“Kirpi” satirik jurnalı ilə əməkdaşlıq etmiş rəssamlar
Tarix: 29.09.2015 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


Azərbaycanda karikaturanın yaranması və yeni bir janr kimi tərəqqi tapması, bilavasitə "Molla Nəsrəddin" jurnalının adı ilə bağlıdır. Azərbaycan xalqının ictimai və mədəni şüurunun inkişafında mühüm rol oynamış bu jurnalı Cəlil Məmmədquluzadənin dediyi kimi, həyatın özü yaratmışdır. XX əsr Azərbaycan satirik mətbuatının nüfuzu və təsir dairəsi olduqca geniş olmuşdur. O, bir təfərdən Avropa və rus satirik mətbuatı ilə qarşılıqlı əlaqə şəraitində inkişaf edərək kamilləşmiş, digər tərəfdən isə Yaxın Şərq, Orta Asiya, Volqaboyu, Krım, Dağıstan xalqlarının satirik mətbuatının yaranıb inkişaf etməsinə müsbət təsir göstərmiş, İran satirik mətbuatının və satirik qrafikasının inkişafında fövqəladə rol oynamışdır.
Azərbaycanda isə ilkin karikatura nümunələrinə XX əsrin əvvəllərində rast gəlinir. “Sizi deyib gəlmişəm, ey mənim müsəlman bacı və qardaşlarım”- şüarı ilə cəmiyyəti soraqlayan “Molla Nəsrəddin” bu sənətin təməlini qoydu. “Molla Nəsrəddin” həftəlik satirik jurnal işıq üzü görəndən bu yana sözün həqiqi mənasında cəmiyyətin gözü açıldı. Pisi yaxşıdan, düzü əyridən, yalanı gerçəkdən ayırmağı bacardı.
Maraqlıdır, görəsən, yerli karikaturanın hazırkı durumu necədir? Bu mövzunu araşdırmaq üçün müasir dövrdə Azərbaycan karikatura janrında söz demək haqqı qazanan iki rəssamla söhbət etdik.
Karikatura sənətindən söhbət ediriksə “Molla Nəsrəddin”dən sonra ox atmaqla cəmiyyətin qıcığına səbəb olan “Kirpi” jurnalından danışmamaq qəbahət olar.
1952-ci ildə "Kirpi" satirik jurnalının nəşrə başlanması dövrün, zamanın tələbi idi. "Kirpi" jurnalının nəşrə başlaması karikatura janrının inkişafında müstəsna rol oynamış və bu sahədə yeni ənənələrin yaranmasına təkan vermişdir. Əsasən, Sovet ideologiyasına xidmət etməsinə baxmayaraq, "Kirpi" jurnalı müxtəlif nəsillərə mənsub olan peşəkar karikaturaçı rəssamları bir araya gətirə bildi.
Əməkdar incəsənət xadimi Nəcəfqulu İsmayılov "Kirpi" satirik jurnalının baş rəssamı olmuşdur. O, istedadlı rəssamlar - Vsevolod Ternavksi, Ziya Kərimbəyli, Pyotr Şanqin, Qreqoriy Ohanov, Arif Ələskərov, Eduard Abdullayev, Ələkbər Zeynalov və başqaları ilə birlikdə bürokratlara, rüşvətxorlara, böhtançılara, işbazlara qarşı mübarizəyə qalxmışdır.
Güldürüb və düşündürməyi bacaran bu rəssamlar nəinki gündəlik həyatda baş verən problemləri, eyni zamanda siyasi aləmdə gedən hadisələri izləyir, bəşəri mövzulara toxunur, müharibə qızıştıranları, insan hüquqlarını taptalayanları, zülümkarları tənqid edirdilər.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdsr İncəsənət xadimi Bayram Hacızadə “Kirpi” jurnalının rəssamları haqqında qeyd edir ki “"Kirpi" satirik jurnalının rəssamları haqqında adi bioqrafik məlumat belə tapmaq, demək olar ki, mümkün deyil. Uzun illər jurnalın baş rəssamı olmuş, Ə.Əzimzadə ənənələrinin layiqli davamçısı İ.Nəcəfqulu, məhsuldar fəaliyyətləri ilə yadda qalmış P.Şandin, S.Şərifzadə, Z.Kərimbəyli, R.Quliyev, jurnalın ilk nömrələrindən 90-cı illərə qədər çoxsaylı karikaturaları ilə mütəmadi olaraq çıxış edən V.Ternavskiy, E.Abdullayev, V.Tatarinsev, Ə.Zeynalov, M.İsmayılov, F.Əliyev, kəskin siyasi karikaturaları ilə yadda qalan R.Qədimov, A.Ələsgərov, təkrarolunmaz şarj ustası H.Haqverdiyev, adi satirik rəsmi kamil qrafik əsər səviyyəsinə qədər yüksəltmiş A.Quliyev (Adil Elçin) və bir çox başqa sənətkarlarımızın yaradıcılıqları diqqətlə araşdırılmalı, tədqiq olunaraq öz layiqli qiymətini almalıdır”.
