“Seçkilərdə şəffaflıq təmin edilməlidir”
Tarix: 22.08.2015 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Zeynal Nağdəliyev: “İnsanların sərbəst şəkildə səs verməsi üçün şərait yaradılıb”

Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib. Çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün bütün şərait var: “Demokratik seçkilərin keçirilməsi üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitlik olmalıdır. Azərbaycanda bu sahədə heç bir problem yoxdur”.
M. Pənahov seçkilərin keçirilməsi üçün ilkin şərtin seçki qanunvericiliyi olduğunu və Seçki Məcəlləsinin qəbul edildiyini bildirib: “Azərbaycanda seçkiləri müşahidə etmək istəyən yerli və beynəlxalq müşahidəçilərə həmişə şərait yaradılır. Eyni zamanda seçkilərin şəffaflığı üçün 1000-ə qədər seçki məntəqəsində kameralar quraşdırılıb, internet üzərindən dünyanın istənilən nöqtəsindən bu məntəqələrdə seçkiləri izləyə bilərlər. Digər tərəfdən, bütün dairə seçki komissiyaları müasir standartlarda inşa olunan binalarda fəaliyyət göstərir. Seçki məntəqələri də müasir tələblərə cavab verən binalarda fəaliyyət göstərir”. M. Pənahov qeyd edib ki, seçki hüquqlarının qorunması ilə bağlı məsələlər də Seçki Məcəlləsində əksini tapıb: “Azərbaycan vətəndaşının ən yüksək məhkəmə instansiyasına müraciət edərək hüququnu təmin etməsi də qanunvericilikdə əksini tapıb”. MSK sədri dairə seçki komissiyalarının sədrlərini bundan sonra da fəaliyyətlərində məsuliyyətli olmağa çağırıb.
MSK sədri onu da bildirib ki, avqust ayının sonuna doğru Azərbaycanda növbəti parlament seçkiləri ilə bağlı kampaniyaya start veriləcək. M.Pənahov qeyd edib ki, artıq seçkilərə hazırlıqla bağlı bu gündən etibarən dairə seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici tədbirlərin keçirilməsinə başlanılıb. Daha sonra isə məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici seminarlar keçiriləcək.

“Prezidentin tapşırığına əsasən, bütün siyasi partiyaların hamısına bərabər şərait yaradılmalıdır”

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev çıxışında bildirib ki, ölkə başçısının tapşırığına əsasən, seçkilərdə şəffaflıq təmin edilməlidir. Z.Nağdəliyevin sözlərinə görə, bunun üçün seçki komissiyalarına lazımi şərait yaradılıb: "O cümlədən insanların sərbəst şəkildə səs verməsi üçün şərait yaradılıb. Bununla əlaqədar əlavə zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb". Z.Nağdəliyev qeyd edib ki, Prezidentin tapşırığına əsasən, bütün siyasi partiyaların hamısına bərabər şərait yaradılmalıdır: "Artıq 125 dairənin hər birində bunun üçün açıq və qapalı yerlər müəyyən olunub. Təşviqat dövrünə yaxın bu elan ediləcək". PA rəhbərinin müavini bildirib ki, təşviqat lövhələri ilə də bağlı monitorinqlər keçirilib: "Sıradan çıxmış lövhələr bərpa ediləcək. Tarixi abidələrin üzərində təşviqat materiallarının yerləşdirilməsinin isə qarşısı alınıb".
PA rəsmisinin sözlərinə görə, seçki siyahılarının tərtib edilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanları seçki komissiyaları ilə titanik işlər həyata keçirib: "Bu gün də bu işlər davam etdirilir. Seçici siyahılarının tərtib edilməsi ilə bağlı mütləq ciddi iş aparmaq lazımdır. Bu işi dayandırmaq olmaz. Bu məsələdə DSK-lara lazım olan yardım göstəriləcək". Z.Nağdəliyev bildirib ki, seçki məntəqələrində artıq min ədəd veb-kamera quraşdırılıb. PA rəsmisinin fikrincə, növbəti seçkilərdə veb-kameraların sayını artırmaq lazımdır. Z.Nağdəliyev, həmçinin əlavə edib ki, ünvanların dəqiqləşdirilməsi ilə əlaqədar bina və evlərin üzərində 15 mindən artıq nömrə quraşdırılıb. Dairə seçki komissiyaları sədrlərinin böyük təcrübəsi olduğunu deyən PA rəsmisi bununla belə onlara arxayınlaşmamağı tövsiyə edib: "Parlament seçkiləri yüksək şəffaflıq, demokratik şəraitdə keçməlidir. Bunun üçün hamı imkanı daxilində hər bir şeyi etməlidir ki, bu sınaqdan üzüağ, alnıaçıq çıxaq. Seçkilərdə xırda məsələ yoxdur. Bu sahədə zərrə qədər nöqsan ölkənin imicinə xələl gətirə bilər".

