cı illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin bakalavriat pilləsini, 2000-2002-ci illərdə isə həmin fakültənin plazma fizikası ixtisası üzrə magistratura şöbəsini bitirmişəm. 2002-ci ildə AMEA Radiasiya Problemləri İnstitutunun aspirantura şöbəsinə qəbul olub, 2007-ci ildə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, alimlik dərəcəsinə layiq görülmüşəm. Hazırda həmin institutda dosent kimi aparıcı elmi işçi vəzifəsində çalışıram.
Bir sıra yerli və xarinci fondların maliyyə dəstəyini qazanmış elmi-tədqiqat layihələrinin iştirakçısı olmuşam. Elmi-tədqiqat işlərimin nəticələri Azərbaycan, Yaponiya, Rusiya da daxil olmaqla bir sıra qabaqcıl Avropa ölkələrinin nüfuzlu elmi dərgilərində nəşr olunub. İndiki tədqiqat işlərim, demək olar ki, doktorluq dissertasiyamla əlaqədar elmi araşdırmalara fokuslanıb.
Elmdə qazandığım uğurla əlaqədar 2012-ci ildə Gənclər və İdman Nazirliyinin təsis etdiyi "Gənclər Mukafatı" laureatına layıq görülmüşəm.
2014-cü ildən AMEA-nın 42 institut və təşkilatlarında mövcud gənc alim və mütəxəssislər şuralarını vahid mərkəzdən koordinasiya edən, ümimilikdə 3000-dən çox üzvü özündə birləşdirən, tamamilə yeni hədəf və məqsədlər üzərində təsis olunan AMEA Gənc Alim və Mütəxəssislər Şurasına rəhbərlik edirəm. İctimai fəaliyyətimdə mənim üçün xüsusi önəm daşıyan digər mühüm amil, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezidentimiz İlham Əliyevlə daha da genişləndirilərək möhkəmləndirilən Yeni Azərbaycan Partiyasının sıralarında olmağımla əlaqədardır.
-AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədrisiniz. Gənc alimlərin stimullaşdırılması ilə bağlı son zamanlarda görülən tədbirlər barədə nələri danışardınız?
- Təvazökarlıqdan uzaq olsa da qeyd etməliyəm ki, çox qısa dövr ərzində böyük ümidlərlə yaradılan AMEA Gənc Alim və Mütəxəssislər Şurası Azərbaycanda mövcud olan fəal gənclər təşkilatlarının sıralarında özünə yer edə bilməklə bərabər, artıq elmi gəncliyin flaqmanına çevrilib. Əlbəttə, belə bir uğurun əldə olunması nə qədər böyük etimaddan irəli gəlsə də, bir o qədər də verilən dəstəyin miqyasına ekvivalent olmalıdır. Necə ki, bu gün təmsil etdiyim Akademiyada istər elmi müəssisələrdə fəaliyyət göstərən şuralar, istərsə də mərkəzi idarəetmə funksiyasını daşıyan AMEA Gənc Alim və Mütəxəssislər Şurası üçün yaradılan imkanlar və xüsusən perspektivdə olan işlərlə bağlı müəyyənləşdirilən prioritetlər bizim təşkilatlanmağımız və fəaliyyətimiz üçün təkanverici stimul kimidir. Düzdür, əvəllər də Akademiyada müxtəlif statuslu adlar altında fəaliyyət göstərən təşkilatlar olub. Biz çalışırıq ki, ənənə baxımından Akademiyanın formalaşdırdığı imici qoruyub saxlayaq. Eyni zamanda, amalımız yeni mərhələdə Azərbaycanın əsas elm məbədi olan akademiyamızın tək regionun deyil, dünyanın nüfuzlu elm mərkəzinə çevrilməsində öz statusumuz daxilində töhfə verməkdir. Bunun üçün yarandıgımız ilk dövrdən çalışdıq ki, əvvəllər mövcud olan pərakəndəliyi, şablon mahiyyət daşıyan klassik idarəetmə və fəaliyyət mexanizmində radikal dəyişikliklər etməklə yeni ənənələr formalaşdıraq. Bu elementləri indiyədək reallaşdırdığımız və Azərbaycan üçün qeyri-ənənəvi sayılan bir sıra layihələrdə görmək olar. Belə ki, “Açıq qapı” günləri, “Məntiqlə düşün”, “Riyazi məntiq”, “Zəka savaşı”, “Əyləndirici elm”, “Bu günün şagirdi - sabahın alimi”, “Bilik günü”, “Ən yaxşı elm məruzəsi”, “Ən yaxşı elmi-tədqiqat işi”, “İlin gənc alimi”, “Heydər Əliyev və çağdaş elmi gənclik”, “20 yanvar - donan vicdanların haqq səsi”, “AMEA Gənc Alim və Mütəxəssislərin İnstitutlararası Futbol Çempionatı” və s. layihələrimiz elmlə təhsilin vəhdəti, Akademiya elminin təbliğatı, perspektivli şagird, tələbə və magistrlərin elmə cəlb olunması, gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması, Heydər Əliyev ideyalarının təbliği və elmi gəncliyə aşılanması, Azərbaycanın müstəqilliyinin şanlı tarixinin əbədiləşdirilməsi və həqiqətlərin geniş dünya ictimaiyyətinə çatdırılması, gənclərin fiziki tərbiyəsinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli keçirilməsinin təmini və s. baxımından bizim əsas fəaliyyətimizi təşkil edir. Əlbəttə, belə layihələr çoxdur ki, bunlara müxtəlif elmi mövzulara həsr olunmuş yerli və beynəlxalq konfransları, seminarları və s. də aid etmək olar. Bir məsələni də qeyd edim ki, əvvəlki illərdən fərqli olaraq Şura öz fəaliyyətini Azəbaycanda qəbul edilmiş gənclər siyasətinə, eləcə də cənab Prezident İlham Əliyevin çağırışlarına, həmçinin hüquqi baza kimi AMEA Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş illik fəaliyyət planına uyğun həyata keçirir.
