Bir yazının xatirə işığında
Tarix: 22.09.2015 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Proobrazların yaratdığı təəssürat
Yazıçı düşüncələrə dalır, bir anda doğma yerlərin cazibəsilə üzləşir, yurd həsrəti, oranın dağları, təpələri, yal-yamacları, yaşıl çəmənləri, unudulmaz ata-baba ocağı barədə xatirələr onu keçmişə çəkib aparır... “hər şeydən çox kənd yolları yadda qalır... orası da yadımdadır ki, Günəş çıxıb dağların arxasından boy verəndə yollar dağların qoynuna sarmaşıb gəlirdi. Yolların gülümsəməyini görməmişəm. Bəlkə də, yollar insanların üzünə cəmi bircə dəfə gülür”, - deyə aşağıdakı misraları pıçıldayır:
“Elə bil nəbzini tutub zamanın,
Dağa qalxan, dərələrdə itən yol.
Üst qatında ömr eləyən insanın,
Alt qatında mənzil başı bitən yol”.
(N.Nəcəfoğlu “İçimdə bir ocaq var”, Bakı, 2015)
İstirahət günlərinin birində nəvələrinin nəvazişindən, şirin-şəkər şıltaqlıqlarından həzz ala-ala əylənir, cocuqları öz keçmiş uşaqlığı ilə müqayisə edir, belə-belə fikirlər onu çox-çox əvvəllərə qaytarır, yaddaşa əbədi həkk olmuş bir qış gününün əhvalatını göz önünə gətirir, qələmə söz verir...
Novruz Nəcəfoğlunun “Bir qış gününün xatirəsi” hekayəsində həyatda baş verən real hadisələr və yazıçının yaratdığı canlı obrazlar sadə bir formada oxuculara təqdim olunur.
Əsəri oxuyarkən yazıçının təsvir etdiklərindən vəcdə gəlirsən. Burada adları çəkilməyən vaxtilə dəfələrlə həmsöhbət olduğum ər kişilərin hətta səslərini bir daha eşidirəm, onların pəhləvan cüssələri, üz cizgiləri belə gözlərim qarşısında yenidən canlanır.
Əsərin personajlarının həyatdakı proobrazları məlumdur və onları müəyyən etməkdə heç də çətinlik çəkmirəm.
Qan qohumluqları bir yana qalsın, onlar həm də yaxın od qonşusu, hər şeydən əfzəlsə bir-birinin xətir-hörmətini əziz tutan əsl dost-sirdaş idilər.
Aralarındakı yaş fərqi o qədər də sezilmirdi. Nəcəf Canəli oğlu Zəfər Səmədoğlundan iki və ya üç yaş böyükdü. Onlar bir-birinə həmişə arxa, dayaq olar, yaman gündə, çətin anlarda köməyə ehtiyac yarananda biri o birinin yanında durardı.
N.Nəcəfoğlunun “Bir qış gününün xatirəsi” hekayəsində on bir yaşlı bir yeniyetmənin qışın şaxtalı-boranlı günündə qarlı dağları aşaraq iki atla yem (ot-ələf) dalınca getməsi, evə gec qayıtması təsvir edilir. Lakin axşam şər qovuşan ərəfədə atanın uşağa görə iztirabları artır, ciddi təşviş keçirir.
Bu zaman həyat yoldaşı, uşaqların anası tərəfindən qınağa tutulur və daha da gərginlik yaranır. Oxucuda isə maraqlı duyğular yaşanır.
Ata qaranlıqda evdən çıxıb yola düşür, piyadaların saldığı cığırla oğlunu axtarmağa gedir, belə vaxtda qonşusu duyuq düşərək ona qoşulur, onu tək-tənha buraxmır. Onlar yenə bir yerdə hərəkət edirlər. Aşırımdakı hündür bir təpənin üstündə dayanıb, yal-yamacın o üzünə, dağların arxasına, iki yüklü atın cilovdarı on bir yaşlı uşağı səsləyirlər. Onların gecəyarısı növbə ilə uşağı haraylayıb çağırması dağlarda əks-səda yaradır.
Yalquzaqlar məskəni, xəlvət dərələr, qışın çilləsi... canavarların insan ətinə yeriklədiyi bir vaxtda yeniyetmə uşağın gecəykən köməksiz qalması... bunlar hamısı həyəcanlı səhnələrdir.
