“Ədəbiyyatı, yalnız bir mütaliə forması olmaqdan qurtarmalıyıq”
Tarix: 22.08.2015 | Saat: 01:04:00 | E-mail | Çapa göndər



Nəzmiyyə Yigitoğlu: “Maarifçilik, fəlsəfə, satira, faciə, din məzmunlu kütləvi ədəbiyyat insanın saflaşması, müasirliyi, kamilliyi deməkdir”
Layihə çərçivəsində müsahibimiz filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğludur.
-Mən - Nəzmiyyə Yigitoğlu filologiya üzrə fəlsəfə doktoruyam. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi işçiyəm. Bakı Dövlət Universitetində təhsil almışam. İxtisasım filoloqdur. 1997-ci ildən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində izahat aparıram.
Gələn tamaşaçıları, qonaqları qədim və zəngin Azərbaycan ədəbiyyatı, tarixi, incəsənəti ilə tanış etməkdən əlavə, Nizami Muzeyi eyni zamanda bir elm, tədqiqat ocağıdır. Mən də elmi fəaliyyətimə Nizami Muzeyində Ədəbiyyat nəzəriyyəsi üzrə doktorantura pilləsinə daxil olmaqla başladım.
Mən izahat aparmağa başladığım ilk illərdə biz daha çox qədim dövr ədəbiyyatını təqdim edirdik. O vaxt müasir dövr ekspozisiyası hələ təmirdə idi. Orta əsrlər ədəbiyyatımız isə, bildiyiniz kimi, əruzu, qəzəli, rübaisi, məsnəvisi ilə, təsəvvüfü ilə olduqca ecazkar bir aləmdir. Lakin bütün bu zəngin ədəbi irsin müqabilində məni hər zaman bir sual düşündürürdü. Görən çağdaş Azərbyacan ədəbiyyatının sehri, cazibəsi nədədir? Bəs o nədən ilham alır, nə öyrədir? Məhz klassik sənətin bu gün irsi varisliyini, müasir poeziyanın estetikasını öyrənmək üçün mən yaxın tariximizdə mühüm mərhələ olan 1960-1990-cı illər ədəbi və tarixi mühitini araşdırmağı qərara aldım. Bu dövrün ədəbi nəsli olduqca böyük bir pleyadanı təşkil edir. Lakin onlar arasında şair-dramaturq Vaqif Səmədoğlunun yaradıcılığı, üslubu həm filoloji, həm də dilçilik baxımından məni daha çox maraqlandırdı və beləcə mən “Vaqif Səmədoğlu yaradıcılığında poetik bütövlük” adlı dissertasiya işi ilə məşğul oldum və müdafiə etdim.
- Təhsil aldığınız və ya tədqiqat apardığınız sahə barəsində hansı fikirləriniz var?
- Mənim bir ixtisas kimi yiyələndiyim filologiya sahəsi, düzdür, sənaye və ya istehsalata ixtiralar, kəşflər vermir. Lakin o, bütöv bir cəmiyyəti, ideologiyanı yetişdirir. Buna görə də ədəbiyyatı bu gün yalnız bir mütaliə forması olmaqdan biz qurtarmalıyıq. Əsl, yəni maarifçilik, fəlsəfə, satira, faciə, din məzmunlu kütləvi ədəbiyyat insanın saflaşması, müasirliyi, kamilliyi deməkdir. Mən düşünürəm ki, bu gün bədii irsi yalnız bir külliyyat və ya tədqiqat mövzusu çərçivəsində deyil, insanı ruhən müalicə edən, cahilliyin doğurduğu qəddarlıq və aqressiyadan arınmış humanist insan yetişdirən inteqrativ elm halında öyrətmək lazımdır. Məgər incəsənətin teatr, kino, musiqi, hətta rəssamlıq kimi qolları ədəbiyyat aləmindən qidalanmırmı? Əgər bədii xəzinəmiz təcrübədə əsaslı şəkildə təbliğ edilsə, aşılansaydı, yəqin ki, bu gün televiziya və mediyanın da dili bu qədər savadsız, qondarma və bayağı olmazdı.
- Bu sahə üzrə xarici ölkələrdə aparılan tədqiqatlarla Azərbaycandakı tədqiqatlar arasında hansı fərqli və ümumi cəhətlər var?
- İlk növbədə onu qeyd edim ki, xaricdə yazılan tədqiqat işlərində işin praktik tərəfi, müasir cəmiyyətdə tətbiq üsulları daha çox ön plana çəkilir. Tədqiqat obyekti sabit, passiv planda deyil, dinamik, tarixi təkamül istiqamətində araşdırılır.
Bu gün dissertasiya işlərinin əksəriyyətində bacardıqca mövzunun adı sərhədlərində axtarış tərcih edilir. Halbuki elmin sərhədləri genişdir və multisiplinar (fənlərarası əlaqə) metod müasir elmdə daha aktual, çeşidli nəticələr əldə etməyə imkan verir.
-Təhsil aldığınız ixtisasın və elmi sahənin Azərbaycan üçün aktuallığını necə ifadə edərdiniz?
