Vətəndə Vətən həsrəti
Tarix: 07.10.2015 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Üfüq boyu göz işlədikcə gözəlliyinə daldığın başın üzərindəki aydın səma, ciyərdolusu içinə çəkdiyin, bir ovuc sarı sünbül, ya da bir bənövşə, kəklikotu ətri ilə səni bihuş edən hava, dirilik suyu buz bulaqlar, qışı da, yayı da zirvəsi ağaran, yazda ətəyi al-əlvan dağlar, yaşıl yamaclar.…
Bir sözlə “Cənnət” dediyin Vətən eləcə evinin kandarından qədəm basdığın torpaqdan başlayır. Yoğrulduğumuz torpaqdan, gömüləcəyimiz torpaqdan. Vətən bugünkü varidatımız, gələcəyə daşıdığımız mirasdır, əmanətdir. Bir də qan töküb, can verib haqqa qovuşub, haqqına qovuşdura bilmədiyimiz şəhidlərin nigaran ruhlarıdır Vətən! Üzü Füzulidən bu yana dillərdə dastan olan, qurbətdə çəkilən həsrətin adıdır Vətən! Nə acı ki, taleyimizə, qismətimizə qürbətdə Vətən həsrəti ilə yanaşı, Vətəndə vətənsizlik əzabı da yazılıbmış. Vətənindən olmaq, sən demə, hələ dərdin yarısı imiş. Vay odur ki, Vətənin səndən ola. Gözun baxa-baxa, ürəyin yana-yana əlindən gedə.
Bu təəssüratlar əlimə yenicə aldığım, Naxçıvan Dövlət Universitetinin əməkdaşları - Azərbaycan tarixi kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar müəllimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev və Pedaqoji fakültənin müəllimi Rövşən Asifoğlunun birgə yazdığı “Mənalı ömrün səhifələri” adlı kitabı vərəqləyərkən məndə yarandı. Dərələyəzsiz dərələyəzlilərin bu kitabı “Vətən” və “Vətən sevgisi”, “yurd həsrəti” məfhumlarının doğru-dürüst yozumudur, zənnimcə. İlk olaraq müəlliflər dünya gözündə ermənilərə olan lənət damğası ilə “Siz busunuz, bunu özünüz də etiraf etmisiniz, Şərqin, Avropanın tarixi şəxsiyyətləri, ən görkəmli simaları da yazıb” deyə onları ifşa edir, bugünkü gəncliyi “Bil ki, düşmənin kimdir!” deyə ayıq salırlar. “Rövşən Asifoğunun ürəyindən keçənlər”i, “Dərələyəz mahalı” adlı II fəsli oxuduqda “Bayatı cəkib ağı demək nənələrimizə, analarımıza gəlib. Kişi ağısı, kişi ağrısı nə yaman olurmuş, Allah! İllah da ki, yurd itkisindən söhbət gedə!” harayı qopdu içimdən. Kitab vaxtilə Atropatenanın ərazisi, indi isə nə acı ki, erməni tapdağında olan, Şərur-Dərələyəz tarixi vilayətinin dağlıq hissəsi Dərələyəz mahalının əzəli Azərbaycan torpağı olduğunu təsdiqləyən qiymətli elmi faktlarla zəngindir. Vərəqlədikcə Dərələyəzin tarixi, ərazisi, daşı, qayası, təbiət abidələri, suyu, insanları ilə baş-başa, nəfəs-nəfəsə qalır, heç vaxt görmədiyin bir torpağın rəngini, havasını duyursan.
