“Xaricdə təhsil alan gənclərimiz ölkəmizi tanıda biləcək ən yaxşı vasitədir”
Tarix: 06.11.2015 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Asif Məsimov: “Biz Avropada yaşayan azərbaycanlı tələbə və işçiləri birləşdiririk”

Layihə çərçivəsində Azərbaycan Tələbə Şəbəkəsinin Almaniya üzrə nümayəndəsi Asif Məsimovla müsahibəni təqdim edirik.
- Öncə özünüzü oxucularımıza təqdim etmənizi xahiş edirik.
-1987-ci ildə İsmayıllı rayonunun İvanovka kəndində anadan olmuşam və orta təhsilimi elə İvanovka kənd orta məktəbində almışam. Respublika Fənn Olimpiadalarında iştirak etmişəm və həmin olimpiadalarda mən Azərbaycan tarixi üzrə 2-ci və 4-cü yerləri tutmuşdum. 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsinə qəbul olmuşam, 2008-ci ildə DAAD-ın bir aylıq təqaüd proqramını əldə etmişəm. 2009-cu ildə əsgərliyə çağırılmışam. 2011-2014-cü illərdə Almaniyanın Georq-Avqust Universitetində magistratura pilləsində siyasi elmləri oxumuşam. 2014-cü ilin mart-iyul aylarında İPS (Beynəlxalq Parlament Təqaüdü) proqramı çərçivəsində Almaniya Bundestaqının deputatı Katrin Kunert (Die Line - Sol Partiyası) bürosunda iş təcrübəsi keçmişəm. 2015-ci ilin iyun ayından Azərbaycan Tələbə Şəbəkəsinin Almaniya üzrə nümayəndəsiyəm (ofisin rəhbəriyəm). Bir neçə beynəlxalq konfransda iştirak etmişəm və elmi məqalələrim Almaniya Bundestaqının kitabxanasında və bir neçə rus jurnalında işıq üzü görüb.
- Azərbaycan Tələbə Şəbəkəsinin əsas prioriteti nədir?
-Biz, Almaniyada və ümumillikdə Avropada yaşayan azərbaycanlı və avropalı tələbələrin şəbəkəsiyik. Hal-hazırda bizim Berlin, Praqa və Romada ofislərimiz var. Bizim əsas prioritetlər bunlardır: 1.Avropa ilə Azərbaycanı bir-birinə daha yaxın etmək. 2.Azərbaycan həqiqətlərini Avropa ictimaiyyətinə çatdırmaq. 3.Akademik səviyyədə əməkdaşlıq yaratmaq. 4.Avropada və əsasən fəaliyyət göstərdiyimiz ölkələrdə tələbələrimizi bir araya gətirmək.
- Azərbaycan Tələbə Şəbəkəsi xarici ölkələrdəki tələbələrimizi nə dərəcədə birləşdirə bilib?
-Azərbaycan Tələbə Şəbəkəsi 2011-ci ildə öz fəaliyyətinə başlayıb və işə başladığı vaxtdan Avropada təhsil alan tələbələrimizlə daimi təmasdadır. Tutalım, bizim təşkilat hər il “Global Talent” adlı tədbir təşkil edir. “Global Talent” tətbiri çərçivəsində tələbələrə Avropada uğurlu karyera qurmağın tələbləri və müvəffəq olmağın sirləri haqqında mütəxəssislər tərəfindən ətraflı məlumat verilir, onlara tanınmış şirkətlərlə münasibət imkanı yaradılır. Tədbirə dəvət olunmuş şirkət təmsilçiləri tələbələrimizlə öz təcrübələrini paylaşır, ətraflı təqdimatlar nümayiş edirlər. Bu tədbirdə Almaniyanın müxtəlif ali məktəblərində təhsil alan tələbələrimiz iştirak edir və özləri üçün faydalı məlumat toplayırlar.
Digər prioritet sahələrdən Qarabağ problemini qeyd etmək olar. Bu məsələdə də biz tələbələrimizi bir araya gətirməyə çalışırıq.
Məsələn, bu ilin fevral ayında Hamburq şəhərində 50-60 nəfərin iştirakı ilə Xocalı faciəsinin növbəti ildönümü ilə bağlı fləşmob keçirdik. Tədbirdə Almaniyanın müxtəlif şəhərlərində təhsil alan gənclərimiz iştirak etdi və öz töhfəsini verdilər. Fləşmobun məqsədi insanlara Xocalı qurbanlarının səsini teatr səhnəsində canlandıraraq çatdırmaq idi. Nümayiş sülh, əmin-amanlıq içərisində yaşayan bir xalqın qəfildən bədnam qüvvələrin silahlı hücumuna məruz qalmasının dəhşətli anlarını əks etdirir. Sonda ağ göyərçinin səmaya buraxılması ilə sülhə çağırış ifadə olundu. Tamaşaçılara Ermənistanın işğalçı siyasəti və Xocalı faciəsi haqqında kitabçalar paylanıldı.