- Bir milləti, xalqı məhv etmək üçün əvvəlcə onun dilini əlindən almaq gərəkdir deyirlər. Siz, əgər hind və ya çin, yapon xalqının xarakterinə bələd olmaq istəsəniz, hər hansı bir xəritədən və ya səyahətdən daha çox, o xalqın ədəbiyyatı, antologiyası sizə bilgi verər. Götürün hind və ya yapon ədəbiyyatını oxuyun. Qiyabi olaraq onların adət-ənənələrindən, mədəniyyətindən, həyat tərzlərindən xəbərdar olmuş olacaqsınız. Azərbaycan xalqının da həm cismani, həm də kulturoloji varlığını, təfəkkürünü təmsil edən nəhəng bədii irsi var. Və bu irsi üzə çıxaran, şərh edən çox qiymətli tədqiqatlar var. Lakin ədəbiyyatın və ədəbiyyatşünaslığın üzdə görünən təcrübə laboratoriyası yoxdu. Bu sahəni istər tədrisdə, istər təbliğdə, istərsə də məişətdə yaşatmaq üçün sinif otaqları və ya auditoriyalarda, eləcə də muzeylərdə quru, standart formada deyil, bədii süjetdən, qəhrəmanın dilindən, şeirin misralarından çıxış edərək sevdirmək lazımdır. Bu xalqımıza nə verəcək? Geniş dünyagörüş, zəkalı, vicdanlı, əqidəli, əxlaqlı, vətənpərvər bir nəsil.
Bu gün çağdaş və yetişən nəsil televiziya efirindən nəyi öyrənir? Siz də razılaşarsınız ki, türk filmlərindən ağızlara yapışmış söz və ifadələrin təkrarından başqa, heç nə. Dərd burasındadır ki, yerli televiziya kanallarının aparıcıları belə, Azərbaycan dilində qarşılığı ola-ola türkcə olan ifadələri işlədirlər. Nəticədə uydurma və gülünc bir nitq eşitməli oluruq. Bütün bunların səbəbi mütaliəsizlik və söz ehtiyatının kasadlığından doğur.
Bundan başqa, dünya ədəbiyyatından dilimizə tərcümə problemləri də var ki, bu da ədəbiyyatşünaslığın aktual məsələlərindəndir.
-Bu ixtisasınız yönündəAzərbaycan təhsilində və ya elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?
1. Bədii ədəbiyyatı öyrətmənin əsası nəzəriyyədən başlayır. İlk növbədə bugünkü orta məktəb ədəbiyyat nəzəriyyəsi dərsliyinin yenidən yazılmasına ehtiyac olduğunu düşünürəm. Çünki mövcud dərslik, artıq köhnə materialı ehtiva etməklə yanaşı, həmçinin vacib poetik xüsusiyyətlər, məsələn, məzmun və forma vəhdəti, bədii təsvir vasitələri və s. haqqında bəsit izah verilir və əlavə şərhə, nümunələrə ehtiyac yaranır. Belə ki, ədəbiyyat özü yaradıcı bir sahə olduğu üçün onun nəzəriyyə dərsliyi də daha zəngin, anlaşıqlı, dinamik olmalıdır. Bundan əlavə, ədəbiyyat nəzəriyyəsinin tədrisində Azərbaycan dilinin qrammatikasını da izah edən bir çox kəsişən nöqtələr var ki, bunlara da xüsusi diqqət yetirilməsinə, üzərində dayanmağa ehtiyac var. Onu da qeyd edim ki, ədəbiyyat nəzəriyyəsi dedikdə, bu, yalnız milli ədəbiyyata şamil edilmir, ona görə də dərslikdə dünya ədəbiyyatından da yeri gəldikcə nümunələr verilməli, müqayisələr aparılmalıdır.
-Təhsil və elmlə bağlı gənc mütəxəssis kimi hansı fikir və təklifləriniz ola bilər?
- Bu dəfə də, gəlin bir muzey izahatçısı kimi sizinlə təəssüratımı bölüşüm. Biz müxtəlif insanlarla izahat aparırıq. Bunların içərisində orta, ali məktəb müəllimləri, tələbələr də var. Lakin məni bəzən məktəb müəllimləri çox təəcübləndirir. Bir də görürsən zalda şagirdlərə elə yanlış məlumatlar verirlər ki, müdaxilə etməyə bilmirsən. Bunu, əlbəttə ki, bütün təhsil işçilərinə aid etmək olmaz. Bu səbəbdən də məşğul olduğum sahənin daha ciddi, inteqrativ və elmi səviyyədə tədris olunmasını, öyrənilməsini, bu haqda maraqlı, hərtərəfli televiziya proqramlarının hazırlanmasını istərdim.
Sevindirici haldır ki, bu gün bədii ədəbiyyat mütaliəsinə həvəs göstərən xeyli gənc var. Mən düşünürəm ki, maraqlı bədii əsərləri professional müzakirə, təhlil edən diskussiya klublarına ehtiyac var. Axı konkret bir əsəri təhlil edərkən yalnız onun süjeti çərçivələrində qalmırsan. Mütləq vacib sosial, psixoloji, fəlsəfi məsələlərə də toxunulur.
-Xaricdə təhsilalan gənclərimizə və elmi tədqiqatçılarımıza nələri tövsiyə edərdiniz?
- Xaricdə təhsil alan gənclərə tövsiyə edərdim ki, elmimizdə daha qlobal nəticələr əldə etmək üçün daha demokratik, çoxşaxəli yeni tədqiqat metodlarını mənimsəsinlər.
-Gələcək plan və fəaliyyətinizlə baglı nələri bölüşərdiniz?
- Gələcək fəaliyyətimizdə planlar, araşdırma mövzuları çoxdur. Məsələn, dünya ədəbiyyatının hər hansı görkəmli nümayəndəsi və onun yaradıcılığı ilə milli ədəbiyyatımızın paralel mərhələsini, fəlsəfi, bədii təfəkkürünü öyrənmək müasir ədəbiyyatın aktual məsələlərindəndir.
İlkin AĞAYEV







 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“News Blaze” nəşri: “Ermənistanda nasist veteranları “qəhrəman” hesab edirlər”
17.09.2019
“Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir”
16.09.2019
“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
12.09.2019
Ukrayna XİN: “Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”
10.09.2019
Almaniya Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə qoşulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info