Vətəni Vətən edən bir də onun qeyrətli övladları, dəyərli ziyalılarıdır. Kitabın əsas qəhrəmanı - Vətən adını ucaldan, əsl vətəndaş, adı yurd yeri ilə qoşa çəkilən tanınmış alim, təcrübəli pedaqoq, nəcib insan Nazir Əsədovdur. Qarşımızda mənalı bir ömür səhifələnir… Onun doğma yurdda keçirdiyi xoşbəxt uşaqlıq, Dərələyəz mahalında o zaman yeganə məktəb olan, müəlliflərin də yazdığı kimi, ətraf bölgələr üçün də universitet rolunu oynayan Qovuşaq kənd orta internat məktəbinin kollektivi və yetirmələri bir vətəndaşın, alimin, ziyalının çıxdığı mühitdən soraq verir. Azərbaycan Dövlət Pedaqoji Universitetində Tarix fakültəsinin dekan müavini və digər vəzifələrdə çalışmaqla məhsuldar elmi-pedaqoji fəaliyyət göstərən bir alimin yüksək əxlaqi keyfiyyətləri, mənəviyyatı ilə tanış oluruq. Alim dostları, həmkarları, doğmaları - ADPU-nun Tarix fakültəsinin dekan müavini Habil Həsənov, universitetin dosentlərindən Səmayə Mustafayeva, Vurğun Məmmədov, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist, Azərbaycan Jurnalstlər Birliyinin üzvü Alı Səfolu və digərlərinin xatirələri vasitəsilə Nazir müəllimin acılı-şirinli həyat yolu canlanır qarşımızda. Kitab Nazir Əsədovu ilk növbədə vətənpərvər, ürəyi Vətən sevgisi ilə alışıb yanan bir ziyalı kimi oxucuya tanıdır. Onun təsəvvüründəki “Vətən sevgisi” anlayışı gənc nəsil üçün örnəkdir: “Vətən sevgisi insanın qanına, canına, mənəviyyatına hopan, ürəkləri titrədən, özündən asılı olmayaraq ondan danışanda səni yerindən oynadan, sənə həmişə, hər yerdə həyəcan gətirən bir duyum və hisdir. Bu hiss mənim dünyamda o qədər yüksək bir yerdədir ki, onu duymaq hər insana nəsib olmaz və hər bir insan da o hissi anlamaz… Vətəni sevmək böyük bir əxlaqi dəyərdir”. Təbiət aşiqi, Azərbaycanın müxtəlif bölgələrini qarış-qarış gəzib-dolaşan Nazir müəllimin Vətən sevgisi dogma təbiətin ecazkar, füsunkar gözəlliklərinə bağlılığından irəli gəlirdi. Həm də bu bir “yurd axtarışı” idi. İtiyi itmiş adamlar kimi hər təbiət gözəlliyində bir yurdabənzərlik tapmaqla ovunmaq idi.
Təzada bax ki, bir zamanlar - 1983-cü ildə “Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları arasında əməkdaşlıq” mövzusunda dissertasiya müdafiə edən tarixçi alim qalan sonrakı ömrünü yurd həsrəti, mənfur düşmənlərimizin ağ yalan və böhtanlarına tutarlı cavab verməklə keçirir. Kitabı səhifələdikcə aydın görünür ki, dost, qonşu deyib bağrımıza basdığımız azğın, mənfur ermənilərin xəyanəti, qondarma “xalqlar dostluğu” ideologiyasının çürüklüyü, astar üzünün ortaya çıxması Nazir müəllimi elə yurd itkisi qədər nə qədər dərindən sarsıdıb.
Yeni nəşr mərhum ziyalımızın 65 illiyinə qədirbilən dost payı olmaqla yanaşı, Nazir Əsədovun Dərələyəz haqqında kitab yazmaq, onun tarixini, təbiətini, özünəməxsusluğunu sevdirmək istəyi ilə bağlı yarımçıq arzularını gerçəkləşdirmək baxımından da qiymətlidir. Yeri gəlmişkən, Azərbaycan elmi ictimaiyyətinə yaxşı tanış olan, dəyərli elmi tədqiqatların müəllifi, hörmətli professorumuz Zəhmət Şahverdiyevlə yanaşı, digər müəllif, ixtisasca humanitar sahənin adamı olmayan, 11 kitabın və metodik vəsaitin müəllifi Rövşən Asifoğlunun da kitabın araya-ərsəyə gəlməsindəki zəhmətini, payını xüsusi qeyd etmək istəyərdim. Kitab müəlliflərin Dərələyəzlə bağlı ilk deyil, növbəti müştərək yaradıcılıqlarının bəhrəsidir.
Etiraf edim ki, “Mənalı ömrün səhifələri” istər əzəli Azərbaycan torpağı Dərələyəzi, istərsə də Nazir Əsədov şəxsiyyətini, onun elmi-pedaqoji fəaliyyətini qismən işıqlandırıb. Aydınlıq gətirməli çox məqamlar, müəyyən natamamlıqlar var. Ancaq kitabı sevdirəcək ən önəmli cəhət səmimiyyətlə, yanarlılıqla, Vətənə məhəbbətlə yazılmasıdır. Əsərin qəhrəmanı, tarixçi alim, dəyərli ziyalı Nazır Əsədovun həyat qayəsi, kitabın ana məramı budur: “Vətənə sevgi Allaha imandan yaranıb”! Bu imanın işığında yetişən nəsil nə vaxtsa ulu babalarının halal torpaqlarına yiyə çıxmağı bacaracaq, “Vətənə gəldim, imana gəldim!” deyəcək.
Mehriban Sultan
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti,
Azərbaycan Jurnalistlər Birliyinin, Naxçıvan Mətbuat Şurası İdarə Heyətinin üzvü




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
“Variety“ jurnalı “Oskar“ mükafatına mümkün namizədləri açıqlayıb
12.11.2019
“Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
12.11.2019
Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
12.11.2019
“Dünyaya üç baxış”
12.11.2019
İmadəddin Nəsimi – 650: Nəsimi, muğamlarımız və müasirlik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info