Əsərin həyatdakı qəhrəmanlarının yaşadıqları ömrün bütün mərhələlərində mehriban və səmimiyyətlərinə zərrəcə xələl gəlməmişdi. İsti münasibətləri vardı. Ailə üzvləri də doğma və əziz insanlartək dolanar, qonşuluqda ayrı-seçkiliyə yol verməzdilər. Həyatda belələrinə az rast gəlmək olur. Kənddə, eldə-ulusda sayılıb-seçilən sözü-məsləhəti keçən kişilərdi. Toyda-yasda, xeyirdə-şərdə, məclis-mərəkədə bir oturub, bir durar, sevincləri bir, kədərləri birlikdə keçərdi. Biri digərinə hörmət əlaməti olaraq “əmi” deyə müraciət edərdi. Hər ikisi yeri gələndə zarafatlarından qalmaz, əfəl və fərsizlərə, avam və nadanlara, danışıq və davranışlarını bilməyənlərə qarşı yumor hislərini gizlətməzdilər.
Onlar həyatda daima nikbin əhvali-ruhiyyəli insanlardı. Əgər biri kədərli, qüssəli görünərdisə, o biri onun ovqatını tez bir zamanda duzlu yumorla, olub-keçən məzəli əhvalatları yada salmaqla düzəldər, qəm-qüssəni uzaqlaşdırardı.
Mən onları namuslu, qeyrətli, ailəcanlı insanlartək tanıyırdım.
Nəcəf Canəli oğlu ömrü boyu müxtəlif vəzifələrdə işləsə də, sadəliyi, təvazökarlığıyla seçilirdi. Zəfər Səmədoğlu da ömür-gününü tamam-kamal kənd mühitində keçirmiş, halal zəhməti hesabına dolanmış, adi həyat tərzinə malik olub, özünəməxsus gün-güzəran quraraq yaşamışdı.
Nəcəf Canəli oğlu Novruzovun Zəfər Feyziyev haqqında sağlığında söylədiyi xatirələrindən:
“Onun qeyrətli, vicdanlı olmasını hamı bilirdi. Bir gün sahələrdə ot çalınırdı. Kolxozun partiya təşkilatçısı idim. Zəfər kolxozda briqadir vəzifəsində çalışırdı. Biçənəklərdə işin gedişatına nəzarət edirdik. Uzaqdan söyüş səsini, nalayiq sözləri aşkar eşidirdik. Diqqətlə qulaq asdıq. Ağsaqqal, yaşlı bir kişini təhqir edən gənc yaşında adamı tanıdıq. Qonşu kənddəndi. Təqsirsiz qocanın ləyaqətini, şərəfini alçaldan o yaramaza dərs vermək, tənbeh etməkdən yayınmaq günah sayılar və Allaha xoş gəlməzdi. Cavanlığımızın qürrə çağlarıydı. Zəfərin qeyrəti cuşa gəldi və tənbəllik eləmədən uzaq bir məsafəyə yüyürməyə başladı. Həmin adamı fəndlə yaxalaya bildi və zərbi-dəstini lazımınca ona göstərdi. Zəfərin bu hərəkətini hamı rəğbətlə qarşıladı”.
Səməd kişinin ailəsində 8 oğlan böyüyüb ərsəyə yetmişdi. Onların dördüncüsü Zəfərdi. Analarını erkən itirmişdilər.
Zəfər uzunömürlülər nəslindəndi. Əmiləri Nəhmət kişi və İsa kişi yüzdən çox ömür sürmüşdülər. Söz düşəndə qocalar danışardılar ki, Nəhmətin yaşında meşədə ağac yoxdur.
Zəfərin atası Səməd kişi də yüz yaşında dünyasını dəyişmişdi. Təəssüf ki, oğlu Zəfər çox yaşamadı. O, 70 yaşında həyatla vidalaşdı.
Zəfər sevib bəyəndiyi Şamama ilə ailə həyatı qurmuşdu. Onunla birgə keçirdiyi ömrünü xoşbəxt sanırdı. Şamama atamın bacısı nəvəsiydi. Ona görə də Zəfər kişi bizim xətir-hörmətimizi saxlar, yeri gələndə təəssübkeşliyimizi çəkərdi.
Ailəsində 5 oğlan, 5 qız vardı. Şamama qəhrəman ana adını almışdı.