Oruc Zalov:
“Razılaşdırılmamış yerlərdə tədbirlər keçirilərsə, polis bu halların qarşısını alacaq”

Daxili işlər nazirinin müavini Oruc Zalov bildirib ki, polis orqanları Azərbaycan qanunları çərçivəsində seçkilərin pozulmasına yönəlmiş bütün addımların qarşısını almağa hazırdır. O.Zalovun sözlərinə görə, parlament seçkiləri ilə bağlı təhlükəsizliyin təmin edilməsi məqsədilə xüsusi tədbirlər planı hazırlanıb: "Milli Məclisə seçkilərə hazırlıq dövründə baş verə biləcək qanun pozuntularının qarşısının alınması, seçkilərin müvafiq qanunların tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsi və bu məsələ ilə əlaqədar orqanların üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin təmin olunması məqsədilə xüsusi tədbirlər planı hazırlanıb və bu, icra üçün yerli orqanlara yönəldiləcək. Həmin tədbirlər planında keçiriləcək seçki ilə bağlı daxili işlər orqanları əməkdaşlarının sayıqlığının artırılması, asayişin nümunəvi təmini və zəruri təhlükəsizlik şəraitinin yaradılması, seçkinin gedişinə əsassız müdaxilələrin qarşısının alınması, DİN-in bütün orqan və hissələrinin gücləndirilmiş iş rejiminə keçirilməsi, səsvermə hüququna malik olan vətəndaşların siyahılarının dəqiqləşdirilməsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərlə təmini işinin oktyabr ayının sonunadək tam başa çatdırılması nəzərdə tutulub". Nazir müavini əlavə edib ki, DİN-in müvafiq xidmətləri, yerli orqanlarla, “ASAN xidmət”lə birgə səyyar xidmətlər təşkil edərək seçki ərəfəsində 18 yaşına çatmış şəxslərin şəxsiyyət vəsiqələri ilə təmin edilməsi, eləcə də müddəti bitmiş şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi üçün işlər görür. Bu iş oktyabr ayının sonunadək başa çatdırılacaq.
Bununla yanaşı, seçki kampaniyası dövründə dairə və məntəqə seçki komissiyalarının yerləşdiyi binaların mühafizəyə götürülməsi üçün yerli orqanlara tapşırıq verilib. Nazir müavini seçki siyahıları ilə bağlı məqama da diqqət çəkərək seçki siyahıları ilə bağlı bəzi problemlərin ortaya çıxa biləcəyini açıqlayıb: "Çünki əhali arasında miqrasiya var, kənddən şəhərə, şəhərdən kəndə getmə halları mövcuddur. Ola bilər ki, seçki ərəfəsində yerdəyişmə hallarına yol verilsin. Lakin bunların aradan qaldırılması üçün seçki komissiyalarının qaldırdığı hər bir məsələ dəqiqləşdiriləcək və real vəziyyət ortaya qoyulacaq". Polis orqanları və dairə, məntəqə seçki komissiyaları ilə birgə treninqlər keçirilməsi nəzərdə tutulub.
O bildirib ki, seçki bülletenlərinin seçki məntəqələrinə, eləcə də seçkilərdən sonra yuxarı seçki komissiyalarına təhlükəsiz çatdırılması tam təmin olunacaq. Bu məqsədlə polis orqanları seçki komissiyalarının ixtiyarına veriləcək: "Polis orqanları seçənin və seçilənin hüquqlarını qorumağa borcludur. Namizəd qeydə alınıbsa, onun seçicilərlə görüşünə tam şərait yaradılacaq. Açıq və qapalı yerlərdə əvvəlcədən məlumatlandırılmış qaydada keçirilən görüşlərdə təhlükəsizlik tam təmin olunacaq. Görüşlər zamanı qanuni şüarlar və çağırışlar edilməlidir. Razılaşdırılmamış yerlərdə tədbirlər keçirilərsə, şüar və çağırışlar edərsə, polis qətiyyətlə bunun qarşısını alacaq".

Ziyafət Əsgərov:
“Parlament seçkilərində Azərbaycan nümunə göstərməlidir”

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə çıxışında qeyd edib ki, “Bəzən bizə elə gəlir ki, hər şeyi bilirik. Elə deyil, yenə öyrənməliyik. Çünki yeni texnologiyalar, normalar meydana gəlir”. Z. Əsgərov bildirib ki, seçki hüquqlarının həyata keçirilməsi Azərbaycan dövlətinin mahiyyətinə xas olan keyfiyyətdir: “Azərbaycan demokratik, hüquqi dövlətdir və bu prinsiplər Konstitusiyada əksini tapıb. Seçki bu hüquqların reallaşdırılması baxımından çox mühümdür. Mən əminəm ki, bu günə qədər keçirilən seçkilər Azərbaycanın qoşulduğu bütün sənədlərin tələblərinə uyğun gəlir. Ancaq hər gün Seçki Məcəlləsinin tələblərini daha çox mənimsəməliyik ki, artıq söz-söhbətlərə ehtiyac qalmasın. Çalışmalıyıq ki, növbəti parlament seçkisində də Azərbaycan bir nümunə göstərsin. Seçkilər ən yüksək səviyyədə, şəffaf keçirilməlidir”.
Ədliyyə nazirinin müavini Azər Cəfərov seçki qanunvericiliyindən, seçki dövründə seçki komissiyaları tərəfindən Ədliyyə Nazirliyinə təqdim edilməli olan sənədlərdən, toplanan imzaların ekspertizasından danışıb. O, istintaq təcridxanalarında, həbsxanalarda cəza çəkən şəxslərin seçki hüququ məsələsinə də toxunub: “1995-ci ildən penitensiar müəssisələrdə seçkinin təşkili üçün dairə və məntəqə seçki komissiyaları ilə sıx əməkdaşlıq edilir. Seçki günü növbədə olan penitensiar xidmət əməkdaşları da orada səs verə bilərlər. Bundan öncəki parlament seçkilərində penitensiar müəssisələrdə səsvermə hüququ olanların 99 faizi səs verib, seçkilər yüksək səviyyədə keçirilib”.
A. Cəfərov nəzərə çatdırıb ki, 2010-cu ildə keçirilən parlament seçkiləri ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi 10, ondan sonra keçirilən seçkilərlə bağlı isə 1 qərar qəbul edib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15.09.2019
Rusiyanın Uzaq Şərqi su altında qalır
15.09.2019
Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib
15.09.2019
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
15.09.2019
Bakının işğaldan azad olunmasından 101 il ötür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info