Paris Milli Kitabxanasında saxlanan əsərlərimizin surətləri Əlyazmalar İnstitutuna gətirilib
Tarix: 08.02.2013 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


Layihə çərçivəsində müsahibimiz AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi, filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur:
-Prezident sərəncamlarının icrası məqsədilə institutda bir sıra dəyərli əsərlər araşdırılıb və çap olunub. Onlardan biri də M.F.Axundzadənin Təbriz naibül-vəzarəsi Mirzə Yusif xanın indiyə kimi məlum olmayan “Yek kəlmə” əsərinə yazdığı cavabının tədqiqata cəlb edilməsidir. Fil.ü.f.d. S.Cabbarlı “Yek kəlmə”nin Əlyazmalar İnstitutunda saxlanan əlyazmalarından istifadə edərək onu fars dilindən tərcümə edib və çap etdirib. Əliabbas Müznibin əlyazması Əlyazmalar İnstitutunda saxlanan “Natə­van Xur­şid­­­banu” əsəri kitab halında çap etdirilib. Qeyd olunan əsərin hansı müəllifə məxsusluğu son dövrlərə qədər məlum deyildi.
“Azərbaycan və digər İslam Şərqi xalqlarının yazılı-ədəbi abidələrinin tədqiqi və nəşrə hazırlanması” mövzusuna dair Mirzə Möhsün Xəyalinin “Di­van”ı, Mir Həmzə Seyid Nigarinin “Nigarnamə”si, İbrahim Tahir Mu­sayevin “Əsərləri”, Vüsalə Musalının “Azərbaycan təzkirəçiliyi ta­rixi”, Qulam Məmmədlinin “Təzkirə”si kimi əsərlər nəşr edilib. Ötən il “Əlyazmalar İnstitutunda saxlanan fransızdilli ma­te­riallar kataloqu” çapdan çıxıb. Əlyazmalar İnstitutunda son illər tarix, tibb, əczaçılıq, musiqişünaslıq, pa­leo­q­ra­fiya və təzkirəçiliyə dair yazılı abidələrin tədqiqinə və nəşrə hazırlanmasına xü­susi diq­qət yetirilir. Bu istiqamətdə 2012-ci ildə planda nəzərdə tutulan və plandan əlavə bir sıra ciddi elmi işlər aparılıb, qiymətli kitablar nəşrə hazırlanıb. Bununla yanaşı, bir sıra görkəmli mədəniyyət xadimlərinin şəxsi arxivlərinin təsviri, “Azərbaycanda islam problemlərinə aid əlyazmaların tədqiqi və nəşrə ha­zırlanması”, “Azərbaycan və digər İslam Şərqi xalqlarının tarixinə, elm və mədə­niyyət tarixinə aid əlyazmaların, arxeoqrafik sənədlərin, arxiv materiallarının və daş­­basma kitabların tədqiqi və nəşrə hazırlanması” mövzularında tamamlanmış iş­lər əsasında kitablar çap edilib.
Hazırda arxiv və mətbuat materiallarının rə­qəmsal surətləri hazırlanır. Ümu­milikdə 3 arxiv, 330 saxlama vahidi, 3686 kadr digital disklərə kö­çü­rülüb.
- Son dövrlər Əlyazmalar İnstitutu tərəfindən hansı yeni əlyazmalar əldə edilib?
