Tanıdığımız və tanımadığımız Qax
Tarix: 29.09.2015 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


Beynəlxalq Turizm Gününü turist olaraq qeyd etmək həqiqətən də insan üçün ikiqat bayramdır. Yəni həm bayram əhvali-ruhiyyəsində olursan, həm də görmədiyin yerləri gəzib unudulmaz anlar yaşayırsan. Bu baxımdan Ukrayna Qafqaz Xalqları Konqresinin sədri Paşa Məmmədovun (İlisuyski) və Böyük Britaniya Kral Fotoqrafiya Cəmiyyətinin üzvü fotoqraf Rüfət Əliyevin təşəbbüsü ilə keçirilən növbəti “Tour d`Qax” tam yerinə düşdü. Britaniya turizm korporasiyası “AirTrips.com”un dəstəyilə həyata keçirilən bu səfərdə iştirak edərkən təkcə turist olaraq qala bilmədim. Özümdən asılı olmayaraq peşə məsuliyyəti məni məcbur edir ki, Qaxda gördüklərimə jurnalist mövqeyindən yanaşım.
Düzü, Qax deyəndə həmişə mənim ilk ağlıma gələn İlisu kəndi olur. Qaxın bu kəndini bir çoxlarının, təbii şəraiti, təmiz havasına görə “Azərbaycanın İsveçrəsi”nə bənzətdiyini eşitmişdim. Bu baxımdan həmişə İlisuya getmək marağımda idi. İlisuya gəldikdə bu istəyimdə heç də yanılmadığımı gördüm. Burda ilk diqqəti çəkən və insanı heyrətləndirən təmiz havadır. Tüstülü-dumanlı şəhərdən gələn insan dəniz səviyyəsindən 1585 metr yüksəklikdə yerləşən bu kənddə nəfəsinin ciyərinə hopmasını belə, hiss edir. İlisuya girərkən sanki iki dağ səni öz ovcunun içinə alır. Lakin sonradan bu dağların kənd boyu hər iki tərəfdən uzandığının şahidi olursan. Dağların ətəyindən axan Kürmükçayın səsi isə təbiətin səssizliyində həzin musiqi kimi insana mənəvi zövq verir. Buranın sakitliyi səsli-küylü şəhərdən gələn turistin ruhuna rahatlıq bəxş edir. Təbiət incisi olaraq İlisu turist kimi dincəlmək üçün əvəzedilməz yerdir.
İlisunun əsas əhalisi yerli azərbaycanlılar və saxurlardır. İlisuluların özlərinə məxsus ləhcələri vardır. Hərçənd onlar ləhcə ilə danışanda deyilənləri başa düşmək çətin olur. Amma burada yaşayan insanlar da sanki turistlərə xoş olmaq üçün təbiətlə əlbirdirlər. Xüsusən həyətyanı sahələrdə yolboyu əkilən barlı-bağatlı alma ağacları göz oxşayır. İnsanlar hazır dayanıblar ki, bu almalardan ürəyi çəkən hər hansı turistə sevinərək pay versinlər.
Tarixi brend olan İlisu sultanlığı
İlisu, turizmlə yanaşı, tarixi əhəmiyyətli bir məkandır. 16-cı əsrdə Səfəvilərin xeyir-duası ilə yaradılan İlisu sultanlığı Qaxın, ümumiyyətlə, Azərbaycanın tarixi brendidir. Bu sultanlığa aid bir körpü, məscid, Sumu qalası və Sultan evi İlisuda hələ də qalmaqdadır.
Deyilənə görə, Kürmükçayın üzərindəki Ulukörpünün tikintisində yumurtadan istifadə olunub. Ona görədir ki, bu gün də həmin körpü öz möhkəmliyini saxlayır. Eləcə də “Ulu” məscidi də bu gün istifadəyə yararlıdır. İlisu sultanlığının yadigarı olan bu məscid yerli camaatın ibadət yerinə çevrilib.
Müdafiə məqsədilə tikilən Sumu qalası isə respublika əhəmiyyətli abidə olaraq mühafizə olunur. Qeyd edək ki, bu qala sovet dönəmindən tanınan “Qorxma, mən səninləyəm” filmi ilə də yadda qalıb. Bu filmin bir neçə epizodları burada çəkilib.
Lakin 300 ilə yaxın davam etmiş İlisu sultanlığının tarixi dərindən öyrənilməli, ona aid bayraq, gerb və tarixi əşyalar tapılıb muzey yaradılmalıdır. İlisu sultanlığını zirvəyə qaldıran Danyil sultanın ömür yolu və fəaliyyəti də əhatəli araşdırılmalıdır. Qaxın ziyalıları, vətənpərvər insanlarının bu istiqamətdə də fəaliyyəti məqbuldur. Bu, İlisuda tarixi turizmi də inkişaf etdirmək üçün vacibdir. Nəzərə alaq ki, İlisuda Alban dövründən də qalma abidələr günümüzə gəlib çatıb. Ümumiyyətlə, Qax rayonunda ekoturizm, dağ turizmi, piyada turizmi, ekskursiya üçün əlverişli şərait var. İstər rayonun coğrafi şəraiti, istərsə də rayonun ərazisindəki bir neçə qədim yaşayış məskəni və kurqanlar, Alban məbədləri, məscid, qala qapısı və divarları buna imkan verir.