Artıq ayda 1-2 dəfə Almaniyanın müxtəlif şəhərlərinə gedib yerlərdə bizim tələbələrlə görüşlər keçirəcəyik, onların təkliflərinə qulaq asacağıq. Hər görüş zamanı ən azı 20 tələbənin iştirakı gözlənir.
- Azərbaycan Tələbə Şəbəkəsi olaraq Almaniyada hansı işlər
görürsüz?

-Biz, Azərbaycan Tələbə Şəbəkəsi olaraq Almaniyada əsasən təhsil və iş həyatına atılmaqda dəstək və məsləhət təklif edirik. Biz, Avropada yaşayan azərbaycanlı tələbə və işçiləri birləşdiririk. Həmvətənlərimizə dəstək olmaqla yanaşı, firma, praktika yerləri və təqaüdlə bağlı vasitəçilik edirik. Həmçinin ictimai və mədəni tətbirləri həyata keçirir, ictimai xadimlərlə tez-tez görüşlər keçiririk.
- Dediniz ki, bir sıra media qurumlarında elmi məqalələriniz dərc olunub. Sizin elmi işinizin mövzusu nə olub?
-Mənim məqalələrim Almaniya Bundestaqının kitabxanasında, Rusiyanın, Ukraynanın universitetlərinin nəzdində olan jurnallarda işıq üzü görüb. Məqalələrimdə əsasən Qafqaz bölgəsinin təhlükəsizliyinə və beynəlxalq təşkilatların münaqişələrin həllində roluna toxunmuşam. Bizim bölgədə bir çox münaqişələrin mövcud olması, beynəlxalq təşkilatların bu problemin həllində iştirakı və Azərbaycanın Avropanın enerji tərəfdaşı olması məndə bu mövzulara maraq yaradıb.
- Araşdırmalarınızda hansı elmi nəticələr əldə edibsiz?
-Araşdırmalarımda bir neçə nəticə əldə etmişəm. Bir çox beynəlxalq təşkilatlar islahatlar aparılmalıdır. Tutalım, Birləşmiş Millətlər Təşkilatı çoxdandır onun qarşısına qoyulan tapşırıqların öhdəsindən gələ bilmir və bu qurumda struktur dəyişikliyi labüddür.
Bir çox dondurulmuş və həll olunmamış münaqişələrin həllində beynəlxalq təşkilatların və dövlətlərin ikili yanaşmasının şahidi oluruq. Cənubi Qafqazda münaqişələrin həll olunmaması, əslində, Ukraynada son ildə eyni ssenari ilə münaqişənin ortaya çıxmasına şərait yaratdı. Bu gün bu təhlükə ilə üz-üzə duran Qərb ölkələri bu münaqişələrin həllində bir mənalı mövqedən çıxış etməli və bütün təcavüzkarlara qarşı eyni addımlar atmalıdır.
- Tələbələrimiz Almaniyada ölkəmizi yetərincə tanıda bilirlərmi?
-Xaricdə təhsil alan gənclərimiz ölkəmizi tanıda biləcək ən yaxşı vasitədir. Avropada hər hansı ölkə haqqında mənfi, və ya müsbət fikir burada yaşayan, işləyən, təhsil alan əcnəbi insanların davranışı ilə formalaşır. Əqər mən fəaliyyət göstərdiyim, təhsil aldığım təhsil ocağında öz çevrəmdə özüm haqqında müsbət fikir yarada bilmişəmsə, həmin müsbət fikir mənim Vətənim haqqında da olur. Bizim gənclər çox istedadlı və ünsiyyətcildirlər, bu isə öz növbəsində ölkəmizin təbliği deməkdir.
- Almaniyadakı digər xalqların təşkilatları ilə əməkdaşlıq edirsizmi?
-Bir vacib incə məqama da toxunmaq istərdim ki, Almaniyada multikulturalizm siyasətinə üstünlük verilir. Azərbaycanın bu sahədə böyük təcrübəsi olduğundan, mən və fəaliyyət göstərdiyim Azərbaycan Tələbə Şəbəkəsi bu sahəni özümüz üçün prioritet məsələ sayırıq. Qısa zaman kəsiyində biz bir neçə təşkilatla əlaqə yarada bilmişdik, onların arasında Berlində fəaliyyət göstərən Türk Gənclər Təşkilatı, Yəhudi Tələbə Təşkilatı, Berlin Protestant Cəmiyyəti ilə, Gürcüstan, Türkiyə, ərəb, MDB ölkərindən olan tələbələrlə sıx münasibət yaratmışdıq. Bunun məntiqi nəticəsi kimi, 7 iyul 2015-ci ildə fərqli dinlərin nümayəndələrini müqəddəs Ramazan ayı münasibəti ilə iftar süfrəsində bir araya gətirdik. Bizim təşkilat tədbiri Yəhudi Tələbə Şəbəkəsinin, Protestant Gənclər Təşkilatının və DİTİB Şəhitlik məscidinin dəstəyi ilə keçirdik. Tədbirdə Azərbaycan və Türkiyə səfirliyinin əməkdaşları, Xristian Demokrat (CDU) və Sosial Demokrat (SPD) partiyalarının nümayəndələri, bir neçə qeyri-hökumət təşkilatı və mətbuat orqanlarının, xristian, yəhudi və müsəlman icmalarının üzvləri iştirak etdilər. Biz bu sahədə işlərimizi davam etdirəcəyik.