- Son dövrlərdə Əlyazmalar İnstitutu tərəfindən bir sıra yeni əlyazmalar əldə etmişik. Belə ki, Paris Milli Kitabxanasında saxlanan Azərbaycan tarixinə, mədəniyyətinə dair 200-dən artıq materialın surətləri, elektron variantları əldə edilib. Bunların içərisində XX əsrin əvvəlində Bakı şəhərində çəkilmiş fotolar, Azərbaycan tarixinə dair xəritələr və planlar, orta əsr əlyazmaları, müğənnilərin ifasında Parisdə patefona yazılmış mahnılar, Avropa səyyahlarının Azərbaycan barədə əsərləri var. Xəritə və planlardan XVIII əsrə dair Bakı şəhərinin planı, həmin dövrdə tərtib edilmiş Bakı körfəzinin xəritəsi və şəhərin planı, Abşeron yarımdasındakı neft quyularını göstərən xəritə, XVIII əsrdə çəkilmiş Xəzər dənizi, Volqa, Kür çayları və Xəzəryanı sahillərin xəritəsi, 1872-ci ildə Sankt-Peterburqda çəkilmiş Qafqaz bölgəsinin xəritəsi, 1724-1729-cu illərə aid Xəzər dənizinin şərq və qərb sahillərinin xəritəsi, 1721-ci ilə aid Xəzər dənizinin xəritəsi diqqətimizi cəlb edir. Əlyazmalardan 1467-ci ildə Təbrizdə Nəsrullah Münşi adlı katib tərəfindən köçürülmüş “Kəlilə və Dimnə”, cığatay dilində yazılmış, oğuz türklərindən bəhs edən “Oğuznamə”, təbabətə dair XVI əsrə aid “Əlacnamə” əsəri, Ə.Nəvainin əsərləri və s. böyük maraq doğurur. Eyni zamanda Avropa səyyahlarının Azərbaycanla bağlı müşahidələrindən ibarət kitablar da diqqəti cəlb edir. XVII əsrdə İran və Azərbaycanda olmuş Rafael dü Manın 1890-cı ildə çapdan çıxmış kitabında Səfəvilər dövlətindən, Şah İsmayıl Xətaidən, övladlarından, İsfahandakı sarayda Azərbaycan türkcəsinin mövqeyindən, ölkəmizin şəhərlərindən və təbii sərvətlərindən bəhs olunur. Avropa səyyahları Öjen Flandən və Paskal Kostun 1851-ci ildə çapdan çıxmış “İrana səyahət” əsərində Azərbaycan barədə geniş söhbət açılır. Paris Milli Kitabxanasından əldə edilmiş materiallar içərisində xalq mahnılarımızın XX əsrin əvvəllərində patefona yazılarının surətləri də var. Məşədi Hilal Zeynalovun ifasında Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasından bir parça, “O xal nə xaldı” mahnısı, Mahmud Behbudovun ifasında “Dəsmalın, yar”, “Var bir incəbel”, Məhəmməd Zeynalın ifasında “Şikəstə”, Şövkət Məmmədovanın ifasında “Sən ki”, “Mən bir güldüm”, “Mən görməzdim” adlı mahnılar kifayət qədər aydın səslənir. Maraqlıdır ki, xalq mahnılarımızın bir hissəsi erməni ifaçılarının ifasında yazıya alınıb. Anna Poqosova “İrəvanda xanın səsi”, “Qara gözüm”, Muxtar Ter Akopov “Bəri bax”, “Şüştəri”, “Qarabağ şikəstəsi” havalarını təmiz Azərbaycan dilində ifa ediblər. Paris Milli Kitabxanasından alınan materiallar bir daha sübut edir ki, tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə dair hələ çox əsərlər xarici ölkələrin kitabxana və muzeylərində, şəxsi kolleksiyalarında saxlanılmaqdadır.
-İnstitut tərəfindən Volters İncəsənət Muzeyində saxlanan əlyazlamların əldə edilməsi barədə nə deyə bilərsiniz?
