“Ali məktəbə sənəd verən qızların sayı azalıb” (Yenilənib)
Tarix: 17.12.2015 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Bakıda “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirildi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə keçirilən konfransda erkən nikahların qarşısının alınması və səbəblərinin araşdırılması, müdafiə mexanizminin gücləndirilməsi, zorakılıq qurbanlarının müdafiəsi, reabilitasiyası, cəmiyyətə reinteqrasiyası və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsinə dair müzakirələr aparıldı. Tədbirdə Azərbaycan, Əfqanıstan, Tacikistan, Özbəkistan, Türkiyə və İranın dövlət və hökumət rəsmiləri, ölkəmizdəki diplomatik korpusun, vətəndaş cəmiyyətinin nümayəndələri, bir çox beynəlxalq qurumların təmsilçiləri iştirak edirdilər.

“Nardaranda baş verənlər göstərdi ki, uşaqların savadsızlığından istifadə olunur”
Konfransı açıq elan edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirdi ki, qızların hüquqlarının müdafiəsi bəşəriyyətin qarşısında duran vacib və qlobal vəzifələrdən biridir. Qeyd edildi ki, hazırda dünyada aktuallıq kəsb edən məsələlərdən biri də erkən nikahlardır. Qeyd etmək lazımdır ki, erkən nikah özü-özlüyündə bir neçə problemi əks etdirir. Bunların sırasında ölkənin inkişaf səviyyəsi, onun sosial-iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafı və s. durur. Dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı baş verir. Hazırda belə nikahların daha çox Asiya və Afrika ölkələrində olmasına baxmayaraq, bir sıra Avropa ölkələrində də erkən yaşda nikahlara rast gəlmək olur. Ayrı-ayrı dövlətlər, təşkilatlar bu barədə öz narahatlıqlarını bildirir, ailə institutunun, insan hüquqlarının müdafiəsi istiqamətində həm yerli, həm də beynəlxalq səviyyədə müzakirələr aparır, qanunlar qəbul edirlər. Lakin bu istiqamətdə bütün ölkələr səylərini daha da artırmalı, insanlığa yaraşmayan belə halların qarşısının alınması üçün imkanlarını birləşdirməlidirlər.
Komitə sədri qeyd etdi ki, ölkəmizdə də qızların təhsildən yayınması, erkən yaşda ailə qurmağa məcbur edilməsi halları var: “Belə nikahlar isə sonradan müxtəlif fəsadlar yaradır. Erkən hamiləlik təkcə körpənin deyil, ananın da həyatını təhlükə qarşısında qoyur. Bu cür nikahların yaratdığı daha bir problem də gənclərin təhsildən yayınması və cəmiyyət üçün sağlam olmayan nəslin yetişməsi, əlilliyi olan uşaqların doğulmasıdır. Sağlamlıq və inkişaflarına olan riskdən başqa, qızların 18 yaşdan tez nikaha daxil olmaları onları həm də fiziki, cinsi və psixoloji zorakılıq qurbanına çevirə bilər. Araşdırmalar göstərir ki, gənc yaşda ərə gedən, öz hüquqlarını bilməyən qızların digər qadınlara nisbətən daha çox zorakılığa məruz qalma ehtimalı çoxdur. Uşaq və yeniyetmələrin, o cümlədən qızların əsl şəxsiyyət və vətəndaş kimi formalaşması üçün yalnız dövlət, ailə yox, həm də cəmiyyət məsuliyyət daşıyır. Azərbaycanda uşaq, xüsusilə qızlarla bağlı məsələlərə dövlət tərəfindən daim diqqət göstərilir. Ölkənin və dövlətin inkişafı, yalnız, onun iqtisadi imkanlarından, sərvətlərindən deyil, həm də uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən dövlət siyasətindən asılıdır. Lakin cəmiyyətin adekvat reaksiyası olmasa, aparılan işlər istənilən nəticəni verməz”.
Diqqətə çatdırıldı ki, Ailə Məcəlləsində dəyişiklik edilərək qadınlar üçün minimum yaş həddi 17-dən 18-ə qaldırılması aparılan güclü dövlət siyasətinin ən əsas göstəricilərindən biridir və bu sahədə biz, hətta bir sıra inkişaf etmiş Avropa ölkələrini qabaqlayırıq: “Eyni zamanda, Cinayət Məcəlləsində qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilib. Azərbaycan hökuməti uşaqların öz hüquq və mənafeləri ilə bağlı qərarların qəbul olunmasında iştirakının təmin edilməsində maraqlıdır. Bu gün biz nəyin şahidiyik, bir tərəfdən, Qərbdə, xüsusilə bəzi Avropa ölkələrində insest və pedofiliyanın leqallaşdırılması məsələsi qaldırılır, digər tərəfdən isə “İŞİD” terrorçuları Daun sindromlu yeni doğulmuş körpələri və fiziki qüsurlu uşaqları edam edirlər. Bu onu göstərir ki, bəşəriyyətin, insanlığın qarşısında həllini gözləyən çox mühüm problemlər var. Lakin uşaqların təhsildən yayınması və erkən nikahlar bizi narahat edən məsələdir. Bu isə daha ağır ictimai proseslərin yaranmasına gətirib çıxara bilər ki, bunlardan biri də Nardaranda baş verən hadisələrdir. Bu fakt onu göstərdi ki, uşaqların savadsızlığından istifadə olunaraq, onları radikal dini və siyasi qruplara cəlb edirlər. Valideynlər 6-cı, 7-ci sinifdən uşaqları məktəbdən uzaqlaşdırırlar. Bizə dəfələrlə, xüsusilə analar tərəfindən müraciətlər olunur ki, onların həyat yoldaşları uşaqları məktəbə getməyə qoymurlar. Burada həm uşaqların hüquqları, həm də dövlətin qanunları pozulur. Son günlər ölkə başçısının verdiyi sərəncamlar və dövlətin həyata keçirdiyi tədbirlər öz müsbət nəticələrini verməkdədir”.
Azərbaycanda bir müddət erkən nikahların sayı azalsa da, son zamanlar bəzi rayonlarda, Bakının bir sıra kəndlərində belə nikahların sayının artdığını söyləyən komitə sədri bunun qarşısının alınması və effektiv nəticələrin əldə olunması üçün erkən nikahların daha çox rast gəlindiyi yerləri müəyyənləşdirməyin və müvafiq bölgələr üzrə maarifləndirmə işləri aparmağın vacibliyini bildirdi: “Komitə yarandığı gündən bu məsələlərlə bağlı qabaqlayıcı və profilaktik tədbirlər görür, belə ailə və onların üzvləri haqqında məlumat bazası yaradılır, müxtəlif xidmətlər göstərilir. Son iki ildə Komitənin nəzdində fəaliyyət göstərən 11 regional uşaq və ailələrə dəstək mərkəzi tərəfindən 20 erkən nikah faktı qeyd olunub, onlardan 17-sinin qarşısı alınıb. Son 3 ildə ümumilikdə 250-yə qədər icma görüşü və maarifləndirici tədbir keçirilib. Mərkəzlərin yerləşdiyi rayonlarda icra nümayəndəlikləri vasitəsilə birbaşa 30 minə qədər ailəyə ünvanlı maarifləndirici məktub göndərilib. 70 mindən artıq məktub isə rayonların ərazisində risk qrupundan olan şəxslərə və məktəblilərə paylanılıb. Həmçinin 2 min nüsxəyə yaxın erkən nikah bukletləri paylanılıb, maarifləndirici layihələr həyata keçirilir”.
Bildirildi ki, Azərbaycanda uşaqların, o cümlədən qızların hüquqlarının müdafiəsi sahəsində gələcəkdə görüləcək tədbirlər artıq müəyyən edilib. Bununla bağlı dövlət başçısının fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası imzalanıb. Konsepsiyaya əsasən Uşaq Strategiyası hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