“Qabusnamə”də deyilir ki, “əgər Allah sənə oğul versə, əvvəlcə ona yaxşı ad qoy, elm və sənətdən hər nə öyrənmək lazımsa hamısını övladlarına öyrət, beləliklə, sən atalıq borcunu və atalara xas olan mehribanlıq vəzifəsini yerinə yetirmiş olarsan”.
Tərxan ailənin böyük oğluydu. Valideynlər inanırdılar ki, ilk oğlan övladları bu adı doğruldacaq, “bəy” və “əsilzadə”liyə layiq bir şəxs olacaq.
Tərxan orta məktəbin aşağı siniflərində dərslərə ciddi hazırlaşar, çalışqanlığı, elmə, mütaliəyə çılğın münasibət göstərər, əla qiymətlərlə oxuyardu.
Zəfər kişi övladının yaxşı oxumasından fərəhlənir, onun arzuları, amalları ilə yaşayırdı. Tərxan da atası üçün təkcə oğul deyildi. Onlar həm də dost idilər.
Ata oğlu ilə hər bir məsələdə məsləhətləşər, onsuz bir addım atmazdı.
Tərxan orta məktəbi Yardımlıda bitirdi. Bakı Dövlət Universitetinə müvəffəqiyyətlə imtahan verdi, ali təhsilini başa çatdırıb, Lerik rayonuna təyinat aldı. Hazırda mədəniyyət sahəsində çalışır, rayon mərkəzi kitabxana sisteminin direktorudur, böyük bir kollektivin rəhbəridir. Həyat yoldaşı Xoşavaz xanım da onunla birgə işləyir.
Zəfər kişi yaxın bir qohumunun qızını seçib oğluna almışdı. O, ağıllı, işgüzar, qohumpərəst, savadlı gəlinindən həmişə razılıqla danışardı.
Tərxan Zəfər oğlu Feyziyev rayon fəalları arasında gözəl ziyalılığı ilə tanınan bir şəxsdir. Onu digərlərindən fərqləndirən bir cəhət də var. O da milli musiqimizə, xüsusən muğamlarımıza olan coşqun maraq və həvəsidir, onları duymaq və öyrənmək qabiliyyətidir.
Musiqi səslənərkən o bilir ki, hansı havacatdır, hansı muğam çalınır və o hansı kökdədir, mahnı necə oxunur, necə çalınır və necə ifa edilməlidir.
Bir sözlə, o, yaxşı zövq əhlidir, peşəkar mədəniyyət adamıdır.
Doğrudan da, burada irsiyyətin rolu da danılmazdır. Belə qabiliyyəti, istedadı yazıçı-publisist Novruz Nəcəfoğlunda da duymuşam. Onların hər ikisi axı bir soykökə mənsubdur.
Tərxanla Xoşavazın izdivacından bir qız, iki oğlan dünyaya göz açıb.
Namiq Tərxan oğlu Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib və Amerika Birləşmiş Ştatlarında yaşayır.
Müşfiq Türkiyə Yaxın Doğu Universitetində beynəlxalq əlaqələr ixtisası üzrə təhsil alıb, hazırda Türkiyədə işləyir.
Ot kökü üstə bitər. Zəfər kişinin nəvələri valideyn haqqını heç zaman unutmurlar. Onlar uzaqda yaşasalar belə, valideynləri ilə müntəzəm əlaqə saxlayır, ata-analarının şərəfini uca tuturlar.
Qədim kitablarda yazılır ki, ana-ataya ən azı ona görə hörmət etmək lazımdır ki, onların hər ikisi səninlə Yaradan arasında vasitədir.
Allah “Qurani-Kərim”də buyurub:
“İtaət ediniz Allaha, itaət ediniz peyğəmbərə və öz amirlərinizə”.
Bu sözlər göylər aləmindən nazil edilmiş, vəhy olunmuşlardır.
Bu ayə insanlara göndərilib ki, ona əməl etsinlər. Bunlar əxlaq, əqidə, görüş, adət normalarının məcmusudur ki, insanların əməllərində əksini tapsın.
Rəzzaq Sucayev
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, təqaüddə olan II dərəcəli dövlət qulluqçusu




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
“Variety“ jurnalı “Oskar“ mükafatına mümkün namizədləri açıqlayıb
12.11.2019
“Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
12.11.2019
Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
12.11.2019
“Dünyaya üç baxış”
12.11.2019
İmadəddin Nəsimi – 650: Nəsimi, muğamlarımız və müasirlik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info