Əcnəbi turistlərə tolerantlıq nümunəsi
Xüsusən Qaxdakı Alban məbədləri rayonun qədimliyini göstərən və tarixə ekskursiya etmək üçün Azərbaycanın milli-mədəni sərvətidir. Əsasən də xristian turistlərin cəlb olunmasında Alban məbədlərinin əhəmiyyətli rolu var. Çünki Alban məbədləri ən qədim xristian abidələri hesab olunur. Bu baxımdan Alban məbədləri xristian turistlər üçün daha çox maraqlıdır. Müsəlman ölkəsində xristian abidələrinin qorunması əcnəbi turistlərə Azərbaycan tolerantlığını göstərən əyani sübutdur.
Qaxdakı Alban məbədləri respublika əhəmiyyətli abidə olaraq mühafizə olunur. Hazırda bu məbədlərin bir neçəsindən Qaxdakı azsaylı xristian mənşəli xalqlar kilsə kimi istifadə edilər. Hətta qonşu Gürcüstandan bura ibadət üçün gələnlər var. Bu özü də müsbət haldır. Dövlət bu abidələrin təmir və bərpası, eləcə də mühafizəsini həyata keçirir. Lakin istifadə olunan bəzi belə məbədlərin içində heç də təmizliyə riayət olunmur. Bunu isə buradan istifadə edən dindarlar etməlidir. İbadət olunan yerin əsas şərti təmizlikdir. Hər halda burada dindarlar özləri ibadət yerini təmiz saxlamalıdırlar. Belə çirkin şərait əcnəbi turistlərdə də mənfi rəy yarda bilər.
Maqomayevlərin ulu dəmirçi babası
Qaxda 16-cı əsrə aid “İçəri bazar” adlanan Qala qapıları və divarları da turizm baxımdan diqqəti çəkir. Bura bir növ Bakının İçərişəhərini xatırladır. Bir çox yerli və beynəlxalq festival və sərgilər burada keçirilib. “İçəri bazar”ın çoxlarına məlum olmayan bir maraqlı cəhəti məşhur müğənnilər - Maqomayevlərlə bağlıdır. Belə ki, baba və nəvə Maqomayevin ulu babası Məhəmməd kişi burada dəmirçilik edib. Hətta dahi bəstəkar Üzeyir Hacıbəyli də 1902-ci ildə Qori Seminariyasında təhsil alarkən baba Müslim Maqomayevlə burada olub.
Milli azlıqların daha çox yaşadığı rayonlarda Tolerantlıq muzeyi yaratmaq olar
İki xarici ölkə ilə sərhəddə olan Qaxda yerli azərbaycanlılarla yanaşı, saxur, ləzgi, inqiloy, avar və s. azsaylı xalqların nümayəndələri də yaşayır. Yuxarıda qeyd etdiyim kimi, onlar sərbəst şəkildə kilsəyə gedib ibadətlərini edirlər. Əslində, bu özü də əcnəbi turistlərin marağına səbəb olacaq tolerantlıq nümunəsidir. Qax kimi müxtəlif etniklərin daha çox yaşadığı rayonlarda Tolerantlıq muzeyinin yaradılması da mümkündür. Bununla yanaşı, Qaxda azərbaycançılığın təbliğatı gücləndirilməldir. Gənclər arasında vətənpərvərlik mövzusunda tədbirlər keçirilməlidir.
Səfər proqramına uyğun olaraq yolumuz Şəkidən də düşdü. Əlbəttə ki, Şəkinin simvolu Şəki Xan Sarayıdır. İndi Şəkiyə gəlib Şəki Xan Sarayını görməmək, Parisə gedib Eyfel qülləsinə çıxmamaq kimi bir şeydir. Bu baxımdan biz də gedib Şəki Xan Sarayını gəzdik. Qeyd edim ki, 27 sentyabr-Beynəlxalq Turizm Günü olduğundan Şəki Xan Sarayında “Açıq qapı günü” idi.
Artıq “Tour d`Qax” layihəsi çərçivəsində bir neçə belə səfər təşkil olunub. Bunda əsas məqsəd xarici turistləri ölkəyə cəlb etməkdir. Bu, bir örnək layihəsidir. Hər halda turizm potensialı olan digər rayonlara da belə səfərlərin olması müsbət effekt verə bilər.

Fuad Hüseynzadə
(Bakı-Qax-Bakı)












 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info