- Almaniyada Azərbaycanı necə təbliğ edirsiniz?
-Azərbaycan Tələbə Şəbəkəsi mütəmadi olaraq Avropanın müxtəlif şəhərlərində xalqımızın milli-mədəni dəyərlərinin və tarixinin təbliği ilə məşğuldur. Bizim təbliğat fərqli formalarda olur. Bunlar əsasən bizim elmi, ictimai və siyasi sahədə gördüyümüz işlərlə əlaqəlidir. Tutalım, biz bizim milli-mədəni dəyərləri təbliğ etmək istəyiriksə, adətən əyləncəli, mədəniyyətlə bağlı olan bir tədbir təşkil edirik. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətini biz artıq müxtəlif aksiyalarla, müəyyən ictimai xadimlərlə görüş zamanı və elmi sahədə aktiv işlərimizlə tanıdırıq.
- Almaniyada azərbaycanlı həmkar təşkilatlarla əməkdaşlığınız varmı?
- Almaniyada çoxlu azərbaycanlı təşkilatları fəaliyyət göstərir. Onların arasında əsasən bizim məqsəd və maraqlarımıza uyğun olan təşkilatlarla əməkdaşlıq edirik. Məsələm, Almaniya Dağ Yəhudiləri Dini İcması, Azərbaycanlıların Avropada Koordinasiya mərkəzi (KAD), Azərbaycanın Berlində fəaliyyət göstərən mədəniyyət evi, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və başqa təşkilatlarımızla sıx əməkdaşlığımız var. Biz başqa təşkilatlarımızla da əməkdaşlıq etməyə hazırıq.
- Almaniya Dağ Yəhudiləri Dini İcması ilə birgə hər hansı tədbir keçirmək planınız varmı?
-Biz Almaniya Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Orxan Şəfadiyayevlə tez-tez görüşür və fikir mübadiləsi aparırıq. Bu günə kimi Orxan bizə həmişə dəstək olub. Nəzərə alsaq ki, Azərbaycanda tarixən müxtəlif xalqların və dinlərin nümayəndələri mehriban dost olub və birqə yaşayıblar, biz son zamanlar dinlərarası dialoqu özümüz üçün prioritet istiqamət kimi seçmişik. Bu sahədə görəcəyimiz işlər birbaşa Avropa Dağ Yahudiləri Dini İcması ilə əlaqəlidir və mən artıq Orxan müəllimlə bu sahədə birlikdə işlərin görülməsi haqqında danışmışam. Yaxın zamanda bizim birlikdə tədbir keçirəcəyimiz də gözlənilir.
- Perspektivdə hansı işləri görməyi düşünürsünüz?
-Qarşıda bizim görməli işlərimiz çoxdur. Biz əsasən ictimai sahədə fəaliyyətimizi genişləndirəcəyik: tez-tez ictimai xadimlərlə, siyasətçilərlə, gənclərlə, başqa təşkilatların nümayəndələri ilə görüşlər və münasibətlərin qurulması nəzərdə tutulub. Elmi sahədə araşdırma aparan gənclərimizə həmişə olduğu kimi dəstək olacağıq, tədbirlərimizi əsasən alman ictimaiyyətinə uyğun formada hazırlayacayıq. Bundan başqa, bizə başqa təşkilatlardan birlikdə tədbirlərin təşkil etmək təklifləri gəlir, biz bütün təklifləri nəzərdən keçirib, onların arasından bizim iş prinsipimizə uyğun olanlara üstünlük verəcəyik.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
27.02.2020
Aqustin Qarsiya Rubio: “Meksika Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü əsasında həll edilməsinin tərəfdarıdır”
27.02.2020
Amerikalı konqresmen: “Ermənistan silahlı qüvvələri Xocalıda qətliam törədib”
25.02.2020
Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ən ağrılı faciəsidir
25.02.2020
Krasnoyarskda İbad Hüseynli ilə görüş: erməni işğalı və Xocalı soyqırımı ilə bağlı həqiqətlər çatdırılıb
24.02.2020
Dağlıq Qarabağın azərbaycanlı icmasının qadın üzvləri haqq səsimizin dünyaya çatdırılmasında önəmli rol oynayırlar

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info