A.Şilakadze:
“Azərbaycanda erkən nikahların tamamilə aradan qaldırılacağına inanıram”
BMT-nin Uşaq Fondunun ölkə nümayəndəliyinin rəhbəri Andro Şilakadze isə çıxışında erkən nikahların arzuolunmaz nəticələrə səbəb olduğunu, qızların fiziki və psixoloji inkişafının qarşısını aldığını bildirdi. Qeyd etdi ki, bu da qızlar üçün mənfi nəticələrə gətirib çıxarır: “Qızlarını tez ərə verən valideynləri başa düşə bilmirəm. Onlar anlamırlar ki, bununla öz övladlarını gələcək parlaq arzularından məhrum edirlər. Bu, elmi cəhətdən də sübut edilib”. BMT rəsmisi Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edərək yaxın gələcəkdə ölkəmizdə erkən nikahların tamamilə aradan qaldırılacağına inandığını bildirdi.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini, İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova bildirdi ki, bu gün dünyada elm, texnologiya inkişaf etdikcə onun qarşısını alacaq cinayətlər də böyük inkişaf yolu keçir: “Bu, həyəcan təbilidir. Bunlara qarşı konkret tədbirlər görmək lazımdır. Bəzən ailəyə müasir və ənənəvi yanaşmalar ziddiyyət təşkil edir. Azərbaycan hökumətinin bu məsələyə münasibəti birmənalıdır. Hökumət qadınlar və uşaqların hüquqlarına prioritet məsələ kimi baxır və üzərinə düşən vəzifəni yerinə yetirir. Azərbaycan parlamenti də nikah və ailə qanunvericiliyi sahəsində ciddi uğurlar əldə edib. Bu məsələyə cəmiyyətin münasibəti də aparıcı rol oynayır. Qanunların qəbulu, məzmunu ideal ola bilər, lakin qanunun aliliyi ənənələrdən aşağı tutulacaqsa, deməli, biz çətinliklərlə üzləşəcəyik. Biz ailədaxili tərbiyəyə diqqət ayırmalıyıq. Qızlarımızı başqalarının iradəsindən asılı, oğlanları isə başqasının üzərində hökmran kimi tərbiyə etməməliyik”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd etdi ki, erkən nikahlar ümumbəşəri problemdir. Erkən nikahı, bəzən islam dini ilə bağlamağa çalışırlar. Lakin bütün dinlərdə, bütün müqəddəs kitablarda ailə müqəddəs elan edilib və erkən nikahlara çağırış yoxdur.