Müxtəlif illərdə “Kirpi” jurnalı üçün karikaturalar işləmiş bir çox rəssamlarımızın yaradıcılıq bioqrafiyasının ilkin mərhələsini məhz bu əsərlər təşkil edir. “Kirpi” jurnalının əsas rəssamları: Nəcəfqulu İsmayılov, Hüseyn Əliyev, Həsən Haqverdiyev, Sadıq Şərifzadə, Rizvan Quliyev, Ziya Kərimbəyli, Eduard Abdullayev, Ələkbər Zeynalov, Adil Elzin , Hafiz Nəsiroğlu olmuşlar. Bu rəssamlarla yanaşı bir çox rəssamlarda müxtəlif illərdə “Kirpi” jurnalı ilə əməkdaşlıq edərək çəkdikləri karikaturaları bu jurnalın səhifələrində dərc etdirmişlər. Faiq Əliyev, Məmmədəli İsmayılov, Bulud Qasımov, Elman Mirzəyev, Bayram Qasımxanlı, Bayram Hacızadə, Vəfa Cəfərova, Yavər Əsədov, Seyran Cəfərli, Qamət Vəlicanov, Qərib İdrisov və b. çəkdikləri karikaturalar “Kirpi” jurnalının səhfələrində dərc edilmişdir.
Əməkdar İncəsənət xadimi Nəcəfqulu İsmayılovdan sonra “Kirpi” satirik jurnalının baş rəssamı 1980-ci ildə Adil Quliyev oldu. Rəssamın jurnala gəlişi yeni bir ab-hava gətirdi. Əvəzolunmaz dəst-xətti, orijinal mövzu seçimi və ifadə tərzi ilə seçilən rəssam jurnalın bədii tərtibatını yüksək səviyyəyə qaldırmışdır.
“Kirpi” jurnalının populyarlaşmasında Xalq rəssamı İsmayıl Axundovun mühüm xidmətləri olub. Jurnalın ilk redaktoru olmuş yazıçı Əvəz Sadıq xatirələrində yazır: “İsmayılı çoxdan tanıyırdım. Yaradıcılığına yaxından bələd idim. Əsərləri görənləri həm güldürür, həm də düşündürürdü. Bir tipin portretinin məntiqində geniş fikir söyləmək çətindir. Ancaq dostumuz İsmayıl bu işin öhdəsindən bacarıqla gəlir. Onun “Aya boylanan”, “Ayı oynayanda”, “Şeir yazan pişik” və s. karikaturalarını oxucular maraqla qarşılamışdılar. “Kirpi”nin tanınmasında və populyar olmasında İsmayıl Axundovun xidmətləri danılmazdır”.
1990-cı illərin əvvəllərində çətin vaxtlarını yaşayan “Kirpi” jurnalı bir müddət çap olmadı. Ömürlərini bu jurnala həsr edən insanların səyi nəticəsində baş redaktor Polad Qasımov, jurnalın baş rəssamı Hafiz Nəsiroğlu və başqaları jurnala ikinci ömür verdilər. Bu artıq müstəqil Azərbaycanın “Kirpi” jurnalı idi.
Qasımxanlı Günay Bayram




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib
13.11.2019
“Variety“ jurnalı “Oskar“ mükafatına mümkün namizədləri açıqlayıb
12.11.2019
“Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
12.11.2019
Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
12.11.2019
“Dünyaya üç baxış”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info