-Gənc alimlərin tədqiqat aparmalarında son zamanlarda hansısa keyfiyyət dəyişiklikləri nəzərə çarpırmı?
- Şuranın fəaliyyətinin əsas qayəsində də məhz AMEA gənc tədqiqatçıların elmi işlərində hər hansi bir keyfiyyət dəyişikliklərini və yaxud inkişafı necə müşahidə edə bilmək məqamı dayanırdı. Düşünürəm ki, bunun üçün qiymətləndirmə mexanizmi onların çap etdiyi dərgilər, həmin dərgilərin hazırkı nüfuzu, gənclərin Azərbaycanda deyil, dünyada baş tutan mötəbər elmi konfrans, seminar, konqres və s. uğurlu iştirakı üzərindən aparılmalıdır. Bəs Şura olaraq, belə kefiyyətlərin üzə çıxarılması və eyni zamanda təbliği baxımından nələri edə bilirik? İlk növbədə onu qeyd edim ki, yuxarıda da vurğuladığım kimi Akademiyada fəaliyyət göstərən eyniadlı yerli şuralar da daxil olmaqla, AMEA Gənc Alim və Mütəxəssislər Şurası gənclər arasında müxtəlif elmi müsabiqələr təşkil edir. Bundan başqa, 2013-cü ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Avropa məkanında yeni çağırışlar: Gənc alimlərin Beynəlxalq Bakı Forumu”, 2014-cü ildə "Dünya Alimlərinin Bakı Forumu", 2014-cü ildə “Azərbaycan Respublikasının Neftçilər günü”nə və “Əsrin müqaviləsinin 20 illiyi”nə həsr olunmuş “Fundamental və tətbiqi elmlərin (yer, texnika, kimya elmləri) aktual problemlərinin həllində multidissiplinar yanaşmanın rolu” mövzusunda gənc alim və mütəxəssislərin I Beynəlxalq Elmi Konfransı bilavasitə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilmiş beynəlxalq elmi tədbirlərdir ki, gənclər bu tip layihələrdə iştirak etməklə apardıqları elmi-tədqiqat işlərinin yerli və beynəlxalq səviyyədə geniş müzakirəsinə nail olur, həm də qlobal miqyasda aparılan tədqiqat istiqamətlərini və yanaşmaları öyrənməklə, gələcəkdə onları öz işlərində tətbiq edə bilir. Ümumilikdə yanaşdıqda, ərsəyə gətirilən elmi müsabiqələr, forum və konfranslar Azərbaycanın elmi gəncliyinin inkişafında əldə olunan nailiyyətləri göstərməklə bərabər, problemləri də aşkar etməyə imkan verir.
-Gənc alimlərin tədqiqatlarının və elmi işlərinin daha da keyfiyyətli alınması üçün hansı göstəricilərin reallaşmasına ehtiyac var?
- Nisbi interpretasiya apardıqda görürük ki, bu gün bizim gənc alim və mütəxəssislərimizdə sanki aktivlik hiss olunur. Onlar daha çox elmi tədbirlərdə iştirak edirlər, elmi istiqamətlərinə uyğun olaraq resenziyalı jurnallarda məqalələr nəşr etməyə can atırlar və həmçinin xaricdə təlim, kurs və s. keçməyə meyillilik göstərirlər. Bəzən bu məqsəddə bütün gənclər uğur eldə edə bilmir. Təcrübəyə istinadən demək olar ki, bunu, əsasən həmin gənclərin xarici dil biliklərinin yetərli olmaması ilə əlaqələndirmək daha düzgün olardı. Fəlsəfə və elmlər doktorları kurslarında oxuyanlar üçün ingilis dilindən qəbul və minimum imtahanlarının qiymətləndirilməsilə əlaqədar bu yaxınlarda AMEA Rəyasət Heyətinin müəyyənləşdirdiyi yeni qaydaların sərtliyi, məhz elə bu amillə bağlıdır. Fikrimcə, bu məsələ tədricən öz həllini tapandan sonra bir çox hazırlıqlı gənclərimiz hər hansı beynəlxalq konfrans və tədbirlərdə öz tədqiqat işlərinin nəticələrini daha rahat və səlis təqdim edə bilər.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub
13.11.2018
“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”
12.11.2018
“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”
08.11.2018
“Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir”
07.11.2018
“Ermənistanın Azərbaycan ərazilərini işğaldan azad etməkdən başqa çıxış yolu yoxdur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info