M.Abbaszadə:
“Nardaranda orta məktəbə gedən 100 qızdan uzağı 10-11 nəfəri 11-ci sinfə gəlib çatır”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə “Buraxılış və qəbul imtahanlarında gender aspektləri” mövzusunda məruzə ilə çıxış edərək bildirdi ki, Bakının Nardaran qəsəbəsində orta məktəbə gedən 100 qızdan uzağı 10-11 nəfəri 11-ci sinfə gəlib çatır. Son illərdə ali məktəbə sənəd verən qızların sayı azalıb. Qəbulun nəticələri isə fərqlidir. Bu il ali məktəblərə 49 min oğlan, 43 min qız sənəd vermişdi. Qəbul olunanlar arasında qızların sayı üstünlük təşkil edir.
M.Abbaszadə qeyd edib ki, 2004-cü ildə 1998-1999-cu illərdə anadan olan 125 mindən çox uşaq birinci sinfə daxil olub. Onların 50 faizi qızlar, 50 faizi isə oğlanlardır. Doqquz ildən sonra 3,5 faiz uşaq heç 9-cu sinfə gəlib çatmayıb. Deməli, 4 min 500-dən çox uşaq (600-ü oğlan, yerdə qalanı isə qız) təhsil ala bilməyib”.

Ötən il 15-19 yaşlı anaların 279-u ikinci uşaq dünyaya gətirib

Erkən nikahın, əslində, sosial hadisə olduğunu deyən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirdi ki, ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün qanunvericiliklə müəyyən olunmuş yaş həddindən aşağı olması həmin yeni qurulmuş ailələrdə bir sıra problemlərə gətirib çıxarır. Belə ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur: “DSK-nın məlumatına əsasən, 2014-cü ildə respublika üzrə 170503 diri doğulan uşağın 3296 nəfəri, o cümlədən şəhər yerlərində 1054, kənd yerlərində 2242 nəfəri 15-17 yaşlı anaların payına düşüb. Acınacaqlı hal odur ki, 15-19 yaşına qədər anaların 279-u ikinci uşaq, 9-u isə 3-cü uşaq dünyaya gətirib. 18-19 yaşlı anaların isə 158 nəfəri 3-cü uşaq dünyaya gətirib. Erkən nikahların səbəblərindən biri də gənclərin erkən nikaha girməklə gələcək sosial risklərdən sığortalanmış olduqlarını düşünmələridir. Amma həyat göstərir ki, əksinə, onlar bu addımı atmaqla fizioloji, həm də psixoloji mənfi təsirlərə məruz qalır, təhsil almaqdan məhrum olaraq öz həyatlarını mənasız edir və mövqesiz insana çevrilirlər”. İ.İsayev bildirdi ki, araşdırmalar erkən nikahların əsasən aztəminatlı ailələrdə geniş yayıldığını göstərir: “Lakin aztəminatlı olmaq erkən nikaha heç vaxt əsas yarada bilməz. Çünki bu gün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik bir ölkədir”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə erkən nikahlara qarşı mübarizəni gücləndirməyin, gənclərin dünyagörüşünün artırılmasının zəruriliyini bildirib.
Konfransda Əfqanıstan İslam Respublikasının qadın məsələləri üzrə naziri Dilbar Nazari, Tacikistanın Qadın və Ailə məsələləri üzrə Komitəsinin sədri Maxfirat Xıdırzoda, BMT-nin Uşaq Fondunun regional ofisinin gender məsələləri üzrə məsləhətçisi xanım Muna Maha və başqaları çıxış edərək erkən nikahların qarşısının alınması baxımından konfransın əhəmiyyətindən danışdılar.
Sonra “Erkən nikaha Yox deyirik” adlı sosial çarx nümayiş etdirildi.
Konfrans işini “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi”, “Qızların təhsil alması və bacarıqların əldə etməsi üçün imkanların artırılması”, “Sağlamlıq haqqında məlumat və xidmətlər” mövzuları üzrə sessiyalarla davam etdirdi.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Direktor: “Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq”
19.11.2019
“Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir”
19.11.2019
Müxalifətin növbəti uğursuzluğu
19.11.2019
“Facebook“ və “İnstagram“ın işində nasazlıqlar yaranıb
18.11.2019
Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info