- Yeni tapıntılar içərisində bir sıra qiymətli əsərlər yer alıb. Belə ki, Əlyazmalar İnstitutu ABŞ-ın Merilend ştatının Baltimor şəhərindəki Volters İncəsənət Muzeyində saxlanan Şərq Əlyazmaları kolleksiyasına daxil olan 328 əlyazma kitabının və çoxsaylı miniatür, xəttatlıq nümunələrinin elektron variantını, rəqəmsal faksimilesini əldə edib. Buraya ən qədim və nəfis “Quran” nüsxələri, Firdovsi “Şahnamə”sinin, Nizaminin, Ə.Nəvainin, Ə.X.Dəhləvinin “Xəmsə”lərinin, Cəlaləddin Rumi, Sədi, İ.Əhmədi, Cami, Babur, Əssar Təbrizi və b. əsərlərinin nəfis, gözəl xətlə köçürülmüş miniatürlü əlyazmaları daxildir. Xüsusilə, buradakı Nizami “Xəmsə”si nüsxələri nəfisliyi ilə diqqəti cəlb edir. “Xəmsə”nin 1481-ci ildə köçürülən nüsxəsində 60, 1517-ci ildə Məhəmməd Musa Əlmüzəhhib tərəfindən köçürülmüş nüsxəsində 27, 1528-ci ildə Yadgar Əlkatib tərəfindən köçürülmüş nüsxəsində 27, 1563-cü ildə köçürülmüş nüsxəsində 30, 1516-cı ildə Yarməhəmməd Əlhərəvi tərəfindən köçürülmüş nüsxəsində 35, XVII əsrdə köçürülmüş digər nüsxədə 36 miniatür var. Kolleksiyada Nizami “Xəmsə”sinin 7, Əssar Təbrizinin “Mehr və Müştəri” poemasının 2 nüsxəsi var. Bu kitablarda Səfəvilər dövrü Azərbaycan miniatür məktəbinə məxsus rəssamların rəsmləri diqqəti cəlb edir. Ə.Caminin XVI əsrdə köçürülmüş “Yusif və Züleyxa” poemasına çəkilmiş 8 miniatür Təbriz miniatür məktəbinə məxsusdur. Kolleksiyadakı müxtəlif dövrlərə, xüsusilə, Qacarlar dövrünə aid mürəqqələr -xəttatlıq və miniatür sənəti albomları da böyük maraq kəsb edir. Burada çoxsaylı orta əsrlər cildçilik sənəti nümunələri də nəfisliyi ilə diqqəti cəlb edir. Ə.Caminin XVI əsrdə köçürülmüş “Yusif və Züleyxa” poemasına çəkilmiş miniatür, Əssar Təbrizinin 1476-cı ildə köçürülmüş “Mehr və Müştəri” poemasına çəkilmiş miniatür öz əksini tapıb.
-Şah İsmayıl Xətainin xətt nümunəsinin aşkarlandığı bildirilir. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
-Almaniyanın Münhen şəhərinin kitabxanasında Səfəvilər dövrünün xəttatlıq sənətinə dair çox dəyərli nümunələr saxlanılır. Bunların içində Həzrət Əlinin kəlamlarının ərəbcə yazıldığı və sətirlər arasında bu kəlamların farscaya tərcümə edildiyi xəttatlıq nümunəsi xüsusilə diqqətəlayiqdir. Münhendə çıxan elmi məcmuədə çıxış edən yapon şərqşünası Tomako Mirikava sübut edir ki, bu xətt Səfəvilər dövlətinin yaradıcısı Şah İsmayıl Xətaiyə məxsusdur. Xətai Həzrət Əlinin 100 kəlamını kalliqrafik xəttlə yazmağı qarşısına məqsəd qoyub. Xətt nümunəsinin 15 səhifəsindən yalnız 11-i mühafizə edilib. Yapon tədqiqatçısının bildirdiyinə görə, səhifələrdən birinin kənarında İsmayıl adı və yazıların 1514-cü ildə yazıldığı qeyd edilib. Alim göstərir ki, ərəbcə daha iri hərflərlə köçürülən yazılar qızılı və mavi mürəkkəblə təliq xəttilə Xətai tərəfindən yazılıb. Burada bəzi düzəlişlərin edildiyi görünür. İri ərəb yazılarının arasında kəlamların fars dilinə tərcüməsi naməlum xəttat tərəfindən nəfis nəstəliq xətti ilə iki sütunda yazılıb. Əlyazma müxtəlif rəngli vərəqlərə köçürülüb və cildlənib. T.Mirikavanın ehtimalına görə, bu xətt nümunəsi üzərində iş 1514-cü ildə baş vermiş Çaldıran döyüşünə qədər tamamlanıb. Çaldıran döyüşündə qələbə çalan Osmanlı imperatoru I Səlim Təbrizin işğalı zamanı bu əlyazmanı da ələ keçirib, əsər sonralar Avropaya aparılıb.
Nigar ABDULLAYEVA





 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub
13.11.2018
“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”
12.11.2018
“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”
08.11.2018
“Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir”
07.11.2018
“Ermənistanın Azərbaycan ərazilərini işğaldan azad etməkdən başqa çıxış yolu yoxdur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info